Əsrlər boyu davam edən erməni təcavüzü
Tarixi faktlar və
reallıqlar
Ermənilər dəfələrlə Azərbaycana təcavüz
ediblər, türklərə qarşı soyqırım
aktları törədiblər. Bütün bunlar təsadüfi
deyil və ermənilər bu addımları planlı şəkildə
atıblar. Bunun arxasında türk
düşmənçiliyi ilə yanaşı, “Böyük
Ermənistan” ideyası da dayanır. Bu
gün bir erməni uşağının beyninə türklərə
qarşı nifrət yeridilir, tarixi Azərbaycan torpaqları
erməni torpağı kimi qələmə verilir. Bu uşaqlar böyüyüb siyasətçi, hərbçi,
jurnalist, idmançı olur və hər yerdə bizə
qarşı düşmən mövqedə dayanırlar.
Əslində bu xəstə təfəkkür
ilk növbədə onların özünə zərbə
vurur. Bu gün təcrid olunmuş vəziyyətə
düşən Ermənistan yenə də ənənəsinə
sadiq qalaraq düşmən mövqedə dayanır, Azərbaycan
torpaqlarına iddialarından geri çəkilmir,
Dağlıq Qarabağla bağlı danışıqlarda
qeyri-konstruktiv mövqe tutaraq status-kvonu uzatmağa
çalışırlar. Ermənilərin
bu xəstə təfəkkürü Azərbaycana, həmçinin
türklərə qarşı olan bir sıra qlobal güclərin
işinə də yarayır. Onlar dəfələrlə
ermənilərdən bu məqsədlə alət kimi sitifadə
eiblər və onlar yenə də istifadə obyekti olaraq
qalırlar. Erməni təcavüzünün
kökündə məhz bu amillər dayanır.
Soyqırım
və etnik təmizləmə
Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə
– 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə
erməni millətçiləri tərəfindən törədilən
soyqırım və etnik təmizləmələrə məruz
qalıblar.
Daşnaksütun Partiyasının qarşıya
qoyduğu əsas vəzifə “Böyük Ermənistan”
ideyası idi.
Bu planın da əsas hədəfi Azərbaycan
torpaqları və azərbaycanlılar idi ki, hələ də
bu anormal düşüncə tərzinin dəyişmədiyinin
şahidi oluruq.
XX əsrin əvvəllərində erməni millətçiləri
azərbaycanlılara qarşı etnik təmizləmə və
soyqırım siyasətini həyata keçirməyə
başladılar.
1905-1907-ci illərdə ermənilər tərəfindən
Bakıda, Gəncədə, Qarabağda, İrəvanda,
Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə,
Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə
əhali amansızlıqla qətlə yetirilib, şəhər
və kəndlər yandırılıb,
dağıdılıb.
Erməni
silahlı dəstələri Şuşa,
Zəngəzur və Cəbrayıl qəzalarında, İrəvan
və Gəncə quberniyalarında azərbaycanlılar
yaşayan 200-dən artıq yaşayış məntəqələrini
viran qoyub, on minlərlə soydaşımız öz doğma
yurdlarından qaçqın və məcburi
köçkün düşüb. Ermənilər
200 mindən artıq azərbaycanlını fərq qoymadan qətlə
yetirməklə həmin ərazilərdə etnik təmizləmə
aparıblar.
Erməni
silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən
1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan
quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109,
Qarabağda 157 kənd dağıdılıb, digər
bölgələrdə 60 yaşayış məskəni məhv
edilib, yandırılıb və viran qoyulub.
Bəşəri
cinayət
Bolşeviklərin, o cümlədən, Leninin himayəsi
altında Şaumyan Bakı Komunnasının rəhbəri
oldu və onun başçılığı ilə 1918-ci
ilin martında ermənilər tərəfindən dinc azərbaycanlılara
qarşı əsl soyqırım törədildi. Martın 31-də
və aprelin ilk günlərində qırğınlar
kütləvi xarakter aldı. Həmin
günlərdə erməni-bolşevik birləşmələri
Bakıda 12-15 min dinc azərbaycanlını qətlə
yetirdilər. Ermənilərin basqını nəticəsində
1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında
16 mindən çox insan xüsusi qəddarlıqla qətlə
yetirilib, 162 kənd dağıdılıb ki, onlardan 35-i
hazırda mövcud deyil.
Bundan əlavə, Azərbaycanın yüzlərlə
yaşayış məntəqəsi, o cümlədən,
Qarabağda 150-dən çox kənd dağıdılıb
və yandırılıb, eləcə də Şuşada azərbaycanlılara
qarşı amansız qırğınlar törədilib.
Ümumilikdə erməni daşnakları tərəfindən
1918-ci ilin mart-aprel aylarında 700 mindən çox, o cümlədən,
Bakıda və ətraf kəndlərdə 30 minə yaxın
azərbaycanlı xüsusi qəddarlıqla qətlə
yetirilib. Eyni zamanda Zəngəzur qəzasında 10 min,
Şamaxı qəzasında (şəhərlə birlikdə)
16 min, İrəvan quberniyasında 132 min azərbaycanlı
amansızlıqla öldürülüb.
