“Millilik folklorun ümumbəşəri məzmun
daşımasına qətiyyən mane olmur”
Folklor İnstitutunun
direktoru: “Təəssüf ki, dastan qəhrəmanlarına
müasir meyarlarla yanaşırıq”
Azərbaycan
Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru,
akademik Muxtar Kazımoğlu - İmanovun APA-ya müsahibəsi
- Muxtar
müəllim, istəyirəm söhbətimizə Folklor
İnstitutunun hazırkı fəaliyyət istiqamətləri
haqda qeydlərlə başlayaq. İşləriniz
necədir, nə kimi uğurlarınız və
qayğılarınız var?
- Folklor
İnstitutu arxaik folklor, klassik folklor və müasir folklor
olmaqla üç əsas istiqamətdə fəaliyyət
göstərir. Dünya xalqlarının
folkloru, o cümlədən bizim folklorumuz əsasən bu kimi
tarixi mərhələləri əhatə edir. Bizim İnstitutun strukturu da həmin istiqamətlər
və mərhələlər əsasında qurulub.
İnstitutun arxaik folklorla məşğul olan Mifologiya, Mərasim
folkloru, klassik folklorla məşğul olan Aşıq
yaradıcılığı, Dədə Qorqud şöbələri,
müasir dövrü araşdıran Müasir folklor
şöbəsi var. Üç istiqaməti bu şöbələrin
köməkliyi ilə izləmək mümkündür. İnstitutun əsas qayğılarından biri
folklorun söz mətni olaraq toplanmasıdır. Folklor təkcə yazı yox, həm də çəkilişlər
əsasında toplanmalıdır. Bu məqsədlə
üç il əvvəl Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin qərarı ilə
bizim İnstitutumuzun nəzdində Folklor Studiyası
yaradılıb. Çəkilişlər həmin
studiyanın vasitəsi ilə həyata keçiririk.
Studiya xətti ilə “Azərbaycan xalq dastanları”, “Halaylar”,
“Qarabağın musiqi folkloru” və s. kimi CD albom-disklər
buraxmışıq. Qarabağ bölgəsi ilə
əlaqədar materialların toplanması əsas
qayğılarımızdan biridir. Üç il ərzində Qarabağdan toplanmış
nümunələr əsasında 10 cilddən ibarət
“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyini çap etdik. Cildlərin hər biri 450-500 səhifədən ibarətdir.
Həmin kitablarda Qarabağ savaşının
da bir çox səhifələri öz əksini tapıb.
Materialların içində bir qisim rəvayətlər
məhz tarixi əks etdirən rəvayətlərdir. Buna şifahi tarix deyirlər. Avropalılar
şifahi tarix deyilən janr əsasında çoxlu tədqiqatlar
aparıblar. Çox təəssüf ki,
biz bu işə gec başlamışıq. İnstitutun əsas istiqamətlərindən biri də
multikulturalizm istiqamətidir.
Əvvəllər azsaylı xalqların folkloru bölməsini
yaratmışdıq. İki il əvvəl isə Rəyasət
Heyətinin qərarı ilə institutumuzda azsaylı
xalqların folkloru şöbəsi təsis olundu. Həmin şöbə indi toplama və tədqiq
işləri ilə məşğuldur ki, bu istiqamətdə
toplama nümunələrindən ibarət 2 kitab və 1
monoqrafiyamız çap olunub. Bu sahədə
bizim əməkdaşımız Mətanət
Abdullayevanın xüsusi xidmətləri var.
- Folklorun
tədqiqi toplanılması qədər vacibdir. Bu sahədə vəziyyət nə yerdədir?
- Toplama
materiallarının sistemləşdirilməsi həmin
materialların tədqiqi ilə paralel aparılır. Toplama işində çox fəal iştirak edən
bir neçə əməkdaşımız var. Onlardan biri
İlkin Rüstəmzadədir ki, o, 2011-ci ildə yaradılan
Folklorun toplanması və sistemləşdirilməsi
şöbəsinin müdiridir. Həmin əməkdaşımız
toplanan materiallar əsasında öz tədqiqatlarını
da davam etdirir. İlkin Rüstəmzadənin
fəlsəfə doktorluğu işi Azərbaycan
nağıllarının süjet göstəricisinin sistemləşdirilməsidir.
Məlumdur ki, dünya xalqlarında
nağıllar bir-birinə oxşardır. Məsələn,
bizim “Məlikməmməd” nağılının başqa
xalqlarda oxşar nümunələri var. “Göyçək
Fatma”nın da o cümlədən. Toplama işi göstərir ki, bizim bir çox nağıllarda
beynəlxalq süjetlərdən fərqli süjetlərə
rast gəlmək olur. Bu, çox gözəl
nəticədir. Toplama işini dayanmadan,
ardıcıl şəkildə davam etdirməliyik ki, Azərbaycan
folklorunun bu cür özəllikləri üzə
çıxsın.
-
Nağıllardan söz düşmüşkən, folklorda
dini nağıllar bölgüsü varmı?
