Gül ömrümüz bir
xalçanın çeşnisi...
1980-ci il idi. O vaxt
Şamaxının Həmyə kənd orta məktəbinin
şagirdi idim. Şeirlə, poeziya ilə
yatıb, şeirlə də duran vaxtlarım idi. Bütün şairləri oxuyurdum, lakin eləsi
olurdu ki, qəlbimin süzgəcindən keçə bilmirdi.
Özüm də ara-sıra şeir yazır,
“Yeni Şirvan” qəzetinə aparırdım. Hələ o vaxt duyurdum ki, xalq ruhundan, xalq dilindən
uzaq düşən şairin ömrü uzun olmaz. M.Yaqubun yaradıcılığını, zəngin
ədəbi irsini, fəlsəfi görüşlərini dərindən,
obyektiv və sistemli şəkildə öyrənmədən
XX əsrin ikinci yarısını və xüsusilə də
1960-2010-cu illər dövrü poeziyasını
işıqlandırmaq mümkün olmaz. M.Yaqub
ilkin yaradıcılığından başlayaraq min illər ərzində
müstəqil siyasi-dövlət həyatını
yaşa¬mış xalqın tarixi yaddaşında, qanında və
ruhunda dərin kök salmış milli istiqlal
düşüncəsinə önəm verib. Rişəsi dərinə işləyən nəhəng
ağaclar kimi poeziyasının ruhu çox keçmişlərdən
qidalanıb. Onun poeziyası qopub gəldiyi
kökə; – Şirvanşahlar mədəni epoxasına
söykənir. Məhz ona görə bu
epoxal səciyyə şairin yaradıcılığının
əsas leytmotivini təşkil edir. Şeirləri
üç mühüm ideologiya əsasında rekornasiya
olunur. Vətən, Millət, Dövlət. Poeziyanın
siyasi modulyasiyası bəllidir: Sadalanan məfhumların
heç biri, biri olmadan digəri mövcud ola
bilməz. Vətən olmadan Millət ola
bilməz. Millət olmadan Dövlət mövcud ola bilməz. Millət müəyyən
etno-mədəni hadisədir. Hər toplum Millət ola bilməz. Millətin əlahiddə
ədaləti olmalıdır. Dünyada
yüzdən çox xalq var ki, dövləti yoxdur. Bu qısa xülasəni M.Yaqubun şeirlərindən
əxz etmişəm desəm, yanılmaram.
Hər şeyin bir
başlanğıcı var. Başlanğıc varsa, son da var,
deməli. Lakin ixtiyari bir nöqtədən başlanan bir hərəkət
sonsuza uzanır. Şeir də belədir,
haradan başlandığı və harada bitəcəyi məchuldur.
Bəlkə ona görə bizdən
ağıllı babalarımızın bizə ərməğan
etdiyi mənəvi arsenalımız – nağıllar “biri var
idi, biri yox idi” ibarəsi ilə başlanır. “Var olan başlanğıc, yox olan isə sondur”.
Əslində nəyin “var olması”, nəyin
“yox olması” da bir koddur. Min illərdir söylənir,
hələ də deşifrə olunmayıb. Bir türk
folklorşünası var: – Əflatun Cem. O yazır ki, “Bizim də
bir nağıl dünyamız var. Ucsuz-bucaqsız bir dünya
bu! Kaloğlanı da içinə alır, Koroğlunu da, Pəri
qızını da içinə alır, dev anasını da;
səni də içinə alır, məni də: yenə bir
fındıq qabığına sığar, yeddi dünyaya
sığmaz. Hələ bir nağıl dünyasını gəzib-dolaşım
deyə dəmir çarıq geyib, ələ dəmir əsa
alıb yola düşsəniz: dərə-təpə düz,
altı ayda bir güz (payız) getsəniz, bir arpa boyu yol gedərsiniz
ancaq!.. Vay, nə nağıllar var, nə
nağıllar var orda! Qayçı kəsməz, iynəbatmaz
nağıllar! Belə ha! Amma nağıl deyib keçməyin,
kökləri var keçmişdə - dayanıb durur dağ
kimi! Budaqları var üstümüzdə
yaşıllaşır bağça-bağ kimi! Amma
anladılacağı kimi anladan olsa!..”
Musa Yaqubu da oxuduqca duyursan ki, bu adam nağıldan gəlib, bəzən
özü bir nağılı xatırladır.
Nağıllardan
gələn şair...
XX əsrin 60-70-ci illəri
Azərbaycan ədəbiyyatında yeni bir canlanmaya, yeni bir
intibaha səbəb olub. Bədii fikirdə mürəkkəb və
ziddiyyətli, lakin dialektik qanunauyğun bir tərəqqi
prosesi başlamışdı. Əsrlərin o tərəfindən
gələn irimiqyaslı, möhtəşəm bir ədəbiyyatın
ənənələrini arayıb saf-çürük edən,
könül çeşməsindən keçirdib
durulaşdıran dinamik bir proses idi. Həmin
dövrdə ictimai şüurun tərəqqisi ictimai həyata
müdaxiləsi güclənirdi. Daha
doğrusu, M.Yaqub kimi idrak sahibləri ictimai-siyasi sferaya təsir
edə bilirdi. Həyatın, ictimai proseslərin
özünün buna ehtiyacı var idi. Uzun
illərin inqilabları, repressiya və müharibələr
dövrü bitmiş, kainat yeni fazaya qədəm qoymuşdu.
