Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna həsr olunmuş əsərlər

 

2-ci yazı

 

Azərbaycan ədəbiyyatında deportasiya mövzusuna xeyli əsər həsr olunub. Hafiz Hacxalılın araşdırmasında vurğulanır, şair Məcnun Göyçəlinin də şeirləri deportasiya hadisələrini özündə daha canlı və obrazlı şəkildə əks etdirən ədəbi nümunələrdəndir. Bu mənada onun İntiqam Ocaqlının eyni adlı şeirinə nəzirə yazdığı “Hardasan, hardasan, ay ev yiyəsi” şeiri diqqəti cəlb edir, oxucunu daha çox düşündürür: “Bu şeir təkcə yurdunu itirən Ermənistan azərbaycanlılarının, qarabağlıların deyil, bütün 50 milyonluq Azərbaycan türkünün dərdi, faciəsidir. Şair bu şeirdə İrəvanda, Göyçədə, Ağbabada, Dərələyəzdə, Vedidə, və digər qədim yurd yerlərimizdə ocaqları sönən, təndiri qalanmayan, qapısını-bacasını tikan basmış soydaşlarını haraylayır.

 

Qərib gecələrə baş qoyub dağlar,

Çaylar hönkürtülü, bulaqlar ağlar.

Hər ocaq başında bir zümzümə var!

Döyür pəncərəni xeyli var nədən?

Allahlı dünyanın Allahsız səsi,

Hardasan, hardasan, ay ev yiyəsi.

Bir soraq varmı gör Turan elindən,

Yollar qəm bağladı durna telindən!

Gül bülbüldən küsüb, çəmən gülündən-

Zirvədə təklənib qıy vuran qartal,

Daşlara çırpılır ünü, hikkəsi,

Hardasan, hardasan, ay ev yiyəsi?

 

Gücü qələminə söykənib dərdi yazmağa çatan bir şairin “Bir soraq varmı görTuran elindən”- deyə böyük türk dünyasına səslənişi, oğuz birliyinin yenidən var olub, bir olub yüksəlməsinə olan inamı şeirin sonuncu bəndində yurda dönmək arzusu ilə səsləşərək bədii sözün təsir dairəsini daha da gücləndirir.

Daşkənddə sazını kökləyə Hacı,

Sönmüş ocaqların asıla sacı.

Qayıda ellərin gözəllik tacı-

Şair ürəyimdə qapılar döyə

Ocaq məhəbbəti, Vətən şərqisi,

Hardasan, hardasan, ay ev yiyəsi.

Aradan neçə illər keçməsinə baxmayaraq, o yurd yerlərinə dönmək, sönmüş ocaqları yandırmaq, qurumuş bulaqların gözündən öpə-öpə onları yenidən cana gətirmək tək bir şair qəlbinin yox, bütün yurd həsrətlilərinin ən böyük arzusudur. Çünki o yerlərin hər daşı, qayası, gülü, çiçəyi ilahi sehrlə, ilahi harmoniya ilə köklənmiş doğulandan ta ölənədək əbədi sığınacaq yerlərimizdir. Məcnun Göyçəli də o yurda qayıdışı, o yurda dönüşü və elə o yurdlarda da haqqa qovuşmağı Allahdan belə arzulayır:

Demirəm ki, dünyanın,

Nazıyla güldür məni.

Allahım zəlil eylə,

Vətəndə öldür məni.

“Bəziləri onları, millətimin iki yüz minə yaxın yerindən-yurdundan pələsəng edilmiş övladlarını sadəcə “Köçkünlər” adlandırmağı məsləhət gördülər. Xatirlərinə dəyməmək üçün belə bir yumşaq söz işlətməyi münasib bildilər. Əslində isə onlar köçməmişdilər. Onları zorla, silah gücünə, qanlarını tökə-tökə yudlarından, yuvalarından didərgin salmışdılar. Dağlara, meşələrə səpələnmiş azərbaycanlılara, nəhayət, mərkəzi hökumətimizin “humanist” başçılarının “rəhmi” gəldi, vertolyotlar göndərdilər, ələ keçənləri, sağ qalanları daşıyıb Azərbaycan torpağına tökdülər. İndi özünüz deyin: bunlara “köçkün” adı demək olarmı? Adam durduğu yerdə min illərlə yaşadığı, ulu əcdadlarının sümükləri basdırılmış torpaqdan köçərmi? Özü də kənd-kənd, oba-oba!

