Alim-general Əli ağa
Şıxlinski
O generallar arasında ən
yaxşı hərb alimi, ən məşhur artilleriya
generalı idi
1-ci
yazı
Fitri istedada malik olan tam artilleriya generalı Əli
ağa Şıxlinski bütün varlığı ilə
sevdiyi Azərbaycan xalqına ömrünün sonunadək sədaqətlə
xidmət edib.
Hərbi fəaliyyətində araşdırmalar
apardıqda onun bir çox sahələrdə ilkin şəxs
olduğunun şahidi oluruq. Yalnız general
kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur
sərkərdə həm də hərb elminin görkəmli
alim idi. Hələ əsrin əvvəllərində hərbi
mütəxəssislər tərəfindən yüksək
qiymətləndirilən “Şıxlinski
üçbucağı”ndan təkcə Rusiyada deyil, Fransa,
Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin
artilleriya məktəblərində dərslik kimi istifadə
olunub.
Əli ağa Şıxlinski
“Üçbucağı”nda artilleriya tarixində ilk dəfə
topların gözlə görünməyən hədəfə
atəş açmaq texnikasını işləyib
hazırlayıb və topların təkmilləşdirilməsi
işinə bir sıra dəyərli yeniliklər gətirib. Hərb elminin
mütəxəssisləri bu gün də etiraf edirlər ki,
general Şıxlinski qeyri-adi fəaliyyəti ilə fərqlənmiş
nadir hərbi mütəxəssislərdəndir. O, yeganə
azərbaycanlıdır ki, ilk dəfə Fransanın
generallara məxsus fəxri “Legion ordeni” və zabitlərə
verilən “Legion xaçı” ilə təltif edilibr. Əli ağa Şıxlinski generallar arasında ən
yaxşı hərb alimi, alimlər arasında ən məşhur
artilleriya generalı idi.
Arxiv sənədlərindən məlum olur ki, general
Əli ağa Şıxlinski 1939-cu ildən sonra alim Heydər
Hüseynovla müntəzəm elmi yaradıcılıq əlaqəsi
saxlayıb.
Respublika Mərkəzi Dövlət Ədəbiyyat və
İncəsənət Arxivindən aşkar etdiyimiz 1940-cı
il 15 iyul tarixli məktub da general tərəfindən
alimə ünvanlanıb. İri
ölçülü kağızlarda yazılmış
iyirmi səhifəlik məktub-müraciətində general
Əli ağa Şıxlinski alimə 852 sözün
izahını və düzəlişlərini yazıb
göndərmişdi. Məktubdan məlum
olur ki, 1939-cu ildə Heydər Hüseynovun redaktorluğu ilə
nəşr olunmuş “Rusca-azərbaycanca lüğət”i
mütaliə etdikdən sonra general bu ağır zəhməti
çəkib. General “Qeydləri”nin
müqəddiməsində yazır: “Redaksiyanın
çağırışına əməl edərək,
lüğətdə mənim rast gəldiyim səhvlər
haqqında bəzi mülahizələrimi təqdim edirəm. Ümumiyyətlə, lüğət çox
gözəldir. Hər bir sözü
ayrılıqda deyil, bütün cümlənin ümumi mənasını
tərcümə etmək üçün, tərcüməçilərə
kömək edəcək frazeologiya xüsusilə
yaxşıdır”.
Ümumi müddəalarında isə Əli ağa
Şıxlinski belə qərara gəlir ki, lüğətin
əsas çatışmayan cəhəti onun qısa
olmasıdır. “Lüğətdə çox yerdə əsas
sözlər buraxılmış, ancaq onların törəmə
sözləri verilib. Bizim dilimizi ona yad olan
söz düzəltmələrindən təmizləmək
lazımdır. Əgər başqa dillərə
məxsus sözlərdən istifadə etmək ehtiyacı
varsa, onda törəmə sözlər bizim dilimizin
qanunlarına uyğun olmalıdır. Bu, hər
şeydən əvvəl, isimlərdən sifət əmələ
gəlmə hallarına aiddir. Məsələn: a v t o m
a t yazmaq olar və yazmaq da lazımdır. Ancaq a
v t o m a t i k – olmaz, artıqdır. H ə
r b sözü isə dilimizə çoxdan qəbul edilib, onu
saxlamaq, h ə r b i sözünü isə atmaq
lazımdır. Azərbaycan xalq dilinin zəngin
xəzinəsində rus və Avropa sözlərinin
qarışığı kimi işlətmək də məqsədəuyğundur.
Məsələn: a x ı n t ı (cərəyan), s a x l a n
c (ehtiyat), d ö v r ç a ğ d ö n ü m ü
(dövr), d ü z g ü (quruluş), b i l g i (nəzəriyyə)
və s.”.