Məhz həmin dövrün yazarları əsərlərində
xalq ruhunu gəzdirərək, beyinlərə, ürəklərə
köçürdülər. Belə qələm
sahiblərindən olan M.Yaqub da yaradıcı prosesin bilavasitə
iştirakçısı olmaqla 1980-90-cı illərə zəmin
hazırlayırdı. Bəlkə şair
özü bunun fərqində olmayıb, lakin o, öz
şeirləri ilə on minlərlə insanı “tərbiyə”
edirdi. Çünki poeziyası xalqın
ruhunu oxşayırdı. Mövzuları
hamısı “xalq çeşməsindən”
süzülüb gəlirdi. Folklor
mövzusu heç bir dəyişikliyə uğramadan M.Yaqubun
bütün yaradıcılığı boyu keçir.
Folklor obrazı bəzən kosmik miqyas əldə
edir, obrazın mikrokosmosu kosmosla eyni ölçüdə
olur, ona mütəvazi qurulur.
Salam, Lələ!
Səndən gələn
yolam, Lələ.
Qəm bayatın dilimdədi,
Ağır şələn
belimdədi.
yaxud:
Lələ bir kümə tikdi,
Ağzını günə
tikdi.
Lələ, sənin koman
hanı?
Üstündəki duman
hanı?
Qoy komana çıxım gəlim,
Bir ağlağan gülən üstə;
Şələ qoyum şələn
üstə.
M.Yaqubun poeziyasındakı
folklorizmləri təhlil edərkən görürsən ki,
“poeziya sözdə ifadə olunan əqidə deyil, qanı
axan yaradan və ya gülümsəyən dodaqlardan
çıxan himndir”. Onun obrazlarının mənbəyi
şifahi xalq ədəbiyyatında
yaradıcılığın ənənəvi
konsepsiyalarına xas olan sentimental lirizmdədir.
Musa Yaqub
yaradıcılığında klassik və xalq şeiri
sinkretizmi sənətkarlığın ən bariz göstəricisidir. Şirvanda, eləcə
də Azərbaycanda şimşək şiddətli fikri və
yağış ətirli hərəkəti harmonik şəkildə
birləşdirən xalq şeiri çoxəsrlik tarixə, qərinələrlə
cilalanıb təkmilləşən zəngin ənənəyə
malikdir. Bəs M.Yaqubu folklora sövq edən
nə idi? Milli-etnik mədəniyyətin əsas
qaynağı olan folklor əcdadlarımızın bizlərə
miras qoyduğu tükənməz sərvətdir. Təbii ki, hər bir xalqın qeyri-maddi mədəniyyətinin,
etnik-mədəni dünyasının, mənəviyyatının
cövhəri, təməl nöqtəsi onun folklorudur. Xalq öz söz incilərini yaradır,
cilalaya-cilalaya, dəyişə-dəyişə,
saf-çürük edərək nəsildən-nəsilə
ötürərək tarixini yaşadır.
Folklorda vətən
ocaqdır. Məhəbbət
dastanlarımızın qəhrəmanlarının taleyin¬dən
bəllidir ki, buta alan qəhrə¬manlar vətənini,
elini, obasını, ocağını,
qohum-qar¬daşını tərk edib gedirlər. O da məlumdur
ki, bu tərkin və səfərin sufi
seman¬tikası mənəvi-əxlaqi təkamüldür. Əslində dərvişlik təsəvvüfi mənəvi-əxlaqi
təka¬müldə təriqətin, daxili mənəvi yolun
simvoludur. M.Yaqubda isə buta Vətəndir,
doğma ocaqdır. O, heç vaxt doğma ocaqdan –
Buynuzdan ayrılmadı.
M.Yaqubun poetik irsinin ideya-məzmun
baxımdan təhlili ilkin olaraq bu zəngin irsin əsas və
aparıcı semantik ideya istiqamətlərinin müəyyənləşdirilməsini,
həmin ideya istiqamətlərinin ümumən xalq şeirinin
ənənəvi və kanonik ideya-mövzu kontekstində kəsb
etdiyi özünəməxsusluğun üzə
çıxarılmasını tələb edir. Daha çox ənənəvi
mətn tiplərindən təşkil olunan, bundan da irəli gələrək
həm forma, həm də məzmun baxımından kanoniklik təşkil
edən, müəyyən klişelərə tabe olan M.Yaqub
yaradıcılığında peşəkarlıq qüdrəti,
poetik fərdi özünəməxsusluğu bu kanonikliyin,
poetik fiqur klişelərinin imkan verdiyi məhdud dairədə
nə dərəcədə orijinallıq əldə edə
bilməsi ilə ölçülür. Xalq
şeirinin əsrlər boyu keçib gəldiyi
tarixi-kulturoloji təkamül yolu boyunca əldə etdiyi ənənəvi
semantik ideya istiqamətləri zəif formada deqradasiya olsa da,
aparıcı poetik formullar əsasən dəyişməz
qalıb. İstər fərdi poetik
üslubundan, istərsə də özəl poetik-fəlsəfi
baxışlarından asılı olmayaraq, folklora yaxın
olan şair yazarkən bu formullara bu və ya digər baxımdan
tabe olmağa məcbur olmuşdur. Belə
bir şəraitdə ənənə poetik
yaradıcılıq üçün hazır formullar təklif
edərək fərdi yaradıcılıq prosesini xeyli
asanlaşdırmış olur.
