“Bakıda qəhrəmanlıq heykəlləri
azdır”
Ömər
Eldarov: “Götürülən heykəlləri
dağıdıb materialını satdılar”
alq rəssamı,
Bakı Rəssamlıq Akademiyasının rektoru Ömər
Eldarovun APA-ya müsahibəsi
- Gəlin,
söhbətimizi elə tələbələriniz barədə
davam edək...
- Mən
lap birinci gündən burda rektoram. Deyəsən,
üstündən 16 il keçib. Bilirsiniz ki, Peterburqda oxumuşam, ona görə də
yaxşı bilirəm, kimin istedadı hara qədərdir.
İnanın, çox talantlı uşaqlarımız var. Bəziləri
gələndə çox az şeyi
bacarırdılar. Dörd il keçir,
baxıram, əməlli başlı usta olublar. Bizim
akademiyada yüksək mənada imtahan yoxdur. Nəyə görə? Bizə
imtahan vermək üçün hazırlıq
lazımdır. Məsələn, rəngkarlıq
rəssamı, yaxud heykəltəraş qəbul olmaq
üçün lüt adamı görüb, çəkməlidir.
Fərqi yoxdur, kişi, ya qadın. O,
lüt adamı harada görür? Ancaq hamamda
görə bilər. (Gülür). İndi əvvəlki hamamlar da yoxdur. Ona görə də bizdə kiçik imtahanlar
götürülür. Amma dizayn fakültəsində hər
il ciddi imtahan aparırıq.
Dizaynerlər layihələrlə işləyirlər,
onların ciddi imtahana cəlb olunması vacibdir. Dizaynerlər
akademiyanı bitirəndə onlara tələbat çox olur.
Rəssamlıq isə azad sənətdir, biz onlara iş verə
bilmirik. Daha doğrusu, iş yoxdur, tapmaq
çətindir. Hər təşkilatın
dizayner ştatı var, rəssam ştatı isə yoxdur.
Bizim akademiyanı ildə on iki ixtisas üzrə
100-150 nəfər bitirir. Tələbat
olmadığına görə bu rəqəm də
çoxdur. Əvvəllər də heykəltəraşlara,
rəngkarlara, qrafika mütəxəssislərinə iş
vermirdilər. Bunlar həmişə sərbəst
ixtisaslar olublar. Gərək öz emalatxanan
olsun ki, işləyə biləsən. Sovet vaxtında
plan var idi. Mədəniyyət Nazirliyi, Nazirlər Kabineti, Rəssamlıq
Fondu ilə müqavilə imzalanırdı və onlar bizim
köməyimizə gəlirdilər. İndi
Nazirlər Kabinetindən, Mədəniyyət və Turizm
Nazirliyindən, Rəssamlar İttifaqından xahiş edirik,
amma başa gəlmir. Pul yoxdur. Varsa da, çox azdır.
-
Qapınız tələbələrinizin üzünə həmişə
açıq olur?
- Əlbəttə. Kimin nə problemi varsa, gəlib rahat
şəkildə deyir. Təəssüf ki, onların problemləri
çoxdur. Ən böyük problemləri
də pul məsələsidir. Hər tələbə
təxminən iki min manat təhsil haqqı ödəyir.
Tələbələrimizin sosial səviyyəsi
çox aşağıdır. Onlar
çox kasıb ailələrin övladlarıdır. İllik iki min manat ödəmək çətindir.
Ödənişsiz təhsilə ayrılan yer
çox azdır.
- Hər
halda, ödəniş edə bilməyənlərə köməkliyiniz
dəyir...
- Vaxt
verirəm, imkan yaradıram. Bir neçə dəfə
lap pis vəziyyət olub, öz cibimdən ödəmişəm.
Tələbəmiz olub, dörd il oxuyub, gəlib
yanıma ki, mənə diplom vermirlər. Niyə?
