UNESCO-da Nəsimiyə həsr olunan tədbir keçirilib
Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında
daimi nümayəndəliyinin
birgə təşkilatçılığı
ilə ölkəmizin
UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində
böyük şair və mütəfəkkir
İmadəddin Nəsiminin
vəfatının 600-cü ildönümü münasibətilə
tədbir keçirilib.
Tədbirin açılışında çıxış
edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev görkəmli Azərbaycan
şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin dünya ədəbiyyatı və
fəlsəfi fikrində
oynadığı roldan
bəhs edib. Bildirib ki,
Azərbaycanın elm və
mədəniyyət mərkəzlərindən
biri olan Şamaxı şəhərində
dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə
alıb. Nəsimi öz
yaradıcılığında Azərbaycan xalqının
arzu və istəklərini, ümumbəşəri
dəyərləri, insanın
fövqəlbəşəri varlıq olmasını tərənnüm edib.
Lakin Nəsimi istedadının
miqyası o qədər
geniş idi ki, o, öz yaradıcılığı ilə
yalnız Azərbaycan
xalqına məxsus deyildi. Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı
kimi, Uilyam Şekspir yalnız ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda,
bütün bəşəriyyətə
məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə
bütün bəşəriyyəti
əsərlərində ifadə
edib.
Elçin Əfəndiyev qeyd edib ki, Nəsiminin
adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə,
meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və
səyləri ilə hələ SSRİ dövründə
Bakının mərkəzində
şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi
üçün çox
işlər görülüb.
Şair və mütəfəkkir
İmadəddin Nəsiminin
vəfatının 600-cü ildönümünün qeyd
edilməsi üçün
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq
Sərəncamın verilməsi
bu gün ölkəmizdə şairə
verilən yüksək
dəyərin göstəricisidir.
Baş nazirin müavini bildirib ki, Azərbaycan müstəqilliyə qovuşduqdan
sonra UNESCO ilə ölkəmiz arasında işgüzar, qarşılıqlı
hörmətə söykənən
əlaqələr qurulub. Bu il
25-ci ili tamam olan həmin münasibətlərin inkişaf
etməsində Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti, UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın xüsusi xidmətləri var. Mehriban
Əliyevanın UNESCO-nun xoşməramlı
səfiri kimi fəaliyyəti təkcə
Azərbaycanı əhatə
etmir, o, Avropa və Asiya ölkələrində
xoşməramlı səfirin
üzərinə düşən
ağır və məsuliyyətli vəzifəni
şərəflə yerinə
yetirir.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri,
səfir Anar Kərimov tədbir iştirakçılarına Nəsimi
poeziyasının Azərbaycan
poetik dilinin inkişafına göstərdiyi
böyük təsir barədə danışıb. Qeyd edilib
ki, Nəsimi sufilik cərəyanına
yaxın olsa da, sonradan hürufiliyin
aparıcı simalarından
olub. Nəsimi poeziyası vasitəsilə
sülhü, tolerantlığı
və multikulturalizmi müdafiə edib. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə
edam olunan Nəsiminin sərdabəsi
Suriyanın Hələb
şəhərindədir.
Səfir
qeyd edib ki, Nəsiminin ölümündən 600 il
sonra UNESCO-nun maddi-mədəni
irs siyahısına daxil edilmiş Hələb şəhərinin
qədim mərkəzi
terrorçu və ekstremist qüvvələr
tərəfindən xarabazara
çevrilib, şairin
sərdabəsi dağıntılara
məruz qalıb. Simvolik səslənsə də, sanki ekstremistlər 600 il sonra Nəsimini ikinci dəfə qətlə yetiriblər. Lakin bununla belə
Nəsiminin yaddaşlarda
yaşayan ideyaları
və poeziyası, onun tolerantlıq və sülh naminə çağırışları
heç zaman məhv edilə bilməz.
Sonra bu ilin yanvarında Hələb şəhəri
terrorçulardan azad edildikdən sonra İmadəddin Nəsiminin
dağıntılara məruz
qalmış sərdabəsinin
çəkilmiş fotoları
nümayiş olunub.
UNESCO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə
müavini Erik Falt çıxışında bildirib
ki, İmadəddin Nəsimi tolerant və
humanist mövqeyi ilə
tarixə düşən
şair, rəssam, yazıçı və digər incəsənət
xadimləri üçün
ilham mənbəyi olub. Onun ideya və fəlsəfi fikirləri insanların ortaq dəyərlər ətrafında
birləşməsini və
sülhü təşviq
edir. Bu, müasir dövrümüzdə
də öz təsir gücünü itirməyib.
Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Nəsiminin
xatirəsinə bəstələdiyi
balet konserti nümayiş olunub. Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik
səhnələr milli-folklor
və klassik musiqinin sintezi ilə təqdim olunub. Qərb və Şərq
musiqisinin sintezindən
ibarət baletdə tamaşaçılara Nəsiminin
mistik və sirli aləmi, onun şər qüvvələrə qarşı
mübarizəsi nümayiş
etdirilib.
Konsert zalının
qarşısındakı foyedə İmadəddin Nəsimiyə
həsr olunmuş sərgi nümayiş
olunub. Sərgidə
dünyanın ölməz sənətkarları
sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir
dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii
dil səviyyəsinə yüksəldən
qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin
irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən
çəkilmiş rəsmlər təqdim olunub.
Xalq Cəbhəsi.- 2017.- 20 may.- S.16.