Türkmənçay –
1828: tarixi xronika
Arazı
ayırdılar...
11-ci
yazı
Köçərli Firidun bəy Əhməd bəy
oğlu (1863-1920) - məşhur Azərbaycan ədəbiyyatşünası,
pedaqoq və publisist. “Azərbaycan tatarlarının ədəbiyyatı”
(rusca, 1903), “Azərbaycan türk ədəbiyyatı” (1908) “Azərbaycan
ədəbiyyatı tarixi materialları” (1925-1926) və “Azərbaycan
ədəbiyyatı” (1978-1981) adları ilə çap olunub.
“Mirzə Fətəli Axundov” (1911), “Balalara hədiyyə”
(1912) kitablarının müəllifidir.
Fətəli
şahın şəninə yazdığı bir qəsidədə
onu belə tərif eləyir:
Qıldı
bünyadımı bu seyli-sirişkim bərbad,
Ah, əgər
olmasa ol şahi-cahandan imdad.
Hansı
dərgahə qoyum mən üzümü həsrət ilən,
Edəm ol qapıda mən naləvü əfğan
bünyad?!
Böylə
fəryad çəkim bu fələki-süstnihad
Xanimani-dili-zarım
kimi olsun bərbad!
Göstərin
siz mənə bu şahdən özgə bir şah,
Dərgəhində
edəm ol dadgərin naləvü dad...
Abbas Mirzənin
ruslar və rumilər ilə etdiyi müharibələrdə göstərdiyi
rəşadət və hünəri tövsif və tərif
etməklə belə iranlıların bəzi davalarda məğlub
olmaları və büruz etdikləri xövf və hərası
da gizlətməyibdir və İran ləşkərinin bir
müharibədə tarümar, girizan və pərişan
olduğunu belə nəzmə çəkir:
Nə oldu ləşkəri-şahə ki, yeksər
tarümar oldu?
Deyən bu ləşkərə gər zəxmi-çeşmi-ruzigar
oldu.
Özün
Rüstəm deyən bir pərdə dalında qərin tutdu,
Vücudi-rəzm üçün dava günü
simürğvar oldu.
Deyən
Əfrasiyabəm asiyab içrə özün saldı,
Deyən İsfəndiyarəm saliki-rahi-fərar oldu.
Deyən
Kudərzəm axır zərd divar içrə gizləndi,
Fəramərzəm deyən farə, nə farə,
susmar oldu.
Fəna
çahında olsaydı ölüncə ruyi-qərradə,
Qürur ilə özün Bijən deyən
pünhani-ğar oldu.
Sədayi-tupi-xumparə
yetən yerdən qaçan kimsə
Sipəhdari-sipahi-xosrovi-Cəmiqtidar oldu.
İki dəstə
gedən hər yerdə cəngə ahü zar ilə
Həzimət vəqti qaçmağa ki,
şövqü səd həzar oldu.
Kimisi nizəsin
atdı ki, qəd göstərməsin xəsmə,
Kimi saldı qılıc beldən ki, həngami-fərar
oldu.
Edən
dilsərd cəngi-rusdan bu ləşkəri-şahi,
Meyi-biğəş, büti-dilkəş, sərayi-zərnigar
oldu.
Cəhad
etmək nə hacət ol sipah üçün ki, dünyada-
Yeri cənnət, ənisi rəşki-huri bir nigar oldu?
Neçə
nəsraniyi-bidin çəkibdir nemsədən ləşkər,
Açıb İranə dəsti-səltənət bədruzigar
oldu.
Neçə
rubahi-pürhiylə künami-şirə üz qoydu,
Şəğali-bişə cürət eyləyib
zeyğəm şikar oldu.
Hanı
İran üçün qeyrət, bu yolda baş verən
kimdir,
Bilinə
daməni-himmət çalıb kim cannisar
oldu?
Zərü zuri məgər İran şahının
rusdan azdır?!
Bu yolda baş verən hansı əmiri-namdar oldu?
Desinlər
bir belə pərxaşü cəngü girü dar içrə
Kim
öldü, kim qırıldı, kim bu
yolda zəxmdar oldu?
Qalan
meydan içində bir neçə tabin olub binam,
Qaçan sərtibü sərhəngü sərani-namdar
oldu.
Gərək
ölmək, nə dönmək, sər verib sərdarlıq
almaq,
Buna iqrar edən yox, hansı düşmənlər
şikar oldu.
Güni
ki, Gəncədən sındı, sipahi-cəngcu
qaçdı,
Haman gün onlara rudi-Ərəs darül-qərar oldu.
Çəkib
gər Gəncədə rəncə sipahü şah,
şahzadə,
Xətibin qanı ilən xaki-Gəncə laləzar oldu.
Nə təqsiri
görək suItani-İranın cahan içrə,
Zərü simi töküb, xələt verib,
düşməndə xar oldu?!
1828-ci il 6-10 fevral. Türkmənçay.