1918-1920-ci illərdə indiki Ermənistan ərazisində
yaşamış 575 min azərbaycanlının 565 min nəfəri
öldürülüb və doğma torpağından didərgin
düşüb.
Azərbaycanlılara
qarşı törədilmiş kütləvi
qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir,
Lənkəranla yanaşı İrəvan quberniyası ərazisində,
Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda,
Qarsda və başqa bölgələrdə amansız şəkildə
davam etdirilməsi nəticəsində yüz minlərlə
azərbaycanlı ən qəddar üsullarla qətlə
yetirilib, bir milyondan çox əhali öz doğma
torpaqlarından didərgin salınıb.
Deportasiya
ənənəsi
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər
Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı
əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına
köçürülməsi haqqında” qərarına əsasən,
150 minə yaxın soydaşımız zorakılıqla
deportasiya olunub.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər
özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının
köməkliyi ilə yenidən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinə ərazi
iddiaları irəli sürdülər. Təcavüzkar
Dağlıq Qarabağdan 50 min azərbaycanlını
soyqırıma məruz qoyub, didərgin salıb, eləcə
də Ermənistandan 250 min azərbaycanlını tarixən
yaşadığı torpaqlardan zorakılıqla deportasiya
edib.
1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü
nəticəsində 20 000 nəfər azərbaycanlı həlak
olub, 100 000 nəfərdən çoxu yaralanıb, 50 000 nəfər
isə müxtəlif dərəcəli xəsarət alaraq əlil
olub. 4853 nəfər
itkin düşüb, onlardan 1357 nəfəri əsirlikdən
azad edilib, 783 nəfəri isə hələ də Ermənistanda
əsirlikdədir. Beynəlxalq Qızıl
Xaç Komitəsinin məlumatına görə, 439 nəfər
əsirlikdə ölüb.
1992-1994-cü illərdə daha da kəskinləşən
təcavüz siyasəti Ermənistanın Azərbaycana
qarşı genişmiqyaslı hərbi təcavüzü
formasını alıb. Xocalı şəhərinin 1992-ci il fevralın 25-dən
26-na keçən gecə baş vermiş işğalı
xüsusi qəddarlıqla seçilən faciə kimi XX əsrin
bəşəriyyətə qarşı cinayətlərinin
qara siyahısına daxil olub ki, orada qoca, qadın və
uşaq da daxil olmaqla 613 dinc sakin vəhşicəsinə qətlə
yetirilb.
Bunun ardınca 1992-93-cü illər ərzində Ermənistanın
xaricdən dəstəklənən silahlı qüvvələri
Azərbaycan ərazisinin beşdə birini işğal ediblər. Beləliklə,
münaqişə nəticəsində təqribən bir
milyon azərbaycanlı qaçqın və məcburi
köçkünə çevrilib.
1994-cü
il mayın 12-dən Ermənistan-Azərbaycan
münaqişəsinin tərəfləri arasında atəşkəs
rejimi əldə olunub.
Bu problem Azərbaycan tərəfindən qəti şəkildə
qaldırıldığı və bütün bölgənin
təhlükəsizliyinə ciddi təhdidlər törətdiyi
üçün beynəlxalq ictimaiyyətin diqqətindən
də kənarda qalmayıb. BMT-nin Təhlükəsizlik
Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan
münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr
qəbul edib. Bu qətnamələrin hər
biri Azərbaycana qarşı erməni təcavüzünün
növbəti mərhələsindən sonra qəbul olunub.
Köçürülmə
siyasəti
Erməni təcavüzünün tərkib hissələrindən
biri də köşürülmə siyasətidir. Tarixin müxtəlif
mərhələlərində ermənilər Azərbaycan
torpaqlarına köçürülərək, burada yerləşdiriblər
ki, bu da yaxın və uzaq perspektiv üçün nəzərdə
tutulan işğalçılıq siyasətinə
hesablanıb. Burada böyük dəstəkçi
rolunda isə çar Rusiyası çıxış edib.
Tarix elmi
üzrə fəlsəfə doktoru, İctimai Problemlərin Tədqiqi
Assosiasiyasının sədri Məhərrəm
Zülfüqarlı qeyd edib ki, 1827-ci ilə qədər
Şimali Azərbaycana 80 min rus kazakının
köçürülməsi planı var idi: “Lakin Qirbayedov
Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi
dövrdə bu planı rədd edərək, ermənilərin
köçürülməsi ideyasını verib və bu
fikrin rəsmi dairələrdə təsdiqinə nail olub. Bu
proses İrəvanda milliyətcə erməni olan polkovnik
Lazarevin rəhbərliyi ilə həyata keçirilib. Qısa müddətə 8 min erməni ailəsi (40
min nəfər) Şimali Azərbaycan torpaqlarında yerləşdirildi.
