“Dinlə bağlı ideologiya ən
böyük təhlükədir”
Rəşad
Mahmudov: “Din adından istifadə olunan bütün cərəyanlar
birmənalı olaraq həmişə dövlətçilik
prinsiplərinə zidd gedir”
Millət
vəkili, ürək-damar cərrahı, Tibb üzrə elmlər
doktoru, Azərbaycan Ürək və Sağlamlıq
Assosiasiyası İdarə heyətinin sədri Rəşad
Mahmudovun BakiPost.az-a müsahibəsini ixtisarla
oxucularımıza təqdim edirik
- Rəşad
doktor, müsahibəyə başlamazdan əvvəl səhər
6-7-dən əməliyyatda olduğunuzu və bir neçə
cərrahiyə apardığınızı dediniz. Elə başlayaq sırf işinizdən. Ürək əməliyyatının digər əməliyyatlardan
fərqi nədir? Çətinliyi nələrdən
ibarətdir?
- Ürək
cərrahiyyəsində bu gün dünyada sərhəd
qalmayıb. Anadan olduğu dəqiqədən
etibarən 90-100 yaşına kimi insana əməliyyat göstərişi
olur və Azərbaycanda, eləcə də Bakı Ürək
Mərkəzində bu əməliyyatlar tətbiq edilir. Hətta artıq ürək cərrahiyyəsi,
kardiologiya ana bətnindəykən belə həyata
keçirilir. Bu prosedurlar ölkəmizdə
tətbiq olunmasa belə, ürək cərrahiyyəsinin digər
sahələrdə olan inkişaf göstərir ki, yaxın gələcəkdə
bunlar da Azərbaycanda mümkün olacaq.
Bunun üçün lazım olan bütün şərait
var. Bakıda tək və ilk olan JCI deyilən akkreditasiyadan
keçmiş xəstəxanadır. Bu akkreditasiya
qonşuluğumuzdakı bəzi ölkələrdə var.
Bildiyim qədərilə heç Rusiyada belə bu
akkreditasiyadan keçmiş xəstəxana yoxdur. JCI tibbi xidmət üzrə ən yüksək
kateqoriyadır.
Bunlardan əlavə, xəstəxananın maddi-texniki
bazasının region üçün çox yüksək səviyyəli
olması – hibrid əməliyyatxanadan tutmuş, ən
müasir reanimasiya imkanları yaradan mərkəz olması deməyə
əsas verir ki, müdaxilə edə bilməyəcəyimiz xəstəlik
yoxdur. Bu gün ürək-damar xəstəlikləri
ölümün və əlilliyin səbəbləri içərisində
birinci yerdədir. Bu, ölkəmiz
üçün də keçərlidir. Bu
səbəbdən mərkəz açıldıqdan sonra
İtaliyadan və bir çox Avropa ölkələrindən
yüksək ixtisaslı həkimlər gətirmişik.
Onlarla bu xidmətin bütün sahələrini
əhatə etməyə çalışırıq.
Elə bu həftə içərisində 2 aylıqdan
tutmuş, 90 yaşına qədər fərqli yaş
qruplarında fərqli xəstəliklərdən əziyyət
çəkən xəstələrdə əməliyyatlar
aparıldı. Azərbaycanda işlədiyim 12 il ərzində
8500-dən artıq əməliyyat aparmışam. Eləcə də ölkəmizin 10-a yaxın
rayonunda açıq ürək əməliyyatlarının
aparıla biləcəyini göstərmişik. Bölgələrdə 1000-ə yaxın əməliyyatlar
həyata keçirilib. Təkcə
Naxçıvanda 1200-ü keçən açıq ürək
əməliyyatları aparılıb. Qazax, Lənkəran,
Cəlilabad, Qəbələ, Şamaxı, Füzulinin
Böyükbəhmənli kəndində belə 3-4 saat davam
edən ən mürəkkəb anadangəlmə ürək
qüsurları əməliyyatları keçirilib. Bu da səhiyyəmizin ən ucqar nöqtədə
belə yüksək səviyyədə həyata
keçirdiyinin göstəricisidir.
