Əmin Abid
Gültəkin – istiqlal ruhlu şair və tədqiqatçı
1-ci yazı
Tarixi
insanlığın yaşı qədər qədim zamanlara
uzanan Azərbaycan əsrlər boyu kəskin əzablara,
müharibələrə, inqilablara, nəhayət,
parçalanmaq kimi ən ağır işgəncəyə məruz
qalsa da, bu müqəddəs torpaqda məskunlaşan insanlar
özlərinin haqqı olan ədaləti, istiqlalı qazanmaq
yolunda mübarizədən geri çəkilməyib, şəhid
qanı ilə suvarılan yurdunun azad və bütöv
olacağı gələcək günün ümidi ilə
yaşayıb, bu keşməkeşli illərin izlərini
qoruyan böyük ağrıların, iztirabların, eyni
zamanda, azadlıq arzularının ifadəsi olan zəngin bir
irs yaradıblar. Ancaq təəssüf ki, bu xalq
böyük mədəniyyətinin qorunması və öyrənilməsi
üçün tarixin müxtəlif dövrlərində
çox ciddi təhlükələrlə üz-üzə
qalıb. Təkcə 20-ci yüzildə
olan hadisələri nəzərdən keçirməklə
ciddi sarsıntıların şahidi olmaq mümkündür.
Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və
sovet-rus iqtidarının torpaqlarımızda ağalıq etməyə
başlaması yalnız yeraltı və yerüstü sərvətlərin
talanmasına imkan yaratmadı, eyni zamanda, milli mədəni
abidələrin, tarixi əski zamanlara söykənən qədim
əlyazmaların, maddi sübutların məhvi ilə
yanaşı, xalqın əsrlər boyu yaratdığı
söz sənətinin də inkişafının
qarşısını aldı, həmçinin onların
yaddaşlardan silinməsi, türk kültürünün
yabançılaşdırılması üçün
ağlagəlməz fəaliyyətlər meydana
çıxdı. Bu qeyri-insani siyasətə sosialist ölkəsində
yaşayan ziyalılar etiraz etdikdə müxtəlif yollarla
susdurulmağa başlandı; kimi güllələrlə, kimi
uzaq Sibirin “buzlu cəhənnəm”ində… Belə
bir ağır məqamda bəzi aydınlar vətənin
itirilmiş istiqlaliyyətini yenidən qaytarmaq ümidilə
mühacirət etmək zorunda qaldı.
Çox təəssüf ki, sovet siyasi
ideologiyasının basqısına dözməyib qürbətdə
yaşamaq məcburiyyətində qalan ziyalılarla bərabər
onların tədqiqat əsərləri də özlərinin
mühacirət ömrünü sürdürməyə məhkum
idi. Ancaq qəribə də olsa, bəzən müəllifin
vətəndə yaşa¬masına baxmayaraq, müxtəlif səbəblər
üzündən öz yurdunda ana dilində çap
olunmağa qoyulmuş qadağalar ya əsərlərin
mühacirətinə, ya da yalnız əlyazma şəklində
yaşamasına gətirib çıxarıb. Əhməd
bəy Ağaoğlunun (1869-1939) ana dilində çapına
qadağalar qoyulduğu üçün 1901-ci ildə Tiflisdə
rus dilində nəşr etdirdiyi “İslama görə və
islamiyyətdə qadın” əsərinə məhz belə
bir tale qismət olmuşdu, həmçinin Məhəmməd
Əmin Rəsulzadənin (1884-1955) “Əsrimizin Səyavuşu”
əsəri Lahıcda qələmə alınsa da,
İstanbulda işıq üzü görə bilmişdi. Əmin
Abidin (1898-1937) çoxcildlik şəklində nəzərdə
tutduğu “Azərbaycan türklərinin ədəbiyyat tarixi”
əsəri də sovet ideoloji siyasətinin qəzəbindən
qurtara bilməmiş və o, uzun illər yalnız əlyazma
şəklində yaşamağa məhkum olmuşdu.
Əmin Abid dövrü mətbuatda vaxtaşırı məqalələri
dərc olunan bir tədqiqatçı olmaqla yanaşı, vətənində
sağlığında tanınmayan, lakin istiqlalla
bağlı ən təsirli şeirlər yazan bir şair idi. Xatırladaq
ki, Azərbaycanda sovet hakimiyyəti illərində Əmin
Abidin müxtəlif dərgilərdə məqalələri
verilsə də, ayrıca kitab şəklində şeir və
ya tədqiqatları nəşr edilməyib. Türkiyədə onun ayrı-ayrı dərgi və
toplularda Gültəkin imzası ilə şeirləri verilib,
1948-ci ildə isə İstanbulda “Buzlu cəhənnəm”
adlı kitabı nəşr edilib. Həmin
kitab yalnız sovet sisteminin süqutundan sonra 1999-cu ildə vətəndə
– Bakıda Əli Şamil tərəfindən nəşr
edilib.
