Türkmənçay –
1828: tarixi xronika
12-ci yazı
1828-ci il 21 mart. Peterburq. “Türkmənçay” müqaviləsi haqqında
manifest.
“Gülüstan”
müqaviləsindən fərqli olaraq, Türkmənçay
müqaviləsi haqqında manifest özünü çox
gözlətmədi. 1828-ci il martın 21-də
İranla müharibənin başa çatması və Rusiya
ilə İran arasında sülh bağlanması haqqında
manifest verildi. Ən geci çar I Pyotrun
(1689-1725) zamanından Azərbaycan torpaqlarının
işğalı üçün onun etnik mənsubiyyətinin
ciddi-cəhdlə dəyişdirilməsinə dair dövlət
siyasəti və strateji məqsədin yerinə yetirilməsi
burada təsbit edildi. Yeni işğal
olunmuş İrəvan və Naxçıvan xanlıqlarının
torpaqları “qədim Ermənistanın bir hissəsi” elan
olundu.
“İrəvan və Naxçıvan
xanlıqlarının “Erməni vilayəti”
adlandırılması haqqında” senata çar fərmanı.
Elə həmin gün - 1828-ci il martın 21-də Rusiyaya ilhaq olunmuş iki Azərbaycan xanlığı haqqında belə bir adda vilayət yaradılması barədə fərman verildi. Bu sənəd Rusiya imperiyası qanunlarının tam külliyyatında nəşr edilib: “1888. - Марта 21(1828 - К.Ш.) (Распубликовань Сенатом 27 марта - прим. издателей). Именный, данный Сенату. - О именовании присоединенных к России Ханств Эриванского и Нахичеванского Обласmию Армянскою. Силою Трактата, с Персиею заключенного, присоединенная к России от Персии Ханство Эриванское и Ханство Нахичиванское, Повелеваем во всех делах именовать отныне Областию Армянского и включить оную в Титул Наш. Об устройство сей Области и порядке ея управления Прави-тельствующий Сенать в сове время получит надлежащая повеления”. Ermənilər bunu sevinclə qarşıladı.
***
K.Arqutinski-X.Lazarevə: “İranla bağlanmış sülh bir çox cəhətdən mənə gözəl dəqiqələr bəxş etdi ki, Naxçıvan və İrəvan əyalətlərinin Erməni vilayəti adlandırılması heç də onlardan sonuncu deyildi... Yeni vilayətlərin sakinləri, bizim həmsoylarımız Erməni vilayəti adında bəzi özünəməxsus halları mükafat alır. Gözəl və olduqca faydalı fikirdir”.
1828-1917-ci il, oktyabr. Türkmənçay müqaviləsi: məzmunu və həyata keçirilməsi. Burada adətən edildiyi kimi Türkmənçay müqaviləsinin maddələrinin qısa məzmununu təkrar etməklə kifayətlənmək olardı. Lakin adətən olduğu kimi bunun da heç bir elmi əhəmiyyəti olmazdı. Ona görə də hər bir müqavilə, о cümlədən Türkmənçay da dinamikada nəzərdən keçirilməlidir.
Türkmənçay müqaviləsi preambula və 16 maddədən ibarət idi. Gülüstan müqaviləsinin ayrı-ayrı maddələrinin məzmunu Türkmənçayda əks olunmuş, onun IX və X maddələrində nəzərdə tutulmuş məsələlərə aid xüsusi ticarət aktı imzalanmışdı.
Türkmənçay müqaviləsinin preambulasında sülhün zərurətindən və onu imzalayanların (İ.Paskeviç, A.Obrezkov və Abbas Mirzə) səlahiyyətindən bəhs olunurdu.
Birinci maddə ilə əbədi zamanadək sülh
elan olunurdu. Türkmənçay müqaviləsi əsasən,
1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ
alması ilə, rəsmən isə RSFSR və İran
arasında 1921-ci ildə bağlanmış müqavilə ilə
qüvvədən salınmışdı. Yeni müqavilə imzalanarkən təkrarən tarixi
ədalətsizliyə yol verilmişdi. Gülüstan
və Türkmənçaydan sonra bu müqavilə də Azərbaycanın
bölüşdürülməsini təsdiq etdi.
İkinci maddə ilə Gülüstan müqaviləsinin
qüvvədən düşdüyü və onun Türkmənçay
müqaviləsilə əvəz olunduğu bildirilirdi.
Üçüncü maddədə İrəvan və
Naxçıvan xanlıqlarının Rusiyaya ilhaqı təsdiqlənirdi. Çar hökuməti bu
tarixi Azərbaycan torpaqlarının ilhaqından sonra
yuxarıda qeyd edildiyi kimi I Nikolayın 1828-ci il
21 mart tarixli fərmanı ilə onların əsasında “Erməni
vilayəti” yaradıldı. Çavçavadze
həmin vilayətə rəis təyin edildi.
