“AMEA çox
böyük potensiala malikdir”
Mayın 2-də akademik seçilən
Milli Məclisin deputatı, professor Nizami Cəfərovun
Teleqraf.com saytına müsahibəsi (ixtisarla)
- Nizami
müəllim, siz elmi dərəcə və vəzifələri
gənc yaşlarında almısınız. 57
yaşınızda isə Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) həqiqi üzvü seçildiniz.
Akademik deyəndə şüuraltında
yaşlı insan təsəvvür edirik. İstərdim,
söhbətə dilçilik istiqaməti üzrə
akademikliyə iddianızdan başlayaq...
- Elmlə
məşğul olan adam hansısa adı
nə vaxt və hansı şəkildə alacağını
düşünməməli, məşğul olduğu sahədə
daim işləməlidir. Arada 3-5 ay fasilə verdinsə, istər-istəməz
beyni yenidən işlətmək bir neçə il çəkir. Bir təhlükə
də var ki, pedantlıq olmasın. Adam var,
bir sahə ilə məşğul olur, amma yaradıcı
yanaşması yoxdur. Yazdığı əsərlər
ya bir-birini təkrarlayır, yaxud vaxtilə mövcud olmuş
ideyaların təzədən icmalını
çıxarır. Bir sözlə,
yeniliklər olmalıdır, nəyisə axtarıb
tapmalı, problemləri bilməlisən, məşğul
olduğun sahə ilə əlaqədar olan başqa elmləri
beyninin tutacağı qədər mənimsəməlisən.
Ondan sonra yazacağın əsərlərdə
nə qədər təkrarçılıq olsa da, onun
içində mütləq yeniliklər olacaq. Bakı Dövlət Universitetinin filologiya fakültəsində
oxuyanda hələ tələbəlik illərindən ciddi
elmlə məşğul olmağa başlamışam. Sonra fəaliyyətimi ardıcıl davam elədim.
O zaman elmi adlardan elmlər namizədi, elmlər doktoru
adlarını alırdılar. Bu adları
bütün diqqətimi elmə verdiyimə görə
vaxtında, qayda-qanunlara uyğun olaraq aldım.
Düşünürəm ki, normal elmlə məşğul
olan adam elmi dərəcə və
adları vaxtında almalıdır. Dəqiq
elmlər, məsələn, riyaziyyatla məşğul olanlar
elmi dərəcələri daha tez alır. Çünki riyaziyyat gimnastika kimidir. 30 yaşında artıq təqaüdçüsən.
Məşhur riyaziyyatçılarla söhbət edəndə
görürəm ki, onlar da bu fikirdədirlər ki, ali riyazi təfəkkürə çox gənc
yaşlarında yiyələnə bilirsən. Məsələn,
20 yaşında əsas kəşflərini edə bilərsən,
30 yaşında isə riyaziyyatçılar daha çox
filosof olurlar. Yəni artıq riyazi
hesablamaları beyin sürətlə qəbul edə bilmir.
Humanitar sahədə isə mütləq yaş
öz sözünü deyir. Yaş, təcrübə,
müdriklik çox vacibdir, bütün bunlar sənə
böyük ümumiləşdirmələr aparmağa imkan
verir. Sən çoxlu ədəbiyyat əsərləri,
tarixi mənbələr oxumalısan. 20-30
yaşlarında yaza və düşünə bilmədiklərimi
40-50 yaşında daha rahat və sistemli edə bilirdim.
Aspiranturada oxuyanda müasir dünya dilçiliyinin banisi
Ferdinand de Sössürün "Ümumi dilçilik
kursu" kitabını oxudum və çox az
başa düşdüm. Elmlər namizədi
olanda müəyyən hissələri daha yaxşı
başa düşürdüm və onu rus dilindən Azərbaycan
dilinə tərcümə eləməyə başladım,
edə bilmədim, gücüm çatmadı. Elmlər doktoru olandan sonra təkrar o kitab üzərində
işləməyə başladım, çünki
dilçiliyin əsas əsəridir, istəyirdim Azərbaycan
dilində də olsun. Amma Azərbaycan
dilində onu elə ifadə etməliydim ki,
anlaşılsın. Artıq 40
yaşlarında onu tərcümə edə bildim. Demirəm ki, mükəmməldir, hər halda
özüm dərk elədim ki, nə deyir. Bizim tanınmış dilçi alimimiz professor Nəsir
Məmmədov bizə universitetdə Sössürdən dərs
deyirdi. Haradasa 70 yaşı olardı, bir dəfə dedi
ki, mən neçə ildir Sössürü oxuyuram, ondan dərs
deyirəm, təbii müəyyən məsələlər
mürəkkəbdir, bəzilərini anlamaq asandır, amma
onun nə dediyini, mahiyyətini keçən il başa
düşmüşəm (gülür). Humanitar
sahədəki mütəxəssislər 30 yaşlarında
elmlər namizədi, 50-60 yaşında elmlər doktoru olursa,
ona pis baxmaq lazım deyil. Mən elmlə ardıcıl məşğul
oldum, başqa işlərin dalınca getmədim, bu da mənə
sürətlə adlar almağa imkan verdi.