V.A.Potto:
- ... Miyanədən ...üç verstlikdə, Təbriz
yolunda böyük olmayan Türkmənçay kəndi yerləşirdi.
Paskeviç dövründə İranın
yaxın mərkəzlərində çətinliklə
tanınan bu kiçik kəndə öz adını tarixdə
qoymaq nəsib olmuşdu.
Potto Vasili Aleksandroviç (1836-1912) – rus zabiti, hərbi
yazıçı, 1885-ci ildən 60-cı illərin
ortalarınadək, sonra isə 1887-ci ildən Qafqazda xidmətdə
idi. 1899-cu ildən Qafqaz hərbi dairəsi yanında Hərbi-tarixi
şöbənin rəisi işləyib. “Qafqaz
müharibəsi ayrı-ayrı oçerklərdə,
epizodlarda, əfsanə və bioqrafiyalarda” adlı beş cildlik kitabın (Tiflis, 1885-1891) və
başqa nəşrlərin müəllifi və redaktoru olub.
Paskeviç Abbas Mirzənin şahın əmri ilə
sülh müqaviləni bağlamaq üçün rus ordusuna
doğru gəlməsi haqqında xəbəri eşidən
kimi vəliəhdin Türkmənçay kəndində
dayanması xahişi ilə qasid göndərdi. Paskeviçin
özünün şərtlərinə görə bu yer ona
görə seçilmişdi ki, ətrafda ordunu ərzaqla
kifayət qədər təmin edə biləcək çoxlu
kənd yerləşirdi.
Lakin Türkmənçayın özündə,
yalnız iki eskadron ulan, bir də baş mənzilin
rotalarında toplu qrenader batalyonu yerləşmişdi. Konqres
dövründə buranın komendantı Xerson polkunun komandiri
polkovnik Popov təyin edilmişdi. Paskeviç
Türkmənçaya yalnız ayın 6-da gəldi. Onu kəndin ətrafında ulanlar və piyadalar
batalyonu qarşıladı. O, ordunu dolandı, əsgərlərlə
gülərüz salamlaşdı və onlardan olduqca razı
qaldı...
Paskeviç üçün kənd kəndxudasının,
starostanın evində mənzil ayrıldı. Hər bir rus
üçün maraqlə olan bu ev, indi də İran
müharibəsi dövründə olduğu görkəmini
saxlayır; o, böyük deyil, birmərtəbəlidir dəhlizlə
ayrılan iki otaqdan ibarətdir; hər bir otaqda bir pəncərə
var, onların şüşələri müxtəlif rəngli
olduqlarına görə, otaqlarda həmişə
yarımişıq hakimdir; yuxarıda kiçik otaqla belveder
(müşahidə üçün eyvan – K.Ş.), həyətdə
gözəl, lakin kiçik güllük var, bütün
bunlar Şərq adəti üzrə yüksək gil hasarlarla
əhatə edilib. Paskeviç evdə yalnız
bir mənzildə yerləşdi, digərini isə Abbas Mirzə
üçün saxladı. Burada İranın taleyi həll
olunur, Rusiyanın dəfnə əklilinə isə yeni
şöhrət budağı həkk edilirdi...
***
…Fevralın
9-da sonuncu konfrans keçirildi. Fevralın 9-dan 10-na keçən
gecə saat 6.24:00-da Abbas Mirzənin münəccimi tərəfindən
müəyyən edilmiş vaxtda sülh müqaviləsi
imzalandı. Müqavilənin bağlanması
münasibətilə rus toplarından 101 yaylım atəşi
açıldı.
Türkmənçayın tarixi xronikasının
öyrənilməsində rəssam Moşkovun çəkdiyi
şəkillər də mühüm rola malikdir. Moşkov
(Maşkov) Vladimir İvanoviç (1792-1839) – rus batalist rəssamı.
1801-1812-ci illərdə Peterburq Rəssamlıq
Akademiyasında təhsil almışdı. 1815-ci ildə “1813-cü ildə Leypsiq şəhəri
önündə döyüş” şəklinə görə
akademik olmuşdu. 1816-1818-ci illərdə
İrandakı rus səfirliyində, 1827-1829-cu illərdə
Paskeviçin döyüşən ordusunda xidmətdə idi.
Bu illərdə naturadan eskizlər etmiş,
sonradan onların əsasında akvarel ilə bir sıra
kompozisiyalı şəkillər çəkmişdi. 1839-cu ilin mayında Həştərxanda
ölüb. Moşkovun çəkdiyi
şəkillərdən müəyyən hissəsi Türkmənçay
tematikasına aiddir. Bunlar mahiyyət etibarı ilə
unikal rəsm-sənəd, baş verənlərə rus rəssamının
baxışlarının əksi olub, hadisələri xeyli dərəcədə
əyaniləşdirir...
Ona görə də başlıca işlərdən
biri Moşkovun bu mövzuda çəkdiyi bütün şəkillərin
müəyyənləşdirilməsi və surətlərin
toplanmasından ibarət olmuşdu. Bu şəkillərin
bəziləri bir yerdə əlavələrdə verilmiş,
mövzusuna görə mətndə istinad olunmuşdu.
