“Kitabi-Dədə Qorqud” dastanlarının
mənəvi gücü
2-ci yazı
“Kitabi-Dədə Qorqud” dastanlarının müstəqillik
dövrü Azərbaycan poeziyasına təsiri yazılı ədəbiyyat
və xalq yaradıcılığının
qarşılıqlı əlaqəsinin
araşdırılmasında elmi problem kimi mühüm əhəmiyyət
kəsb edir. Eposun Azərbaycan milli həyatına konkret daxil olma
zamanı olduğu kimi müstəqillik dövrü Azərbaycan
poeziyasında “Kitabi-Dədə Qorqud” ənənələrinin
öyrənilməsi də məhz bu tarixi aspektdən
işıqlandırılmalıdır. Qeyd
etmək lazımdır ki, hələ klassik ədəbiyyatımızda
“Kitabi-Dədə Qorqud” ənənələrindən
faydalanma izlərinə rast gəlirik. Göründüyü
kimi, orta əsrlərdən “Kitabi-Dədə Qorqud”
dastanlarına olan maraq ötən əsrdə daha da artıb,
ədəbi mühitdə müxtəlif səpkili bədii əsərlərin
meydana çıxmasına səbəb olmuşdu. Bizim məqsədimiz “Kitabi-Dədə Qorqud” ənənələrinin
müstəqillik dövrü Azərbaycan şeirinin poetik
struktur sistemindəki yeri və rolunun funksional
semantikasını öyrənmək olduğundan həmin
dövr üçün şairlərimizin
yaradıcılığında mövzunun nə dərəcədə
kökləndiyinə nəzər yetirməyimiz kifayət edər.
Belə ki, o dövrü xarakterizə edərək tədqiqatçı
N.Ələkbərli “Kitabi-Dədə Qorqud”dan mayalanan poeziya
nümunələrinin daha çox B.Vahabzadənin, N.Xəzrinin,
İ.Səfərlinin, Hidayətin, N.Kəsəmənlinin,
A.Abdullazadənin, H.Arifin, V.Cəbrayılzadənin, gənc
şairlərdən T.Qaraqayanın, S.Qaraçöpün,
T.Hüseynin yaradıcılığında yer
aldığını vurğulayırdı.
Müstəqillik dövrü poeziyasında isə “Dədə
Qorqud”a müraciət daha da aktuallaşdı. Xalq şairi Fikrət Qoca “Dədə
Qorqud” şeirində yazır:
Dədəm
Qorqud nəğməmizin yaşıdı,
Dilin, könlün, sözün məhək
daşıdı.
Şair sözümüzün, könlümüzün
məhək daşını Dədə Qorqud nəğmələri
ilə eyniləşdirməklə bu millətin
yaranışından Dədə Qorqud ruhunda doğuluşunu əks
etdirməyə çalışır. Deməli, əslində
Dədə Qorqud yaradılışın
başlanğıcından bu millətin içərisində
cücərib boy atıb, sadəcə olaraq bir obraz kimi
formalaşması müəyyən zaman müddətinə
sığınır. Min illərin o
üzündən gələn Dədə Qorqud boylamaları
arxaik yaddaşımızın zaman-zaman qulaqlarımıza
çatan əks-sədasıdır.
Milli kimliyimiz – Oğuz türkləri olaraq “Oğuz”
adını şərəflə daşımaqdır. “Oğuz
adı namus, doğruluq simvoludur. Bir hadisədən
və ya əhvalatdan söz açılanda “Oğuz
zamanında” ifadəsi ilə sözə başlamaq adət
halını almışdı. Hər bir
hekayənin (“Kitabi-Dədə Qorqud”-da – N.M.) adı oğuznamədir.
Buna görə də, bu ifadələrin hər
birinin “Kitabi-Dədə Qorqud”da sahib olduqları mənanı
təsbit edə bilmək üçün bəzi şeylər
söyləməkdə fayda var. Oğuzlar oğuz türklərinin
etnik adıdır.
Təsadüfi deyil ki, bu baxımdan əksər şairlərimizin
şeirlərində soy-kökün vurğulanması, bədii
düşüncədən elmi-ədəbi düşüncəyə
ötürülməsi geniş yer alıb. İslam
Sadığın “Əslim, nəslim mənim” şeirində
də öz əslinə, nəslinə sahib çıxan,
oğuz-türk övladı kimi şairin ricəti maraq
doğurur. Şeirdə Dədə Qorqud ənənəsinə
bağlılığı ilə seçilən, o kökdən,
soydan yaranmış türk övladının şərəfli
keçmişinin bədii boyalarla işlənmiş
obrazının şahidi oluruq:
Boyumla
boylanıb o boylar, anam,
Soyumla
soylanıb o soylar, anam,
Toyumla
toylanıb o toylar, anam,
Əslim Dədə Qorqud əslidi mənim.