Bəs, iki min manat borcum var, ödəyə
bilmirəm. Dedim, yaxşı, sabah gəl,
mən sənə pul verəcəyəm. Təhsil haqqında
görə çox az tələbəni
xaric etmişik. Amma bilin ki, səbəb təkcə
pul olmayıb. Həmin tələbə dərsə
gəlməyib, pis oxuyub. İstedadlı
uşağı yanımdan buraxmaram getsin.
- Dediniz,
standartlara görə qəbula gələn tələbə
çılpaq insan çəkməlidir. Sizin imtahan verdiyiniz
vaxtlarda da belə olub?
- Mütləq.
Mən Əzim Əzimzadə adına məktəbdə
oxuyanda ştatda olan naturaçılar var idi. Elə indi də
var. Özü də onlar bizdən çox maaş
alırlar. Düzdür, əvvəllər maaşları az idi, sonra Nazirlər Kabineti ilə
danışdım, maaşları qalxdı. İndi saatına
beş manat qonorar alırlar.
- Yəni
onlar beş manata görə bir saat
çılpaq dayanmağa razı olurlar?
- Beş
manat az pul deyil. Dörd saat
dayanıb 20 manat alırlar. Ayda 600 manat pul
edir. Bizim müəllimlərin əmək
haqqı isə 200 manatdır.
- Gənc
rəssamlar, heykəltəraşlar necə yaşayırlar?
- Sərgilərini
açırlar, az da olsa, rəsm əsərlərini
dövlətli adamlar alırlar.
Cürbəcür qalereyalar var, işlərini orda
satırlar. Mən heykəltəraşam, ona görə sizə
özümdən misal göstərə bilərəm. Heykəltəraşlıq çox asılı sənətdir.
Dörd ildə bir iş görmüşəm. Niyazinin heykəlidir. Əgər
məndə dörd ildə bir işdirsə, deməli, yerdə
qalan heykəltəraşlarda daha azdır.
- Amma
razılaşın ki, heykəltəraşın
aldığı qonorar rəssamın qonorarından dəfələrlə
yüksək olur...
-
Baxır hansı rəssamdır. Tahir Salahovun
qonorarı çoxdur. Əlbəttə,
adi rəssamların zəhmət haqları azdır. Ən çoxu min manat. Heykəltəraşlarda
isə nə minimum var, nə maksimum. Müqavilə
imzalananda sifarişçi və müəllif
razılaşırlar.
-
Baxır sifarişçinin mərhəməti hara qədərdir...
-
Düzdür, sifarişçinin mərhəməti əsasdır.
Mən bilmirəm, amma deyirlər, Koroğlunun
heykəlinin qonorarı bir milyon manat olub. Qəzetlər
bunu yazmışdılar. Mən sonuncu
işimə görə, Niyazinin heykəlini deyirəm, 130 min
manat qonorar almışam. Demirəm,
azdır, amma belədir. Yəni fərq
çoxdur. Amma Tokay Məmmədovun
“paqonları” ilə mənim “paqonlarım” eynidir.
- Mən
sizi və Tokay Məmmədovu Azərbaycan heykəltəraşlığının
sonuncu mogikanları hesab edirəm. Heç vaxt Tokay Məmmədovun
işlərinə münasibət bildirməmisiniz...
- Bilirsiniz, etika deyilən anlayış var. Daha doğrusu peşə etikası. Mən Tokayla Əzim Əzimzadə adına rəssamlıq məktəbində bir sinifdə oxumuşam. Sonra Peterburqda eyni sinifdə oxumuşuq. Daha sonra Füzulinin heykəlini bir yerdə işləmişik. Başa düşürsünüz?
- Onun haqqında nə isə demək mənə yaraşmaz. Bizi başqa dəyərlər, başqa tellər birləşdirir. Gənclik illəri, eyni məktəbdə oxumaq, bir yerdə işləmək və s. Sənətşünaslar var, qoy onlar yazsınlar, danışsınlar. Münasibətimiz də normaldır. Daha doğrusu “ştatnı” münasibətdir. Tokay Məmmədov xalq rəssamıdır, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət Mükafatı laureatıdır.
