Səhəndin yaratdığı Azərbaycan
milli düşüncəsinin qədim obrazları
Bunların
hər biri Azərbaycan xalqının mənəviyyat tarixi,
inanclar dünyası ilə sıx bağlı olub xeyiri,
xoş gələcəyi, qələbəni, əbədiyyəti
ifadə edir
Makedoniyalı İsgəndərə həsr olunmuş əsərlərdə
və haqqında yaranmış əfsanələrdə
dünyanı fəth edən hökmdarın əbədi həyat
arzusu və bu arzuya yetmək üçün Dirilik suyunun
axtarışına çıxması motivləri də ədəbiyyatşünaslıqda
mövcuddur.
Elə isə düşünürəm ki, bu məqamda əski
dastanlarımızdan birinin - qədim türk yazılı abidələrində
də ən çox adı çəkilən “Bilqamıs
dastanı”nın məzmununa qısaca nəzər
salmaq lazım gəlir. Eposun baş qəhrəmanı
Tanrı kimi sonsuz-ilahi gücə sahib olan və
ölümsüzlük uğrunda çətin sınaqlardan
keçə bilən Gilqameş//Bilqamısdır. Gilqameşin gücü, ilham qaynağı isə
divin canı şüşədə olan kimi, uğrunda öləcək
qədər sevdiyi qadın - Şamxat idi. Əgər
Şamxat olmasaydı, nə dağlarda, orman və
çöllərdə təkbaşına yaşayan,
ayılar, qaflanlar kimi dördayaqlı qaçan, pəncələrilə
hər hansı bir vəhşi heyvanı ovlaya bilən və
Şamxatın aşiqi olan Enkidu heyvandan insana çevrilərdi,
nə də Gilqameş ölümsüzlük, əbədi həyat
bulmaq arxasınca gedə bilərdi... O, Enkidu ki, vəhşı
heyvanlardan ibarət bir sürüsü vardı və bəni-adəm
- insan olmayan bir dünyanın ilk və son çobanı idi.
Şamxat isə nə möcüzə yaradandı, nə də
sehr, əfsun kimi bir gücə, qeyri-adi özəlliyə
sahib idi, həm də o, sadəcə bir qadın, bu iki özəlliyi
özündə eyni zamanda yaşada bilən canlı bir
varlıqdı...
Enkidunun dünyasına ara-sıra bir insan gələr,
pusqu qurub vəhşi heyvanları ovlamaq istərdi. Enkidu isə həmin
andaca o pusquları məhv edərdi. Bütün bunlardan
cana doyan insan atasından kömək istədikdə
o: - Oğul, Enkiduya gücü çatan bircə Gilqameş
ola bilər, yaxşısı budur, get, ondan yardım dilə!
- dedi. Gilqameş isə insana çox gözəl qadın, həm
də bir fahişə olan, özünün sevgililərindən
biri kimi də ün qazanmış, hətta tanrı və
tanrıçıların da qulluğunda durmuş və
onların da sayğı ilə qarşıladıqları
Şamxatın yanına getməyi məsləhət görərək
deyir: “Enkidunu ancaq bir güc yenə bilər, o da bir qadın
gücüdür, get Şamxatın yanına,
sözünü ona de, bu işdə ancaq o sənə
yardımçı ola bilər!”
İnsan Gilqameşin tövsiyəsinə əməl
edir və Şamxatın yanına gələrək diləyini
ona bildirir. Şamxat onu Enkidunun insan ayağı dəyməyən
kimsəsiz dünyasına aparır. Orijinal
dəst-xəttə malik şair, eyni zamanda ciddi ədəbiyyat
tədqiqatçısı olan Əziz Səlami yazır ki,
Enkiduya yaxın olmaq, dəhşətli bir heyvanın
yaxınlığında olmaq deməkdir.
Duzaqçı isə, daha az insan və
daha çox Tanrı olan Gilqameşin, ona söylədiyi
sözlərin içində özünü qorunmuş
duyurdu. O, Şamxatla Enkidunu aramağa başladı, insan izi
görməyən yerlərdən, vəhşi ormanlardan
keçdi və ən sonda onunla qarşı-qarşıya gəldi
və dəhşət içində səsləndi: “Aman,
Şamxat, durma soyun, göstər məmələrini!..”
Şamxat soyunur, çılpaq Enkidunun
qarşısında dayanır. Ömründə ilk dəfə
olaraq gözəl və çılpaq bir qadının
önündə duran Enkidu əllərini yerdən
qaldırıb ayaqları üstündə durur. Bu, Enkidunun insanlıq dünyasına keçməsində
atdığı ilk addım olur. Onun yenilməz
gücü artıq o çılpaq qadının gözəlliyinin
duzağına-tələsinə düşmüşdü.