- Amma səhiyyəmizlə
bağlı ictimai rəy, tam mənada siz deyən kimi ağ rəgdə deyil...
- Əlbəttə, dediklərim heç də o anlama gəlməməlidir
ki, hər şey idealdır. Biz var olan problemimizi,
ölkəmizin səhiyyəsində mövcud
sıxıntıları yeri gələndə, həkim
kolleqalarımızın özünün tibbi bilgilərinin
reallıqları haqqında bəs qədər bilgiyə
sahibik. Bunların aradan
qaldırılması, yaxşılaşdırılması
üçün əlimizdən gələni edirik.
Hesab edirəm, rəqabət mühitinin
yaradılması, dövlətin səhiyyəyə
böyük diqqətinin olması bu sahəyə ictimai nəzarətin
yüksək olması problemlərin tez bir zamanda həll
olmasına kömək edəcək.
Yüksək kvalifikasiyalı xəstəxanaların
olması birmənalı olaraq həm də rəqabət
sistemi içərisində səhiyyənin inkişafına təkan
verəcək.
Necə ki, bir zamanlar mən Neftçilər Xəstəxanasında
olanda orada qurduğumuz sistem ölkədə xoş rəqabət
yaratdı. Əvvəllər
sağalmasını xəyalına gətirməyən xəstələr
belə artıq ölkədə güvən içərisində
problemlərini həll eləməyə
çalışır. Xəstələrə
Avropa sisteminə yaxın bir tibb xidmətini göstərmək,
var olan xidmətin səviyyəsini daha da yüksəyə gətirə
bilmək bizim üçün çox qürurvericidir.
- Ali təhsilinizi
90-cı illərin əvvəllərində Türkiyədə
almısınız bildiyim qədərilə...
-Bəli,
90-cı illərdə təhsil üçün getmişəm
və universitetdə tibb təhsili, arxasınca magistratura,
doktorantura dediyimiz uzmanlıq sistemi – toplamda 12 il
təhsil almışam. Sonra da 2 ilə yaxın
xəstəxanada ürək-damar cərrahı olaraq ayrıca
sərbəst şəkildə fəaliyyət göstərib
Bakıya dönmüşəm.
- Tibb sahəsi
üzrə sizinlə birgə neçə tələbə
göndərilmişdi?
- Tibb sahəsi
üzrə həmin illərdə çox az
adam göndərilirdi. Hər qrup içərisində
maksimum 5-6 nəfər olurdu. Mənim
üçün sevindirici haldır ki, uzun illərdən bəri
çiyin-çiyinə fəaliyyət göstərdiyim Abasəli
Abasəliyev də eyni dövrdə Türkiyəyə gedən
tələbələrdən olub. Bu
gün Bakı Ürək Mərkəzində birlikdə - mən
ürək cərrahiyyəsində, o isə kardiologiya şöbəsində
- işləyirik. Abasəliyevin başqa
bir qürurverici tərəfi də var. Biz sovet sisteminin təhsilindən
çıxmış tələbələr idik və
Türkiyə türkçəsi indiki qədər doğma
deyildi. Həmin illərdə biz çətinliklə
başladıq, lakin bütün çətinliklərə
baxmayaraq, 6 illik təhsili bitirdikdən sonra Abasəli doktor
universitetin birincisi seçilmişdi. O zaman
üçün yerli tələbələrin bunu alma imkanı daha çox idi, nəinki sovetlərdən
gəlmiş birinin. Bütün yerli tələbələr
içərisində azərbaycanlı tələbənin
birinci seçilməsi bizim qürurumuz idi.
- Sabiq təhsil
naziri Firidun Cəlilov bir müddət əvvəl mətbuata
xeyli maraqla qarşılanan açıqlama vermişdi. Bildirmişdi ki, 90-cı illərin əvvəllərində
Türkiyəyə təhsil almağa göndərilən tələbələrin
çoxu FETÖ-yə qoşulub. Bu barədə
nə deyə bilərsiniz?
