“Münaqişələr bölgələrə
qeyri-sabitlik gətirir”
Yaponiya səfiri:
“Cənubi Qafqazda sülh və sabitliyin bərqərar
olunması üçün Dağlıq Qarabağ
münaqişəsinin yekun həlli çox
mühümdür”
Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katorinin
APA-ya müsahibəsini təqdim edirik.
- Hörmətli
səfir, ölkələr arasında ikitərəfli
münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
Azərbaycanda
çalışacağınız müddətdə
hansı sahələrə daha çox diqqət yetirməyi
planlaşdırırsınız?
- Biz bu il diplomatik münasibətlərimizin 25 illiyini
qeyd edirik. 1992-ci ildən sonra hər iki ölkə
aralarında olan və yüksək sürətlə
inkişaf edən münasibətlərdən bəhrələnir.
Məsələn, fevral ayında İqtisadiyyat,
Ticarət və Sənaye üzrə dövlət naziri, cənab
Matsumura Azərbaycan-Yaponiya hökumətlərarası
komissiyasının iclasında iştirak edib. O, Azərbaycanda
olarkən prezident İlham Əliyev başda olmaqla, bir
çox mühüm şəxslərlə
görüşüb. Bu, iki ölkə
arasındakı münasibətlərdə yeni mərhələyə
yol açıb. Bildiyiniz kimi, biz hökumətinizlə
müxtəlif, yerli qrant layihələrinin həyata
keçirilməsi üzrə əməkdaşlıq
aparmışıq.
Ötən
il mənim xələfim, səfir
Takahaşi yerli sakinləri əhatə edəcək bir
neçə layihəni imzalayıb. Mədəni
münasibətlərə gəldikdə, İsmayıllı
və İto arasında dostluq və əməkdaşlığa
dair protokol imzalanıb. Protokol imzalanandan
sonra iki şəhər nümayəndələri arasında
qarşılıqlı səfərlər baş tutub. Bu ilin yayında hər iki şəhər
arasında tələbə mübadiləsi aparılacaq.
Yanvar ayında Bakıda yapon film festivalı,
fevralda isə Gəncədə cüdo üzrə “2-ci Yaponiya
səfiri” kuboku yarışı keçirilib. Biz müxtəlif sahələrdə bu kimi
yaxşı münasibətləri inkişaf etdirməkdən
məmnunuq və bunu gələcəkdə də davam etdirmək
üçün əllərimizdən gələni edəcəyik.
- Azərbaycan
prezidenti ilə görüşünüz zamanı o, iqtisadi
münasibətlər barədə danışanda enerji və
bank sistemlərini xüsusi vurğulayıb. Bu,
o deməkdirmi ki, yaxın gələcəkdə bu sahələrdə
birgə layihələrin icrası gözlənilir?
- Bizim Azəri-Çıraq-Günəşli
(ACG) neft layihəsində iki şirkətimiz var. Bildiyimə
görə, tərəfdaş şirkətlər pay
bölgüsü haqqında sazişin müddətinin
uzadılmasına dair artıq konsensusa gəlib. Hal-hazırda müqavilənin uzadılmasına dair
danışıqlar gedir. Ehtimal var ki, bu il
ərzində yeni müqavilə imzalanacaq. Prezidentinizlə
görüşəndə özümü təqdim etdim.
Mən Yaponiyada Səhiyyə və Rifah
Nazirliyində çalışmışam. Əhalinin pensiya sisteminin
planlaşdırılması və hazırlanmasına cavabdeh
olmuşam. Yaponiya pensiya fondu dollar ekvivalentində 10,4 milyard təşkil edir. Mən
bununla bağlı prezidentinizlə danışdım. O
bildirdi ki, Azərbaycanın böyük Neft Fondu var və bu
fond dünyanın müxtəlif yerlərində layihələrə
sərmayə qoymağa çalışır. Bizim bu kimi böyük fondların vəsaitlərini
sabit və effektiv şəkildə istifadə etməyə
dair təcrübə və biliyimiz var. Əgər Azərbaycan
hökuməti bu sahədə əməkdaşlıq etmək
istəyirsə, biz bu bilikləri paylaşmağa
hazırıq. Neft Fondu ölkənizin
iqtisadi və bank sistemində vacib sabitləşdirici rol oynayır.