Köçürülən ermənilərə
Rusiya xəzinəsi və İrandan alınmış
müharibə xərcləri hesabına maliyyə yardımı
da edilirdi. Ümumiyyətlə, 1828-ci ildən
1913-cü ilə kimi mərhələ-mərhələ
Şimali Azərbaycan ərazisinə 1 milyon nəfər erməni
köçürülüb”.
Dağıdılan
tarixi abidələr və milyardlarla maddi ziyan
Azərbaycanın
İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət
Abidələrini Müdafiə Təşkilatı İctimai
Birliyinin sədri Faiq İsmayılov bildirib ki, 903-ü rəsmi
Dövlət qeydiyyatında olmaqla Azərbaycanın bizə məlum
olan 2550 adda tarix və mədəniyyət abidəsi erməni
işğalı altındadır. Onun sözlərinə
görə, bu abidələrdən: 609-u yerli əhəmiyyətli,
285-i ölkə əhəmiyyətli, 13 ədədi Beynəlxalq
əhəmiyyətli, 1647 abidə isə hələlik
dövlət qeydiyyatında olmayan abidələrdir.
Ermənistanın
Mədəniyyət Nazirliyinin rəsmi hesanatında bildirilir
ki, 2011-ci ildən başlayaraq Dağlıq Qarabağda 120
istiqamət üzrə aparılan tədqiqat zamanı bu ərazilərdə
4000 minə yaxın tarix və mədəniyyət abidələri
qeydə alınıb. Erməni mənbələrindən məlum
olur ki, onlar işğal dövrü hazırladıqları
1450 ədəd xaçdaşlarını, o cümlədən,
yeni inşa edilən erməni kilsələrini də tarixi
abidə kimi qeydə alaraq Qarabağın tarix və mədəniyyət
abidələri siyahısına daxil ediblər.
Erməni
tarixçisi Şahen Mkrtçyanın 2006-cı ildə
İrəvanda nəşr etdirdiyi “Qarabağın memarlıq
abidələri” kitabında Qarabağdakı abidələrin
saxtalaşdırılmış adları, tarixləri və
mövcud olduqları yerlər göstərilib.
Əslində isə ermənilərin Qarabağda mövcudluğunu iddia etdikləri 4000 abidənin 1450 ədədinin ermənilər tərəfindən işğal dövrü yonularaq qoyulan müasir xaçdaşları və yeni tikdikləri erməni kilsələridir. Əslində isə tərəfimizdən aparılan tədqiqatlar nəticəsində məlum oldu ki, işğal altındakı ərazilərdəki daşınmaz tarix və mədəniyyət abidələrin ümumi sayı 2550-dən çox deyildir”.
F.İsmayılov həmçinin əlavə edib ki, ümumilikdə işğal dövrü Ermənistan tərəfindən Azərbaycanın işğal altındakı tarix və mədəniyyət abidələrinə 177 milyard dollar zərər dəyib.
Transmilli erməni terrorizmi
Artıq beynəlxalq aləm də erməni təcavüzü ilə bağlı məlumatlıdır və bu, uzun və gərgin fəaliyyətin nəticəsidir. Son zamanlar əcnəbi jurnalistlərin, alimlərin və siyasətçilərin erməni təcavüzü ilə bağlı çıxışları bu qəbildəndir və müsbət tendensiyadır.
Rusiyalı alim, tarixçi, siyasi şərhçi Oleq Kuznetsov bildirib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi tam ədalətli, qanuni və hüquqi cəhətdən nöqsansızdır: “Dağlıq Qarabağ və onun ətrafındaklı 7 rayon Ermənistan Respublikası tərəfindən işğal olunub. Bu ərazidə heç bir Artsax dövləti mövcud ola bilməz. Bundan başqa, Ermənistanın Azərbaycana qarşı təcavüzü dövlətlərarası müharibə deyil, bu transmilli erməni terrorizminin Azərbaycan xalqına və onun suveren dövlətinə qarşı təcavüzüdür. Buna görə də indi Azərbaycanın işğal olunmuş ərazilərində Artsax adlandırılan qurum əslində terrorçu dövlətdir. Bu dövlət həm təşkilatlanma forması baxımından, həm fəaliyyət metodları, həm də mahiyyət etibarilə başqa bir terrorçu dövlət – Suriya və Livan ərazisində fəaliyyət göstərən İŞİD İslam Dövlətindən çox da fərqlənmir”.
Əli İbrahimov
Yazı Azərbaycanda Vətəndaş Cəmiyyətinin
İnkişafına Yardım Assosiasiyasının
keçirdiyi “Ermənistanın Azərbaycana təcavüzü
media gündəmində” adlı müsabiqəyə təqdim
olunur.
Xalq Cəbhəsi.- 2017.- 31 may.- S.7.