Ağbaba-Çıldır aşıq
mühitində milli-mənəvi keyfiyyətlərin ifadəsi
Azərbaycan aşıq
yaradıcılığının mühüm bir qolunu
ictimai motivli lirika təşkil edir. Abbas Tufarqanlının, Aşıq Alı¬nın,
Aşıq Ələsgərin və b. saz-söz
ustalarının poeziyasında belə nümunələr
sosial kəsəri və məzmun dolğunluğu ilə
seçilir. Aşıq Şenliyin “Əfəndim”,
“İsmayıl” və sair qoşmalarında
türkçülüyü ilə öyünən,
düşmənlərə qarşı cəsarətlə
mübarizə aparan el qəhrəmanları tərənnüm
olunur. “Qayət milliyyətçi bir adam”
olan İsmayıl bəyin igidliyini aşıq poetik detallarla,
özünəməxsus yüksək pafosla təsvir edir:
Qovğa
günü dağı dəlir cidası,
Koroğludan
çoxdur bunun ədası,
Zaloğlundan
artıq gəlir sədası,
Bərəkallah belə ünə, İsmayıl.
“Hökmü rusların elində işləyən,
Şenliyin dilində dastana çevrilən”
İsmayılın qəhrəman və şücaətli bir
igid olduğunu nəzərə çarpdırmaq
üçün aşıq onu klassik obrazlarla – İsgəndər,
Koroğlu, Zaloğlu Rüstəm və digər qəhrəmanlarla
müqayisə edir. Qoşmada poetik səciyyə
daşıyan Şam, Kayseri, Hələb, Gürcüstan,
İran və sair toponimlər İsmayıl ağanın
şöhrətinin yayıldığı coğrafi yerləri
əks etdirir. “Bakıda da fotoqrafın
yazdılar; Göndərdilər Əjdər xana,
İsmayıl” misraları ilə Aşıq Şenlik bu el qəhrəmanının
Azərbaycanda da tanınıb sevildiyini bildirmək istəyib.
“Əfəndim” rədifli qoşmanın da məzmunu
qəhrəmanlıq ruhu ilə yüklənib. Qoşmada əslən Borçalıdan olan Səməd
bəyin, onun qaçaq yoldaşları İsmayılın,
Mehralı bəyin, Çavuşoğlunun və
başqalarının şücaəti tərif olunur.
Qoşmada kiçik epik cizgilərlə aşıq Səməd
bəylə onun dəstəsinin milli təəssübkeşliyini,
türkə güllə atmadıqlarını hərarətli
misralarla ifadə edir:
Səməd
bəy deyilən zəhmi ağıdı,
İsmayıl
da ruslar üçün yağıdı,
Çavuşoğlu
yüz kazağı dağıdı,
Qıymadılar qırmızı fəsə, əfəndim.
“Qırmızı fəs” ifadəsi ilə aşıq
Anadolu türkünü nəzərdə tutub. Aşıq
Hüseyn Saraclının repertuarında xüsusi yer tutan
“Aşıq Şenliyin Bor¬çalı səfəri” adlı
dastan-rəvayətdə də həmin məqam paşa ilə
Aşıq Şenliyin dialoqunda əks olunub. Səməd bəylə onun dəstəsini
tutmağa gələn paşanın “Bəs nasıl oldu ki,
heç əsgər vurmadılar?” - sualına
Aşıq Şenlik yuxarıdakı bəndlə cavab verib.
Ümumiyyətlə, Aşıq Şenliyin çoxşaxəli
poeziyasının əsas istiqamətlərindən birini təşkil
edən türkçülük məfkurəsi onun şagirdlərinin
- Aşıq Nəsib, Aşıq Gülüstan, oğlu
Aşıq Qasım və başqa sənətkarların
yaradıcılığında da yüksək ilhamla tərənnüm
olunub.