Musa Yaqubun ictimai məzmunlu əsərləri
arasında elə şeirləri var ki, onlar konkret bir
situasiyaya, hadisə və əhvalata həsr olunub. Şairin
folklordan bəhrələndiyi mövzuların aparıcı
ideya istiqamətini dini və təsəvvüfə uyuşan
mövzulu əsərləri təşkil edir. Dini və
təsəvvüfə uyuşan şeirlərin az olmasına baxmayaraq, bu şeirlər ideya-məzmun
xüsusiyyətləri baxımından əlvan palitraya malik
olub, bütövlükdə onun poetik-fəlsəfi
dünyagörüşünü müəyyənləşdirmək,
sənətkar şəxsiyyətinin spesifikasını aydınlaşdırmaq
baxımından son dərəcə əhəmiyyətlidir.
İllərimiz necə keçdi
bilmirəm,
Gül ömrümüz bir
xalçanın çeşnisi.
İndi burda bir məzardı, bir mənəm,
Əlimdə də 45 ilin heç nəsi...
Bir çox mifoloji mətnlərdə
bəşəriyyətin “uşaqlıq” və ya
“qızıl dövrü” haqqında uydurmalar mövcuddur. Bu aspektdən
yunan mifologiyasında itmiş ölkə hesab olunan Atlantislə
bağlı rəvayətlər diqqəti cəlb edir. Əslində bu mifin yaradıcısı Platon hesab
olunur. Onun “Timaios” və “Kritins”
dialoqlarında utopik bir ölkədən bəhs edilir. Yunan tanrılarından Poseidona məxsus olan bu
ölkə yüksək sivilizasiyaya malik olmuş, lakin zəlzələ
nəticəsində yerlə-yeksan olaraq bəşər
tarixində itmiş səadət simvoluna çevrilib.
Lakin yaşayan o dövrün sözüdür! Ən möhtəşəm
sözü!
Dünya öz yerində tutubdur qərar,
Dağ da yerindədir, duman
da, çən də.
Dünyanın işini
qarışdıranlar
Qayıdıb dünyadan gileylənəndə,
Cəllad da özünü haqlı
biləndə,
Ağır yaraların
ağrısı canda,
Vəfasız dünyadan vəfa
umanda
Dünyaya adamın
yazığı gəlir.
Şair kamil doğulmur. Ancaq anbaan,
günbəgün təkmilləşərək, mükəmməlləşərək
yetkinliyin yüksək zirvəsinə, məziyyətlərinin
və üstünlüklərinin tamlığına nail olur.
Bu, özünü zövqün incəliyində,
ağlın itiliyində, mühakimələrin tutarlığında,
arzu və diləklərin təmizliyində biruzə verir.
Bəzi şairlər buna gec nail olurlar. Bəziləri isə
yetkinliyə heç vaxt nail ola bilmirlər,
onlarda həmişə nə isə çatışmır.
Bütün bu sadalananlara nail olmaq
üçün mənəvi xəzinədən – folklordan
keçməlisən. M.Yaqubun poeziyası xalqdan
gələn folklorizmlərlə zəngindir. Çağdaş poeziyanın şeirlərini
yaradan şairin irsi bir tərəfdən xalq
yaradıcılığına bağlanır. M.Yaqub şeirlərinin kökləri, rişələri
folklordan, xalq yaradıcılığından su içir,
qüvvət alır.
Təbii coşğun
şairə folklor çox zaman mövzu və sujet vermiş,
onun bədii formasına, dil və ifadə vasitələrinə
rəvan təsir etmişdir. Folklorun, xalq ədəbiyyatının
yazılı ədəbiyyata təsirini M.Qorki belə izah
edirdi: “Şifahi yaradıcılığın yazılı ədəbiyyata
təsiri çox böyük və mübahisəsizdir. Bədii
ədəbiyyatın şəkli, süjet və didaktik cəhətdən
xalqın şifahi yaradıcılığından
asılılığına qətiyyən şübhə
oluna bilməz və bu, çox ibrətamiz hadisədir”.
Qalib Sayılov
filologiya üzrə fəlsəfə
doktoru
Xalq cəbhəsi.-2017.- 29 mart.- S.14.