1948-1953-cü illər deportasiyasını
doğuran şərait və səbəblər
İndi “Ermənistan” adlanan, Azərbaycan türklərinin
ata-baba yurdu olan əzəli torpaqlarımızdan
soydaşlarımızın 1988-ci ildə kütləvi şəkildə
deportasiya olunması ilə bağlı xeyli tədqiqatlar
aparılıb. Ancaq hər yeni tədqiqatda başqa
çalarlar aydınlaşır. Əsəd
Qurbanlının tədqiqatında bildirilir ki, Ermənistan
SSR-dən Azərbaycan türklərinin məcburi
köçürülməsi İkinci dünya müharibəsi
illəri və sonrakı illərdə Sovet-Türkiyə
münasibətləri kontekstində rəsmi Kreml tərəfindən
siyasi gündəmə çıxarılmış "erməni
məsələsi" ilə qırılmaz surətdə
bağlıdır. XX əsrin 90-cı ilinin əvvəlində
sovet imperiyasının süqutu ilə birgə, sərt sovet
senzurası da öz siyasi ömrünü başa vurmuş
oldu. Senzuranın ləğvi və cəmiyyətdə
yaranmış yeni siyasi mühitlə əlaqədar olaraq
arxiv fondları üzərinə qoyulmuş "məxfi
qrif"lər də aradan qaldırıldı: “Üzərinə
qadağa qoyulmuş bir sıra mövzular, î cümlədən Azərbaycan
türklərinin 1948-1953-cü illərdə tarixi etnik
torpaqlarından deportasiyası problemi də tarixçi tədqiqatçıların
tədqiqat predmetinə çevrildi. Aparılmış
tədqiqatlar göstərir ki, İkinci dünya müharibəsindən
sonrakı illərdə Ermənistan SSR-dən türk əhalisinin
kütləvi deportasiyası, XX əsrin 30-40-cı illərində
Sovet İttifaqında həyata keçirilmiş və bir
çox xalqlara qarşı tətbiq edilmiş sovet deportasiya
siyasətinin tarixi təcrübəsinin məntiqi davamı
olmuşdu. Bu mənada Azərbaycan türklərinin
deportasiyası problemini tədqiq edərkən, həmin illərdə
SSRİ-də həyata keçirilmiş sovet deportasiya siyasəti
tarixinə ötəri də olsa toxunmamaq mümkün deyil.
Sovet İttifaqında sosializm quruculuğu gedişi
prosesində təkcə totalitar rejimə müqavimət
göstərən müxtəlif qruplar, təşkilatlar,
siyasi partiyalar deyil, həmçinin bütöv xalqlar belə
amansız təqiblərə məruz qalmış, məhv
edilmiş, repressiya və deportasiya olunmuşdur. Bu, dünya
tarixində xalqların misli görünməmiş zorla
köçürülməsi praktikası idi. Təxmini
rəqəmlərə görə, XX əsrin 30-40-cı illərində
SSRl-də 3,2 milyon insan deportasiya siyasətinə
məruz qalmış, yaşadıqları ərazilərdən
məcburi qaydada sürgün edilmişdi. Həmin
illərdə sovet deportasiya siyasətinə məruz
qalmış xalqlar sırasında Azərbaycan türkləri
də olublar. Onlara qarşı ilk
deportasiya, vaxtı ilə Cənubi Azərbaycandan gəlib Azərbaycanda
məskunlaşmış cənublu soydaşlarımıza
qarşı tətbiq olunmuşdu. Pasportlaşma
siyasəti həyata keçirilərkən orada
doğulduğunu qeyd edən vətəndaşların bir hissəsi
zorla İrana sürgün edilmişdi. 1937-1938-ci illərdə
İrəvan, Cəlaloğlu (Stepanavan), Gümrü
(keçmiş Leninakan), Allahverdi və Ermənistanın
başqa rayonlarından azərbaycanlı əhali eynilə bu
cür siyasətə məruz qalaraq "iranlı" adı
altında rəsmi şəkildə ölkə ərazisindən
çıxarılmışdı. Bəzi mənbələrdə
isə Azərbaycan türklərinin 1934-1941-ci illərdə
Tbilisi ətrafından da məcburi köçürülməsi
göstərilir.
