Ədəbiyyat tariximizin heç bir
dövrü “Kitabi-Dədə Qorqud”dan kənarda deyil
1-ci yazı
Hər bir xalqın ədəbiyyatının öz
başlanğıc nüvəsi olduğu kimi, əsrlərin,
minilliklərin dərinliklərindən baş alıb gələn
Azərbaycan ədəbiyyatının da belə bir
başlanğıcı var. Bu, dünya epos xəzinəsinin
şah əsərlərindən biri olan “Kitabi-Dədə
Qorqud” eposudur.
Azərbaycan ədəbiyyatı öz poetik
strukturunun bütün mənalı elementləri ilə
“Kitabi-Dədə Qorqud”a bağlanır. Bu
baxımdan, “Dədə Qorqud” eposu hər cəhətdən
başlanğıcdır. Lakin eposun milli ədəbiyyyat,
incəsənət və mədəniyyət tariximizdəki
rolu yalnız başlanğıc olmaqla məhdudlaşmır.
“Kitabi-Dədə Qorqud”, ümumiyyətlə, milli ədəbiyyatımızın
nüvəsidir. Hər bir sistem bir nüvə ətrafında
təşkil olunduğu kimi, Azərbaycan ədəbiyyatı
da “Dədə Qorqud” nüvəsi ətrafında təşkil
olunub. Hər bir nüvə sistemin
mövcudluğunun əsasını təşkil etdiyi kimi, Azərbaycan
ədəbiyyatının da tarixi və müasir
mövcudluğunun əsasını “Kitabi-Dədə Qorqud”
nüvəsi təşkil edir.
“Dədə
Qorqud” eposunun milli düşüncə, ədəbiyyat, incəsənət
və mədəniyyət tariximizin dünəni,
bugünü və sabahındakı təşkiledici nüvə
funksiyasını Yaşar Qarayev belə səciyyələndirib:
“Min üç yüz ildir ki, Qorqud xalqın qan və gen
yaddaşı kimi yaşayır və özündən əvvəlki
min üç yüz ilin də bədii və genetik arxetipini
hər sətrində, hər sözündə yaşadır.
Üstəlik, növbəti, min üç yüz il
üçün də ən sabit, etibarlı, mənəvi-əxlaqi
kodlar və genlər yenə bu “ana kitabın” bət¬nin¬də
və ruhunda qorunub saxlanır. Müstəqillikdə
minillik və əbədilik üçün əsaslar,
xalqlarla kültürlər, yer və göy, torpaq və millət,
təbiət və eko¬logiya arasında davranış və rəftar
kodeksi, qanun və ana yasa... hamısı, hamısı öz əksini
bu kitabda tapır. Və müstəqillik
dövründə də Qorqud yenidən mənəvi
intibahın simvolu, milli heysiyyətin və özünüdərkin
sənədi olur”.
“Kitabi-Dədə Qorqud” dastanları qalereyası Oğuz
türklərinin dünya epos mədəniyyətinə bəxş
etdiyi ən qədim, ən dəyərli nümunələrdəndir. Bəşər
sivilizasiyasının elə bir sahəsi yoxdur ki, Oğuz
türk mədəniyyəti oraya nüfuz etməsin, yaxud orada
bu qədim mədəniyyətin izlərinə rast gəlməyək.
Daş üstü yazılı abidələr,
Orxan-Yenisey mətnləri, Qobustan və Gəmiqaya rəsm-yazıları
kimi “Kitabi-Dədə Qorqud” eposu da türk təfəkkürünün
monumental abidəsi olaraq formalaşıb. Xalq
yazıçısı Anar “Dədə Qorqud Oğuznamələri”
əsərində eposu belə dəyərləndirir:
“Türk dünyasının Şekspir əzəmətində
dramaturqu, Servantes, Tolstoy, Dostoyevski, Balzak səviyyəsində
romançısı yoxdur. Amma nə
rusların, nə ingilislərin, nə də
fransızların “Kitabi-Dədəm Qorqud” möhtəşəmliyində
dastanı da yoxdur”.