Bəziləri dedilər ki, onlar “Qaçqınlar”dır. Sadəcə yurd-yuvalarını atıb gələnlərdir. Adam o zaman yurd-yuvasını ürəyi ağrımadan atıb başqa yerə gedər ki, torpağa bağlı olmasın, Vətən, el-oba qədri bilməsin, onun həsrətini çəkməsin, yurdun hər daşı, hər qarışı, axar-baxarı üçün burnunun ucu göynəməsin! Bizim xalq torpağa, Vətənə bağlı xalqdır. O, hər saatla yurdundan-yuvasından ayrılan deyil! Onları ayırdılar. Zorla, fitnə-fəsadla! …..Həmin səhnəni ömür boyu unuda bilmərəm”. (“Didərginlər” toplusu. Bakı, Gənclik, 1990. İsmayıl Şıxlı. Su axan yerdən bir də axar.)

Dərbənddən Təbrizə, Borçalıdan İrəvana, Qarabağdan Kərkükə qədər uzanan dərdlərimizi Zəlimxan Yaqub köçgünlüyün, didərginliyin mənəvi iztirablarını sazın “Dilqəmi”sində:

Göyçə dərdi göyüm-göyüm göynəyən,

Sızım-sızım sızıldayan yaramdı.

İndən belə kirpik çalmaz gözlərim,

İndən belə yuxu mənə haramdı.

Göyçə dərdi – talan olan varımız,

İlxı yoxdu, sürü yoxdu, naxır yox.

Bu torpağın yaddaşında, yadında,

Bizdən ötrü əvvəl vardı, axır yox!

 

- deyə qələmə alıb. “Göyçə dərdi” dastanı ədəbiyyatımızda bizdən sonra gələn nəsillərə xalqımızın başına gətirilənləri xatırlamaq, unutmamaq üçün bir yaddaş möhürüdür. Dastanda 1988-ci ildəki ictimai-siyasi hadisələri bir qaçqının, bir yurd itirənin dilindən şair bunları deyir:

Qaçdıq, qaçqın dedilər!

Köçdük, köçkün dedilər!

Küsdük küskün dedilər!

Susduq miskin dedilər!

Hamı günə çıxdı,

Bizə pis gün dedilər!

Hər nəyi dedilərsə,

Yaman kəskin dedilər.

Bizə gəlmə dedilər,

Bizə yamaq dedilər.

Evimizin içində

Bizə qonaq dedilər.

İnsanın son mənzili olan qəbir evinin dağılmasına, onun təhqir olunmasına rəvac verənlərə bütün bəşəriyyət nifrətlə yanaşıb, hətta onu, bu gün dünyaya atom başlıqlarının ucunda demokratiya atanlar da tənqid edib, adına beynəlxalq səviyyədə vandalizm deyiblər. Lakin 1988-ci ildən sonra demək olar ki, Ermənistanda yaşayan Azərbaycan türklərinin ata-babalarının qəbirləri yerlə yeksan olunmuş və tarixdən silinib. Zəngibasarda, Gümrüdə, Calaloğluda, Göyçədə, İlməzlidə, Cücəkənddə qədim tarixə malik məscidlər, dini abidələr erməni vandalizminin qurbanı olub. Bu vandalizm bu gün Gürcüstanla Ermənistan sərhəddində yerləşən qədim memarlıq abidəsi övliya Hacı Xəlil türbəsindən və dədəmiz Ələsgərin də məzarından yan ötməmiş, ermənilər onun da qəbrinə əl uzatmışdılar.

 

Gözləri yol çəkən Ələsgər dədə,

Dağlarda təklənən qəbrinə qurban!

Bəd gəldi bizlərə bu vaxt, bu vədə.

Döz, bu da zamandı, səbrinə qurban!

 

Yaxud “Səsinə bir mahal yığılan kəsin, Yanında bir nəfər həyanı yoxdur”- misralarında şairin daxilən çəkdiyi vicdan əzabı, “biz ki, bir zaman belə deyildik” fikri poemanın bütünlüklə məğzini təşkil edir.

Bu gün ədəbi publisistikamızda da deportasiya mövzusu əsas sütunlardan birini təşkil edir. Flora Xəlilzadənin, Budaq Budaqovun, Teymur Əhmədovun, Qara Namazovun, Qafar Çaxmaqlının, Qərib Məmmədovun, Eldar İsmayılın, Aqil Abbasın və bir çox ziyalıların publisistikasında yurd yerlərinə dönmək arzusu boy verir, hətta həmin əsərlərdə özünü biruzə verən yeni-yeni ideyalar da günün tələbləri ilə səsləşir və bizə o yurd yerlərinə dönmək üçün qol-qanad verir. Məsələn, Qərib Məmmədovun “Qərbi Azərbaycan və yaxud Azərbaycanın qərbi haradır?!” məqaləsi müasir tarixşünaslığımız, siyasi və ictimai fikir tariximiz üçün maraqlı olan məqamlarla izlənilir. Hal-hazırda belə ruhda və belə elmi sambalda olan məqalələrin toplanılıb toplu şəklində hazırlanması üçün tərəfimizdən müəyyən addımlar atılıb”.