Bildiyimə görə, fond artıq Tokionun mərkəzi
rayonlarından biri olan Kirarito Ginzanın daşınmaz əmlakına
sərmayə yatırıb. Daşınmaz
əmlakla yanaşı, dəmir yolu, metro, yüksək
sürətli qatarlar, şose yolları kimi infrastruktur layihələrinə
də sərmayə yatırılmasının məsləhətli
olduğunu nəzərdə tuturam. Bu, NF
üçün çox effektiv ola bilər.
Bu kimi sərmayələr uzunmüddətli
kredit ala bilər.
-
Fevralın 23-də Bakıda iqtisadi əməkdaşlığa
dair Azərbaycan-Yaponiya birgə hökumətlərarası
komissiyası və Azərbaycan-Yaponiya İqtisadi Komitəsinin
iclasları keçirilib. Hər iki iclasda iki
ölkə arasında ticarət dövriyyəsinin
artırılması məsələsi vurğulanıb.
Azərbaycan tərəfdən komissiyanın sədri
Abid Şərifov yeni sənaye sahələrinin
açılması, informasiya-kommunikasiya texnologiyaları,
kosmik sahə, meliorasiya, alternativ və bərpa olunan enerji sahələrində
əməkdaşlıq üçün Yaponiya şirkətlərini
dəvət edib. Hər hansı yapon
şirkəti bu təkliflə maraqlanıbmı?
- Baş
nazirin müavininin sadaladığı sahələr ölkənizdə
qeyri-neft sektorunu inkişaf etdirməyə istiqamətləndirilib.
Bəzilərinə dair Yaponiya şirkətləri
artıq öz təkliflərini verib. Məsələn,
informasiya-texnologiya sahəsi üzrə telefon
qovşaqlarında analoq telefon kommunikasiyasını rəqəmsal
texnologiyalarla əvəzləmək təklif olunub. 2013-cü ildə Yaponiyanın iqtisadiyyat, ticarət
və sənaye naziri Bakıda kosmos sənayesinə aid beynəlxalq
tədbirdə iştirak edib. O zaman bir çox Yaponiya
şirkət nümayəndələri Azərbaycan rəsmiləri
ilə görüşmək üçün bura gəldi. Yaponiya nadir ölkələrdən biridir ki, ölkə
daxilində vahid şəkildə idarə edilən peykləri
istehsal edə, orbitə buraxa, onları işlədə və
onlara nəzarət edə bilər. Bizim
Tokioda peyklərin kosmosa buraxılışına aid iki
bazamız var.
Azərbaycan və Yaponiya arasında peyklərin
istehsalı, kosmosa buraxılması və onlara nəzarət
olunması sahələrində əməkdaşlıq etmək
üçün böyük imkanlar var. Azərbaycanın iki
peyki var və hazırda üçüncünü kosmosa
buraxmaq üçün Avropada tərəfdaş axtarır. Mən Azərbaycan
tərəfini kosmos sahəsində Yaponiya şirkətləri
ilə əməkdaşlığı nəzərdən
keçirməyə çağırıram. Burada olduğum müddətdə bir neçə
nazirlə görüşdüm. Onlar mənə
kənd təsərrüfatı sahəsində əməkdaşlığın
perspektivli olduğunu dedilər. Söhbət
təkcə meyvə-tərəvəz, ət istehsalından
getmir. Azərbaycan üçün bu məhsulların
emal olunaraq qonşu ölkələrə ixrac edilməsi
vacibdir. Sizin prezidentiniz dedi ki, kənd təsərrüfatının
məhsuldarlığı çox mühümdür. Mən onunla razıyam. Yaponiyanın
özü balaca ölkədir və bizim qida yetişdirmək
üçün məhdud sahələrimiz var. Biz 100 milyondan
çox insanı qidalandırmalıyıq və məhsuldarlıq
bu mənada çox mühümdür. Bizim
əsas yetişdirdiyimiz nemət düyüdür və o,
çoxlu su tələb edir. Bunun
üçün suvarma işləri düzgün
aparılmalıdır. Bizim buna aid
texnologiya və avadanlığımız var.
