Türkmənçay – 1828: tarixi xronika

 

 

5-ci yazı

 

1826-cı il iyul. Tiflis. A.P.Yermolov: Mən on bir aylıq ayrılıqdan sonra iyulun 2-də Tiflisə qayıtdım. General-mayor knyaz Menşikov Təbrizdə idi, onun son depeşaları (təcili diplomatik məlumat - K.Ş.) oradan göndərilmişdi, burada bildirilirdi ki, şahın dəvətilə Sultaniyyəyə yola düşür, Abbas Mirzə tərəfindən iltifatla qəbul olunub.

Sərhədin hər yerində tamamilə sakitlik idi və farslar (burada İran nəzərdə tutulur - K.Ş.) tərəfindən, hər halda knyaz Menşikovun imperatorun dostluq əlaqələrini daha da möhkəmləndirmək arzusunu bildirməklə orada olduğu müddətdə, imperatorun Abbas Mirzəyə şəxsən öz əli ilə yazdığı olduqca iltifatlı məktub göndərdiyi vaxtda heç bir düşmənçilik hərəkəti gözləmək mümkün deyildi. Şaha hədiyyə olaraq Həştərxan vasitəsilə, müvəqqəti işlər vəkili Mazaroviçlə çatdırılan arzusuna görə hazırlanmış, gümüş çərçivəli təmtəraqlı büllur çarpayı göndərilmişdi. İrəvan sərdarı müəyyən sayda qoşunla İrəvan tərəfdən Mirak yaxınlığında durmuşdu.

Mənim olmadığım müddətdə Abbas Mirzə bizim qoşunlarımızın Göyçə gölü yaxınlığındakı Balıqçay postunu tutmasından general-leytenant Velyaminova şikayət etmişdi. Mənim əmrimlə cavab verildi ki, mən Balıqçay yerinin İrana məxsus olduğunu etiraf edirəm və bunu mübahisə etmirəm, lakin o, farsların Qarabağ xanlığında Çüğündür çayından Kəpənək çayadək məskunlaşmış torpaqların böyük sahəsini hakimiyyətində saxladığına görə tutulmuşdu və bizim həmin torpaqları tərk etməyimiz və ya bizim güzəştlərimiz əvəzində onu alacağımızı hüdudlandırma haqqında işin başa çatması həll etməli idi.

General-leytenant Velyaminov İrəvan xanlığının sərhədində dağıdılmış Mirak kəndinin yaxınlığında böyük olmayan istehkam tikilməsini əmr etmişdi, lakin işlər knyaz Menşikov hələ Təbrizə gedərkən Abbas Mirzənin ona xahişinə görə dayandırılmışdı. O, hələ farsları tanımırdı və onu inandırmaq olardı ki, o, (Abbas Mirzə - K.Ş.) əlverişli olanı etməsə, onun tərəfindən pis qarşılanar və hətta onu qəbul etməkdən imtina edə bilər. Knyaz Menşikov yanındakı polkovnik Bartolomeyi göndərərək Mirak istehkamını tərk etməyi general Velyaminova inandırırdı.

Mən sərhədi gözdən keçirmək niyyətində idim ki, qəflətən ayın 19-da artilleriya podpolkovniki Fligenin Qarakilsədən raportunu aldım ki, İrəvan sərdarı böyük qüvvə ilə bizi Mirak kəndindəki postunda hücum etmiş və elə həmin vaxtda Gömrü istehkamından çox da uzaq olmayan Kiçik Qarakilsə kəndi tələf edilmiş və Böyük Qarakilsədən 18 verstdəki Həmzəçəmən çayı ətrafında otarılan Tiflis piyada polkuna məxsus xəzinə sürüsü aparılmışdı. Sərhəddəki qoşunların komandanı Mirak postunda olan polkovnik knyaz Sevarsemidzev haqqında heç bir məlumat yox idi və polkovnik o üzrə başçı qalmışdı. Bu hadisədən əvvəlcədən düşünülmüş sülhün bizim nazirliyin başa düşdüyü kimi heç də İrəvan sərdarının özbaşına hərəkətilə pozulmaması aşkar oldu. Beləliklə, həmin vaxtdan İranla müharibə başlanır!