“Enkidu yaxınlaşıb onunla
qoşalaşmağa başladı. Bir
neçə gün keçdi. İnsanların
deyil, heyvanların dilini bilən Enkidu, Şamxatın dilini
öyrəndi. O, qərib bir röyadan qəfil
oyanmış kimi oldu, öz dünyasına döndü. Artıq uzaqlara yayılmış vəhşi
heyvanlardan olan sürüsünü səslədi. Bu səsləyiş, qabaqkı səsləyiş
deyil, insanların səsləyişi idi. Bu
səsləyiş, bu dil, vəhşi heyvanlar
sürüsünə qarışmadı, onlarla birləşmədi,
bu səs onlarda güvənc deyil, qorxu oyatdı”.
Bir həftədən sonra Şamxat öz
dünyasına dönmək istəyir. Enkidu isə: “Məni bu vəhşi
dünyada təkbaşına buraxıb getmə!” – deyərək ona yalvarmağa başlayır. Nəhayət, Enkidu Şamxata qoşularaq
insanların dünyasına gəlir. Gilqameşə
yaxınlıq göstərir, onun etimadını qazanır, ən
yaxın və sadiq dostuna çevrilir. O, dostu ilə
yan-yana, çiyin-çiyinə ən zor işlərə
qatılır, döyüşlərə atılır və davamlı
uğurlar qazanır... Hətta dostlar
“bağırtısı qaranlıq buludlarda ildırıma
çevrilib göyləri qırmanclayan” Humbaba kimi qorxunc və
güclü bir varlığa da qalib gəlirlər. Əfsuslar ki, döyüşlərin birində
Gilqameş Sidr ormanının qoruqçusunu və Göylər
buğasını öldürür. Tanrılar
da onlara yaxın olan bu iki varlığın
öldürülməsindən qəzəblənərək
iki dostdan birini cəzalandırmaq istəyirlər. Adı ölüm olan bu cəza Enkidunun payına
düşür və Enkidu öldürülür. Onun ölümü Gilqameşi varından yox edir,
dünyasını qaranlıqlar içinə gömür,
bütün varlığını kədərə
bürüyür. Bir gün onun da bu taleyi
yaşayacağını düşünür və
ölümə qalib gəlmək məqsədilə
ölümsüzlük - əbədi həyat arxasınca
yollanır. Başına bir çox
çətinliklər, olaylar gəlir, çoxlu acılar
çəkir. Sonda Tanrılar padşahından
yardım diləyir. Lakin onun da yardım
etmək gücündə olmadığını
anladığı bir zamanda Ea - bilik tanrısı
Gilqameşin dadına çatır. Onun
arzusunu yerinə yetirən Günəş tanrısı
ölülərin dünyasına yol açaraq Enkidunu dostu
Gilqameşin görüşünə gətirir. Amma Enkidunu yenidən həyata qaytarmaq mümkün
olmur və Gilqameş ölümsüzlük qazana bilmədən
ölkəsinə dönür. Gilqameş eposunun
canı məhz buradadır: - İnsan ölümsüz deyil və
əbədi həyat yoxdur. Digər nüans da budur ki,
insanı igidliyə, şücaətlər göstərməyə
səfərbər edən ən ali güc
məhz sevgi, məhəbbətdir. Əgər sevgili dostunun
ölümü olmasaydı, Gilqameş//Bilqamıs
inanılmaz olaylarla üzləşməsinə baxmayaraq,
çətinliklərə sinə gərə-gərə
ölüm-süzlük ardınca getməzdi.
Enkidu yalnız Şamxatın köməyilə insanlar
arasında özünə yer tapa bilir. Şamxat isə
Əziz Səlaminin təbirincə desək, “bir
qadındır, bir hörümçəkdən və ya
böcəkdən qorxan, lakin ən qorxunc, ən basılmaz
bir gücü yenə bilən bir varlıq”,
ağıllı, tədbirli bir insandır. Deməli, Enkidunu da, Gilqameşi də, Şamxatı
da yenilməz, qeyri-adi güc sahibi edən insan zəkası,
ağlı idi. Güc ilə ağlın
birliyi isə xariqələr yaradır, ancaq ağılsız
güc, yaxud əksinə, gücsüz ağıl heç
bir işə yaramır. Beləliklə, əminliklə
deyə bilərik ki, “Gilqameş//Bilqamıs”
dastan//poemasının izləri həm qədim yunan
poemalarında, həm “Kitabi-Dədə Qorqud” və
“Koroğlu” dastanlarında və b. aydın görünməkdədir.
Yenə də S.N.Kramerin “Tarix Şumerdən başlanır”
fikrinə haqq qazandırmalı oluruq...
Bir məsələyə də ötəri münasibət
bildirməyi zəruri hesab edirik. Görkəmli rus ədəbiyyatşünasları
L.Ş.Timofeyev və S.V.Turayev “Ədəbiyyatşünaslıq
terminləri lüğəti”ndə “Kitabi-Dədə Qorqud”u
janr tipologiyasına görə “türk xalqlarının ədəbiyyatlarında
mövcud olan təhkiyəli şeir, poema” hesab ediblər. Biz bu fikirlə, əsasən,
razılaşırıq. Çünki
Güney Azərbaycanda poemaya bu gün də dastan deyilir.