- Ömər müəllim, fikir vermisinizsə, başqa şəhərlərdə kiçik heykəllər çoxdur. Bizim şəhər kreativ heykəllər sarıdan çox kasaddır...
- Sifariş olsa, heykəltəraşlar çox yaxşı işlər görərlər. Cavan, istedadlı uşaqlar var. Onlar ictimai yerlərdə, məsələn, bulvarda kiçik, adsız heykəllər hazırlaya bilərlər. Tutalım, ofisiant, stüardessa, musiqiçi. Tiflisdə, Moskvada belə kiçik heykəllər çoxdur. Bakıda qəhrəmanlıq heykəlləri də azdır.
- Hansı heykəlləri sənətkarlıq baxımından qiymətləndirirsiniz?
- Nizami, Azad qadın yaxşı heykəllərdir. Pyedestalı bir az yüngüldür, amma Sabirin heykəli də yaxşıdır. İdeologiya dəyişdiyinə görə götürülən heykəllər var, onlar yaxşı işlər idi. Məsələn, Kirovun, Məşədi Əzizbəyovun heykəlləri. Siz onları xatırlayırsınız?
- Kirovu yox, Məşədi Əzizbəyovu xatırlayıram...
- İndi onların heç biri yoxdur. Götürülən heykəlləri dağıdıb materialını satdılar. Mən buna çox pis baxıram. Bu, qanunsuzluqdur, cinayətdir. Buna yol vermək olmazdı. Hətta bəzilərini yalandan bərpa edib İrana satıblar. Bax, belə şeylər də olub. Moskvada həmin heykəlləri ayrıca parkda saxlayırlar. Yaxud anbar var, orda qorunur. Məsələn, Çaparidzenin heykəlinin müəllifi mən idim. İndi xəbərim yoxdur, haradadır. Dağıdıb satıblar. Mənə də heç nə demədilər.
Götürüləndə də xəbərim olmayıb. Kim məni çağırdı, getmədim? Mən başa düşürəm ki, siyasət, ideologiya dəyişdi və bəzi heykəllərin götürülməsi haqqında qərar verildi. Amma Əzim Əzimzadənin heykəlini niyə götürdülər, başa düşmürəm. Həmin heykəlin qoyulması haqqında Heydər Əliyevin qərarı olub. İndi İçərişəhərdə dağıdılmış şəkildə saxlayırlar. Bilirsiniz, necə sarsılmışdım? Neçə gün pis vəziyyətdə oldum, özümə gələ bilmirdim.
- Bir vaxtlar qəzetlər yazırdılar ki, kriminal avtoritetlər Sabirabadlı Hikmət və Masallı Mamedin məzarüstü abidələrini siz hazırlamısınız. Bu nə dərəcədə doğrudur?
- Qətiyyən. Mən heç bilmirəm onlar kimdirlər. Onları nə sağlığında tanımışam, nə dünyasını dəyişəndən sonra. Heç heykəllərini də görməmişəm.
- Son vaxtlarda qoyulan heykəllər haqqında nə fikirdəsiniz?
- Bəlkə də etikanı pozuram, amma deyim ki, Fikrət Əmirovun heykəli yaxşı deyil. Mən biləni Qara Qarayevin abidəsi də yaxşı deyil. Vacib olan obrazın yaradılmasıdır. Bu heykəllər haqqında yox, ümumiyyətlə deyirəm: düzdür, heykəlin oxşaması vacibdir, amma daha vacibi obrazın yaradılmasıdır.
Hamar, gözəl üzlü adamları oxşatmaq çətindir. Məsələn, Rəşid Behbudovu. Səttar Bəhlulzadənin işləmək mənə asan oldu, çünki oxşatmaq asan gəldi. Eyni zamanda Səttara hər cür yaradıcı yanaşmaq olur.