 

***

 

İranın başlıca məqsədi Tiflisi tutmaq, rus qoşunlarını Cənubi Qafqazdan çıxarmaq və Terekdən o tərəfə qovmaq idi. Döyüş istiqamətləri bu planın həyata keçirilməsinə əsaslanırdı. Rus qoşunlarının başlıca əməliyyat istiqaməti Təbrizə yönəlmişdi. Qüvvələr nisbəti İranın tərəfində idi. Əlahiddə Qafqaz korpusunun zərbə qüvvəsi çox da güclü deyildi. Müharibənin başlanğıc dövrü Rusiya üçün uğursuz oldu.

1826-cı il iyul. Rusiya-İran sərhədi. Mirzə Adıgözəl bəy təxminən 1770-ci illərin sonu və ya 80-cı illərin əvvəllərində anadan olub. 1826-1828-ci illər rus-İran müharibəsi ərəfəsində sərhəd mühafizə xidmətində çalışıb, 1845-ci ildə “Qarabağnamə” adlı əsər yazıb.

Mirzə Adıgözəl bəy: - Qızılbaşlar gəlib Araz çayından keçdikləri zaman çayda çimən bir neçə qazağı (kazak) öldürdülər. Qarabağlıların məsləhət və məşvərətilə, oradan Gorusdakı batalyon üzərinə yeridilər. Batalyona da hökm olunmuşdu ki, durmadan və ləngimədən təcili surətdə Qalaya (Şuşaya) hərəkət etsinlər. O zaman naib (mənsəbində) olan poruçik Səfərli bəy də bələdçi idi. Yol ilə gedərkən Korunzor yaxınlığında (qızılbaş) qoşununa rast gəldilər. Orada müharibə oldu. Günəş hərəkətindən qoşuna bərk susuzluq üz verdi. Özlərini Həkəri çayına yetirməyə çalışırdılar. Kapitan Hacı Ağalar bəy (əhvalatdan) xəbərdar oldu. Bir neçə nəfər bəyzadə ilə əlbir olaraq piyada və süvari topladı. Gəlib çayın bu tərəfini kəsdi. Soldatlara hər iki tərəfdən keçməyə macal vermədilər. Bəzisini ilk qılıncdan keçirdilər, bəzisini də əsirlik kəməndinə saldılar. Kimsə nicat tapa bilmədi. Heç kəsin qaçıb qurtarmasına macalı olmadı. Sonra bu əsirləri götürüb Korunzora Hacı Ağalar bəyə qonaq getdilər. Oradan bir fəthnamə yazıb polkovnik Nazimkanı və mayor Kovalenskini, sair zabitlər və əsir edilən soldatları Fətəli şahın hüzuruna göndərdilər. O zaman şah qoşunu ilə birlikdə Ərdəbildə idi. Qarabağlı Mehdiqulu xan və sərdar Əmir xan Naxçıvandan yola düşüb gəldilər. Korunzorda şahzadəyə yetişdilər. Səhər vaxtı keçərək Mehdiqulu xanı dağlıq yerlərdən yola saldılar. Şahzadə Çanaqçıda olan rus qoşununu ləğv etmək üçün oraya getməyi qərara aldı.

Araz kənarında kazaklar (kazak) öldürüldüyü zaman Mehdiqulu xanın Vərəndə mahalında sakin olan qardaşı Süleyman bəy, sair əqrabası ilə dönüklük və xəyanət etdi. Bu zaman pol komandiri general Reutt cəld təpənib qoşunu Qalaya (Şuşaya) daxil etdi.

