Alim-general Əli ağa
Şıxlinski
1918-1920-ci illərdə
Azərbaycan Silahlı Qüvvələrinin təşkilində
onun müstəsna rolu olub
2-ci yazı
“Dekabrın otuz birində mən öz qərargahımın
ilk heyəti ilə Gəncəyə getdim ki, orada hissələrin
təşkil edilməsilə məşğul olum. Korpus hissələrinin
təşkilində böyük əngəllərə rast gəlirdik”.
“Açıq söz” qəzeti 1918-ci il 7
yanvar tarixli nömrəsində nizami müsəlman əsgəri
qüvvələrinin yaranması haqqında belə bir xəbər
yaymışdı:
“Yanvarın üçündə Mərkəzi Müsəlman
Zaqafqaziya Komitəsinin üzvü, Mərkəzi Komitə sədri
Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri
təşkilatı haqqında məruzədə bulunub. Məruzədən
anlaşıldığına görə 1917-ci il dekabrın on birində Zaqafqaziya
Komissarlığı Zaqafqaziya müsəlmanlarından nizami
ordu təşkil etməsi qətnaməsini
çıxarıb. Nizami ordu üçün
lazımi qədər könüllü cəm edilməsi
Zaqafqaziya Mərkəzi Müsəlman Komitəsinə həvalə
edilib. Nizami ordu təşkil edildikdən
sonra müsəlmanlardan alınan əsgəri verginin ləğv
edilməsi haqqında Zaqafqaziya Komissarlığı tərəfindən
dekret veriləcək. Zaqafqaziya
Komissarlığının qətnaməsinə əsasən
dekabrın on doqquzunda beşinci və yeddinci Qafqaziya
nişançı firqələrindən ibarət olan
altıncı ordu korpusunun Müsəlman Ni¬zami ordusu ilə əvəz
edilməsi haqqında Qafqaziya cəbhəsi
qo¬şunlarının baş komandanı tərəfindən
“Əmrnamə” verilib. Həmin əsgər dəstələrini
milliləşdirmək işlərinin nəzarəti general
Əli ağa Şıxlinskiyə həvalə edilib. General Şıxlinski öz vəzifəsinin
ifasına başlayıb”.
1918-ci il fevralın iyirmisində general Əli ağa
Şıxlinski Gəncədə yeni yaratdığı Milli
Azərbaycan Korpusunun əsgərləri qarşısında
çıxış edərək demişdi: “Azərbaycanlılar
həmişəlik yadda saxlamalıdırlar ki, doğma ordu
xeyriyyə evi deyil və ondan ötrü mövcud deyil ki, hər
bir azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun.
O, Vətənin dayağıdır və ora ölkənin ən
yaxşı qüvvələri daxil olmalıdır. Özünün xırda şəxsi
maraqlarını doğma diyarın və öz
xalqının maraqlarından üstün tutan adamların qiyməti
çox deyil və ordu təəssüf etmədən onlarla
vidalaşır. Özlərini
düşünən mənasız adamlar ordunun işini
artırmasınlar. Belə insanların
heç bir dövlət xidmətində faydası olmayacaq”.
General Əli ağa Şıxlinski bu vətənpərvər
çıxışını Gəncədə praporşiklər
məktəbinin birinci buraxılışı münasibətilə
söyləmişdi. Bu şənlikdə Qafqaz Ordusunun baş komandanı
Nuru Paşa, atası Hacı Əhməd, xalq təhsil naziri Nəsib
bəy Usubbəyov, daxili işlər nazirinin vəkili Mehdi bəy
Hacınski, sosial-təminat naziri Musa bəy Rəfibəyov, Gəncə
qubernatoru, general İbrahim ağa Vəkilov və başqa
dövlət xadimləri iştirak edirlər.
Elçi
adlı müəllif 1918-ci il noyabrın 7 və 8-də “Azərbaycan”
qəzetində (rus dilində) yazır ki, ertəsi gün
Bakıdan gəlmiş qonaqlar və demək olar ki, bütün
şəhər əhalisi hərbi meydana yol-landılar. Meydanda təlim üçün əvvəlcədən
səngərlər, yarğanlar və cürbəcür maneələr
hazırlanmışdı. Hamı
özünün Milli bayramına, Türk-Azərbaycan zabitlərinin
ilk buraxılışına tamaşa etməyə gəlmişdi.
Ətrafda bayram əhvali-ruhiyyəsi var idi.
