Nizami Gəncəvinin bəşəri
sevgisi
Böyük şairin
yaradıcılığı hər şeydən öncə
Azərbaycan mənəviyyatının bənzərsiz ifadəsi,
çağından yüksək yaradıcı hadisə kimi
diqqəti çəkir
Nizami Gəncəvinin
yaradıcılığı dastan bədiyyatçılığının
zirvəsidir. Dünyaya, həyata, insana bu dərəcədə
aydın, yetkin, dərin müşahidəçi şeiriyyətli
baxış çağımızda da əvəzsizdir. Onun
yaradıcılığının özülündə
Şərqin zəngin fəlsəfi-poetik ənənələri
durur.
Nizaminin
böyüklüyü ölməz ənənə
yaratmasındadır. N.Gəncəvinin
yaradıcılığında eşq mövzusu əsas
aparıcı bir yöndür. O, eşq adlı ülvi hadisənin
insanı daxilən, ruhən təmizlədiyinə inanır,
bu ilahi duyğu ilə yaşamağın
qaçılmazlığını önə çəkir.
Hər
gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs
çəkdim, hədər getdi o saət sənsiz.
Yaxud:
Sənsiz
ölürəm, nigar, tez gəl,
Ömrüm
başa yetdi, yar, tez gəl...
Bu,
insanın başqası üçün özündən
keçməsidir. İnsan başqası üçün
yaşayanda var olur. Özündən keçmə - sevginin əlifbasıdır
əslində. Nizaminin lirik qəhrəmanı daxilən
yetkindir, sevginin mahiyyətini bütün varlığıyla
anlayır, duyur. Ona görə ki, bu cür yaşam onun
üçün nəfəsdir. Bu ilahi duyuma yetmək,
duyğu zirvəsində eşqi car çəkmək Nizaminin
ulusal (xəlqi) imkana varmasıdır. Bənzərsiz
insanların ulusal ölçüdə
yaradıcılığı onların həm də tükənməz
bəşəri imkan qaynağı, sorağı
olmalarıdır.
Nizami Gəncəvi
bu ulusal imkana yetdiyi dərəcədə bəşəriliyini
əsərlərində ifadə etməyi bacardı. Onun əsərlərinin
dili farscadır, başqa tərəfdən, zahirən
ulusallığından daha çox bəşəri
görünür, ancaq bütün bu və başqa cəhətlər
onun Azərbaycan ruhuna mənsubluğunu inkar edə bilmir. Ona
görə ki, Nizaminin yaradıcılığının
mayası Azərbaycan ruhuna mənsubluğunu təsdiq edir.
Fil.ü.e.d.
Seyfəddin Rzasoyun fikrincə, Nizami və onun kimi Azərbaycan
şairlərinin fars dilində, lakin türk etnopoetik
düşüncə modelində yaratdıqları da Azərbaycan
ədəbiyyatıdır. Belə olmasaydı, İran mütəxəssisləri
Nizamini formal olaraq İran ədəbiyyatı tarixinə daxil
etsələr də, onu «türk ətri saçan» («türk
iyi gələn») sənətkar kimi öz milli ruhlarına yad
hesab etməzdilər. Nizami ümumbəşəri şairdir.
Öz yaradıcılığında bütün dünya
xalqlarının, ümumən insanlığın mənafeyini
güdən, yaratdığı milli obrazlar gülşənində
türklüyü bədii-estetik gözəlliyin etalonuna
çevirən Nizami tərənnüm etdiyi bu ümumbəşəri
və ümumilli idellara görə dünya ədəbiyyatının
faktına çevrilib. Nizami yaradıcılığında
aydın ifadələnmiş, onun insan konsepsiyasının əsas
bədii-estetik konsepti səviyyəsinə qədər
inkişaf etdirilmiş türk milli kimliyi açıq şəkildə
boy verir. Türklük Nizami
yaradıcılığının ruhuna hopmuş,
yaratdığı bədii dünyanın ab-havasına, rəng-ruhuna
çevrilib".
Xalq (ulus)
beşgünlük hadisə olmayıb, yaradıcıdan
öncə də, sonra da var olan, mahiyyətcə yetkin fərdlərin
yaradıcılığının, yaşamının ifadəsi
kimi meydana çıxır. O deməkdir ki, xalq (ulus) adlı
hadisə Nizamini yetirdiyi dərəcədə Nizami də bu
hadisənin - ənənənin təsdiqi, davametdiricisidir.
Nizaminin
aşiq obrazı ilahi dözümlüdür, sədaqətlidir,
deməli, həm də səadətlidir, ləyaqətlidir. Bu
cəhətlərin Azərbaycan-türk ruhunda özünəməxsus
yaşam ifadəsi, tarixi-ulusal ənənəsi var. Bəşəri
duyğuların ulusal təsdiqləri olmasa, insanlıq var
olmaz. Nizami öz çağında canlı, yaradıcı
insan olaraq bu ilahi keyfiyyətlərimizin yüzillərlə
ötürülməsində bənzərsiz rol oynayıb.