26 yaşımda namizədlik dissertasiyasını müdafiə
elədim, amma elmlər doktoru adını bir az
daha tez aldım, 32 yaşında. Elmi rəhbərim Tofiq
Hacıyev doktorluq işini gətirəndə heç
baxmadı, müdafiələrə qədər elmi rəhbər
məqalələri oxuyur, məruzələrə qulaq
asır və təsəvvür yaranır, dedi ki, get
yazdığın işə bir də bax, 20 ildən sonra o əsəri
oxuyanda özündən narazı qalmayasan, amma gəlib
müdafiə edə bilərsən. Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü
seçiləndə gözləmirdim,
düşünürdüm ki, mənim üçün
tezdir. Çünki məndən qabaqda
müəllimlərim vardı, onların bir hissəsi
müxbir üzv keçmədilər, bilirdim ki, məndən
çox onlar layiqdir. O zaman uzun illərdən sonra ilk dəfə
müstəqillik dövründə seçkilər
keçirilirdi, ictimai-siyasi proseslər elə idi ki,
seçkilər uzun müddət olmurdu. Nəzərdə
tutdular ki, alimlərimiz bir az
yaşlaşıblar, ona görə də güzəştlə
cavanlardan da müxbir üzv seçilsin. Yəni
mən o zaman güzəştlə, hörmət edib
müxbir üzv seçildim. Obyektivliyə
qalsa, məndən qabaq çoxlu alimlər vardı ki,
onların xidmətləri daha çox idi və onlar
seçilməliydi. Amma bu güzəşt
mənə elə gəlir ki, həm də qarşıma məsuliyyət
qoydu. Tofiq Hacıyev həm diplom, həm də namizədlik
dissertasiyamın rəhbəri olmuşdu, doktorluq işimin məsləhətçisi
idi, onunla eyni ildə müxbir üzv keçdik, Ağamusa
Axundov müəllimim olmuşdu, onunla da həmçinin eyni
vaxtda müxbir üzv seçildik. Bu, əlbəttə,
mənim üçün böyük qürur idi,
çünki müəllimlərimlə bir yerdə
seçilmişdim, həm də məsuliyyət idi. Məsələn, həmin vaxt böyük
dilçimiz Yusif Seyidov və ya başqa dilçilərimiz
keçməli idilər. Mənə deyirlər,
müxbir üzvlüklə həqiqi üzvlük arasında
xeyli zaman keçdi, faktiki olaraq sən gecikdin, nəhayət
ki, seçildin və sair. Bu deyilənləri
qəbul eləmirəm.
- Aradan
neçə il vaxt keçdi ki?
- 2001-ci
ildə müxbir üzv seçilmişdim, indi də 2017-ci
ildir, 15 ildən artıq vaxt keçib. Adətən,
müxbir üzvlüklə həqiqi zvlük arasında bu qədər
məsafə olmur. Amma bizim filologiya sahəsində
böyük alimlərimiz olub ki, elə ancaq müxbir üzv
olublar. Məsələn, Əbdüləzəl
Dəmirçizadə. Bütün Azərbaycan
dilçilərinin müəllimi sayılan Muxtar Hüseynzadə
heç müxbir üzv olmayıb, ancaq professor elmi vəzifəsi
olub. Əvvəlki güzəşti də nəzərə
alanda fikirləşirəm ki, yox, hələ bəlkə də
bir az tezdir (gülür). Təbii
ki, formal olaraq vaxtilə arada olan seçkilərdə namizədliyimi
verə bilərdim, amma vermədim.
- Niyə?
- Birinci dəfə
Ağamusa Axundov namizədliyini vermişdi və bizim istiqamt
üzrə 1 akademik yeri vardı. İkinci dəfə
də Tofiq Hacıyev namizədliyini irəli
sürmüşdü. Hətta o zaman mənə dedilər
ki, sən də namizədliyini ver, ola
bilsin, əlavə yer ayırsınlar. Bizdə
bu praktika da var, çox zaman da müəyyən adamlar elə
keçirlər. Amma sözün
açığı, bu təklif mənə heç normal
görünmədi. Görürdüm ki,
yer birdir, layiq olan da Tofiq müəllimdir. Dedilər,
sağ olsun, müəllimi namizəd oluğuna görə
öz namizədliyini irəli sürmədi, amma onun
üçün adama təşəkkür eləməyə
ehtiyac yoxdur. Düşünürəm ki, normal adam bu cür hərəkət eləməliydi.
- Bəs
bu seçkilərdə necə oldu namizədlik barədə
qərara gəldiniz?
- Bu dəfə
artıq bildim ki, bu yer mənimkidir. Təsadüfən
yer verilmir. Əvvəldən nəzərdə
tutulur ki, neçə akademik yeri lazımdır.
Çünki limit var. Çox normal düşündülər
ki, tarix sahəsində 5 layiqli adam var,
onlar üçün 3 yer ayrıldı, layiqli adamlar da
akademik seçildi. Bəlkə də 1-2 layiqli adam
kənarda qaldı. Belə hallar da olur. Mən bilirdim ki, dilçilik sahəsində məni
nəzərdə tutublar, sonra bir yer də əlavə edildi,
Möhsün Nağısoylu keçdi, o da tamamilə layiqdir.