Milli özünüdərkin, etnomilli duyğuların,
dövlətçiliyin tərənnümü həmişə
olduğu kimi, çağdaş dövrümüzdə də
Ağbaba-Çıldır aşıqlarının
yaradıcılığında çoxçeşidli janr və
formalarda bədii inikasını tapıb. Zaman və cəmiyyət
dəyişdikcə sosial-siyasi, tarixi-mədəni proseslərə
aşıqlar münasibət bildirmiş, milli dəyərləri,
dövlətçilik ənənələrini,
özgürlüyü və türkçülüyü
geniş xalq kütlələri arasında təbliğ və
tərənnüm ediblər. Folklorşünas
M.Özarslan aşıq sənətində gedən bu yeniləşməni
nəzərdə tutaraq yazır: “Aşıqların özəlliklə
cümhuriyyət, ordu, əsgərlik, ölkə
bütünlüyü, Kipr məsələsi, zaman dəyişməsi
kimi fərdi mövzuları dilə gətirmələri və
bu mövzularda söylədiklərini geniş kütlələrə
duyurmaları onları yaşadan xüsusiyyətlərdir”. Bu
baxımdan Aşıq Reyhaninin, Aşıq Mövlud
İhsaninin, Aşıq Murad Çobanoğlunun, Aşıq
Faxfurun, Aşıq İsrafilin poeziyasında dərin məzmunlu
əsərlər orijinal səciyyə daşıyır.
Mustafa Atatürkün millət və Türkiyə
qarşısındakı xidmətləri, imperialist qüvvələrə
qarşı göstərdiyi fədakarlıq, xalq və
dövlətin birliyi səmimi və poetik deyimlərlə,
milli iftixar hissi ilə ifadə olunur:
Atatürkün
şərəfindən, şanından,
Pay umanlar
keçdi dadlı canından.
Bayraq
yapdıq şəhidlərin qanından,
Mustafa Kamalın xatirələri.
Eyni hiss və
duyğuları Aşıq Mövlud İhsani “Cümhuriyyət
yazılı” rədifli qoşmasında tarixi-bədii
xronologiya şəklində dinləyiciyə təqdim edir.
Aşıq Türkiyədə gedən böyük
quruculuq işlərini, türk xalqının qurub-yaratmaq
eşqini, türkçülüyün mənəvi qüdrətini
ilhamla tərənnüm edir. Bəzən təsvirçiliyə
yol verilsə də, bu tip şeirlər xalqın milli hisslərinin,
etno-psixologiyasının, milli şüurunun
formalaşmasına güclü təsir göstərib:
Şenləndi,
yurd oldu dağlar, dərələr,
Yaşardı
bozkırlar, qumluq səhralar,
Məhsuldar
tarlalar oldu haralar,
Gülşənində cümhuriyyət yazılı.
Sözügedən mövzuda Aşıq Reyhaninin ədəbi
fəaliyyəti daha çox diqqəti cəlb edir. Onun türk
ordusunun gücü və qüdrəti, milli birlik, milli
özünüdərk və sair kimi keyfiyyətlər
haqqında duyğu və düşüncələri poetik
misraların axarında gerçəkləşir, türk və
türkçülük haqqında fikirləri yalnız bədii
təsiri ilə deyil, həm də sosial-siyasi və məzmun
dolğunluğu ilə seçilir. “Aslan kimi kükrəyən”
türk ordusunun əzəməti “qələm aciz qalır,
mürəkkəb yetməz” kimi klassik bir mübaliğə
ilə tərənnüm olunur, folklordan gələn bu ifadə
obrazlı fikrə yeni effekt əlavə edir:
Kükrədi
Mehmetcik sel kimi axar,
Havadan
tökülər, dənizdən çıxar,
Alnı
cizgi-cizgi, dişini sıxar,
İrəli deyincə komandanları.