Anar “Kitabi-Dədəm Qorqud” eposunu ingilis, ispan, rus,
fransız eposları ilə deyil, bu xalqların yazılı ədəbiyyatının
Şekspir, Servantes, Tolstoy, Dostoyevski, Balzak kimi nəhəngləri
ilə müqayisə edir. Bu cəhətdən
Anarın “Kitabi-Dədə Qorqud”u görkəmli
romançılarla müqayisəyə çəkməsi, əslində,
Anarın “Kitabi-Dədə Qorqud”u Azərbaycan ədəbiyyatının
başlanğıcı kimi, məhz roman-dastan kimi görməsindən
irəli gəlir. Göründüyü
kimi” Kitabi-Dədə Qorqud” möhtəşəm
özüllü bir saraya bənzəyir, dünya mədəniyyət
abidələri sırasında birinci yeri mühafizə edib
saxlamaqdadır. “Oğuzların qəhrəmanlıq
dastanı “Dədəm Qorqud kitabı” (Kitab-i Dədəm
Qorqud ala Lisan-i Taife-i Oğuzan) bu günkü türk
xalqlarından üçünün – türkmənlər, azərbaycanlılar
və türklərin ortaq mədəni mirasıdır”.
Bu mirasın dünya epos mədəniyyətləri içərisindəki
yerini və mövqeyini qiymətləndirərkən prof.
Ramazan Qafarlı yazır ki, “Dədə Qorqud” dastanları
“heç bir xalqda analoqu tapılmayan elə bir ədəbi əsər
nümunəsidir ki, onda əcdadlarımızın ilkin
dünyagörüşündən başlamış orta
çağların tarixi hadisələrinə qədər əksər
sosial institutların izləri əks olunur, daha dəqiq desək,
Qafqaz türkünün milli xarakteri, psixologiyası, adət-ənənələri,
dini, fəlsəfi baxışları, əxlaqı, dövlət
quruculuğu, qəhrəmanlıq salnaməsi, ailə
münasibətləri (ər-arvad, ata-oğul), Vətənə,
torpağa bağlılığı, qonşularla əlaqələri,
ritualları, məişəti, yaşayış tərzinin əksər
atributları, daxili və xarici düşmənlərlə
mübarizəsi, müxtəlif təbəqələrə və
yaş dövrlərinə məxsus insanların
davranışı, şifahi və yazılı dilinin tarixi
özünə yer tapır”.
Bu böyük ədəbi salnamə əsrlər boyunca
dünya elm aləminə məlum olmayıb. Yalnız 200 il
bundan öncə 1815-ci ildə görkəmli alman şərqşünas
alimi Henrix Fridrix fon Dits Drezden kitabxanasında “Kitabi-Dədə
Qorqud” dastanlarını tapıb aşkara çıxarıb
və dastanın “Basat Dəpəgözi öldürdigi
boyı bəyan edər, xanım hey!” boyunu alman dilinə tərcümə
edərək çap etdirib. H.F.Dits əsəri oxumaq
üçün görkəmli alman şairi, dahi mütəfəkkir
Volfqanq fon Höteyə göndərib. «Bu əsər
Volfqanq fon Hötenin diqqətini cəlb
edib və o əsəri göndərdiyinə görə Ditsə
yazdığı 01 fevral 1816-cı il tarixli təşəkkür
məktubunda bunu xüsusi qeyd edib: “Aldığım əsər
mənim və dostlarımın qış gecələrini
qısaltdı və mənim Şərq haqqında biliklərimə
əvəzedilməz bir təməl oldu”.