- Ölüm maskasını çıxarmaq ənənəsi yenə var?
- Əvvəllər var idi. İndi etmirlər.
Məsələn, Niyazinin ölüm maskasını
çıxarıblar. Bunu bacaran ustalar da yoxdurlar. Bu, vaxtilə
Rusiyada geniş yayılmışdı. Puşkinin,
Mayakovskinin, I Pyotrun ölüm maskasını
çıxarıblar. Amma deyim ki, ölüm
maskasında insan özünə o qədər də
oxşamırdı. Çünki gözləri
bağlı olur, saçların formasını
çıxarmaq olmur.
- Ömər
müəllim, beş il deputat olmusunuz.
İstəyirəm, o illəri xatırlayaq...
- Orda beş ilimi itirmişəm. İndi bilmirəm
necədir, o vaxt sessiya başlayan kimi bir neçə
müxalifətçi deputat nə isə deyirdi, sonra iqtidardan
olanlar danışırdı. Çoxu da
boş-boş sözlər. Mən
çıxanda insanlar qapının ağzına gəlirdilər
ki, bizə kömək edin. Amma onlar düz adam deyildilər. Düz adamlar ora
çox az-az gəlirdilər. Gələndə
də bir tərəfdə sakit dayanırdılar.
Düz olmayanlar isə adamın üstünə
hücum çəkirdilər. Bir neçəsinə
görə polisin, prokurorun yanına getdim, amma məlum oldu,
günahları böyükdür. İki nəfər
düz adam olub, onların azad olunmasına
kömək etmişəm. Evi olan adamlar gəlirdilər
ki, evim yoxdur, məlum olurdu, yalan danışır. O qədər
vaxt, əsəb itirmişəm ki. Beş il
başa çatan kimi dedim, mənə bəsdir.
- Amma
sizin deputat olduğunuz vaxtlarda Milli Məclisdə maraqlı
yaradıcı adamlar olub...
- Mikayıl Mirzə aktiv idi, danışırdı. Vaqif Səmədoğlu
hərdən danışırdı, Yusif Səmədoğlu
ümumiyyətlə, danışmırdı. Anar çox olmasa da, savadlı, yaxşı
danışırdı. Düzdür, mən
də danışmırdım, amma mədəniyyət komitəsində
aktiv deputat olmuşam. Üç-dörd
qanun layihəsi hazırlamışam.
- Dekabrda
90 yaşınız tamam olacaq...
- “Demək istəyirsiniz, nə istəyirəm, hə? Heç nə! Nə ad, nə yubiley. Mənim hər şeyim var. Ancaq işləmək istəyirəm. Konstantinopolu fəth edən Fateh Sultan Mehmetin heykəlini hazırlayıram. İstanbulda qoyulacaq. Abidənin hündürlüyü 16 metr olacaq. Çalışacağam, işi bir ilə təhvil verim. Bir də Allahın yanına rahat getmək istəyirəm. Həyat yoldaşım xəstədir. Pis vəziyyətdədir. Məndən bir il balacadır. Soruşursunuz ki, kimin üçün darıxıram. Ancaq oğlum üçün. 47 yaşında xərçəngə qurban verdiyim oğlum üçün. Uşaq vaxtı etdiyi hərəkətlərini yadıma salıram. Səsi qulağıma gəlir. Çox darıxıram onun üçün”.
Və Ömər Eldarov bunu deyib, pəncərədən uzaqlara boylanır. Gözlərinə çökən qızartını gizlətmək üçün...
P. S. Ömər Eldarovdan soruşmağı tamam unutdum. Yolda yadıma
düşdü, o da gec idi. Soruşmaq istəyirdim ki, sənətkar,
Fəxri xiyabanda sizə ucaldılacaq abidənin müəllifinin
kim olmasını istəyirsiniz?
Xalq Cəbhəsi.- 2017.- 27 may.- S.12.