Araşdırmaçı daha sonra bildirir, Budaq Budaqov və Qiyasəddin Qeybullayevin “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”nin, “Qərbi Azərbaycan ədəbi-bədii, publisistik toplusu”nun, İ.Vəlizadə və B.Muradov tərəfindən yazılmış “Ermənistan azərbaycanlılarının soyqırımı” kitabının, Hidayətin “Burdan min atlı keçdi” kitabının, “Didərginlər” toplusunun, Salman Qazinin “İtirdiyim yerlər “adlı şeirlər kitabının işıq üzü görməsi başımıza gələn deportasiyalara ədəbi-bədii yanaşma, dəyərləndirmə baxımından çox qiymətlidir: “Şair Əli Vəkil tərəfindən min zəhmət bahasına tərtib edilən “Ədəbi İrəvan” almanaxı Azərbaycanın müxtəlif yerlərinə səpələnmiş Ermənistandan olan şairlər və yazıçılar üçün ədəbi bir töhfədir. Ümumiyyətlə, son dövr ədəbiyyat tariximizdə deportasiya mövzusu ədəbi polemikalara səbəb ola biləcək bir baxış bucağı kimi son dərəcə maraq doğurur. Bu mənada professor Təyyar Salamoğlu Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Mövlud Süleymanlının “Köç” əsərinə həsr etdiyi “Azərbaycan-erməni münasibətləri tarixi müstəvisində” adlı məqaləsində əsəri təhlil edərək siyasi xronologiyanı elə gözəl sərgiləyir ki, insan əsərin bədii gücünün ecazına düşür. “Köç” əsərindəki təsvirlərdən məlum olur ki, müəllif Azərbaycan xalqının son 200 illik bir tarixinin bədii səciyyəsini vermək məqsədini əsas götürmüş və Azərbaycan xalqının öz milli varlığını, tarixi torpaqlarını qorumaq üçün əsrlər boyu yadellilərə qarşı mübarizə apardığını, saysız qurbanlar verdiyini, erməni-Azərbaycan qarşıdurmasının bu gün üzdə görünən keyfiyyətləri ilə bitmədiyini, onun köklərinin dərinlərə getdiyini əsrlərdən keçib, bu günkü vəziyyətə gəlib çıxdığını aydın şəkildə açıb göstərib.

Ermənistan adlı qədim oğuz-türk yurdu haqqında “Yurd yeri” adlı silsilə televiziya verilişləri hazırlayan yazıçı Miraslan Bəkirlinin də yaradıcılığında bu gün oxucunu intiqama səsləyən, dədə-baba ocaqlarına dönmək arzusunu tezləşdirən, o yerlərdən ruhumuzda, qanımızda, canımızda gətirdiyimiz ellik adətlərimizi, mənəvi dəyərlərimizi unutmamağa səsləyən motivlər üstünlük təşkil edir.

Əslən Ermənistandan olan, o yerlərdə doğulan və 1988-ci il hadisələrindən sonra deportasiyaya məruz qalan gənclərimizin deportasiya mövzusuna müraciət etmələri, bəlkə də çoxlarının belə üzünü görmədikləri öz dədə-baba yudlarına həsr etdikləri şeirlərin, nəsr əsərlərinin yazılması onların doğma yurd yerlərinə dönmək arzusunun ən bariz nümunəsidir. Məsələn, H.Hacxalılın “Biz unutmadıq”, “Quşçuda Ağbaba yallısı, Göyçə həsrəti” kimi publisistik yazılarında və şeirlərində yurda dönmək arzusu daha qabarıq şəkildə özünü göstərir. Bu mənada deportasiya antologiyasını yaratmaq üçün əlimizdə xeyli material var və biz bu antologiya vasitəsilə gələcək nəsillərimizlə keçmişimiz arasında əbədiyaşar bir körpünün əsasını qoymuş olarıq. Deportasiyaya həsr olunmuş ədəbi-bədii nümunələrin müxtəlif dillərə tərcümə olunması, həmin əsərlərin qəhrəmanlarına abidələrin ucaldılması, onların bir çox ölkələrdə yayımlanması da beynəlxalq ictimaiyyət qarşısında bizim haqlı mövqeyimizin müdafiə olunmasına xidmət edən bir vasitə kimi dəyərləndirilə bilər”.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2017.- 13 may.- S.13.