Akademik
İsa Həbibbəyli “Kitabi-Dədə Qorqud”
dastanlarının dünya miqyaslı əhəmiyyəti və
bu abidənin elm aləminə təqdim edilməsində Henrix
Fridrix fon Ditsin əməyini qiymətləndirərək
yazır: “Fikrimizcə, “Dədə Qorqud” aşkar edilib bəyan
olunmasaydı, dünya epos-dastan mühitində böyük
bir boşluq meydana çıxardı. Dünyada
“Dədə Qorqud” dastanlarının yerini doldura biləcək
bu səviyyədə başda bir epos təsəvvür etmək
çətindir”. Akademikin bu fikri “Kitabi-Dədə
Qorqud”un müstəqillik dövrü Azərbaycan
şeirinin poetik struktur sistemindəki yeri və rolunun funksional
semantikasının üzərinə işıq salır.
İ.Həbibbəyli, əslində, bu fikri ilə Azərbaycan
ədəbiyyatşünaslığının ən nəhəng
sualını qoyur: “Dədə Qorqud” aşkar edilib bəyan
olunmasaydı?..” Bu sual
özü ilə böyük konsepsiyalara yol açır.
Belə ki, “Kitabi-Dədə Qorqud” Azərbaycan
bədii-ədəbi düşüncəsinin nüvəsi
olsa da, bu abidə tapılmayana qədər onun
varlığından xəbərsiz idik. Lakin
bizim bu xəbərsizliyimiz abidənin milli ədəbiyyat
tariximizdəki funksional missiyasını inkar etmir. Belə ki, “Kitabi-Dədə Qorqud” həm milli ədəbiyyatımızın
başlanğıcı, həm də müəyyən mərhələsidir.
Beləliklə, abidə bizim ondan nə vaxt xəbər
tutmağımızdan asılı olmayaraq ədəbiyyat
tariximizdə öz rolunu oynayıb. Bəs
bu halda İ.Həbibbəylinin sualı hansı boşluğu
nəzərdə tutur? Akademikə görə,
“Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı,
dünya epos-dastan mühitində böyük bir boşluq
meydana çıxardı”.
Bu fikri
aksioma kimi qəbul edirik: “Kitabi-Dədə Qorqud” dünya epos
xəzinəsinin nadir şah əsərlərindəndir. Lakin
akademikin fikrinin onun ədəbiyyat tarixinə yeni yanaşma
konsepsiyasından irəli gələn alt semantik planı var:
Belə ki, “Dədə Qorqud” aşkar edilib bəyan
olunmasaydı...”, onda milli filoloji
düşüncəmizdə böyük bir boşluq
olardı. Çünki milli ədəbiyyat tariximizin
özündə “Dədə Qorqud” boşluğu yoxdur: ədəbiyyat
tariximizin heç bir dövrü, epoxası, əsri, səhifəsi
“Kitabi-Dədə Qorqud”dan kənarda deyil. “Dədə
Qorqud” ədəbiyyat tariximizin dünəni və bu
gününün hər bir sətrində yaşamaqda davam
edir. Əsas məsələ odur ki, əgər
“Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı”, onda
görəsən, milli ədəbiyyatşünaslığımız,
folklorşünaslığımız onun
varlığını ehtimal yolu ilə müəyyənləşdirə
bilərdimi? Yəni “Dədə Qorqud”un
ədəbiyyat tariximizin hər bir sətrində yaşayan
izləri əsasında onun varlığını bərpa
edib, dünyaya bəyan edə bilərdikmi? İsa Həbibbəylinin
sualına özünün bir sitatı ilə cavab verməyə
çalışaq: “Kitabi-Dədə Qorqud” türk
dünyasının şifahi ədəbiyyatında müstəsna
yeri olan qiymətli bir abidədir. Böyük türk ədəbiyyatşünası
Fuad Köprülüzadə deyib ki, əgər “Kitabi-Dədə
Qorqud” dastanlarını tərəzinin bir gözünə və
türk ədəbiyyatının bütün əsərlərini
də o biri gözünə qoysaq, “Kitabi-Dədə Qorqud”
ağır gələr. Düşünürəm
ki, Köprülüzadə “türk ədəbiyyatını
tərəzinin bir gözünə qoysaq” deyəndə həm
yazılı, həm şifahi ədəbiyyatı nəzərdə
tuturdu. Mənim fikrimcə, “Kitabi-Dədə
Qorqud”u tərəzinin bir gözünə qoysaq və
dünyanın istər şərq, istərsə də qərb
şifahi xalq ədəbiyyatındakı dastanlarının
hamısını digər bir gözünə qoysaq, yenə
də tərəzinin “Kitabi-Dədə Qorqud”
dastanlarının qoyulduğu gözü ağırlıq təşkil
edər”.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanları
dünya şərqşünaslığında geniş tədqiq
olunub.
