Azərbaycan ədəbiyyatında
deportasiya mövzusuna həsr olunmuş əsərlər
1-ci yazı
Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna
xeyli əsər həsr olunub. Hafiz Hacxalılın
araşdırmasında vurğulanır, rusların Azərbaycana
gəlişindən, Türkmənçay və
Gülüstan müqaviləsindən sonra hayların
İrandan və Türkiyədən köçürülərək
qədim oğuz-türk torpaqlarına yerləşdirilməsi
türk dünyasının çökməsi
üçün hazırlanmış məqsədyönlü
siyasətin bir parçası idi: “Məhz Ermənistan
adlı bufer bir dövlətin Azərbaycan torpaqlarında
yaradılması Azərbaycanı türk dünyasından
ayırmağa xidmət edirdi. Rusların
havadarlığı ilə ermənilərlə türklər
(müsəlmanlar) arasında milli-etnik zəmində
münaqişələrin tez-tez baş verməsi Azərbaycanın
bir parçası olan indiki Ermənistandan onun əzəli və
əbədi sakinlərinin öz doğma yurdlarından
çıxması, deportasiyası ilə nəticələndi.
İlk illər bu deportasiya gizli şəkildə
aparılsa da, lakin 1948-1953-cü illərdə müxtəlif
adlar altında daha geniş və açıq şəkildə
aparılmağa başladı. “Ellər atasının”
1947-ci il dekabrın 23-də imzaladığı SSRİ Nazirlər
Sovetinin 4083 nömrəli qərarına əsasən,
1948-53-cü illərdə yüz minlərlə azərbaycanlı
(əksəriyyəti türklər olan) əhalinin Ermənistandan
Azərbaycanın Kür-Araz ovalığına
köçürülməsi planlaşdırıldı. Bəzi bədii, publisistik yazılarda bu proseslər
üstüörtülü şəkildə yada salınsa da
1948-53-cü illərdə azərbaycanlıların (türklərin)
Ermənistandan Kür-Araz ovalığına
köçürülməsinin əsl səbəbləri tam
açıqlanmayıb, hadisələr
üstüörtülü qalıb. Bu haqda ilk dəfə
1988-ci il hadisələrindən sonra
açıq danışılmağa başlayıb. Bu gün deportasiya tarixi, siyasi bir mövzu kimi
dövlət siyasətinin bir qolu olsa da, onun ədəbiyyatımıza
gətirilməsi, deportasiyaya dair müxtəlif bədii fikir
nümunələrinin yazılması, nəşr olunması
bu mövzuya olan marağı bir daha özündə ehtiva
edir. Demək olar ki, aşıq şeirimizin bayraqdarı
olan Dədə Ələsgərdən üzü bu yana deportasiya, vətən həsrəti
mövzusunda yazılmış maraqlı ədəbi nümunələr
oxucular tərəfindən sevə-sevə oxunur və gənc
nəslin vətənpərvər böyüməsində,
onlara vətən sevgisinin aşılanmasında mühüm
yer tutur. Hesab edirəm ki, ədəbiyyatımızda
deportasiya mövzusu 4 istiqamətdə
araşdırılmalıdır:
Şeirdə
deportasiya mövzusu;
Nəsrdə
deportasiya mövzusu;
Dramaturgiyada
deportasiya mövzusu;
Publisistikada deportasiya mövzusu”.
Araşdırmaçı
dramaturgiyanı çıxmaq şərtilə şeirlərdə,
nəsr əsərlərində və publisistikada deprtasiya
mövzusuna olan münasibətə aydınlıq gətirməyə
çalışır: “Tarixi gerçəklikləri,
reallıqları və bizlərdən gizlədilmiş arxiv
materiallarındakı həqiqətləri araşdırdıqdan
sonra məlum olur ki, haylar bizdən təkcə torpaq yox, milli
kimliyimizi, maddi-mənəvi dəyərlərimizi,
kültürümüzü, min illər boyu
yaratdığımız şifahi və yazılı ədəbiyyatımızı
da almaq, mənimsəmək istəyirlər.
Mərhum
ak. Budaq Budaqov: “Azərbaycanlıların
Ermənistandan deportasiya edilməsi həmişə
SSRİ-nin daxili məsələsi kimi təqdim edilirdi. Bu
problemin daxili məsələ deyil, məhz həmin
dövrün beynəlxalq siyasətinin tərkib hissəsi
olduğuna, Sovet İttifaqının Türkiyəyə
qarşı irəli sürdüyü ərazi iddialarının,
İkinci Dünya müharibəsindən sonra İ.Stalinin
planı üzrə xaricdə yaşayan ermənilərin
(hayların) repatriasiya (vətənə dönüş) siyasətinin
tərkib hissəsi olduğuna tam əmin oldum”.
Araşdırmalar göstərir ki, Azərbaycanın
faktiki olaraq iki yerə parçalanmasından sonra hayların qədim
oğuz-türk yurdlarına köçürülməsindən
və azərbaycanlıların deportasiyasından sonra
xalqın yaddaşında özünə yer eləmiş
qaçqınlıq, köçkünlük heç zaman məlhəmi
olmayan bir ağrı kimi yurd həsrətilə deyilmiş
bayatılarda, ağılarda, qoşmalarda öz əksini
tapıb.