Hərbi
qüvvələrin qüdrətinin, ordunun döyüşkənliyinin
tərənnümünə həsr olunmuş şeirlərin
ümumtürk aşıq sənətində, o cümlədən
Ağbaba-Çıldır aşıq mühitində geniş
yer tutmasının tarixi-mədəni və milli-genetik
kökləri var. Prof. F.Köprülü bu məsələdən
bəhs edərkən yazır: “Türklərin xalq
şair-musiqişünasları haqqındakı ilk tarixi məlumat
Atilla dövrünə, yəni miladi tarixinin V əsrinin ilk
yarısına aiddir. Qərb qaynaqlarının
verdiyi bu bilgiyə görə, Atillanın ordusunda şairlər
və musiqiçilər vardı; onun ziyafətlərində
bu şairlər Atillanın qəhrəmanlıqlarına, zəfərlərinə
dair düzüb-qoşduqları şeirləri oxuyardılar”.
Aşığın tarixi funksiyasının
mühüm istiqamətini bahadırlıq və mərdlik nəğmələrinin
təşkil etməsi, göründüyü kimi,
tarixi-genetik ənənələrə söykənir. Orta əsrlərdə hərbi-siyasi
məzmunlu aşıq mahnılarının, döyüş
ruhlu saz havalarının geniş yayılması və
dinamikası məhz həmin sənət ənənəsinin
nəticəsi kimi sonrakı dövrlərdə də bu və
ya digər dərəcədə mühafizə olunub: “İstər
Osmanlı, istərsə də Səfəvi ordularında
dövlət tərəfindən himayə olunan xüsusi
aşıqlar dəstəsi saxlanılırdı. Onlar ovqat yaradan cəng havaları çalaraq və
döyüş, qələbə ruhlu mahnılar oxuyaraq ordunun
vuruş əzmini, zəfər eşqini daha da gücləndirirdilər”.
Ağbaba-Çıldır aşıq mühitində qəhrəmanlıq
nəğmələri, türkçülük
düşüncəsi milli sərhədlərin
hüdudlarından uzaqlarda yaşayıb-yaradan türk
xalqını haqq-ədalət, milli özgürlük
uğrunda mübarizəyə səsləyən amillərdən
biri kimi diqqəti cəlb edir. Bu baxımdan Aşıq Mövlud
İhsaninin “Kıbrısda” (“Kiprdə”) rədifli
qoşması milli hisslərin, qəhrəmanlıq
duyğularının əlvanlığı ilə
seçilir:
Getdik
özgürlüyə, getdik barışa,
Köhlən
atlar hazırladıq yarışa,
Bu torpaq
Türkündür ta başdan-başa,
Şəhidim Kıbrısda, qazim Kıbrısda.
Genetik yaddaşın və bədii təxəyyülün
harmoniyasında məna və məzmun tutumunu gerçəkləşdirən
Aşıq Yaşar Reyhani poeziyasının başlıca
ideyası türkçülük, milli özünüdərk
və vətənpərvərlikdir. Çağdaş
dövrümüzdə bu əqidə ilə
yaşayıb-yaradan aşığın “Tərcümanıyam”
rədifli qoşmasından gətirdiyimiz
aşağıdakı misralar fikrimizi təsdiqləyir:
Mən Azəri
türkəm, əski soydanam,
Mən şəhid üstünə doğan aydanam.
Qeyd olunan
milli-mənəvi keyfiyyətlərin obrazlı ifadəsi
Ağbaba-Çıldır aşıq mühitində nə
qədər güclü və kəsərlidirsə,
türkün özünəməxsus milli atributlarından
uzaqlaşmaq qorxusu, mənəvi dəyərlərə biganə
münasibət, yabançı adət-ənənələrə
uymaq hissi bir o qədər kədərli və
yandırıcıdır. Bu duyğu və düşüncələr
Aşıq Reyhani, Aslan Usta, Aşıq Hüseyn Tellioğlu,
Aşıq İsgəndər Ağbabalı, Aşıq
Mövlud İhsani, Bayram Dənizoğlu, Aşıq Erol
Erkaninin və digər sənətkarların
yaradıcılığında təşviş və qəmli
hisslərlə qələmə alınır. Aşıq
Çingiz Yarani (1950) Avropanın “mədəni” həyatına
aldanıb türkün müqəddəs adət-ənənələrindən
uzaqlaşan, Qərbin təsiri altına düşən vətən
övladlarını özünüdərkə səsləyir:
Avropa
dedik qovrulduq,
Kehaneti (Kahinliyi) öyrətdilər.