Hilal Nasiri “Qəhrəmanlar”, Süleyman Əmini “Malik və Nəriman”,
Tariyel Ümid “Köç” poemasını və s. dastan
adı ilə təqdim ediblər. Deməli, “bu
cəhətdən “Kitabi-Dədə Qorqud” motivlərinin
müasir poeziyada poema janrına doğru inkişafı təbii
görünür”.
Qeyd
olunmalıdır ki, Oğuz qəhrəmanlarının tərənnüm
olunduğu “Kitabi-Dədə Qorqud” dastanına müraciət
edən Bulud Qaraçorlu Səhənd “Sazımın sözü”,
”Dədəmin kitabı” və ”Qardaş andı” silsilə
poemalarında qəhrəmanlıq ruhunu müasir ədəbi
müstəviyə gətirib və sərhədsiz
düşüncələrini ifadə etmək
üçün ən uyğun estetik forma, təhkiyə
üsulu olaraq poema janrını seçib. Səhəndin
yaratdığı Azərbaycan milli düşüncəsinin
qədim obrazlarının hər biri Azərbaycan
xalqının mənəviyyat tarixi, inanclar dünyası ilə
sıx bağlı olub xeyiri, xoş gələcəyi, qələbəni,
əbədiyyəti ifadə edir. Məhz bu özəlliklərinə
görə də “müasir Azərbaycan ədəbiyyatında
“Dədə Qorqud” motivləri əsasında
yazılmış poemalar içərisində Güney Azərbaycan
şairi Bulud Qaraçorlu Səhəndin (1926-1979)
poemalarının xüsusi yeri var.” - hökmünü verən
Yeganə İsmayılovanın və digər alimlərin
mülahizələrilə razılaşmalı oluruq.
Qədim
və zəngin tarixi ənənəyə malik olan Azərbaycan
ədəbiyyatında poemanın ilk nümunəsini XII əsrdə
yaşamış görkəmli şair Əfzələddin
Xaqani - orta əsr mənbələrində təqdim edildiyi
kimi desək, Əbu Bədil Əfzələddin İbrahim ibn
Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm
Xaqani Şirvani (1126-1199) yazıb. Azərbaycan ədəbiyyatı
“tarixində ilk poema olan bu əsəri yanlış olaraq mənzum
səfərnamə hesab edir, onun iki İraq – Əcəm və
Ərəb İraqına səyahətdən alınan təəssürat
əsasında yazıldığını
düşünürlər. Halbuki poemaya
“Töhfətül-İraqeyn” adı sonra verilib. Yəhya Qəribin nəşrindəki dibaçədən
aydınlaşır ki, Xaqani əsərini “Töhfətül-xəvatir
və zibdətül-zəmair” adlandırmışdır.
Seyid Hüseyn Amuzqar isə onu “Töhfətül-xəvatir
və zibdətül-nəvazir” adı ilə çap etdirib”.
Müxtəlif mənbələrdə “Töhfətül-İraqeyn”
(“İki İraqın töhfəsi”-1156) ədəbiyyatımızda
vahid süjet xəttinə malik olmayan və ayrı-ayrı nəğmələr
şəklində qələmə alınıb, orijinal bədii
səyahətnamə təsiri bağışlayan ilk poema
nümunəsi hesab edilir və qeyd olunur ki, bu əsərlə
Azərbaycan yazılı ədəbiyyatında poema
janrının əsası qoyulub. Tanınmış alim
və tərcüməçi Xəlil Rza Ulutürk
poemanın ilk nümunəsi kimi Ə.Xaqaninin “Töhfətül-İraqeyn”
əsərini qəbul etsə də, Azərbaycan ədəbiyyatında
poema janrının ədəbi-tarixi köklərinin daha qədimlərə,
abidə-əsər “Kitabi-Dədə Qorqud” dastanına gedib
çıxdığını, poemanın bir janr kimi
inkişaf edərək ən yüksək zirvəyə
Əfzələddin Xaqani və Nizami Gəncəvi
yaradıcılığında çatdığını
bildirir. Müəllif yazır: “X-XI əsrlərin ən
böyük poetik abidəsi olan “Kitabi-Dədə Qorqud”da poema
janrının bədii ünsürləri aydın
görünməkdədir. ...Klassik irsimizdə poema janrı ən
yüksək inkişaf nöqtəsinə, heç
şübhəsiz, Xaqani və Nizaminin
yaradıcılığında çatıb. XII
əsrdə yetişmiş bu iki sənət korifeyinin,
xüsusilə Nizaminin mənzum roman səviyyəsinə
yüksəlmiş poemaları təkcə Azərbaycan mədəniyyətinin
deyil, bütün dünya mədəniyyətinin qızıl
fonduna həmişəlik daxil olub. Xaqaninin
“Töhfətül-İraqeyn” ədəbiyyatımızda ilk
poema hesab olunur. Poemanın aydın və
müəyyən süjeti yoxdur. Bu əsər
bir növ bədii səyahətnamədir. Burada bütün hadisələri özü ilə
bağlayan baş qəhrəman şair özüdür”.
Esmira Fuad
ədəbiyyatşünas-publisist
Xalq Cəbhəsi.- 2017.- 9 noyabr.-
S.13.