Ədəbiyyatımızda deportasiya mövzusuna həsr
olunmuş əsərlərə bir baxış adlı
yazımızda Dədə Ələsgərdən üzü
bu yana yurd həsrətilə köklənmiş,
deportasiyamıza həsr olunmuş bədii ədəbiyyat
nümunələri haqqında söhbət
açacağıq. Məlumdur ki, Dədə
Ələsgər qədim Göyçə mahalının
Ağkilsə kəndində saza, sözə vurğun bir ailədə
dünyaya göz açıb. İlahidən
vergili olan və haqq aşığı kimi tarixə
düşən Dədəmizin
yaradıcılığında elə bir şeir növü
yoxdur ki, işlənməsin. Şeirimizdə
Füzuli sevgisi ilə yanaşı durmağa boy verən
Ələsgər yaradıcılığı özündə
gözəlliyi, mənəvi paklığı və kamilliyi
aşılamaqla yanaşı, dövrün ictimai-siyasi hadisələrini
də canlı şəkildə əlvan çalarlarla əks
etdirən bir böyük sənət abidəsidir. Onun tarixi səpkidə yazdığı
qoşmaları, gəraylıları, müxəmməsləri
bugünkü tarixşünaslığımız
üçün əvəzolunmaz mənbələrdəndir.
“Orta Sarıtel” havası üstə
oxuduğumuz “Yaylaq” gəraylısındakı qəmginlik,
yurd həsrəti bəlkə də çoxumuzun
gözündən yayınıb. Düzdür,
havacatın özü də qəmli notlara köklənib.
Bəs görəsən, aşıq nəyə görə:
Gözüm
qaldı siyah teldə,
Bülbül öldü meyli güldə.
Kimsəm yoxdu qürbət eldə.
Sən mənə qəmxar ol, yaylaq.
“Yaxşı hörmət ilə, təmiz ad ilə”
Qafqaz elini dolanan, qocaya ata, cavana qardaş deyən,
qızı, gəlini ana-bacı bilən dədəmiz “Kimsəm
yoxdu qürbət eldə” deməklə nəyə işarə
vururdu görəsən? Lakin bu şeirin harada
yazılmasını araşdıranda məlum olur ki, erməni
qırğını zamanı həmin qaçaqaç
dövründə aşıq Ələsgər Kəlbəcərin
Qanlıkənd (Qalaboynu) kəndində sığınacaq
tapıb və Göyçəyə qayıdana qədər
böyük mənəvi əzab-əziyyətlə üzləşib.
Hətta həmin qırğında onun şəyirdi
Aşıq Nəcəfin kürəyinə ermənilərin
samovar bağlayıb işgəncə verdikdən sonra
öldürmələri Aşıq Ələsgərə
böyük mənəvi sarsıntı yaşadıb. Ermənilərin 1918-ci ilin mart ayında təkrarən
törətdikləri fitnəkarlıq bütün
göyçəlilərin ağır faciəsi ilə nəticələnir.
Mənfur düşmən ələ
keçirdiyi adamları qırır, qalanların da çoxu
dağ aşırımlarında borana düşüb məhv
olurlar. Onların arasında
ömrünün sonuna qədər Ələsgərə həsrətlə
baxıb köks ötürən Səhnəbanı da var idi.
Göyçə
mahalının Pəmbək kəndindən olan
balabançı Əli kişinin
danışdığına görə ermənilər Silikov
adlı bir erməni polkovnikinin
başçılığı altında “Göyçədə
yeni hökumət qururuq”- deyə Göyçənin
başbilənlərini, savadlı adamlarını, Bala Mərzə
və Şişqaya kəndinin camaatını məscidlərə
doldurub od vururlar. Bu mənada Ələsgərin
dağlara xitabən dediyi “Dağlar” qoşması erməni vəhşiliyini
özündə əks etdirən tarixi faktdır.
Hanı mən
gördüyüm qurğu, büsatlar,
Dərdməndlər görsə tez bağrı
çatlar.
Mələşmir
sürülər, kişnəşmir atlar,
Niyə pərişandı halların, dağlar?!
Hanı
bu yaylaqda yaylayan ellər,
Görəndə gözümdən car oldu sellər.
Seyr etmir
köysündə türfə gözəllər,
Sancılmır buxağa güllərin, dağlar.
Həsənnənə,
Həsənbaba qoşadı,
Xoşbulaq yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı?!
Ölsün Ələsgər tək qulların,
dağlar”.