- Bu ilin əvvəlində
sizin azərbaycanlı həmkarınız Gürsel
İsmayılzadə Yaponiyada akkreditə olunmuş biz sıra
səfirlərlə birlikdə baş nazir Şinzo Abenin təşəbbüsü
ilə keçirilən görüşə dəvət
olunub. Cənab Abe Azərbaycanın ölkəsi
üçün böyük əhəmiyyət
daşıdığını bildirib. Aramızda
minlərlə kilometr məsafə var. İqtisadiyyatdan
başqa, Azərbaycanı Yaponiya üçün əhəmiyyətli
edən nədir?
- İlk növbədə əlbəttə, bizim enerji siyasətimiz. Bizim enerji mənbələrimiz məhduddur. İkincisi, bizim bu ərazi ilə, yəni Azərbaycanın yerləşdiyi bölgə ilə qədimdən əlaqələrimiz olub. Yaponiyanın 2000 ildən çox tarixi var. Hələ 6-7-ci əsrlərdə, yəni 1400 il bundan əvvəl bizim bu bölgə ilə əlaqələrimiz olub. Biz buraları “qərb bölgəsi” adlandırırıq. İpək Yolunun şərqdəki başlanğıcı Kioto şəhəridir. Yolun sonu isə qərbdə qədim İran, Qafqazdır. Yaponiya Tarixi Muzeyində qədim İran və bu ərazilərdən çoxlu qiymətli eksponatlar var. Bu, bizim üçün çox mühümdür. Biz öz tariximizə çox böyük ehtiram və hörmətlə yanaşırıq, digərlərinin tarixinə olduğu kimi. Təkcə Çin, Hindistan yox, həm də qədim İran və Qafqaz bizim üçün çox mühümdür. Yeni İpək Yolu işə salınmaqdadır. Bu isə Çin, Orta Asiya ölkələri, Azərbaycan, Gürcüstan, İran və Türkiyə deməkdir. Bu, xüsusilə nəqliyyat və yük daşımalarında bizim ölkələr üçün yeni imkanlar açır. Təkcə iqtisadiyyat, nəqliyyat yox, həmçinin turizm, mədəni əməkdaşlıq və təhsil. Ən əsası, bizim bu bölgə ilə bağlı xatirələrimiz var. Bu, münasibətlərə öz töhfəsini verir. Bizim üçün təkcə iqtisadiyyat və siyasət önəm daşımır. Bu, bizim ürəyimizin dərinliyindədir. Bu ərazi və burada yaşayan insanlar bizim köhnə dostlarımızdır.
- Hər iki ölkənin qonşuları ilə ərazi mübahisələri mövcuddur. Hər iki münaqişə müharibələrin nəticəsi olaraq ortaya çıxıb: müvafiq olaraq İkinci Dünya və Dağlıq Qarabağ müharibələri. Hər iki məsələyə sizin şəxsi münasibətinizi və Yaponiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyini öyrənmək istərdik.
- İlk növbədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi narahatlıq keçiririk və münaqişə qurbanlarının yaxınlarına başsağlığı vermək istərdik. Münaqişələr bölgələrə qeyri-sabitlik gətirir. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması üçün Dağlıq Qarabağ münaqişəsinin yekun həlli çox mühümdür. Yaponiya münaqişə ilə bağlı ATƏT-nın Minsk qrupunun həmsədr ölkələrinin həmlələrini dəstəkləyir və beynəlxalq hüquq prinsiplərinə əsaslanan dinc həlli gözləyir.