Əlahiddə Azərbaycan korpusunun komandanı general
Əli ağa Şıxlinski ətrafdakılarla birgə səflə
düzülmüş yunkerlərə yaxınlaşıb
salamlaşdı. General Əli ağa Paşanın mehriban
“salamına” birdən-birə səkkiz yüz gəncin
ağzından gurultulu “salam” cavabı çıxdı.
Sonra proqram üzrə təlim sınaqları
keçirilməsinə başlandı. 1918-1920-ci
illərdə Azərbaycan Silahlı Qüvvələrinin təşkilində
Əli ağa Şıxlinskinin müstəsna rolu olmuşdu.
Doğma xalqın nizami ordusunu yaratmaq istəyən
general uzun illik hərbi təcrübəsindən gecə-gündüz
istifadə edirdi. Yetmiş ildən çox Respublika Yeni
Tarix Mərkəzi Dövlət Arxivində “tamamilə məxfidir”
qrifi ilə saxlanan qiymətli bir sənəd bunu bir daha təsdiq
edir. Milli Azərbaycan korpusunun komandiri general Əli
ağa Şıxlinski 1918-ci il dekabrın
13-də Gəncədən göndərdiyi “Məlumat”ında
yeni Azərbaycan Ordusunun layihəsini
hazırlamışdı. General yazırdı:
“Azərbaycanın müstəqil respublika elan edilməsi mənə
may ayının 27-də qəzetlərdən aydın oldu. Mən mayın 28-də yeni dövlətin hərb
nazirliyinin layihəsini artıq hazırlamışdım;
layihənin arxasında izahedici qeyd olan müfəssəl sxem əlavə
edilb”.
Vəziyyətlə əlaqədar Əli ağa
Şıxlinski layihəsində təklif edir ki, vaxtilə
türk zabitlərinin köməyi ilə yaradılmış
hərbi korpus ləğv edilsin. Müharibə şəraitində
bu azlıq təşkil edir. “Əvəzində
divi-ziyalar təşkil edilsin. Onlar da hərb
nazirinə və onun köməkçisinə tabe olunsun”.
Gözəl təlim və tərbiyə almış,
Mancuriyada uğurla döyüşən, yüksək
döyüş qabiliyyətli Yapon ordusunun korpus təşkilatı
haqqında təsəvvürü belə yox idi. Şıxlinski
layihədə incə bir mətləbə də
toxunmuşdu. May ayında ilk müstəqil
Azərbaycan hökuməti yarananda hərb naziri doktor Xosrov bəy
Sultanov təyin edilmişdi. O da mülki şəxs idi. Xosrov bəy türk zabitlərinin köməyi ilə
ordunun təşkilində bəzi təxirəsalınmaz
işlər görsə də, bu, ölkədəki
ağır vəziyyəti yüngülləşdirmədi.
Azərbaycanın həm daxilindəki, həm də
qon-şuluğundakı amansız düşmənə
qarşı güclü ordu yaratmaq vacib idi. Təhlükə o qədər artmışdı
ki, ölkənin qərb rayonlarında hərbi vəziyyət
elan olunmuşdu. Belə şəraitdə
mülki şəxsin hərb naziri olmasını peşəkar
hərbiçi olan Əli ağa Şıxlinski məsləhət
bilmirdi. Ona görə də haqlı olaraq
yazırdı ki, hərb naziri – əgər o, mülki şəxsdirsə
– onda o özünün yanında səlahiyyətli şəxslərin
çox ki¬çik sayından hərbi şura yaratmaq və
qoşunların təlim və tərbiyəsinə bilavasitə
nəzarət etmək üçün köməkçi təyin
etməlidir.
Mətndən o da məlum olur ki, general Əli ağa
Şıxlinski layihəni artıq ikinci, bəlkə də
üçüncü dəfə hökumətin
ünvanına göndərib. “Hökumət Gəncə
şəhərinə köçən kimi (iyun ayının
əvvəlində) mənim layihəm hərb nazirliyi müəssisələrinin
müfəssəl sxemi şəklində Nazirlər Sovetinin sədrinə
təqdim edilmişdi. Ehtimal edilirdi ki,
hökumətə tam məlumatı, yəqin ki, Nazirlər
Sovetinin müvafiq iclasına dəvət ediləcək korpus
komandiri şəxsən özü təqdim edəcək.