- Türkiyə
qardaş ölkədir, mən özümü oranın təhsil
sisteminə borclu bilirəm. Amma bu məsələlər
Türkiyənin öz daxili siyasətidir. Bunun
da Azərbaycanın daxilində istifadə olunmasını qətiyyən
uyğun bilmirəm. Ölkələrdə fərqli
düşüncələr, fərqli yanaşmalar ola bilər. Türkiyə
dünyəvi ölkədir. Belə yerlərdə
bəlli bir ideologiyaların əmələ gəlməsi təhlükəlidir.
Hələ dinlə bağlı ideologiya, mənə
görə ən böyük təhlükədir. Din
insanlara kütləvi şəkildə istifadə olunanda ən
böyük narkotik effekti verir, insanlar nə
düşdüyünün fərqində olmur. Din adından
istifadə olunan bütün cərəyanlar birmənalı
olaraq həmişə dövlətçilik prinsiplərinə
zidd gedir. Dini yaşamaq istəyirsənsə, içində,
məscidində yaşa, Allahla öz aranda yaşa...
90-cı illərdə gedən insanlara gəlincə, deyə
bilərəm ki, belə meyllər tibbdə oxuyanlarda olmurdu. Çünki
tibbdə oxumaq çox çətindir və bu tələbələrin
vaxtı elə də çox olmur. Vaxtında
qurtarıb, uzmanlıq sistemlərini keçmək
lazımdır. Türkiyədə
uzmanlıq imtahanından keçmək 30 min nəfərdən
400 yerə seçilməkdir. Biz də
buna görə həmin periodlarda sosial hadisələrdən
uzaq qalmışdıq.
90-cı
illərdə gedənlərin ən pis tərəfi o idi ki,
dövlət tərəfindən dəstək az
idi. Buna görə də xeyriyyə cəmiyyətləri,
din adı altında və ya başqa yollarla tələbələrə
yaxınlaşırdılar, ünsiyyət qururdular, onlara
öz dəstəklərini təklif edirdilər. İmkanı olmayanlar, yer, maddi
sıxıntıları olanlar əlbəttə bu təklifə
razılıq verirdilər. Bəziləri
bunu hətta göydəndüşmə hesab edirdilər.
Azərbaycanlı və digər tələbələrin
siyasi cərəyanlardan xəbəri yox idi. Heç
Türkiyədə belə 2 il bundan əvvələ
kimi dəyər verilən siyasi düşüncələrdən
biri fətullahçılıq idi. FETÖ-çü
olduğu deyilən universitetlər ən yaxşı
universitetlər sayılırdı. Bütün
dövlət xadimləri də onların
açılışında iştirak edirdi. Heç kim bilə bilməzdi ki, bir gün onlar təhlükəyə
çevriləcəklər.
Həmin dövrdə Azərbaycan kimi ölkələrdən
gedənlərin maddi imkanlarının zəifliyindən
istifadə eləmə şansları birmənalı olaraq
daha çox idi. Bir baxımdan Firidun müəllimin dedikləriylə
razıyam. Gedən tələbələrin
90 faizini deyə bilmərəm, amma ən azından 40-50
faizinin ciddi şəkildə bu cərəyanın təsiri
altında olduğunu görmüşəm. Ona görə yox ki, onlar bu şeylərə
hazırlanırdı, sadəcə maddi imkansızlığa
görə onların evlərində qalmağa məcbur idilər.
Düşüncələri də elə idi ki,
orada sənə mənfi heç nə aşılamırlar,
dindən, Allahdan danışırlar. Yəni
var olan imkanlar daxilində də təhsilini davam etdirirsən.
Amma onu da deməliyəm ki, onlara qoşulan tələbələrin
heç də hamısı bu təsir altında qalmadı. Bunlar içərisində
bəlli müddət sonra öz həyatına davam edənlər
də oldu, var olan sistem içərisində qalanlar da. Bəlkə də onlar heç gələcəkdə
nələr olacağını bilmirdilər, amma mövcud
olmaları reallıqdır.