Faktlardan göründüyü kimi, XX əsrin
30-40-cı illərində Azərbaycan türkləri qismən
də olsa, sovet deportasiya siyasətinə məruz qalıblar. Göstərilən
mənbələrdə deportasiya siyasətinə məruz
qalmış azərbaycanlı əhalinin sayı barədə
məlumat verilmir. Azərbaycan türklərinin
həmin illərdə genişmiqyaslı deportasiya siyasətinə
məruz qalmaması üç əsas səbəblə izah
edilir. Bunlar 30-40-cı illərdə Azərbaycan
türklərinin qismən deportasiyaya məruz qalması;
ikincisi, Sovet İttifaqının İran siyasəti və Azərbaycan
SSR-in bu siyasətdə mühüm rol oynaması;
üçüncüsü, Türkiyənin İkinci
dünya müharibəsinə qoşulması ilə
bağlıdır. Bəzi müəlliflər isə
belə bir mülahizə ilə çıxış edirlər
ki, Azərbaycan türkləri müharibə illərində
ona görə köçürülmədilər ki,
onların köçürülməsi Türkiyəni
qıcıqlandıra bilər və onu faşist
Almaniyasının müttəfiqi kimi Almaniya tərəfindən
Sovet İttifaqına qarşı müharibəyə sövq
edə bilərdi. Bu mülahizənin heç
bir elmi əsası yoxdur. Belə bir sual
etmək olar. Türkiyə türkləri
ilə eyni soydan olan Krım türkləri öz tarixi ərazilərindən
sürgün olundu. Türkiyə
müharibəyə qoşuldumu? Xeyr! 1944-cü
ildə Axıska türkləri Gürcüstanın Türkiyə
Respublikası ilə həmsərhəd olan Axalkələk,
Aspindzə, Boqdanovka və başqa rayonlarından zorla Orta
Asiya respublikalarına köçürüldülər.
Türkiyə müharibəyə qoşuldumu?!
Əlbəttə ki, yox! Halbuki onların tarixi ərazilərindən
köçürülməsi birbaşa Türkiyə ilə əlaqələndirilir,
"dövlət sərhədlərinin təhlükəsizliyi"
adı altında həyata keçirilirdi. Həmin
illərdə Krım türkləri, Axıska türkləri
kimi Azərbaycan türklərinin də Sovet
İttifaqının Türkiyə ilə həmsərhəd
rayonlarından məcburi deportasiyası həyata keçirilə
bilərdi. Bəs nə üçün
köçürülmədilər? Nə
idi səbəb?
Əvvəla, onların köçürülməməsində
Sovet İttifaqının İran siyasəti və Azərbaycan
SSR-in bu siyasətdə mühüm rol oynaması idi. Azərbaycan türklərinin
həmin illərdə tarixi etnik torpaqlarından, xüsusən
də Türkiyə ilə həmsərhəd ərazilərdən
köçürülməsi SSRİ-nin İran siyasətinə
və bu siyasətdə mühüm rol oynayan Azərbaycan
SSR-in iştirakına böyük zərbə ola
bilərdi. Məhz bu amilə görə sovet
hökuməti belə bir addımı atmadı. Göründüyü kimi, XX əsrin 30-40-cı illərində
Azərbaycan türklərinin kütləvi deportasiyası
üçün nə bir səbəb, nə də ki, şərait
var idi. Səbəb olmayan yerdə isə nəticə də
ola bilməzdi. XX əsrin
30-40-cı illərində sovet deportasiya siyasətinə məruz
qalmış xalqlar, millətlər əsassız, səbəbsiz
köçürülmürdülər. Onların
tarixi torpaqlarından məcburi köçürülməsinin
һər birinin
ayrı-ayrılıqda konkret səbəbləri var idi. Həmin xalqların məcburi
köçürülməsi də rəsmi dövlət qərarlarında
əsassız da olsa, müəyyən səbəblərlə
izah olunurdu. İkinci dünya müharibəsindən
sonrakı illərdə isə Azərbaycan türklərinin
köçürülməsi üçün şərait də
var idi, nəticəni doğuran səbəblər də.
Sovet deportasiya tarixinin ən mühüm məsələlərindən
biri də onu doğuran səbəblərdir. Moskvada nəşr
edilən "Voprosı istorii" jurnalında açılan
"dəyirmi masa"da əsasən, sovet xalqlarına
qarşı tətbiq olunmuş deportasiya siyasətinin
yaranması və onu doğuran səbəblər haqqında
istər tarixçi, istərsə də dilçi alimlərin
açdığı müzakirələr xüsusilə diqqəti
cəlb edir”.
Belə
ki, sovet xalqlarına qarşı həyata keçirilmiş
deportasiyaları doğuran səbəblər barədə
müxtəlif fikirlər söyləyirlər: “Onların bu
barədə fikirləri ayrı-aynlıqda həqiqətə
yaxın və inandırıcı görünsə də,
ümumilikdə deportasiyanı doğuran səbəblər
barədə bu alimlər arasında vahid, yekdil fikir yoxdur.