Təvazökar
general məktubunun sonunda yazır: “Əgər Siz təqdim
olunmuş materialın heç olmasa kiçik bir hissəsindən
istifadə edə bilərsinizsə, onda mən
özümü çox xoşbəxt sanaram. Sevinərəm
ki, mən də öz balımın kiçik bir
damlasını Sizin gözəl arı pətəyinizə
əlavə etmişəm”.
General Əli ağa Şıxlinskinin bu iradlarını
məmnuniyyətlə qəbul edən alim Heydər
Hüseynov cavab məktubunda yazır ki, lüğətin gələcək
nəşrində sizin elmi zəhmətinizdən mütləq
istifadə olunacaq. Alim bunun üçün generala sətir
haqqı da göndərib. Akademik
Əliheydər Orucov “Əli ağa Şıxlinskinin bir əlyazması
haqqında” adlı məqaləsində haqlı olaraq belə
qənaətə gəlir ki, generalın alim Heydər
Hüseynova göndərdiyi “Qeydlər”i lüğətçilik,
xüsusən də termin yaradıcılığı
baxımından çox faydalıdır. İndiyə
qədər hərbi mütəxəssis kimi tanınan Əli
ağa Şıxlinskinin dil, lüğətçilik,
terminologiya məsələlərilə maraqlanması
faktının özü səciyyəvi haldır.
General Əli ağa Şıxlinski lüğətçiliklə
1940-cı ildənmi məşğul olmağa başlayıb? Xeyr! Onun şəxsi
arxivində mühafizə olunan “Zabitin dəftəri”ndəki
qeydlərindən məlum olur ki, o, hələ gənc zabit ikən
hərb elmi ilə, dilçilik və hərbi lüğətlə,
terminologiya ilə maraqlanıb və bu sahədə gərgin
axtarışlar aparıb. Uzun illər –
1879-cu ildən 1917-ci ilədək həyatının çox
hissəsini Azərbaycandan uzaqlarda, yüksək hərbi dairələrdə,
özgə məmləkətdə və başqa dil
mühitində yaşamasına baxmayaraq, general milli
varlığını, ana dilini qoruyub saxlaya bilib. Orada
Azərbaycan dilində mətbuatın və nəşriyyatın
olmaması üzündən “Rusca-türkcə qısa hərbi
lüğət”ini 1926-cı ildə Bakıda üç əlifbada
– rus, ərəb və latın əlifbası
ilə nəşr etdirə bilib. Bununla da ilk dəfə
Azərbaycanda hərbi lüğətin yaradıcısı
olub. Məhz bu əvəzsiz xidmətinə görə
general Əli ağa Şıxlinski SSRİ Hərbi İnqilab
Şurasının 1928-ci il 23 fevral tarixli
qərarı ilə Fəxri Fərmanla təltif olunub. Şıxlinskinin lüğəti hərbi nizamnamələrin,
hərbi elmi ədəbiyyatın Azərbaycan dilinə tərcümə
olunmasında böyük əhəmiyyət kəsb edib.
Eyni zamanda hərbi məktəblərdə,
yenicə yaranmış orduda xidmət edən azərbaycanlı
əsgər və zabitlər bu lüğətdən qiymətli
vəsait kimi istifadə ediblər. Həmin kitabın
elmi terminoloji əhəmiyyətini maraqlı faktlarla araşdıran
filologiya elmləri namizədi A.Hacıyeva yazır: “Əli
ağa Şıxlinskinin lüğəti geniş dil
materialının dərin təhlilinin nəticəsi idi.
Azərbaycan
dilinin lüğət tərkibini geniş əhatə etməsi
xalq dilinə məxsus söz və ifadələrdən
yerli-yerində, səmərəli istifadə olunması, bir
çox unudulmuş və az işlənən
sözlərə yenidən ter¬min kimi həyat vəsiqəsi
verilməsi baxımından Ə.Şıxlinski lüğəti
o dövrdə nəşr edilən lüğətlərin
hamısından fərqlənir. … Azərbaycan
dilində hərbi terminologiyanın olmaması bu işdə
böyük çətinlik törədirdi. Əli ağa Şıxlinskinin lüğətinin nəşri
ilə həmin çətinlik, demək olar ki, aradan
qaldırıldı”.
