“Mədəniyyət milli birliyin
formalaşmasında böyük rol oynayır”
Mədəniyyət və
Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramovun
AZƏRTAC-a müsahibəsi
- Son
zamanlar ictimai məsələlərin həllində bilavasitə
mədəni mexanizmlərdən istifadəyə tez-tez rast gəlirik.
Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- Həqiqətən
də, ictimai proseslərdə mədəni mexanizmlərdən
istifadə hazırda çox aktualdır və bir çox
ölkələrdə tətbiq olunur. Konfliktlərlə
dolu müasir dünyamızın humanitar
çağırışlara ehtiyacı var. Belə
çağırışlar neqativ tendensiyaları
yumşaldaraq narahat dünyanın region və ölkələrini
bir-birinə yaxınlaşdırır. Bu
prosesin ayrılmaz hissəsi kimi Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin mədəniyyətlərarası
dialoqun təşviqinə yönələn və beynəlxalq
müstəvidə aktiv şəkildə dəstəklənən
fəaliyyətini qeyd edə bilərik. Çünki
bu siyasət özlüyündə xalqlar və ölkələr
arasında inteqrasiyaya, yaxınlaşmaya, dünyanın
üzləşdiyi real təhlükələrin və qlobal
problemlərin həllinə xidmət edir.
Mədəni mexanizmlərdən danışarkən, ilk
növbədə, ölkəmizdə ənənəvi olaraq
keçirilən və artıq beynəlxalq münasibətlər
müstəvisində özünəməxsus yer tutan
Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq
Humanitar Forum kimi mötəbər tədbirləri qeyd etmək
olar. Çox şadam ki, ölkəmiz üçün əhəmiyyətli
olan bu tədbirlərin reallaşmasında Mədəniyyət
və Turizm Nazirliyi də yaxından iştirak edir. Mədəniyyət milli birliyin formalaşmasında
böyük rol oynayır. Mədəniyyət,
eyni zamanda milli ideologiyanın tərkib hissəsi kimi onun
möhkəmləndirilməsinə xidmət edir. Bu səbəbdən də mədəniyyətin
perspektivliyi, mədəniyyət siyasəti xüsusi
vurğulanmağa ehtiyacı olmayan vacib bir amildir.
- Nazirlik
qarşısında duran vəzifələrin həyata
keçirilməsində qeyri-hökumət təşkilatlarının
fəaliyyətindən geniş şəkildə istifadə
edilirmi?
-
Qeyri-hökumət təşkilatları (QHT) ilə işləmək
dövlətimizin strateji istiqamətlərindən biridir. Vətəndaş cəmiyyəti ilə əməkdaşlıq
hökumətin fəaliyyətində şəffaflığın
və demokratik dəyərlərə sadiqliyin göstəricisidir.
Qeyd etmək yerinə düşər ki, bu
sektor son illərdə Azərbaycanda mühüm inkişaf
yoluna qədəm qoyub. Təbii ki, ölkə
rəhbərliyinin böyük dəstəyi və diqqəti
olmasaydı, QHT-lər bu qədər inkişaf edib şaxələnə
bilməzdi.
Bundan əlavə, QHT-lərlə işləmək yeni
yaradıcı ideyalara yol açır. Əlbəttə
ki, Mədəniyyət və Turizm Nazirliyi də böyük
potensiala malik belə təşkilatlarla aktiv şəkildə
işləyir. Çünki bu sahə
kreativ və mobildir. Çox vaxt üzləşdiyimiz
problemlərin həlli yolunda məhz bu keyfiyyətlər
köməyimizə çatır. Axı
bu sahələr bir-biri ilə sıx əlaqəlidir. Mədəniyyət və turizm müasir
tendensiyaları özündə əks etdirən dinamik sahələrdir.
Ona görə də vətəndaş cəmiyyəti
institutları ilə əməkdaşlıq demokratiyanın
inkişaf etdiyi ölkələr üçün hər zaman
prioritet olacaq. Sevindirici haldır ki, mədəniyyət
və turizm ildən-ilə QHT-lər üçün də
populyar və tələb olunan mövzulara çevrilir. Onların bu istiqamətdə layihələrə cəlb
olunması nazirliyin qarşısında duran prioritet məsələlərdən
biridir.
-
Hazırda innovativ metodlardan istifadə günün tələbinə
çevrilib. Mədəniyyət və turizm sahəsində
bu metodların tətbiqi öz həllini tapa bilirmi?