- Tələbələri
öz çətirləri altına almaqdan ötrü daha
hansı üsullardan istifadə edirdilər, necə münasibət
qururdular, nələrdən istifadə edirdilər?
- Nələrdən
istifadə etdikləri ilə bağlı konkret nəsə
deməyim mümkün deyil. Biz isə ora gedəndə
qarşımıza birmənalı olaraq dəyər qoyuldu:
dövlətin yataqxanalarından başqa heç bir yerə
gedə bilməzsiniz.
Bizim dövrümüzdə dövlətin yataqxanalarında qalan heç bir tələbənin sonrakı həyatında bu tip problemlər olmadı. Orada ən çox istifadə olunan amil insanın imkansızlığıdır. Bu o demək deyil ki, onların hansısa fərqli düşüncələri olub. Xeyr, onların tək dərdi olub: oxumaq üçün qalmağa yer. Qalmağa yer axtarırsansa və kimsə sənə bir yer təklif edirsə, sən əlbəttə ki, ona minnətdarlıq hissi duyursan. Bu dəyərlərdən istifadə olunub, daha sonra isə fərqli siyasi düşüncəyə çevrilib. Bu da orada olan tələbənin günahı deyil. Qurunun oduna yaşı da yandıraraq öz gənclərimizə dəyərsiz davranmaq doğru olmaz. Çünki onların arasında kifayət qədər dəyərli düşüncələri olub ölkəyə fayda verən insanlar var. Ərdoğan belə 2 il əvvələ kimi onları tərifləyirdi. Bu o demək deyildi ki, onlarla eyni fikri bölüşürdü. O təriqət içərisinə düşmüş insanları da, məncə, reabilitə etmək dövlətin ən ümdə borclarından biridir.
- Səhiyyənin inkişafı və ən əsası bu kimi halların olmaması üçün ilk növbədə həkimin maaşı qalxmalıdır?..
- Maaşın artırılması vasitələrdən biridir. Səhiyyənin inkişafı üçün səhiyyə xidmətini verən bütün insanların təhsil sistemini bacardıqca mükəmmələ doğru dəyişdirmək lazımdır. Yetəri qədər bilgiyə sahib olmayan bir insana daha çox pul versən nə ala bilərsən ki? Həm də maaşı qaldırmaq lazımdır, həm də lazım olan texniki bazasını və gündəlik sərf etdiyi dərmanlar. Bunları qlobal olaraq düşünüb addım atmaq lazımdır.
Sadəcə xəstə xoşbəxt olsa, həkim
olmasa nəticə almaq mümkün deyil. Sonuncu iclasda da dedim:
Azərbaycanda xəstə haqları ilə bağlı
çox söhbət gedir. Amma həkim haqlarının
olmadığı yerdə xəstə haqlarından
danışmaq olmaz. Bunu eyni anda düşünmək
lazımdır. Sən uzaq başı həkimi öz sənətini
atmağa məcbur edəcəksən, bununla nə qazanacaqsan?
Haqq dediyin qarşılıqlı olur. Haqq dediyin sərhədlərdir,
səninkiylə mənimki eyni olmalıdır. Bundan o tərəfə
keçmək olmaz. Bu səbəbdən xəstə
haqlarıyla bağlı qanunlardakı dəyişikliklərin
həkim haqları ilə paralel aparılması məsələsini
qabartmışıq. Yoxsa qanun olar, nəticə verməz. Dəyərli,
potensiallı səhiyyəçilərin bu sənətdən
uzaqlaşıb başqa işlərlə məşğul
olmasını gözə ala bilmərik. Həkimlik sənəti
ilə məşğul olan insanlar nə qədər ön
plana çıxarsa, bizim övladlarımız da bundan örnək
götürüb, o sənətə getmək istəyər.
Xalq Cəbhəsi.- 2017.- 23 may.- S.4.