Yeri gəlmişkən, hələ də müzakirə
predmeti olan bir məqama münasibət bildirmək istəyirik. “Buzlu cəhənnəm”
kitabına “Ön söz” yazan Mirzə Bala Məmmədzadənin
fikirləri ilə 1928-ci ildə nəşr olunan “İstiqlal
uğrunda” kitabına müqəddimə yazan Kamal imzalı
müəllifin düşüncələrini müqayisə edən
Əli Şamil belə bir mülahizə irəli
sürür: “Buzlu cəhənnəm”ə ön söz kimi
yazılmış “Gültəkin” məqaləsindəki fikir
və mülahizələr “İstiqlal uğrunda”
kitabının müqəddiməsində Gültəkin
haqqında deyilənlərlə üst-üstə
düşür. Yoxsa “İstiqlal uğrunda”ya
müqəddimə yazan Kamal “Buzlu cəhənnəm”i
toplayıb nəşrə hazırlayan, “Gültəkin”
başlıqlı ön söz yazan Mirzə Baladır?”
Belə gizli imzaların sahiblərinin dəqiqləşdirilməsi,
təbii ki, çox çətindir. Bir sıra hallarda
yalnız ehtimallara dayanaraq müəyyən qənaətlər
çıxarılır. Am¬ma yuxarıda bəhs
etdiyimiz Mirzə Bala Məmmədzadə Azərbaycan
mühacirətinin görkəmli, mübariz simalarından
biridir və onun imzasının dəqiqləşdirilməsi
də vacib məsələlərdəndir. Burada maraqlı bir məqam da diqqəti cəlb etməkdədir.
Məşhur türkoloq alim Rəşid Rahməti
Arat (1900-1964) M.B.Məmmədzadənin ölümü
münasibətilə ona vida sözü yazıb və orada bu
yorulmaz mücahidin imzalarını da sadalayıb. Təxminən
25 ildən artıq bir müddətdə
tanıdığı Mirzə Bala haqqında R.Arat yazır:
“Mən onunla (M.B.Məmmədzadə ilə – A.H.) 1933-cü
ildə İstanbul Universitetinə gəldiyim vaxtlarda tanış oldum. O günlərdə hüquq
fakültəsinə davamını tamamlamış, bir
neçə imtahanını vermiş və bitirmək
üçün də ancaq bir neçə imtahanı
qalmışdı. Fəqət o günlərin
abı-havası içində mühüm olan Türklük
davasında onu vəzifəyə
çağırmışdılar və o da bu fikir ilə
ciddi məşğul olurdu. Mən təhsilini bir an əvvəl tamamlayıb sonra getməsini məsləhət
bildim. Fəqət özü bir çox maddi və
mənəvi səbəblər ilə Lehistana (Polşaya-A.H.)
getməyi tərcih etdi. Orada da dünya mətbuatında
Türklük məsələsini təqib etmiş və
bilxassə “İstiqlal”, “Qurtuluş” məcmuələrininən
mühüm yazarlarından biri olub. Mirzə-Bala,
M.B., Mehmedzade, Nuh-oğlu, Taş-Demir, Ali Kutluk imzaları ilə
yazmış olduğu çox sayda çeşidli məqalələri
bu dövrdəki fəaliyyəti və düşüncələri
haqqında məlumat almaq üçün zəngin malzəmə
təşkil edir”. Göründüyü
kimi, burada Rəşid Rahməti Arat Kamal imzasını qeyd
etməyib. Fikrimizcə, M.B.Məmmədzadə
kifayət qədər tanınmış bir siyasi xadim və
xeyli tədqiqatların müəllifidir. Əgər
o, belə bir imzadan istifadə etsəydi, R.Aratın bu barədə
məlumatı olardı.