- Bu,
qaçılmaz prosesdir. İnnovasiyalara, yeniliyə
yox demək sənayenin bütün sahələrində
durğunluq yarada bilər. Bu hal dünya
tarixində də dəfələrlə öz təsdiqini
tapıb. Bizə gəldikdə isə, demək
istərdim ki, innovasiyalar və islahatlar nazirliyin bütün fəaliyyət
sahələrində özünə yer tapa bilib. Bu, həm idarəçilikdə, həm informasiya
texnologiyalarının tətbiqində, həm də turizm sahəsində
həyata keçirilən təkmilləşmə prosesində,
ölkənin elmi institutları ilə əməkdaşlıqda
geniş vüsət alıb. Biz dünyada
gedən dəyişikliklərin tempinə uyğun olaraq
müasir dövrdə baş verən yeniliklərlə
uzlaşmağa səy göstəririk.
Bu kontekstdə təşkilati yeniliklərdən
danışmaq istərdim. Həmin yeniliklər
nazirliyin qarşısında duran məsələlərin həllində
maksimal effektivliyin əldə olunmasına xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları
ilə nazirliyin strukturunda aparılan dəyişikliklər -
regional mədəniyyət və turizm idarələrinin, Milli
Turizm Təbliğat Bürosunun yaradılması və s. idarəçilikdə
innovativ vasitələrdən istifadənin sübutudur. Söhbətimizin bu məqamında nazirlik sistemində
fəaliyyət göstərən Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin işini də
vurğulamaq yerinə düşərdi. Mərkəz
yerlərdə mədəniyyətin vəziyyətini təsbit
edir, mədəniyyət müəssisələrinin işinin
təkmilləşdirilməsinə öz töhfəsini
verir. Elmi-metodik araşdırmalar və
elmi müəssisələrlə aktiv şəkildə əməkdaşlıq
təcrübi yeniliklərə yol açır. Bütün bunlar isə mədəniyyət müəssisələrinin
işinə daha da vüsət verir. Bir
sözlə, yeni innovasiyalar resursların qənaətlə
istifadəsinə, iqtisadi islahatlara, fəaliyyətin
optimallaşdırılmasına və qarşıya qoyulan məqsədlərin
realizə olunmasına xidmət edir.
- 2017-ci
ilin əvvəlində nazirliyin strukturunda yeni islahatlar həyata
keçirildi. İstərdik bu barədə məlumat
verəsiniz.
-
Prezidentin “Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi
haqqında” 29 mart 2016-cı il tarixli Sərəncamına
uyğun olaraq struktur islahatları həyata keçirildi. Nazirliyin Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsi ilə yanaşı, 2017-ci
ilin yanvarından 15 regional mədəniyyət və turizm idarəsi
də fəaliyyətə başladı. Həyata
keçirilən bu struktur islahatları ölkəmizin mədəniyyət
və turizm sahələrində daha çevik idarəçiliyin
təmin olunmasına xidmət edir. Təbii
ki, ölkəmizdə həyata keçirilən yeniliklər
regional idarələrin işinin təşkilində də tətbiq
edilməlidir. Yerlərdə mədəniyyətin,
eləcə də turizmin inkişafı birbaşa onların
işinin keyfiyyətindən asılıdır. Yeni yaradılan regional idarələrin əldə
etdiyi nəticələrin təhlil edilməsi, qarşıya
çıxan çətinliklərin aradan
qaldırılması üçün yerlərdə hər
ay müşavirələr keçirilir. Regionlarda
mədəniyyət və turizm xidmətlərinin
günün müasir tələbləri səviyyəsində
qurulması məqsədilə yerlərdə
çalışan işçilər üçün
müvafiq təlimlər, ixtisasartırma kursları təşkil
olunur, əməkdaşların müasir informasiya
texnologiyalarından istifadəsi üzrə bilikləri
genişləndirilir. Aparılan islahatlar
regionlarda turizm sənayesinin inkişafına, turizm klasterlərinin
və yeni turizm marşrutlarının yaradılmasına da
müsbət təsir göstərir.
Öncə də qeyd etdiyimiz kimi, Mədəniyyət və
Turizm Nazirliyi ölkəmizdə keçirilən mötəbər
tədbirlərin reallaşdırılmasında yaxından
iştirak edir, Azərbaycana təşrif buyuran qonaqların mədəni
istirahətinin təşkili üçün rəngarəng
mədəniyyət proqramları, layihələr
reallaşdırılır. Yeni yaradılan regional
mədəniyyət və turizm idarələri də bu tədbirlərə
öz töhfələrini verir. Regional
idarələrin ölkəmizin mədəni, tarixi dəyərlərinin,
turizm imkanlarının xarici qonaqlara tanıdılması və
təbliği işində yaxından iştirak etməsi
qarşıya qoyulan əsas vəzifələrdəndir.
- İnnovasiyalardan danışarkən informasiya
texnologiyalarının rolunu da vurğulamaq lazımdır. Mədəniyyət
və Turizm Nazirliyində bu sahəyə necə
yanaşılır?