Çavçavadze
Aleksandr Gersevanoviç (1786-1846) - gürcü knyazı,
şair, general-mayor. Atası vaxtı ilə
Peteburq sarayında səfir idi. Çavçavadze
Napoleonun Rusiyaya hücumu zamanı Barklay de-Tollinin adyutantı
olmuşdu. Gürcü ədəbiyyatında
lirik şair və maarifçi kimi məşhurdur. A.Qriboyedov onun qızı Nina (1812-1857) ilə evlənmişdi.
Beləliklə, tarixi Azərbaycan torpaqlarında “Erməni
vilayəti” yaradılmış, gürcü isə ona rəis
təyin edilmişdi. “Erməni vilayəti” adlandırılan
qurum 1840-cı ildə ləğv edilmişdi. 1849-cu ildə keçmiş İrəvan və
Naxçıvan torpaqları əsasında İrəvan
quberniyası təşkil olunmuşdu.
Dördüncü maddədə sərhədlər
göstərilirdi. Sərhədlərin ərazi üzrə müəyyənləşdirilməsi
üçün 1829-cu il yanvar
ayının 18-də Rusiya-İran protokolu tərtib
edilmiş, Paşkeviç və Abbas Mirzə tərəfdən
sərhəd xətti şəxsən yoxlanıldıqdan
sonra imzalanmışdı. Həmin sərhəd
xətti sonralar keçirilmiş bəzi dəyişikliklərlə
müasir dövrədək davam edir.
Beşinci maddədə İran IV maddənin müəyyən
etdiyi sərhəd xətti ilə Qafqaz sıra dağları
və Xəzər dənizi arasında yerləşən
bütün torpaqların Rusiyaya məxsus olduğunu
tanıyırdı.
Altıncı maddə təzminatın miqdarını
(iyirmi milyon gümüş manat) müəyyən edirdi. VI maddə
Rusiyanın xarici siyasətinin işğalçı mahiyyətini
açıq-aşkar göstərir. Bu
maddə tərəflər arasındakı münasibətlərdə
gərginlik yaradan məsələlərdən olmuşdu.
Təzminatın 5 gururu müqavilə
imzalanmasınadək alınmışdı. Təzminatın verilməsini təmin etmək
üçün Cənubi Azərbaycanın bir neçə
şəhərində rus qoşunları
saxlanmışdı, təzminat ödənildikcə
qoşunlar çıxarılmalı idi. 1827-ci
ilin sonunadək qismən 8 gurur ödənilmişdi. Qalan hissə 1830-cu ilədək ödənilməli
idi. Lakin 1829-cu ildə Tehranda Qriboyedovun
öldürülməsindən sonra (IX maddənin şərhinə
baxın - K.Ş.) Peterburqda İran elçiliyini qəbul
edən rus çarı Nikolay 9-cu gururdan imtina etmiş, 10-cu
gururun ödənmə müddəti beş
ilədək uzadılmışdı. Son gururun
verilməsi 1854-cü ildə tamamilə ləğv
edilmişdi. Beləliklə, altıncı
maddə həmin ildə əhəmiyyətini itirmişdi.
Yeddinci maddə ilə Abbas Mirzənin vəliəhd kimi
tanınması rəsmən etiraf olunurdu. Abbas Mirzənin
1833-cü ildə vəfat etməsilə yeddinci maddənin
taleyi həll olundu.
Səkkizinci maddə Gülüstan müqaviləsinin V
maddəsini təsdiq edirdi, yəni Xəzər dənizində
hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus
olurdu. Bu maddə
Türkmənçay müqaviləsinin qüvvədən
düşməsinin elan edilməsinədək fəaliyyətdə
olmuş, rəsmən 1921-ci il
RSFSR-İran müqaviləsinin 11 maddəsilə ləğv
edilmiş, İranın Xəzər dənizində öz
bayrağı altında üzmək hüququ təsbit
olunmuşdu.
Doqquzuncu maddə İranda Rusiyanın daimi diplomatik
missiyasının təsis edilməsini nəzərdə
tuturdu. Bu maddə
üzrə 1828-ci il aprel ayının 15-də
İranda daimi diplomatik missiyanın təsis edilməsi
haqqında fərman verildi. A.S.Qriboyedov İranda
nazir rezident təyin edildi. Missiya
bütün ştatı ilə sentyabrın 9-da Təbrizə
yola düşmüş və oktyabrın 6-da ora çataraq
ratifikasiya fərmanını Abbas Mirzəyə təqdim
etmişdi. “Ağıldan bəla”nın
müəllifi yeni vəzifədə bütün qüvvəsini
çarizmin İranda müstəmləçəkilik siyasətini
reallaşdırmağa yönəltmişdi. Hər
vasitə ilə təzminatın alınmasını (6-cı
maddə) təmin etmək, əsirlər məsələsi
(13-cü maddə) üzrə canfəşanlıq, ermənilərin
köçürülməsi naminə (15-ci maddə) hər
cür vasitələrə əl atmaq deyilənlərə
sübutdur. Bütün bunlar ciddi diplomatic
qalmaqallarla müşayət olunmuşdu. Nəticədə
Qriboyedovun fəaliyyətindən ciddi narazılıq
artmağa başladı. 1829-cu il
yanvarın 30-da Qriboyedov bir neçə nəfər istisna
olmaqla missiyanın digər üzvlərilə birlikdə
öldürüldü. İran Abbas Mirzənin
oğlu Xosrov Mirzənin başçılığı
altında Peterburqa üzrxahlıq elçiliyi göndərmişdi.