Bihudə
yandıq sovrulduq,
Xəyanəti öyrətdilər.
XXI əsrin real təsviri olan bu gerçəkliklər
yad meyllərə uyan vətən övladlarının milli
faciəsi kimi oxucunu düşünməyə sövq edir. XX əsrin əvvəllərində
görkəmli sənətkarımız C.Məmmədquluzadə
“Anamın kitabı” tragikomediyasında bu problemi böyük
ustalıqla təsvir edərək, yad təsirlərin Vətəni
parçaladığını, milli birliyi
dağıtdığını əks etdirmişdi. Ağbaba-Çıldır aşıqlarının
bu problemə həssas münasibəti bir tərəfdən
dövlətçilik ənənələri, milli
özünüdərklə, sənətkar təfəkkürü
və fəhmi ilə bağlıdırsa, digər tərəfdən
real tarixi təcrübə, ulu babaların müdrikliyi,
yağı düşmənin fitnəkar əməllərinin
əsl mahiyyəti ilə əlaqədardır. Bu
baxımdan türk millətini hiyləgər düşmənin
fitnələrinə aldanmamağa çağıran Bilgə
kağanın vəsiyyəti olduqca mənalıdır: “Ey
türk milləti! Dadlı sözlərə və
yumşaq ərməğanlara aldandın və bir
çoxlarımız öldü. Yenə yanılıb
Güneydəki Çoqay ormanına, Töqültün
düzənliyinə gedib yerləşsən, ey türk milləti,
öləcəksən!”.
Türk millətinin milli birliyini pozmağa
çalışan düşmənin fitnə-fəsadlarının
kökü çox-çox qədim dövrlərə gedib
çıxır. Bilgə Kağanın bir sərkərdə və rəhbər
kimi narahatçılığı, millətinə müraciəti,
milli birliyi qoruyub saxlamaq üçün göstərdiyi yol,
etdiyi nəsihət bu səbəblərdən doğur: “Ey
Ötükənin xoşbəxt milləti! Getdiniz! Doğuya varanınız oldu. Batıya
varanınız oldu. Vardığın yerlərdə
xeyrin o oldu ki, qanın su kimi axdı. Sümüklərin
dağ kimi yığılıb yatdı”. Mövlud İhsaninin “A bəylər” rədifli
qoşması müdrik bir sənətkarın milli-qlobal dərdləri
əks etdirdiyi faciəli monoloq təsiri
bağışlayır. Eyni sıxıntı və
nigarançılığı keçirən sərkərdə
(VIII əsr) və aşığın (XXI əsr) min
üç yüz illik bir zaman kəsimində duyğu və
düşüncələri yaxından səsləşərək
ali bir məqamda – milli birlik məqamında
birləşir. Aşıq türkün qədim və
şanlı tarixini xatırlatmaqla onu özünə dönməyə,
özünün əzəli və əbədi milli
atributlarını mühafizə etməyə
çağırır:
Üç
qitədə at oynatdıq, savaşdıq,
Erkenekon
dastanında çağ aşdıq,
Bozqurd ilə
irmaq keçdik, dağ aşdıq,
Hızımızı qeyb etdik, a bəylər.
Yalnız ustad və peşəkar-ifaçı
aşıqların poeziyasında deyil, el şairlərinin
yaradıcılığında da türkün əzəməti
və bahadırlıq ruhu tərənnüm olunur, onun
birliyini sarsıtmağa, torpaqlarını işğal etməyə
çalışan təcavüzkarlar nifrətlə
damğalanır. El şairi Abdulməcid Tökdəmir
antitürk siyasəti yeridən qüvvələrə üz
tutaraq Türk Dünyasının tarixi-coğrafi
arealını bədiiləşdirir, qürur və iftixar
hissi ilə türkün oğul və qızlarının qəhrəmanlığını
tərənnüm edir.
Avtandil Ağbaba
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2017.- 17 may.-
S.14.