Araşdırmaçı
bildirir ki, başımıza gətirilən soyqırımlar,
deportasiyalar xalqımızın epos təfəkkürünə
söykənən yaddaşında qoşma, gəraylı,
bayatı və ümumiyyətlə, aşıq şeir şəkillərində
daha çox öz əksini tapıb: “Buna görə də bu
əsərlər xalqın dilində tez əzbərlənir,
şifahi ədəbiyyat kimi bir formadan digər formaya
düşür və beləcə nəsildən-nəsilə
ötürülür. Aşıq Ələsgər
ocağının layiqli nümayəndələrindən olan
İsmixan Didərginin yaradıcılığı deportasiya ədəbiyyatımızda
xüsusi yer tutur. Bəlkə də elə
yurd həsrəti idi ki, İsmixanı vaxtsız ölüm
sıralarımızdan apardı.
Dənizlərə
qarışmışam,
Köpüklərə əl atıram.
Tümən-tümən
səpən canım,
Qəpiklərə əl atıram.
Fələk
nərdi verib tuza,
Kim oynaya,
kim uduza.
Qarışmışıq dələduza.
Şəpiklərə əl atıram.
İsmixanam
yetməz bəyan,
Nə qohum var, nə də həyan.
Hərdən-hərdən mənə dəyən.
Təpiklərə əl atıram”.
Araşdırmaçının
fikrincə, üçbəndlik gəraylıda bir şair,
bir didərgin ömrünün keçirdiyi
sıxıntılar, dili bir, dini bir doğmalar içində
vətəndən uzaqlarda özünü yad kimi hiss etmək
hissi hakim kəsilib və gəraylının sonuncu bəndində
“Hərdən-hərdən mənə dəyən, təpiklərə
əl atıram” fikri incə məqamlardan xəbər verir və
onu açmaq, onu duymaq oxucunun öz ixtiyarına verilir:
“İsmixan Didərgin şeirlərində
ayrılığın şəklini görmək
mümkündür və bu şeirlərdə kədərqarışıq
bir ümid işığı var. Təkcə
“Ayrılıq” şeirində yeddi yer adı, yeddi toponim
işlədilib və sözsüz ki, hamısı da öz
ana türkcəmizdədir.
Dədə
yurdum, elim-günüm bəri gəl,
Gəl öpüşək, halallaşaq, ayrılaq.
Səcdə qılıb, diz çökürəm
önündə.
Sinəmdəki ağrılara yaxşı bax.
Gəl öpüşək, halallaşaq, ayrılaq.
Bu nemətdən, bu torpaqdan harda var?
Bu obadan, bu oymaqdan harda var?
Bu təndirdən, bu ocaqdan harda var?
Alagöllər, Şışpilləkən,
Qonurdağ.
Gəl öpüşək, halallaşaq, ayrılaq.
“Ermənistan SSR-də Azərbaycan toponimlərinin dəyişdirilməsi
barədə ilk fərman hələ 1935-ci ildə
verilmiş, yaşayış məntəqələrinin,
dağ, çay, bölgə adlarının dəyişdirilərək
“erməniləşdirilməsi” siyasəti dövlət səviyyəsində
ardıcıl surətdə həyata keçirilib”. Bu yer-yurd adlarının
şeirlərdə, folklorumuzda işlənməsi və
onların yaddaşlarda şəkillənib acılı,
şirinli bir xatirə tək xatırlanması bu gün və
sabah böyüməkdə olan gənc nəslin
vətənpərvərlik hisslərinin formalaşmasında
mühüm rol oynayacaq.
Ağ
yoxuşa, Sarınərə,
Vida dedik neçə kərə.
Yelli gədik, Çətin dərə.
Mənim sizdə nəyim qaldı.
Müqəddəsdir
düzüm, çölüm,
İsti yuvam, ağır elim.
Göz bəbəyim,
Göyçəgölüm,
Mənim sizdə nəyim qaldı.
Bu misralar
insana can verə bilməyən, gözü yollara dikilən,
son nəfəsi boğazında düyünlənən bir
ananı xatırladır və yurdundan, yuvasından zorla
qovulanları südəmər bir körpənin
anasının südlü döşündən
ayrılıması ilə müqayisə etmək daha
düzügün olardı. Şairin “Gəldim”
qoşmasındakı dərdi ölçmək
üçün gərək ürəyinə ürək
bağlayasan.
Ümumiyyətlə, mənə elə gəlir ki,
bütün şairlər, yaradıcı insanlar heç zaman
rahatlıq bilməyən ən narahat insanlardır. “Gəldim” qoşmasında
da şairin ruhu narahatdır və o, bu çəkilməz əzab-əziyyətə
son qoymağa can atır. O, bilir ki, torpaqdan qaçanlar,
torpaqdan uçanlar, torpaqdan cücərib boy verənlər
yenə də sonda torpağın özünə
qayıdır. Çünki torpaq insanı
harada olursa-olsun özünə çəkir. Heç şübhəsiz ki, vətəndaş
şair üçün “torpaq nə deməkdir” fəlsəfəsi,
anlamı doğmadır, daha həssas bir mövzudur. Şair üçün dünya çox
böyük olsa da yenə də son dayanacaq, son nöqtə,
son mənzil doğulduğu vətən torpağıdır.
Uğur
Xalq Cəbhəsi.- 2017.- 12 may.-
S.13.