- İnformasiya texnologiyaları nazirliyin fəaliyyətində
strateji əhəmiyyət kəsb edən sahələrdəndir. Buna misal olaraq
bilavasitə nazirliyin rəhbərliyinin təşəbbüsü
ilə reallaşan bir sıra işləri qeyd etmək istərdim.
Mütəmadi şəkildə regional mədəniyyət
və turizm idarələrinin saytları yenilənir, aktual
informasiyalarla təmin olunur. Qlobal internet məkanında
ölkəmizin maddi-mədəni irsinin təbliğatı
aparılır, reklam çarxları yayımlanır.
Bundan əlavə, milli mədəni irs
nümunələrimizin mənimsənilməsinin
qarşısının alınması məqsədilə
xarici ölkələrin də internet resurslarının
monitorinqi aparılır. Təbii ki, bu
xüsusda ölkə başçısının təşəbbüsü
ilə yaradılan “Elektron hökumət” proqramını
vurğulamaq lazımdır. Xatırladım
ki, Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet
saytı (http://mct.gov.az) 2016-cı ildə hökumət
informasiya portalları arasında ən yaxşılardan
olmuşdur. Bu istiqamətdə xidmətlərimizin
daha da genişləndirilməsini davam etdirəcəyik. Bütün bunlar operativlik və şəffaflığın
artırılmasına xidmət edir. Bu
gün dünyada gedən informasiya mübarizəsini də
diqqətdə saxlayırıq. Biz gərək
xarici internet resurslarında əks olunan informasiyalara adekvat
cavab verə bilək. İnternet məkanı
milli mədəniyyətin təbliği üçün ideal
vasitədir.
- Ölkəmizdə
turizm sənayesinin inkişafı üçün hansı
işlər görülür?
- Azərbaycan
müstəqilliyini bərpa edəndən sonra ölkəmizin
turizm sənayesi də böyük inkişaf yolu keçib. Xüsusilə son illər dövlətin bu sahəyə
göstərdiyi diqqət və qayğı turizm sektorunun
şaxələnməsinə imkan yaradıb. Turizm sənayesinin sürətli inkişafını
təmin etmək məqsədilə fərman və sərəncamlar
imzalanıb, dövlət proqramları qəbul olunub,
mühüm layihələr həyata keçirilib.
Ölkə Prezidentinin 6 dekabr 2016-cı il
tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında
ixtisaslaşmış turizm sənayesinin inkişafına dair
Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi isə bu sahə
üçün yeni bir mərhələnin
başlanğıcını qoymuşdur. Strateji
Yol Xəritəsində ölkəmizdə turizmin
inkişafını stimullaşdıran və gələcək
inkişafını təmin edəcək çox
mühüm müddəalar yer alıb.
Həmçinin
2012-ci ildən elektron viza sisteminin yaradılması, eləcə
də bir sıra ölkələrin vətəndaşları
üçün sadələşdirilmiş viza rejiminin,
2017-ci ilin yanvarından “ASAN viza” sisteminin tətbiqi xarici
turistlərin Azərbaycana daha rahat şəkildə səfər
etmələrinə şərait yaradıb. Bu
gün Azərbaycan mədəni, sağlamlıq, dağ-xizək,
idman, işgüzar, ekoloji, ov və çimərlik kimi ən
fərqli turizm növləri üzrə dünyanın
müxtəlif ölkələrindən turistləri cəlb
edir. Ölkəmizdə dünyanın məşhur
brend otelləri fəaliyyət göstərir, turistlərə
göstərilən xidmətin çeşidi və keyfiyyəti
də ildən-ilə yüksəlir.
-
Nazirliyin diqqət mərkəzində olan hansı perspektivli
sahələri qeyd edə bilərsiniz?
- Praktiki
olaraq bu gün bütün istiqamətlər strateji cəhətdən
əhəmiyyətlidir. Məgər gənc nəslin
estetik tərbiyəsi, milli mədəniyyətin təbliği,
ölkənin beynəlxalq imicinin formalaşması vacib məsələlər
deyil? Qeyd etdiyim kimi, ölkə
iqtisadiyyatının prioritet sahələrindən olan turizm sənayesi
bu gün xüsusilə diqqət mərkəzindədir.
Eləcə də kino sənayesi, kitab çapı, muzey
işi və s. bütün bu istiqamətlər də diqqət
tələb edən sahələrdir və onların təbliğatı
vacibdir. Mədəniyyət və Turizm
Nazirliyinin fəaliyyətinin əsas istiqamətlərindən
biri də Azərbaycanın və xarici ölkələrin
kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıqdır.
Çünki mədəniyyətin təbliğində
media hər zaman xüsusi rola malikdir.
Xalq Cəbhəsi.- 2017.- 26 may.-
S.15.