Onun tarixdən götürdüyü obrazlar Azərbaycan-türk
düşüncəsinin həm də bəşəri
ölçüsündə düşünür,
davranır. Tarixdəki obrazları fərqli təqdim edə
bilmək qabiliyyəti yaradıcının misilsiz
bacarığıdır. Başqa qəhrəmanları,
ümumən surətləri haqqında da bunu demək olar. Bu
da təbiidir. Ona görə ki, yaradıcılıq -
özünəməxsusluq tələb edir. O deməkdir ki,
Nizaminin yaratdıqları Nizaminindir, eləcə də Nəsiminin,
Xətayinin, Füzulinin və b. klassiklərimizin
yaratdıqları.
“Sirlər
xəzinəsi” ləyaqət, ədalət, doğruluq
carı çəkir. Nizami ədalətsizliklə
barışmır, insanın ilahi imkanlarına inanır, zəhmətsevərliyi,
hünərvərliyi vəsf edir. İnsan gərək
paxıl olmasın, başqasının uğuruna sevinməyi
bacarsın... Bu, böyük şairin əxlaq
ölçüsünü aydınlıqla təsdiq edir. Onun
ölçüsündə insanın ölümü mərdliklə
qarşılamasının gərəkliyi ayrıca
vurğulanır.
Nizami Gəncəvinin
şair-mütəfəkkir dünyasına baş vuran oxucu
dünyanın mürəkkəbliyini, ziddiyyətliyini
bütün çalarlarına kimi anlayır. Bu, Nizaminin
çağımızda da davam edən, Azərbaycan ruhunu - mənəviyyatını,
əxlaqını, davranışını, mədəniyyətini,
inamını, idrakını təsdiq edən müəllimliyidir.
Nizaminin
“Xosrov və Şirin”ini möcüzəvi məhəbbət
dastanıdır. Burada eşqin yüksək bədiyyat
ölçüsündə ifadəsi diqqəti çəkir.
Nizami Xosrovu dayanmadan tərbiyə edir, sonda Şirinin ilahi
sevgisini anladır. Şirin ləyaqət, ismət rəmzi
olaraq daim gözümüzdə ucalır. Nizaminin ilahi müəllimlik
keyfiyyətindən biri budur.
Fil.ü.e.d.
S.Rzasoy başqa bir məqama da diqqət çəkir:
""Xosrov və Şirin" əsərində Azərbaycan
hökmdarı Məhinbanunun qardaşı qızı
Şirin sevdiyi fars şahzadəsi Xosrovdan ötrü
çılğın hərəkətlərə yol verəndə
bibisi ona deyir:
Əgər
o – Aydırsa, biz – Afitabıq (Günəşik – red.),
O –
Keyxosrov, bizsə – Əfrasiyabıq.
Bu beyt təkcə
Nizaminin yox, eləcə də Azərbaycan xalqının milli
kimliyinin, milli varlığının, bu xalqın
dünyanın harasından başlayıb harasına getdiyinin
«manifesti», milli «bəyannaməsidir». Bu beyt eyni zamanda Nizami
şəxsiyyətinin etnik-mədəni
varlığımızın hansı qaynaqlarına
bağlı olduğunu, şairin nə qədər aydın
milli-ideoloji düşüncəyə malik olduğunu parlaq
şəkildə ortaya qoyur".
“Leyli və
Məcnun”da qeyri-adi, zamanın ölçülərinə
sığmayan eşqin şahidi oluruq. Nizaminin Məcnunu mətanətə
yüksəlir, aşiqlik qismətini dərindən
anlayır, ilahi aqibətinə yetir. Ümumiyyətlə,
Nizami obraz yaratmaqda mahirdir. Bu obrazlar ayrı-ayrılıqda həyatın
Xeyir-Şər anlayışlarını, keyfiyyətlərini
bütün aydınlığı ilə ifadə edirlər.
Nizaminin müsbət qəhrəmanları ciddilik üstə
kökləniblər, insanlığın xalisidirlər, cəfakeşdirlər,
fədakardırlar, həm də vəfalıdırlar. Onlar
sevdikləri üçün yaşaya, onun uğrunda ölə
bilirlər. Əsil məhəbbət budur.
“Yeddi
gözəl”də Nizami Bəhramı həyatın
bütün acı-ağrılarından səbirlə
keçirərək, həqiqəti anladır: mənəvi
böyüklüyə yetmək istəyən şəhvaniliyi
ötməlidir. Əxlaqlı olmaq - insanlığa zidd
olanlardan imtinaya çatmaqdır həm də. Nizaminin İsgəndəri
tarixdəki deyil, Nizamininkidir. Azərbaycanı təmsil edən
Nüşabə dünyanın fatehi İsəndərə dərs
keçir. Bu, əslində Nizaminin dərsidir. Nizaminin İsgəndəri
sonda hətta filosofluğa yüksəlir. Bu, Nizami bədiyyatının,
görümünün əbədi təsdiqidir. Şair
bununla fatehliyin ötəri, keçici, insanlığın, həqiqətə
yetməyin isə əbədi istək olduğunu anladır.