...Şahzadə oradan Gorus yolu ilə Çanaqçıya getmək fikrində idi. Bu əhvalatı eşidib Qalaya tərəf hərəkət etdi. Bir mənzil qalmış yürüşə başladı. Qalanın bir güllə mənzilliyinə, hətta barısı və hasarı altında yetişmiş olduğu halda, yenə məqsədinə çatmayıb geri qayıtdı; çünki polkovnik və komendantın möhkəm tədbirləri onu naümid edib, (geri) qayıtmağa məcbur etdi...

1826-cı il avqustun sonunda gürcü şahzadəsi Aleksandrın başçılığı altında İran qoşunları Şəmkir altında məskən saldı. Sonra Abbas Mirzənin oğlu Məmməd Mirzə də yeni qüvvələrlə gəldi və Şəmkiri tutdu...

Aleksandr İraklieviç (1778-1838) – Kartli – Kaxet çarı II İraklinin (1720-1798) oğlu, şahzadə. Gürcüstanın Rusiyadan ayrılması uğrunda mübarizə aparıb. 1826-1828-ci illər rus-İran müharibəsi dövründə İran qoşunlarının 23 minlik ordusunun komandanı kimi Tiflis üzərinə yürüşdə iştirak edib. İran qoşunlarının hücumu ilə birlikdə Azərbaycanın şimalında Rusiya əleyhinə üsyanlar başlandı.

 

1826-cı il iyul. “Ümummüsəlman” üsyanı. Qarabağ, Talış, Şirvan, Şəki, Gəncə

 

Mirzə Adıgözəl bəy: -... Şəhərdən (Şuşa – K.Ş.) başqa Qarabağ əhalisi, bütün bəylər, sultanlar və məliklər xanın yanına və Nayübüssəltənin hüzuruna gedib, əmr və nəhyini yerinə yetirdilər. Gözəl xələtlər aldılar və bollu nemətlərlə başı uca oldular. Qızılbaş və Qarabağ qoşunlarını götürüb şəhəriüzük qaşı kimi ortaya aldılar. Bu zaman … Lənkəran xanları itaət boyunduruğunu öz boyunlarından atdılar. Mir Həsən xan öz qardaşlarını buraya, şahzadənin hüzuruna göndərmişdi. Şirvanlı Mustafa xan da Şirvana getdi... Rus qoşunu ilə dəfələrlə müharibə etdi. Axırda ruslar Şirvan kəndlərində olan əsgər və tərəfdarlarını toplayıb Quba tərəfinə getdilər. Mustafa xan da müstəqil olaraq xanlıq taxtına təkyə etdi və köhnə Şamaxıda oturdu. Şəkidəki rus bölükləri də Şəkini boşaldıb Tiflisə getdilər. Səlim xanın oğlu Hüseyn xan da gedib Şəkidə xanlıq taxtında müstəqil oldu. Zurnabadda olan qoşun gəncəlilərdən xahiş etdi ki, onlara izn versinlər Gəncədən keçib Tiflisə getsinlər. Gəncə əhalisi əhvalatdan xəbər tutan kimi onlara mane oldu. Knyaz Səvirzə mirzə (Savarsamidze) Pənbək və Şoragildən çıxdıqdan sonra Hüseyn xan və Həsən xan İrəvan tərəfindən gəlib Rusiya hökumətinə aid dam-daşı yıxıb od vurdular və oralara yiyələndilər...[Mirzə Adıgözəl bəy. Qarabağnamə, s. 80-82]

 

***

Şuşanın 48 günlük mühasirəsi rus-İran müharibəsinin gedişinə əsaslı təsir göstərdi. Abbas Mirzə hücumu sürətlə davam etdirərək dağınıq rus qoşun dəstələrini məhv etmək əvəzinə böyük qüvvə ilə mühasirəni davam etdirdi. Çar vəziyyətdən çıxış üçün tədbirlər görməyə vaxt qazandı, etibarlı adamı kimi Paskeviçin Qafqaza göndərilməsini qərara aldı .