Lakin mən heç bir yerə dəvət edilməmişəm
və layihə haqqında heç bir xəbərdarlıq
almamışam. Güman edirəm ki, layihə
heç müzakirə edilməyib. Çünki
Bakı quberniyasının bolşeviklərdən təmizlənməsi
və bunun üçün lazım olan xarici kömək ilə
əlaqədar olaraq yaranmış xüsusi şəraitə
görə hökumət hərb naziri təyin etməkdən
imtina edib”.
Nəhayət,
hökumətin əmrilə 1918-ci il
dekabrın 25-də tam artilleriya generalı Səməd bəy
Mehmandarov hərb naziri oldu və həmin gün yanıqlı
bəyanatla xalqa müraciət etdi. Dekabrın
29-da isə general-leytenant Əli ağa Şıxlinski hərb
nazirinin müavini təyin edildi.
* * *
“…Əli
ağa Şıxlinski Cümhuriyyət dövründə Səməd
bəyin müavini olmaqla bərabər həm də onun
sağ əli idi. Səməd bəy
Ə.Şıxlinskinin işıqlı zəkasını, hərbçilik
istedadını və nəhayət, insani keyfiyyətlərini
yüksək qiymətləndirirdi. Səməd
bəy Ə.Şıxlinskinin bilik və təcrübəsindən
özü bəhrələndiyi kimi, ordu quruculuğunda da
ondan geniş istifadə edilirdi. Ordu
quruculuğu prosesinin elmi-praktik biliklər tələb edən
məsələlərinin həlli əsasən
Ə.Şıxlinskiyə həvalə edilirdi və həmin
məsələlərin keyfiyyətlə həll ediləcəyinə
də Səməd bəydə heç vaxt şübhə
olmazdı. Səməd bəy insani
qısqanclıqdan həmişə uzaq olmuşdu və vaxtilə
rastlaşdığı bir çox hərbiçilərdən
fərqli olaraq o, Ə.Şıxlinski kimi bir hərbiçi
ilə birgə xidmət etməyi nəinki karyerasına təhlükə
saymamış, əksinə, onun nazir müavini
olmasını təkidlə Cümhuriyyət hökuməti
qarşısında qaldırmışdı. Səməd bəy bilir¬di ki, Ə.Şıxlinski
bütünlükdə Nazirliyin yükünü öz üzərinə
götürməyə qadir olan bir şəxsdir və onun
xidmət başında olması xalqına yalnız fayda verə
bilər. Nazirlikdə olmadığı
vaxtlarda da Səməd bəy nazir vəzifəsinin
icrasını Ə.Şıxlinskiyə həvalə edərdi.
Cümhuriyyət dövründə hərbi
nazirin vəzifəsini digər generallar da icra ediblər.
Ancaq bu o zaman olurdu ki, həm Mehmandarov, həm də
Ə.Şıxlinski xidməti ezamiyyətdə olurdular.
General Ə.Şıxlinskinin Cümhuriyyət ordusunun təşkilində
çox böyük xidmətləri var. Onun
komandanlığı altında yaradılmış Müsəlman
korpusunun və Azərbaycan korpusunun tarixinə toxunmadan qeyd etmək
lazımdır ki, ilk milli peşəkar milli hərbi məktəbin
təşkili də əslində Ə.Şıxlinskinin
adı ilə bağlanmalıdır. Gəncədə
açılan bu məktəbin – Milli hərbiyyə məktəbinin
işə başlaması çox vaxt tarixi ədəbiyyatda
türk hərbiçilərinin fəaliyyəti ilə
bağlanılır. Sözsüz ki, Milli
hərbiyyə məktəbinin fəaliyyətə
başlamasında, ilk milli hərbi kadrların
hazırlanmasında türk hərbiçilərinin
böyük zəhmətini qiymətləndirməmək
olmaz. Ancaq ədalət naminə o da
bildirilməlidir ki, Milli hərbiyyə məktəbinin əsası
Ə.Şıxlinski tərəfindən qoyulub. Bu məktəbin təşkili üçün
Ə.Şıxlinski Müsəlman korpusunun komandiri kimi 1918-ci
ilin əvvəllərində əmr vermişdi. Məktəb Bakıda açıl¬malı idi.
Sonradan Bakıda hərbi şəraitin mürəkkəbləşməsi
üzündən onun Gəncədə təşkili qərara
alındı”. (M.Süleymanov. “Mehmandarov” kitabı,
Bakı, 2000, səh.167)
Şəmistan Nəzirli
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2017.- 31 may.-
S.14.