Burada “Kitabi-Dədə Qorqud” ənənələrini
şeirin poetik struktur sistemindəki yeri və rolu funksional
baxımdan milli düşüncənin dərin qatları ilə
bağlıdır. Şeirdə şairin boyunun “o boylarla
boylanması”, sənətkarın bir fiziki-milli varlıq kimi
Oğuz boylarına bağlandığını ifadə edir.
Şairin soyu da Oğuz soylarına gedib
çıxır. Toyun “o toylarla
toylanması” milli həyatın Oğuz həyatı ilə
qaynaqlanması, müasir mənəviyyatımızın hələ
də Oğuz mənəviyyatı ilə qidalanması
anlamına gəlir. Sonuncu misrada şair
“Əslim Dədə Qorqud əslidi” deməklə milli
varlığı bütövlükdə Dədə Qorqud
simvoluna konsentrasiya edir.
Bu səsi, bu əks-sədanı biz R.Behrudinin şeirlərində
görürük. Şair türkün qədim tarixini yada salır və
kədərlə öyünür:
“Mayası
qurddan gələn
Özgə
bir dinə gəlməz...”
“Şamanam
içim köz-köz...”
R.Behrudinin
şeirlərində Dədə Qorquddan gəlmə bir yurd,
el-oba sevgisi var. Türklüyü,
turançılığı ilə seçilən şairin
“vətən, yurd sevgisinin məkanı bugünkü deyil,
tarixi coğrafiyanın sərhədlərinə dayanır:
Qarayazı, Göyçə, Ərzurum, Kərkük bu
coğrafiyanın adi məkanlarıdır”. “Kitabi-Dədə
Qorqud”un ən böyük məziyyətlərindən
biri də odur ki, arxetipləri genetik yaddaşımızı
təzələyərək milli kimliyimizi xatırladır.
Yetmiş il sovet rejiminin amansız təzyiqləri
altında türklüyümüzü unutdurmaq istəyənlər
H.Cavid, M.Müşfiq, Ə.Cavad kimi şairlərimizi məhv
etdilər, lakin türkün yenilməz ruhunu öldürə
bilmədilər. Bu gün poeziyamızda
özünə dərin yer edən türklüyün təbliği
eyni zamanda mənəvi dünyamızda mərdliyin, ərliyin,
yenilməzliyin tarixi aspektdə inikasından ibarətdir.
Bu baxımdan Zəlimxan Yaqubun şeirlərində
türkçülüyün təbliği önəmli yer
alır. Şeirin ritmi də, mahiyyəti də
türkçülük havasına malikdir.
Çanaqqala
Malazgirdin davamı,
Türk
deyil ki, öz qanından qorxan türk!
Təmiz
süddən mayalansın, doğulsun,
Mete kimi,
Oğuz kimi bir xan türk!
Mübarizlik ruhu ilə dolu olan, milli qeyrət
çağırışlı, mücadilə əhvallı
bu şeirin dəyəri bir çox ustad alimlərimiz tərəfindən
yüksək qiymətləndirilib. Şeirdə Çanaqqala, Malazgird,
Türk, Qan, Süd, Maya, Mete, Oğuz, Xan obrazları bir bənd
daxilində yer almaqla bu şeiri “Kitabi-Dədə Qorqud”un milli bədii düşüncədəki məna
paradiqmasına çevirir. Bu obrazların hər
biri Oğuz-Türk tarixinin bir səhifəsi ilə
bağlıdır. Həmin faktları,
obrazları, hadisələri, məkanları nə qədər
uzaq zaman ayırsa da, onlar ruhən vahid məkan-zaman sistemi
daxilindədir. Türk Çanaqqalada da,
Malazgirddə də Metedən, Oğuzdan gələn eyni
qanın, mayanın, südün
daşıyıcısıdır.
Türkçülüyün ən fəal təbliğçilərindən
biri də Xəlil Rza Ulutürk idi. Şairin şeirlərində
türkün şanlı tarixinə işıq tutulur, milli mənliyimiz
millətə xatırladılır, mübarizə
çağırışları eşidilirdi. Şair
azadlıq uğrunda mübarizə apararkən tutulub Lefortova
zindanına salınsa da, mübarizəsini davam etdirir,
xalqımızın min illərlə yaddaşında yeni nəsillərə
çatdırdığı bir əfsanəni yada salaraq
“Ağ çələngli Azərbaycan” şeirində
yazırdı:
Mən onsuz da əbədiyəm, cahangirlər gəldi-gedər.
Bir
gün edam meydanında başım getsə,
verərsəm can,
Sən
yadların qarşısında heç bir zaman qara geymə,
Ey Ağ
donlu Anam mənim, ağ çələngli
Azərbaycan!
Fikrət
Sadıq “Türk” şeirində türkün qəədimliyi
ilə bərabər bu xalqlarının arasında olan
ayrı-seçkiliyi, narazılıqları, zaman-zaman türk
mənəvi aşılanmaya məruz qalmalarını da bədii
boyalarla təsvir etməyə çalışıb:
Babam
türkdür, atam türkdür, özüm türk!
Dil
açıb, ilk söylədiyim sözüm türk!