Onuncu maddə ticarət konsulluqları
açılması və b. məsələlərdən bəhs
edirdi. Artıq qeyd edildiyi kimi gömrük
və ticarətlə bağlı digər problemlər
Xüsusi ticarət aktında verilmişdi. Türkmənçay müqaviləsindən sonra
rus-İran ticarət münasibətində ciddi dəyişikliklər
baş vermişdi. Bu maddəyə
uyğun olaraq İranda Rusiyanın üç baş
konsulluğu (Təbriz, Rəşt, Astrabad)
açılmış, sonralar sayı
artırılmışdı.
On birinci maddə ilə qarşılıqlı surətdə
təbəələrin bütün tələbləri və
müharibə ilə dayandırılmış işlərin
bərpası tənzimlənirdi.
Müqavilənin
on ikinci maddəsində Arazın hər iki tərəfində
tərpənməz əmlaka malik olan təbəələrə
onların satılması üçün üç il vaxt verilməsindən; on
üçüncü maddədə hərbi əsirlərdən,
on dördüncü maddədə azərbaycanın (Cənub
– K.Ş.) bütün əhalisi və məmurlarına
bağışlanmağa əta olunduğundan, ailələri
ilə birgə İrandan Rusiyaya keçmələrindən və
s. bəhs olunurdu.
Müqavilənin on ikinci, on dördüncü və on
beşinci maddələri hələ uvaxt yerlərdə
müxtəlif cür izah olunurdu. Ona görə də
Qriboyedov bu maddələr haqqında xüsusi şərh
yazmışdı.
***
1828-ci il 23 sentyabr. İrəvan. A.S.Qriboyedov – Qraf İ.F.Paskeviçə. Təliqə
№52: - ... Türkmənçay müqaviləsinin indiyədək
hər iki tərəfdən yanlış təfsir olunan
üç maddəsi haqqında fikrimi şərh etməyi
artıq hesab etmirəm. Əgər cənab
aliniz Tiflis hərbi qubernatoruna və İrəvan, Qarabağ,
Talış və başqa sərhəd rəislərinə
göstəriş versəniz ki, bir və eyni məsələ
üzrə müxtəlif təfsirlər olmasın, onda onlar
bizim təbəələrin etməli olmadıqları və
buraxmadıqları köçməyə yeni ehtirasdan çəkindirsinlər.
1) XII maddə
ilə hər iki dövlətin Arazın hər iki tərəfində
tərpənməz əmlakı olan təbəələrinə
üç illik müddətverilmişdir ki, bu müddət ərzində
onu sərbəst sata və dəyişə bilsin. Bu və ya başqasının köçmək
azadlığı haqqında bir söz də deyilməmişdi.
2) XIV maddə
ilə öz tənqidinə görə yurddaşına zərərli
təsir göstərə bilən əqidəsizlər və
fərarilərə, mahiyyət etibarilə xanlar, bəylər
və mənəvi rəislər və ya mollalara sərhəd
yaxınlığında məskunlaşmağa icazə verilməmişdi.
Digər sakinlərə gəldikdə, onlardan
bir dövlətdən digərinə keçmiş və ya
bundan sonra keçəcəklər, hakimiyyət altında
olduğu hökumətin icazə verdiyi hər yerdə məskən
sala və ya yaşaya bilər.
Qeyd. Onların keçdiyi və ya keçəcəyi
dövlətə gəldikdə, heç heç yerdə
deyilməmişdir ki, o buna icazə, bilet və sərbəst
buraxılış verməlidir.
3) XV maddə
ilə əlahəzrət şah tərəfindən Azərbaycanın
bütün sakinlərinə və məmurlarına tam
bağışlama əta edilir. Üstəlik traktatın
bağlandığı gündən hesablanaraq o məmur və
sakinlərə öz ailəsi ilə birgə İran əyalətlərindən
Rusiyaya sərbəst keçmək, hərəkət edən
mülkiyyətini aparmaq və ya satmaq üçün bir il vaxt verilir; hərəkət etməyən
mülkiyyətə gəldikdə onun satışı
üçün beş il müddət müəyyən
edilir.
Kərim
Şükürov
Tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2017.- 19 may.-
S.14.