Paskeviç İvan Fyodoroviç – 1782-ci ildə anadan olub. Çar I Nikolay vaxtilə onun yanında hərbi xidmətdə olmuş, onların arasında bir-birinə etimad əmələ gəlmişdi. I Nikolay Paskeviçi ata-komandir adlandırdı. Ona görə də Qafqaza məhz Paskeviçin göndərilməsi təsadüfi deyildi. O, 1827-1831-ci illərdə Qafqazdakı rus qoşunlarının baş komandanı oldu. 1826-1828-ci illər rus-İran və 1828-1829-cu illər rus-türk müharibəsində qalib gəldi. 1856-cı ildə 74 yaşında ölüb.

1826-cı il avqust. Moskva. İ.F.Paskeviç: - 1826-cı ilin avqust ayında Moskvada axşam general-adyutant baron Dibiçdən məktub alıram ki, hökmdar imperator sabahısı gün məni görməyə arzulayır və o, Dibiç, əgər mənə əlverişlidirsə, əvvəlcədən onun yanında olmağımı xahiş edir.

Dibiç – Zabalkanski İvan İsanoviç (1785-1831), 1813-1814-cü illərdə rus-prus qoşunları qərargahının rəisi olmuşdu. 1823-cü ildən Baş qərargah rəisi idi. 1827-ci ildə qraf titulu almışdı. Rus-türk müharibəsi (1828-1829-cu illər) müharibəsində baş komandan (1829-cu il) idi.

İşin nə yerdə olduğunu bilmədən Dibiçin yanına gedirəm, o, mənə deyir: “Hökmdar imperator Qafqaz korpusunun baş komandanı general Yermolovun məlumatını alıb ki, farslar bizim Zaqafqaziya əyalətlərimizə soxulmuş, Lənkəranı tutmuş, 60000 nizami, 60000 qeyri-nizami və 80 doldurulmuş topla hərəkəti davam etdirir, onun isə onlara qarşı durmaq üçün kifayət qədər qüvvəsi yoxdur və əgər on iki piyada və bir süvari diviziya yardım edilməsə, diyarın əldə saxlanılmasına zəmanət vermir. Hökmdar istəyir ki, Siz Qafqaza, orduya komandanlıq etməyə gedəsiniz, çünki farsların qüvvəsi artmalıdır. Əlahəzrət bu məlumatdan sonra Yermolova inanmır”. Dibiç bununla əlavə etdi ki, məhrum imperator Aleksandr Pavloviç də narazı idi və onu geri çağırmaq və yerinə Rudzeviçi təyin etmək istəyirdi, çünki Yermolovun hərəkətləri azğınlaşıb, eyni zamanda ordu pozğunlaşıb, pis vəziyyətdədir, intizam itib, oğurluq adi hal alıb, adamlar neçə illərdi təmin olunmur və hər şeyə ehtiyac duyur, maddi hissə bərbadlaşıb və b.; nəhayət, o, həqiqətən orada qala bilməz. Mən cavab verdim: “Mən Qafqaza necə gedə bilirəm ki, Yermolov oradadır? Orada qüvvə yoxdursa, mən nə edəcəyəm və işlərin pis vəziyyətinə nə kömək edəcəyəm? Həm də xəstəyəm və mənə məlum olan yerli iqlimə dözə bilmirəm”. Dibiç buna görə mənə dedi: “Hökmdar bunu istəyir və ümid edir ki, Siz imtina etməyəcəksiniz, yenə də, siz, sabah özünüz hökmdarın yanında olacaqsınız”. Sabahısı gün hökmdarın hüzuruna gəlirəm. Biz ikilikdə idik. “Mən bilirəm, -Əlahəzrət mənə deyir, - Dibiç mənə hər şeyi danışıb. Sən Qafqaza getmək istəmirsən. Mən səndən xahiş edirəm, bunu mənim üçün edəsən”.

 

Kərim Şükürov

Tarix üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2017.- 2 may.- S.14.