General Şıxlinskinin 1926-cı ildə nəşr
etdirdiyi 280 səhifəlik “Rusca-türkcə qısa hərbi
lüğət” elmi əsəri xüsusi dəyərə
malikdir. Həmin
lüğətin misilsiz elmi əhəmiyyətindən
danışan görkəmli filosof-alim Heydər Hüseynov
yazır: “...Kitabın əvvəlində general Əli ağa
Şıxlinski lüğət tərtib edərkən yeddi əsas
qəbul etdiyini göstərir: 1) Yad sözlərin yerinə
bacardıqca, türk-Azərbaycan sözləri qoyulub. 2) El
arasında işlənən türkləşmiş ərəb
və fars sözləri buraxılmayıb:
bu dürlü sözlər, onlar elə birmənalı
türk sözlərinin yanında dırnaqlar arasında
yazılıb; məsələn: ç a ğ (vaxt, zaman). 3)
Türkcəyə qarışmış bəzi ərəb
sözləri türkcə deyilişinə uyğun yazılıbdır;
məsələn: q a l a (qələ yerinə),
s a h a t (saət yerinə). 4) Kökləri ərəbcədən
olan sözlərin deyilişləri türkcəyə
uyğunlaşdırılıb; məsələn, v ə q t
l ə r, t ə b i b l ə r, v ə z i f ə l i (evqat, ətibba,
müəzzəf yerinə) və sairə…”
Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Əliheydər Orucovun “Ə.Şıxlinskinin bir əlyazması haqqında” məqaləsindən: “Yaşının ötməsinə, səhhətinin pozulmasına baxmayaraq, ge¬neral Əli ağa Şıxlinski həyatının son günlərinə qədər dilimizin vəziyyəti, terminologiya, orfoqrafiya, lüğətçilik məsələləri ilə maraqlanırdı. Onu tez-tez Lüğətlər İnstitutunda, həmin institu¬tun direktoru Heydər Hüseynovun yanında görmək olardı. Heydər Hüseynov Əli ağa Şıxlinskiyə dərin hörmət və həssas münasibət bəslərdi. İnstitutun hazırladığı lüğətlərlə onu tanış edər və bu barədə fikrini bilmək istərdi. Onun 1940-cı ildə aka¬demik Heydər Hüseynova 49 səhifədən ibarət göndərdiyi “Qeydlər”dən göründüyü kimi, ana dili ilə bərabər, klassik ədəbiyyatımızı, xüsusən, folklorumuzu çox gözəl bilirmiş. Əli ağa Şıxlinski indi ədəbi dildə işlənməyən, buna görə də müasir lüğətlərə düşməmiş, amma bəzi dialekt və şivələrimizdə işlənməkdə davam edən sözləri yada salmaqla onların yazılı dilə (lüğətlərə) keçirilməsini məqsədəuyğun hesab edir. Bu baxımdan onun özünün yeni söz və formalar yaratmaq təşəbbüsü təqdirəlayiqdir. Bugünkü şəraitdə daha böyük əhəmiyyət qazanmış bu məsələ, görünür, hələ o zaman Əli ağa Şıxlinskini düºündürmüº və fürsətdən istifadə edərək, yazdığı “Qeydlər” vasitəsilə fikrini lüğətçilərin nəzərinə çatdırıb”.
O vaxtdan illər keçdi. General Əli ağa Şıxlinskinin ilk vəsait olan hərbi lüğəti bir daha işıq üzü görmədi. Totalitar sovet rejimi azərbaycanlı generalın elmindən bəhrələnməyi öz millətinə ya¬saq etdi. Az tirajla nəşr olunmuş bu kitabın nadir nüsxələri qalıb. Bu gün zaman, dövr dəyişib. Yeni yaranan ordumuz üçün həmin lüğətin əhəmiyyəti, şübhəsiz ki, əvəzsiz olardı. Ona görə də nəşriyyatlarımız böyük hərb alimi Şıxlinskinin lüğətinin yeni nəşri barədə təşəbbüs göstərməlidir.
Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əli ağa Şıxlinski həmişə birincilər sırasında olub. O, beş müharibənin şahidi, dördüncünün iştirakçısı olub: 1900-1901-ci illərdə Çin hərbi yürüşündə (tarixə “Boksyor üsyanı” kimi düşüb), 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il Cahan müharibəsində, 1918-1920-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb. Böyük Vətən müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini dayandırmayıb. O, “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə etməsin.
Görkəmli sərkərdə Əli ağa Şıxlinskinin xalqımız üçün ən böyük xidmətlərindən biri də 1917-ci ilin noyabrında olub. Həmin ayın on beşində Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, Milli Azərbaycan Ordusunun təməl daşını qoyub. Bu barədə general “Xatirələrim” hərbi memuarında daha dəqiq məlumat verir: “Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olduğu barədə əmri oxudum. Öz xalqımın, baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım…
Şəmistan Nəzirli
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2017.- 27 may.- S.13.