Nizami daxili dünyasını yaratdığındandır ki,
qəhrəmanlarını da yarada, onların vasitəsilə
təzadlı dünyanın əksinə olaraq ideal
dünyasını təsvir, təqdim edə bilir.
Prof. Sədnik
Paşa Pirsultanlının fikrincə, Nizami
yaradıcılığı Azərbaycan folkloru ilə,
öz növbəsində Azərbaycan folkloru da Nizami
yaradıcılığı ilə elə qaynayıb
qarışıb ki, hətta bir çox hallarda bunları
bir-birindən ayırmaq, kimin kimdən istifadə etdiyini
aydınlaşdırmaq çətin və qeyri-mümkün
olur.
Təbiidir
ki, uzun müddət, elə indi də Nizami Gəncəvinin Azərbaycan
- türk hadisəsi olmadığı ilə bağlı
fikirlər səslənir. Ancaq bu qənaətlərin mənəvi,
üstəlik də elmi əsası yoxdur. Məhəmməd Əmin
Rəsulzadə yazırdı: “Farspərəstlər və
ermənilər Nizamini bizdən qopartmaq istəyirdilər.
Gözələ və böyüyə türk, gözəlliklə
böyüklüyə türklük, gözəl və
böyük ifadəyə türkcə, gözəllik və
böyüklük diyarına Türküstan deyən bir
şairə "sırf farsca yazıb" deyə türk deməmək
düzgündürmü? Əsla!"
Bertels
yazır: "Əgər Nizami bəlli olmayan başqa
yazılı mənbədən istifadə etməyibsə, o
zaman Azərbaycanda çox geniş yayılmış olan
şifahi rəvayətlər onun üçün material
olub".
Fil.ü.f.d.
Ağaverdi Xəlilin fikrincə, Nizaminin dünya şöhrətli
bir şəxsiyyət olması, onun zamanın sərhədlərini
sındıran əsərlərinin əzəməti və
möhtəşəmliyi onu başqaları üçün
də cazibədar edir. Dünyanın bir çox xalqları
onu öz şairləri kimi sevirlər. Bəziləri isə
onun milli mənsubiyyətini özlərinə bağlamağa
cəhd edirlər.
Fil.ü.f.d.
Xədicə İskəndərli bu qənaətdədir ki,
Nizami sənəti, Nizami humanizmi, Nizami dühası məhz
türklükdən, azərbaycançılıqdan keçərək
bəşəriliyə qovuşur. Nizaminin öz əsərlərində
türkə və türklüyə bu qədər
böyük önəm verməsinin əsası var. Nizami kimi
dünya səviyyəli bir dahi yaxından
tanımadığı, müsbət insani keyfiyyətlərinə
dərindən bələd olmadığı, nəhayət,
özünün də mənsub olmadığı bir toplum,
bir xalq haqqında heç vaxt bu qədər məhəbbət
və hörmətlə danışa bilməzdi: "Buna
görə də şübhə yoxdur ki, şairin
yaşayıb-yaratdığı XII yüzildə Gəncədə
nəinki cüzi miqdarda köçəri və ya oturaq
türklər olmayıb, əksinə, şəhərin əksəriyyətini
türklərin təşkil etməsi daha ağlabatadır".
Onun
fikrincə, Nizami yaradıcılığına
başdan-başa bir türklük, Azərbaycançılıq
xüsusiyyəti hopub. "Xəmsə"nin
dördüncü poeması olan "Yeddi gözəl"də
Nizaminin türkə və türklüyə sonsuz məhəbbət
və ehtiramının şahidi olmamaq mümkün deyil.
Şairin qlobal mövzuda qələmə aldığı
poemada yeddi ölkənin sırasında üç türk
ölkəsini təsvir etməsi onun milli mənsubiyyəti və
türk xalqına məhəbbəti haqqında əyani təsəvvür
yaratmaqdadır. Əsərdə gözəllərin dilindən
danışılan əhvalatların ən
yaxşıları da məhz Nizaminin türk gözəllərinin
diliylə təqdim olunur. "İskədərnamə"də
İskəndərin xilaskarlıq missiyasını təsvir edərkən
Nizami onu hər zaman türklərin tərəfində
göstərir ki, bu da şairin öz xalqına məhəbətindən
irəli gəlir".
Nizami
konsepsiyasının özülündə insana sevgi durur. Bu
sevginin ifadəsi o dərəcədə canlı,
yaşarı, bədiyyatlıdır ki, indi də
dünyanın istənilən ölkəsində oxunarkən
bəşəri duyğuların yetkin ifadəsi olduğu
görünür, bilinir. Hər şeydən öncə
Nizami Gəncəvi Azərbaycan ruhunun, mənəviyyatının
bənzərsiz bəşəri ifadəçisi,
çağından yüksək yaradıcı hadisə kimi
diqqəti çəkir.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2017.- 7 noyabr.-
S.13.