Möhsün müəllim təzəlikcə
müxbir üzv keçmişdi, amma sağ olsunlar, belə qərara
gəldilər ki, o da həqiqi üzv seçilsin. Desəm
ki, 10 il qabaq akademik seçilməliydim,
onda səhv etmiş olaram. Hətta fikirləşirdim ki, ola bilsin bu dəfə də həqiqi üzv
seçilməyim. Amma bilirdim ki, bu dəfə keçməsəm...
- Sonuncu
elmi nailiyyətiniz nə olub?
- Həm
dilçilik sahəsində, həm də ədəbiyyatşünaslıq,
bütövlükdə ümumi filologiya sahəsində
çox çalışmışam. Əsas
işlərim Azərbaycan dilinin tarixi, dilimizin türk dilləri
içərisində yeri, Azərbaycan dili və ədəbiyyatı
tarixinin dövriləşdirilməsi ilə
bağlıdır. İşlərimdə
az-çox diqqəti cəlb edən məsələ
xalqımızın, dilimizin və ədəbiyyatımızın
tarixini türk dünyası kontekstində öyrənməkdir.
Yəni təsadüflər, ordan-burdan gəlmələr,
yayınmalar şəklində yox, konkret olaraq milli mənliyimizin
mahiyyətinin nədən ibarət olması sahəsində
çalışıram. Demirəm,
böyük kəşflərim var, hər halda elmimiz
üçün yeni qəbul edilən, istinad olunan xeyli
mülahizələr var ki, onların üzərində
işləmişəm.
- Müstəqillik
dövründə iqtisadiyyat üzrə akademiklər
seçilməməsini nə ilə izah etmək olar?
- AMEA-nın elm siyasəti dövlət tərəfindən tənzimlənir. Sovetlər Birliyindən sonra postsovet məkanında elə respublikalar oldu ki, onlar Elmlər Akademiyasını ümumiyyətlə ləğv elədi, elələri oldu ki, onu formal quruma çevirdi. Azərbaycandakı qədər Elmlər Akademiyasına xüsusi diqqət verən, bu qurumda çalışan işçilərin maaşını qaldıran, onların nüfuzunu yüksəldən, ölkənin ictimai-siyasi həyatına cəlb edən başqa dövlət yoxdur. Bu, ümumilli liderimiz Heydər Əlyevin dərindən dərk olunmuş və kifayət qədər perspektivləri olan siyasətidir. AMEA çox böyük potensiala malikdir. 90-cı illərin əvvəllərində akademiya məhv olurdu, deyirdilər Elmlər Akademiyası lazım deyil. Amma bundan sonra gedən proseslərdə o nəzərdə tutulur ki, hansı sahələrə önəm verilməlidir. Elə sahələr var ki, həddən artıq praktik sahədir. Məsələn, iqtisadiyyatın özü nəzəri sahədən daha çox təcrübidir. Dövlətimizi, iqtisadi prosesləri özümüz idarə edirik. Bu sahədə də bizim akademiklərimiz olub, yenə də olacaq, buna şübhə yoxdur. Amma dil, ədəbiyyat, tarix üçün kabinetdə oturub işləyən adamlar lazımdır, çünki sırf nəzəri sahədir. İqtisadiyyat istiqaməti üzrə akademiklərin az olması, heç də o demək deyil ki, bu sahə inkişaf eləmir. Bizim yaxşı işləyən dövlət aparatımız, hüquq sistemimiz, idarəçilik texnologiyalarımız var. Faktiki olaraq bütün nazirlərimizə akademik adı verilə bilər. Bəzən onların bildiyini heç nəzəriyyəçilər bilmir. Çünki onlar işin birbaşa praktik tərəfi ilə məşğuldurlar. Amma elmin fundamentallığı var. İqtisadiyyatın idarəçilik texnologiyaları ilə məşğul olan alim bir dövlətin deyil, bütün dünyada gedən prosesləri ümumiləşdirir. Ola bilər bu ümumiləşmə heç kəsə lazım deyil, nəzəri bir şeydir. Kənd təsərrüfatı sahəsi üzrə akademik seçilmiş şəxsi kənd təsərrüfatı naziri qoysan, o, nazirin işini görə bilməyəcək. Amma onun da bildiyi elə ümumiləşmələr var ki, o, bizim elmi təfəkkürümüzün mədəniyyəti üçün lazımdır...
- Siyasətə çox vaxt ayırsınız, yoxsa elmə, yazı-pozu işlərinə?
- Daha çox elmə. Artıq 100-ə qədər
kitabım çıxıb, düzdür, içərisində
təkrarlar da var, heç vaxt elmdən artıq heç nəyə,
o cümlədən məişətimə, ailə işlərinə,
siyasətə vaxt ayırmamışam. Təbiətən
siyasətçi deyiləm. Daha çox elmlə məşğul
olan adamam. Özü də bilmirəm siyasətçi olmaq nə
deməkdir.
Xalq Cəbhəsi.- 2017.- 26 may.-
S13.