Erməni plagiatlığına
dair tarixi faktlar açıqlanıb
Müəllif Hüquqları Agentliyi
(MHA) müxtəlif illərdə
həyata keçirilən
erməni plagiatlığına
dair faktları açıqlayıb.
Erməni musiqiçilərinin ilk həmlələri
Azərbaycan xalqının
folkloruna və klassik bəstəkarların
əsərlərinə olub.
Bildirilib ki, onlar “Vağzalı”, “Yallı”, “Uzundərə”,
“Mirzeyi”, “Qazağı”,
“Tərəkəmə” kimi
oyun havalarını,
“Sarı gəlin”, “Xan bacı”, “Dəli Ceyran” kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına
çıxarmağa, “Əsli
və kərəm”, “Məlikməmməd” və
digər dastan və nağıllarımızı,
dünya şöhrətli
Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun
“Arşın mal alan”,
“O olmasın, bu olsun” operettalarının,
“Koroğlu” operasının
müəyyən hissələrini
erməni nümunələri
kimi təqdim etməyə başlayıblar.
Azərbaycanın dünya
şöhrətli bəstəkarı
Qara Qarayev İnternet səhifələrində
erməni bəstəkar
kimi təqdim olunur: “Erməni sənətçilər hətta
müasir bəstəkarların
əsərlərini də
oğurlamaqdan çəkinmirlər.
Azərbaycan xalq rəqs nümunələri
əsasında düzəldilmiş
və aranjeman edilmiş “Vokaliz” adlı musiqi toplusunu 2004-cü ildə Ermənistan televiziyasında
Ermənistan Mahnı Teatrının solisti Varduhi Vardanyan erməni xalq musiqisi kimi
təqdim edərək,
həm “Azərbaycan folkloru nümunələrinin
hüquqi qorunması haqqında” Qanunun tələblərini (mənşənin
düz göstərilməməsi),
həm də “Vokaliz” musiqi toplusunun müəllifi və ifaçısı
Brilliant Dadaşovanın hüquqlarını
pozub. “Vokaliz”
Azərbaycan toplusu “Erməni mənzərələri”
adı altında CD-yə yazılıb və satışa buraxılıb. Bu barədə məlumatlar
http://www.narek.com/ internet saytında da yerləşdirilib.
Ədəbi və bədii əsərlərin
qorunması haqqında
Bern Konvensiyasının müəllifi
məlum olmayan, o cümlədən folklor əsərlərinin qorunmasını
nəzərdə tutan
15(4) maddəsinin, aranjemanın
qorunmasını nəzərdə
tutan 12-ci maddəsinin
və şəxsi qeyri-əmlak hüquqlarının
qorunmasını nəzərdə
tutan 6-cı maddəsinin
tələbləri pozulub.
Bəstəkar Aygün Səmədzadənin
bəstələdiyi və
Azərbaycanda çox
populyar olan “Məktəb illəri” mahnısı 2002-ci ildə
Ermənistanda keçirilən
musiqi festivalında Manan adlı ifaçı tərəfindən
ifa olunub. Mahnı erməni dilində və müəllif göstərilmədən səsləndirilib”.
Məlumata əsasən,
Azərbaycanın hüdudlarından
çox-çox uzaqlarda
tanınan Fikrət Məşədi Cəmil oğlu Əmirovun Azərbaycanın dahi şairi Hüseyn Cavidin sözlərinə
(«Şeyx Sənan» əsəri) bəstələdiyi
“Kor Ərəbin mahnısı” da erməni əsəri kimi təqdim edilir. Erməni sənətçilər Artur
Səfəryan, Raç
Keşişyan, Aram Avakyan
və Gevorq Dabağyanın çəkdikləri
“Mayrik” adlı klipdə əvvəldən
axıradək bu mahnıdan istifadə edilib. Həmin klip bu ilin əvvəlindən etibarən nümayiş etdirilməyə başlayıb.
“Kor Ərəbin
mahnısı” musiqi əsəri hələ
1963-cü ildə Azərbaycan
Müəllif Hüquqları
Agentliyində qeydiyyata
alınıb.
“15 sentyabr 2007-ci il tarixində Rusiya Federasiyasının
ORT (1-ci) kanalında nümayiş
etdirilən “Buz Dövrü” verilişində
Azərbaycanın digər
dünya şöhrətli
bəstəkarı Tofiq
Quliyevin “Sənə də qalmaz” adlı (sözləri Azərbaycanın xalq şairi Rəsul Rzanındır) məşhur
musiqisi də erməni əsəri kimi təqdim edilib. Araşdırmalar zamanı məlum olub ki, “Armənskiy
taneü” adı ilə təqdim edilən musiqi erməni bəstəkarı
Ara Gevorkyanın
1999-cu ildə ABŞ-ın
“EYE REKORDS” şirkətində yazılmış “Ani” və Civan Qasparyanın
“Maqiçeskiy duduk” adlı disklərindən götürülüb” – deyə,
məlumatda qeyd olunub.
MHA-dan bildirilib
ki, Rusiyada aşkar olunan “the art of armenian duduk” (“Maqiçeskiy Duduk”) adlı digər bir diskdə erməni ifaçısı
C.Qasparyanın ifa etdiyi kompozisiyalar toplanıb. C.Qasparyanın
diskinə yazılmış
15 mahnıdan 8-i Azərbaycan
müəllifləri: Tofiq
Quliyev (“Sənə də qalmaz”), Cahangir Cahangirov (“Ay qız”), Rauf Hacıyev (“Saçlarına
gül düzüm”),
Emin Sabitoğlu (“Neyləyim”), Ələkbər
Tağıyev (“Nə
gəlməz oldun” orijinal və instrumental variantda), və Eldar Mansurova (“Gecə zəngləri”, “Melodiya”) aiddir. Sözügedən diskdə “Sənə
də qalmaz” mahnısı “i have a word
with a prayer” adı altında
verilir, müəllifinin
isə Mkrtç Malxasyan olduğu bildirilir.
“Sənə
də qalmaz” mahnısı keçən
əsrin 50-ci illərinin
əvvəlində yaranıb
və 19 noyabr
1963-cü ildə Azərbaycan
Müəllif Hüquqları
Agentliyində qeydiyyata
alınıb.
Xalq cəbhəsi.-
2017.- 29 mart.- S.16.