- Əlbəttə, var. Mənim dissertantım Xanım
Mirzəyevanın mövzusu Azərbaycan dini
nağıllarının poetikasıdır. Bu mövzunu məhz
toplama materialları diktə elədi. Sovet
dövründə dinin təbliği yasaq idi. Ona görə də bizim folklorşünaslar bu mövzuda
materiallar toplamaqdan çəkinirdilər. İndi isə hər kəs öz düşüncəsində
sərbəstdir. Araşdırmalar, toplama
işləri göstərdi ki, bizim ayrı-ayrı bölgələrimizdən,
eləcə də, Qarabağ bölgəsindən toplanan
materialların 20-30 faizini dini motivli materiallar, həmçinin
dini nağıllar təşkil edir. Bu materiallar əsas verdi ki, dini nağılların ayrıca
araşdırılmasına diqqət yetirilsin. Sovet
dövründə dini nağıllar ayrıca qrup şəklində
öyrənilməmişdi, əfsanə və rəvayətlərin
içində qarışıq düşmüşdü.
Bu boşluğu doldurmağa ehtiyac vardı.
- Toplanan
dini materialların içində radikal motivli, zərərli təbliğat
mahiyyət daşıyan nümunələr də varmı?
- Folklor
öz formasına görə son dərəcə milli olur. Ən azı ona görə ki, hər xalqın
öz dilində yaranır. Elə bir dildə
ki, onu başqa dilə tərcümə etmək çox
çətin olur. Amma bu millilik folklorun
ümumbəşəri məzmun daşımasına qətiyyən
mane olmur. Son dərəcə milli olan
folklor nümunələri ümumbəşəri mahiyyət
kəsb edir. Bu ümumbəşəriliyin kökü
arxaik düşüncə tərzinə gedib
çıxır... Folklorumuzda başqa xalqlara rəğbət
və ehtiramla yanaşma var. Folklorumuzda başqa dinlərə
həqarətlə yanaşma yoxdur, ola da
bilməz.
- Bəs
dünya xalqlarının folklor nümunələrində necə,
onlar arasında saxtalaşdırılanları olurmu?
- Avropada
da, Rusiyada da müəyyən ideoloji istiqamətlərin təsiri
ilə folklor mətnlərinə əl gəzdirmə
halları olub. Məsələn, Almaniyada
faşizm, Rusiyada kommunizm ideologiyası folklor mətnlərinin
tərtib və nəşrinə öz təsirini göstərib.
Yeri gəlmişkən deyim ki, sovet
folklorşünaslığının yol verdiyi ciddi
nöqsanlardan biri folklor nümunələrinin sinfi mübarizə
ideologiyası baxımından
saxtalaşdırılmasıdır.
- Folklor mətninin
saxta olduğunu necə müəyyənləşdirirsiniz?
- Folklor mətninin
saxtalığını müəyyənləşdirməyin
ən sadə yolu onun variantının olub-olmamasını
üzə çıxarmaqdır. Əgər
oxucuya təqdim edilən folklor nümunəsinin
ayrı-ayrı bölgələrdə variantları
danışılmırsa, onda həmin mətn artıq
şübhə doğurur. Bəli,
variantlaşma folklorun təməl prinsiplərindən biridir,
bayatı, əfsanə, rəvayət, nağıl, dastan və
sair nümunələr toplanıb tərtib olunarkən həmin
prinsip hökmən nəzərə alınmalıdır.
- Folklor
nümunələrində vulqar sözlər və qeyri-etik
ifadələrin işlənib-işlənməməsi barədə
fikrinizi bilmək istəyirəm. Seçim necə
olmalıdır, həmin ifadələr saxlanılmalı,
yoxsa mətndən çıxarılmalıdır?
- Folklor mətnini
iki cür çap etmək olar: mütəxəssislər və
geniş oxucu kütləsi üçün. Geniş
oxucu kütləsi üçün çap olunan folklor
nümunələri mümkün qədər ədəbi dildə
olmalı, onlarda vulqar ifadələrə yer verilməməlidir.
Əslində, mütəxəssislər
üçün çap etdiyimiz kitablarda da vulqar ifadələri
açıq şəkildə vermirik. Onların
yerinə üç nöqtə qoyuruq. Elə
mətnlər var, yaxud mətndə elə məqamlar var ki,
vulqar sözün üstündə qurulub və onu başqa
sözlə əvəz etmək olmaz. Məsələn,
“Dədə Qorqud” dastanında bəzi vulqar ifadələrə
rast gəlirik. Bizim qorqudşünaslar
haqlı olaraq onları saxlayıblar, o sözləri mətndən
çıxarmayıblar. Dünya
folklorşünalığı folklor mətnini necə var, o
şəkildə çap etməyi vacib şərtlərdən
biri kimi irəli sürür. Biz də
çalışmalıyıq o şərtə əməl
edək.
- Uşaq
yazıçılarının qələmə
aldığı nağıllar dərs vəsaitlərinə
daxil edilir. O nağıl nümunələrinin səviyyəsi
ilə bağlı tez-tez tənqidi fikirlər səslənir...