T.Y.Krasovitskaya "Sovet İttifaqı 20-ci illərdə"
mövzusunda keçirilən "dəyirmi masa"da
deportasiyaların əsas səbəbi kimi, onu Sovet
İttifaqında "yekcins dil mühitinin"
yaradılması zərurəti ilə izah edir və nümunə
olaraq deportasiyaya məruz qalmış xalqlar sırasında
türkdilli xalqların çoxluq təşkil etdiyini əsaslandırmağa
çalışır. V.M.Alpatov "Voprosı
istorii" jurnalının redaksiyasına göndərdiyi
"K istorii Sovetskoqo yazıkoznaniya: Marr i Stalin" adlı məktub
- məqaləsində T.Y.Krasovitskayanın mülahizələrini
qeyridəqiq, əsaslandırılmamış səhv fikir
olduğunu vurğulayır və alternativ mülahizə ilə
çıxış edir. O, belə hesab edir ki,
xalqların deportasiya olunmasında İ.Stalinin hələ
Qafqazda olarkən burada yaşayan xalqlara olan simpatiyası və
antipatiyası müəyyən rol oynayıb. Tədqiqatçı
N.F.Buqay isə V.M.Alpatovun bu mülahizəsinin həqiqətə
daha çox yaxın olduğunu bildirərək, bu səbəbə
də başqalarının sırasında baxmağı təklif
edir. O, əldə olunan sənədlərə əsasən,
belə bir mülahizə yürüdür ki, 1930-1940-cı
illərdə Sovet İttifaqında bütöv xalqların məcburi
köçürülməsinin əsas səbəbi
bunlardır. Birincisi, ñəzalandırma - bu intiqam ilk növbədə,
işğal zamanı bu xalqların ayrı - ayrı şəxslərinə
və qruplarına görə edilirdi; ikincisi,
köçürmədə mümkün olan xəyanətə
görə preventiv tədbir kimi istifadə edilirdi. Onun fikrincə, bütün bu tədbirlər əslində
gözlənilən müharibələrdə həmin millətlərdən
olanların xaricdə yaşayan soydaşları ilə bir
olduğuna görə edilirdi”.
Tədqiqatçı - alim L.Həsənova isə belə hesab edir ki, deportasiyanın həm ümumi, həm də konkret hal üçün xüsusi səbəbləri var. Ona görə də onların birgə nəzərdən keçirilməsinin əhəmiyyəti qeyd olunmalıdır: “L.Həsənova ilk dəfə olaraq sovet deportasiya siyasətinin əlamətlərini üzə çıxarıb, onu Azərbaycan türklərinin Ermənistandan deportasiyası ilə müqayisə edib. Aydın olunub ki, azərbaycanlıların köçürülməsi sovet deportasiya siyasətindən kənarda tədqiq oluna bilməz. Onilliklər ərzində Azərbaycan türklərinin deportasiyası problemi məlum səbəblər üzündən öyrənilməyib. Bu faciə barədə əsl həqiqətlər ilk dəfə tarixçi-alim A.Paşayevin arxiv materialları əsasında yazmış olduğu "Köçürülmə" kitabında öz əksini tapıb. İşıq üzü görmüş tədqiqat yönlü işlərin Azərbaycan tarixşünaslığında bu problemlə bağlı mövcud boşluğu aradan qaldırmaqda əhəmiyyəti nə qədər böyük olsa da, problemin araşdırılması ilə bağlı bir çox qaranlıq məsələlər qalmaqdadır. İkinci dünya müharibəsindən sonrakı illərdə Azərbaycan türklərinin 1948-1953-cü illərdə tarixi-etnik torpaqlarından deportasiyasını doğuran şərait və səbəblər hə1ə də üzə çıxarılmayıb, bu da problemin yetərincə araşdırılmasında tarixşünaslıq elmimizdə bir boşluq yaradıb. Məhz bu boşluqdan irəli gələn müxtəlif fikir və mülahizələr ortaya çıxıb. Azərbaycan türklərinin 1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiyasının səbəbləri barədə də müxtəlif fikirlər mövcuddur. A.Paşayev məcburi köçürülmənin əsas səbəbini Kremlin siyasi dairələrində özlərinə kök salmış erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir. Tarix elmləri doktoru B.Nəcəfov isə Azərbaycan türklərinin deportasiyasının "Daşnaqsütyun" partiyasının xüsusi ssenarisi və onun birbaşa Kremlə göstərişi əsasında həyata keçirildiyini qeyd edir. Erməni tarixçilərinə gəlincə isə onlar Ermənistandan Azərbaycan türklərinin deportasiyasının əsas səbəbini Azərbaycan K(b)P MK-nın I katibi M.C.Bağırovun İ.V.Stalinə ünvanlandığı xahiş müraciətində görürlər. Onlar belə hesab edirlər ki, azərbaycanlıların köçürülməsi iqtisadi səbəblə bağlı olub, onlar Kür-Araz ovalığının inkişaf etdirilməsi ilə əlaqədar köçürülüblər. Bu da növbəti erməni yalanından başqa bir şey deyil və tarixi həqiqətdən çox-çox uzaqdır.”
Uğur
Xalq
Cəbhəsi.- 2017.- 5 may.- S.13.