Biz birləşib
bütöv bir türk olmarıq,
Nə qədər
ki var sizin türk, bizim türk!
Şairin ürək ağrısı
başadüşüləndir. Mənəmlik
iddiası, birləşə bilməmək, sözün,
işin vəhdətini yarada bilməmək və bunun ucbatından
tarixi torpaqlarımızın itirilməsi bir utanc gətirməklə
yanaşı, eyni zamanda bizim qarşımızda babaların
mirasına yiyələnmək, itirilmişləri geri qaytarmaq
missiyasını qoyur.
Gənc
şairə Kəmalə Nəsrin Azərbaycan jurnalında dərc
edilən Ağ Şaman soyundan gələn babası Bayram
Qazanoğlunun əziz xatirəsinə həsr etdiyi “Daş gətirin”
şeiri ilə xalqın yaddaşını oyatmaq istəyir. Türkün daş yaddaşı Qaf dağında qərar
tutmuş qaya parçalarının üzərində
yazılmış yazılarda qalıb. Kəmalə
Nəsrinin daş yaddaşını xatırlaması təsadüfi
deyil. Şairənin sələflərindən
olan Məmməd Araz da türkün daş
yaddaşını silkələyib oyandırmaq istəyirdi.
Məhz babaların qan yaddaşı ilə daş
yaddaşı arasında bir əlaqənin olduğu Azərbaycan
poeziyasında tez-tez xatırlanan və oxuculara təlqin edilən
əlamətlərdən biridir:
Qaf
dağında uyqu tutmuş
Elim qalmış.
Qırmızı
gün xınasında
Əlim
qalmış,
Qopuzunda dilim qalmış.
Babam bilən
dağ başından
Yellər,
mənə daş gətirin-
Daşlar mənim yaddaşımdı.
Bu bənddəki
bütün obrazlar onun poetik strukturunu mənalandıran
elementlər “Kitabi-Dədə Qorqud” ənənələrini nişan verir. Bu cəhətdən
şeirdəki Qaf dağ, uyqu tutmuş El, Qırmızı
gün, Xınalı əl, Qopuz, Yellər, Daşlar... –
hamısı milli varlığın milli bədii
düşüncədəki simvolları, rəmzləri,
nişanlarıdır. Türk
özünü bu nişanlarla tanıyır. Hər bir xalqın, millətin, etnosun onu tanıdan,
tanıtdıran milli kimlik əlamətləri var. Bu əlamətlər
bir yerdə milli identifikasiya sistemini təşkil edir. Buradan aydın olur ki, əslində, milli kimliyin
simvollarını təşkil edən identifikasiya əlamətləri
sakral-ezoterik dəyərlər, yəni xalqın müqəddəs
tutduğu dəyərləri özündə əks etdirir.
Məmməd Araz “Ayağa dur, Azərbaycan” şeiri ilə
Qaraca Çobanı, Dəli Domrulu əsrlərin o tayından
səsləyib, Vətən uğrunda mübarizəyə
çağırır. Bu, adi çağırış deyil.
Bu çağırışın arxasında
Azərbaycan dayanır. Müstəqil
dövlətimizin göylərə yüksələn
üç rəngli bayrağının əzəmətini
qorumaq indi hər bir vətəndaş üçün
müqəddəs vəzifə, qan yaddaşımızdan,
daş yaddaşımızdan gələn Dədə Qorqud
borcudur. 1918-ci ildə qazanılmış
müstəqillik itirilmişsə də, onun ibrət dərsləri
hər bir azərbaycanlını ayıq-sayıq olmağa,
respublikamızın ikinci dəfə qazandığı
müstəqilliyi göz bəbəyi kimi qorumağa sövq
edir.
Poeziyamızda Dədə Qorqud ənənələrindən
mayalanan bu tipli şeirlərin, demək olar ki, əksəriyyəti
milli-mənəvi düşüncəmizin
formalaşmasında mayaka çevrilir, tarixi
yaddaşımızı bərpa edir, oğuz türklərini
keçmişinə sahib çıxıb gələcəyini
qurmağa çağırır. Bu, bir vətəndaşlıq
borcudur. Dünya dövlətləri içərisində
üç rəngli bayrağı ilə özünəməxsus
yer qazanmış Dədə Qorqud, Xanlar xanı Bayandır
xan, Qazan xan, Dəli Domrul, Beyrək, Qaraca çoban və b. xələflərinin
mənəvi varislik borcudur. Hər zaman tarixi keçmişini
xatırlayıb babalarımızın bizə əmanət
qoyduqları Vətənə sahib çıxmaq, onu qorumaq, gələcək
nəsillərə şərəfli irs
kimi ötürmək oğuz qəhrəmanlarının təlqin
etdiyi ən böyük dəyərdir. “Kitabi-Dədə
Qorqud” dastanlarının mənəvi gücü bu
baxımdan əvəzedilməz cazibə qüvvəsinə və
tərbiyəvi əhəmiyyətə malikdir.
Nizami Muradoğlu
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 5 may.-
S.14.