Şəkillərin bəziləri Moşkovun 1816-1818-ci
illərdə Yermolovun elçiliyinin tərkibində
olduğu dövrə aiddir. Bu şəkillərdən
biri elçiliyin Fətəli şah tərəfindən qəbulunu
əks etdirir (M.N.Yermolovanın kolleksiyasından).
Digər şəkillər 1826-1828-ci illər rus-İran
və 1828-1829-cu illə rus-türk müharibələrini əks
etdirir.
V.V.Sadovenin yazdığına görə, rus-İran
müharibəsinin litoqrafiyalaşdırılmış
süitasına aşağıdakı şəkillər
aiddir: “İranlıların Yelizavetpol
yaxınlığında məğlubiyyəti”, “Cavanbulaq
yaxınlığında iranlılar üzərində qələbə
- 1827, 5 iyul”, “General Paskeviçin komandanlığı
altında Araz çayının keçilməsi”, “Cavanbulaq
yaxınlığında döyüşün nəticələri:
iranlılar ruslara təslim olur”, “İran qalası
Abbasabadın təhvil verilməsi - 1827, 7 iyun”, “İran
qalası Sərdarabadın hücumla alınması”, “İran
qalası İrəvanın hücumla alınması. 1827-ci il 1 oktyabr”. “Türkmənçayda
sülh bağlanılması”, “Paskeviçin İran
taxtının vəliəhdi ilə görüşməsi”,
“Təzminat pulunun verilməsi”, “Təzminat pulunun
daşınması”.
Moşkovun Türkmənçay müqaviləsi əsasında
ermənilərin Şimali Azərbaycana
köçürülməsi prosesini əks etdirən şəkli
də maraq doğurur.
Arazı
ayırdılar...
Arazı
ayırdılar,
Min oyun
qayırdılar,
Qürbət
elə düşəndə
Məni qul sayırdılar.
***
Araza gəmi
gəldi,
Mən
dedim, hamı gəldi,
Səy
ağla, ay gözlərim,
Ayrılıq dəmi gəldi.
***
Arazda axar
qaldı,
Tərlan
uçdu, sar qaldı,
Elimdən
ayrı düşdüm,
Gözlərim baxar qaldı.
***
Araz gəldi
yan axdı,
Dibindən
min can axdı.
Vətən
sarı baxanda,
Ürəyimdən qan axdı.
***
Keçmə,
Araz dərindir,
İçmə
suyun, sərindir,
Həsrət
baxan bu ellər,
Sənin də ellərinir.
***
Qəribəm
bu vətəndə,
Gözüm
yoldan ötəndə,
Qəriblik
yaman olur,
Baş yastığa yetəndə.
***
Mən
aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə
dönsə,
Yaddan çıxmaz Qarabağ.
***
Yol vermə
yada, Təbriz,
El gedər
bada, Təbriz,
Sənin
həsrətindəyəm,
Can vermə
fəda, Təbriz...
1828-ci il 14 mart. Peterburq. “Ñåâåðíàÿ ï÷åëà” qəzetindən: - Bu tarixdə (14 mart 1828-ci il – K.Ş.) günorta saat üçdə
paytaxt sakinlərinə Petropavlovsk qalasından top atəşilə
İranla sülh bağlanması haqqında xəbər
verildi. Onun və traktatın özü
haqqında məlumat buraya bu gün İranda fəaliyyət
göstərən Rusiya qoşunlarının baş mənzilindən
Xarici İşlər Dövlət Kollegiyasının idarəsinə
kollec müşaviri Qriboyedov tərəfindən gətirilib.
Qriboyedov Paskeviçin adından Türkmənçay
traktatını Nesselvrodeyə təqdim etmiş, sonra birlikdə
I Nikolayın qəbulunda olmuşdu.
1828-ci il 18 mart. Peterburq.
V.A.Jukovskinin A.A.Voeykova məktubundan: - Bizdə ziyafətdir:
sülhü bayram edirik.
Jukovski
Vasili Andreyeviç (1783-1852) – tanınmış rus şairi,
1827-ci ildə Peterburq EA-nın fəxri üzvü, 1841-ci ildə
üzvü olub. Tərcüməçi və ədəbi
tənqidçi kimi də məhşurdur. Paskeviç qraf Erivanski edilmiş və onun
qraflığının tam güclü olması
üçün hökmdar ona milyon
bağışlamışdı. Sülh haqqında xəbər
gətirən Qriboyedova 4.000 çervon
bağışlamışdı, gözəl qrafinya Soloqubun
nişanlısı, traktatı bağlayan Obrezkovu onun
adaxlısına 300.000 cehiz göndərməklə
mükafatlandırılmışdı. Çar
mükafat verməyi düşündükdə zarafat etmir.
Kərim Şükürov
Professor
Xalq Cəbhəsi.- 2017.- 18 may.-
S.14.