Bizim Rusiya ilə ərazi mübahisəmizə gəldikdə, o, İkinci Dünya müharibəsinin nəticəsi olaraq yaranıb. Hər iki tərəfin bu məsələyə müxtəlif yanaşma tərzi və mövqeyi var. Müharibənin nəticəsi kimi yaranan bu tip məsələləri danışıqlar yolu ilə həll etmək çox mürəkkəbdir. İlk növbədə baş nazirimiz Abe Rusiya ilə yaxşı münasibətlər qurmağa səy göstərməyə davam edir. Yekun məqsəd sülh müqaviləsinin imzalanmasıdır. Bundan əvvəl biz yaxşı siyasi və iqtisadi əlaqələr qurmalıyıq ki, hər iki ölkənin vətəndaşları öz doğma torpaqlarına qayıda bilsin. Dediyim kimi, müharibənin nəticəsi kimi yaranan bu cür məsələləri danışıqlar yolu ilə həll etmək çox mürəkkəbdir, lakin bir dəfə biz bunun öhdəsindən gəlmişik. 1972-ci ildə ABŞ-la razılıq nəticəsində Okinava adasının işğalına son qoyuldu və o, bizə qeyd-şərtsiz qaytarıldı. Bu, uzun bir proses idi. O zamankı baş nazirimiz Nobel sülh mükafatına layiq görüldü. Biz buna yaxın gələcəkdə nail olacağımıza inanırıq. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsi iki tərəfin cəlb olunduğu münaqişə deyil. Bu münaqişəyə daha çox regional məsələlər və geosiyasət kontekstindən yanaşmaq lazımdır. Bu münaqişəni təkcə iki ölkə arasında həll etmək çox çətindir. Onu həll etmək üçün aidiyyəti ölkələr, qonşu ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək zəruridir. Bizim iki münaqişə arasında olan fərq məhz budur. Çünki bizim məsələ daha çox iki ölkə arasında həll oluna biləcək məsələdir, yəni Rusiya və Yaponiya arasında.
- Burada olduğunuz qısa müddət ərzində Azərbaycan və insanlarımız barədə hansı təəssüratlarınız yarandı? Bəlkə yerli insanlarla ünsiyyətiniz barədə bəzi hekayələri bizimlə bölüşəsiniz?
- Bakıda gələndə ilk təəssüratım
bu oldu ki, şəhəriniz çox yaxşı təşkil
olunmuş, təmiz şəhərdir. Eşitdim ki, Bakı 10
il əvvəlkindən çox fərqlənir. Azərbaycanlılar
isə çox ürəyiaçıq və mehribandır. Gəlin,
mən sizə bir neçə əhvalat danışım.
Bu, mənim yerli əhali ilə ilk ünsiyyətim idi. Mən
“BakıKart” aldım ki, ictimai nəqliyyatda gəzim. Həmin
karta pul yükləmək lazım idi. Dayanacaqların birində
lazımı aparatı tapdım, amma yükləyə
bilmirdim. Bir başı örtülü qadın mənə
yaxınlaşdı və işarələrlə izah etdi ki,
gediş haqqı 20 qəpikdir və onu necə yükləmək
olar. Çox mehriban idi. Digər misal gətirim. Supermarketdə
alış-veriş edərkən satıcı
aldıqlarımı üç müxtəlif torbaya qoydu:
meyvələr ayrı, şampun ayrı və s. Bu, başqa
ölkələrdə baş vermir. Dünən mən tarix mərkəzində
oldum və əməkdaşlardan biri mənə
yaxınlaşıb kömək təklif etdi. Biz köməkdən
imtina etsək də, o, mərkəzdə olduğumuz zaman
bizim ardımızca gəlirdi. Çox nəzakətli idi, hətta
deyərdim həddindən artıq nəzakətli... Mən
beynəlxalq təşkilatlarda tədqiqatçı və
inzibatçı kimi çalışmışam. Səfir
kimi bu, mənim ilk təcrübəmdir. Yaxın zamanda həyat
yoldaşım da Azərbaycana gələrək mənə
qoşulacaq.
Xalq Cəbhəsi.- 2017.- 31 may.- S.6.