- Mən
o nümunələrə nağıl yox, hekayələr deyərdim.
Folklor motivləri əsasında yazılan epik
nümunələr hələ nağıl demək deyil.
O ki, qaldı dərsliklərə daxil edilən
nağıllara, bu məsələdə də bəzi çətinliklər
var. Başlıca çətinlik nağılların
seçilməsi ilə bağlıdır. Dərslik
tərtibçiləri saxta nağılı, yəni sovet
dövründə kommunist ideologiyasına
uyğunlaşdırılmış nağıl mətnini
ayırd etməyi bacarmalı və onu bugünkü dərsliklərə
daxil etməməlidir.
- Folklor
nümunələrinin xarici dillərə tərcümə
edilməsi nə yerdədir?
- Folklor
nümunələrinin xarici dillərə tərcümə
edilməsi qənaətbəxş deyil. Öz
İnstitutumuzun payına deyim ki, bu sahə bizdə geridə
qalıb. Əlbəttə, Azərbaycan folklorunun
dünyada təbliği məsələsi əsas istiqamətlərdən
biri olmalıdır. Folklorumuzu
dünyanın ayrı-ayrı dillərinə tərcümə
edib onun çapı ilə məşğul olmalıyıq.
Bu istiqamətdə müəyyən işlər
görülür. Məsələn, Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı
Fondunun dəstəyi ilə “Folklorda azərbaycançılıq
və multikulturalizm” adlı layihə üzərində
işləyirik. Layihədə toplama
materialları və elmi araşdırmalardan ibarət
sanballı bir kitabın həm Azərbaycan, həm də
ingilis dillərində çap olunması nəzərdə tutulub.
-
Folklorşünaslıq və etnoqrafiyanın
ayrı-ayrılıqda öyrənilməsinin səbəbi nədir?
- Bu,
çox böyük qüsurdur və əsası da sovet
dövründə qoyulub. Sovet dövründə
folklor anlayışı daha çox xalq ədəbiyyatı
kimi qəbul edilib. O dövrdə o qədər də
diqqət yetirilməyib ki, folklor anlayışı şifahi
xalq ədəbiyyatı anlayışı ilə məhdudlaşmır,
folklor anlayışı şifahi ənənə əsasında
yaranan və yaşayan xalq təbabəti, xalq mətbəxi,
xalq memarlığı, xalq geyimi, xalçaçılıq,
dulusçuluq və sair kimi sahələri də əhatə
edir. Şifahi xalq ədəbiyyatı adət-ənənələr,
bütövlükdə xalq mədəniyyəti kontekstində
götürülməli və öyrənilməlidir. Folklorun etnoqrafiyadan ayrılmaz olduğunu biz
institutumuzun strukturunda ifadə etməyə təşəbbüs
göstərdik. İnstitutumuzdakı Mərasim
folkloru şöbəsi məhz həmin təşəbbüsün
nəticəsi kimi meydana çıxdı.
- Kiməsə
nəğmələr qoşanda bu nəğmələr də
bəzən folklor nümunələri sayılır. Ötən
il kriminal avtoritet Rövşən Lənkəranski
öldürüldü və onun haqqında müxtəlif
meyxanalar qoşub, mahnılar bəstələdilər. Hətta
onun haqqında əhvalatlara mətbuat geniş yer verdi. Bütün bunlar müasir
folklor nümunəsi sayılırmı?
- İstər Rövşən Lənkəranski haqda
mahnılar, meyxanalar, hekayətlər olsun, istərsə də
sosial şəbəkələrdə müxtəlif
mövzulu yumoristik materiallar – bütün bunları folklor
nümunəsi saymaq doğru olmaz. Amma o da nəzərə
alınmalıdır ki, həmin materialların yaranmasında
folklor motivləri, folklor qəlib və modelləri az rol oynamır.
- Bir
neçə il əvvəl Azərbaycanın
xalq qəhrəmanlarının, məsələn,
Koroğlunun göstərdiyi igidliklərə bugünkü
qanunları tətbiq edib onları cinayətkar
çıxarmışdılar. Məsələn,
dastanlarımızdakı qız qaçırma, yol kəsmə,
adam öldürmə və s. kimi hallar tənqid
hədəfinə çevrilmişdi. Xatırlayırsınızmı?
-
Xatırlayıram. Bu bizim yaralı yerimizdir.
Təəssüf ki, biz dastan qəhrəmanlarına
müasir qəhrəman tipinə
yanaşdığımız meyarlarla yanaşırıq.
Axı Koroğlu bizim düşündüyümüz
müasir qəhrəman tipi deyil. Koroğlu o
dövrün və o arxaik düşüncə tərzinin qəhrəmanıdır
ki, orada qız qaçırma quldurluq sayılmır. Qəhrəmanın qız qaçırması
mifoloji kök etibarilə qızı ölüm
caynağından almaq mənasını daşıyır.
Xalq Cəbhəsi.- 2017.- 20 may.-
S.15.