Dünya şərqşünaslarından H.F.fon Dits,
V.V.Bartold, A.Krımski, A.H.Kononov, A.Y.Yakubovski, Orxan Şaiq
Gökyay, Fuad Köprülüzadə, Səhənd, Behrəngi,
Məhərrəm Ergin, Fəxrəddin Kırzıoğlu,
Mehmet Kaplan, Əhməd Kalvaklı, azərbaycanlı alimlərdən
Həmid Araslı, Məhəmmədhüseyn Təhmasib,
Əli Sultanlı, Fərhad Zeynalov, Samət Əlizadə, Bəhlul
Abdulla, İsa Həbibbəyli, Kamal Abdulla, Məmməd
Əliyev, Əbdüləzəl Dəmirçizadə,
Şamil Cəmşidov, Nizami Cəfərov, Tofiq Hacıyev,
Kamil Vəliyev, Əzizxan Tanrıverdi, Ramazan Qafarlı, Kamran
Əliyev, Füzuli Bayat, Seyfəddin Rzasoy, Ağaverdi Xəlil
və b. bu böyük abidənin tanıtdırılması,
dünya xalqlarına çatdırılması
baxımından əhəmiyyətli işlər
görüblər.
Son
yüz ildə xaricdə və ölkə daxilində “Kitabi-Dədə
Qorqud” dastanlarının öyrənilməsi, tədqiqi, təhlili
və təbliği ilə bağlı yazılan yüzlərlə
elmi əsərlər kimi, eyni zamanda Dədə Qorqud
dastanlarının ruhundan qopan çoxlu bədii əsərlər
də yazılıb meydana çıxıb. Mikayıl
Rzaquluzadənin “Dədə Qorqud” boyları üzrə
yazdığı “El gücü” hekayələr toplusu,
Anarın “Dədə Qorqud” əsəri, xüsusilə 1975-ci
ildə bu ssenari əsasında “Dədə Qorqud” bədii filminin
çəkilişi bu sahədə ədəbiyyatımızda
xeyli bədii əsərlərin yaranmasına təkan oldu. Cənubi
Azərbaycanda B.Səhəndin “Sazımın sözü”
poeması, Nəbi Xəzrinin “Əfsanəli yuxular”
poeması, daha sonra Altay Məmmədovun “Dəli Domrul”, Nəbi
Xəzrinin “Burla Xatun”, Bəxtiyar Vahabzadənin
“Özümüzü kəsən qılınc”, Kamal
Abdullanın “Casus”, Şəmil Sadiqin “Qana qan
qarışdı” pyesləri, Kamal Abdullanın
“Yarımçıq əlyazma” romanı, Arif Abdullazadənin
“Ulu Qorqud”, Rəşid Təhməzoğlunun “Dədəm
Qorqut”, Asim Yadigarın “Əgrək və Səgrək”
poemaları, Vaqif Aslanın, Nüsrət Kəsəmənlinin,
Dilsuzun silsilə şeirləri meydana çıxdı.
Nizami Muradoğlu
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 4 may.-
S.14.