Qayıdaq Əmin Abidin elmi
yaradıcılığına. Azərbaycanda sovet dövründə
və sonralar aparılan bir sıra araşdırmalarda Ə.Abidin
ayrı-ayrı məqalələrinə (“Əşirət
dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr”,
“Türk xalqları ədəbiyyatında “mani”
növü və Azərbaycan bayatılarının
xüsusiyyətləri” və s.) dəfələrlə
istinad olunub. Ancaq Əmin Abidin elmi
yaradıcılığı ilə bağlı tədqiqatlar
əsasən keçən əsrin 90-cı illərindən
sonra aparılmağa başlayıb. Belə
ki, Əli Şamil onunla bağlı bir sıra məqalələr
yazıb. Bədirxan Əhmədov “Bir istiqlal yolçusu
(Əmin Abidin həyatı, mühiti,
yaradıcılığı)” monoqrafiyasını 2003-cü,
Minaxanım Əsədli Əmin Abidin 1926-cı ildə
İstanbulda çıxan “Türk yurdu” dərgisində
verilmiş “Müasir Azərbaycan ədəbiyyatı” adlı
tədqiqatını 2006-cı ildə nəşr etdirib.
Bundan başqa B.Əhmədov 2007-ci ildə Əmin Abidin
“Seçilmiş əsərləri”ni nəşr
etdirib. Nəhayət, sovet ağalarının qəzəbinə
tuş gələrək qırx yaşına
çatmamaış güllələnən gənc və
istedadlı tədqiqatçı-alim Əmin Abidin “Azərbaycan
türklərinin ədəbiyyat tarixi” əsəri 2016-cı
ildə nəşr edilib.
Vətəninin parçalanması, görünür, hər
bir ziyalı kimi Əmin Abidi də çox narahat edib və
dövrünün imkanları daxilində o, bu məsələyə
diqqət yönəlt¬məyə çalışıb. Məhz bu səbəbdəndir
ki, araşdırıcı “Azərbaycan türklərinin ədəbiyyatı
tarixi” tədqiqatında ilk olaraq “Azərbaycan”
sözünün şərhi ilə bağlı mülahizələr
haqqında məlumat verib. Müəllif vətəninin
ikiyə parçalanması nəticəsində bu ərazidə
və İranda yaşayan əhalinin fərqləndirilməsi
üçün “Azərbaycan”
adlandırıldığını, amma bu torpaqlara “Arran”
deyilməsinin daha müna¬sib olacağını bildirən
V.V.Bartoldun (1869-1930) mülahizələrindən bəhs edib. Lakin Əmin Abid bu torpağa Azərbaycanın daimi məskunları
olan Oğuz tayfalarının adının verilməsini daha
münasib hesab edib.
Beləliklə, Əmin Abid “Azərbaycan türklərinin
ədəbiyyatı tarixi” əsərində Rusiya, Türkiyə
və digər ölkələrdə, eyni zamanda, Azərbaycanda
bu sahədə aparılan tədqiqatları xatırladıb. O, ayrı-ayrı müəlliflər
haqqında məlumat verməklə yanaşı, Mehmet Fuad
Köprülünün (1890-1966) tədqiqatlarını
yüksək dəyərləndirsə də, Yusif Vəzir
Çəmənzəminlinin (1887-1943) Türkiyədə
1921-ci ildə nəşr etdirdiyi “Azərbaycan ədəbiyyatına
bir nəzər” əsəri haqqında ciddi tənqidi
mülahizələr söyləyib, tədqiqatın
qeyri-peşəkarlıqla aparıldığını
bildirib: “Vəzirov Nəsimi ilə Xətayi, Füzuli ilə
Vaqif arasındakı əsərlərin ədəbi
simasını təyin üçün də nəfəs
tükətmək istəməyərək, bir “heyfa ki” ilə
“idareyi-məsləhət” üsulunu təqib ediyor. Bulunduğu hissələrdən belə əhl-mütəxəssis
tərəfindən yazılmadığı açıqca
analaşılan “Azərbaycan ədəbiyyatına bir nəzər”
zehni şaşırtacaq yalan-yanlış bir taqım ibtidai məlumat
külçəsidir”.
Qeyd etmək lazımdır ki, Əmin Abid bu əsəri
yazarkən ideoloji basqıları nəzərə alıb, bu,
tədqiqatın müxtəlif məqamlarında
açıqca gözə çarpır. “Əski oğuzlarda
“totemçilik” adlı bölməsinin elə ilk cümləsi
onun sovet senzurasıının qəzəbindən qorunmaq
üçün yazıldığına şübhə
doğurmur: “İqtisadi həyatın inkişaf etmədiyi
qövmlər kibi əski oğuz qəbilələrində də
bir çox qərib ənənə və adətlər
olmuşdur ki, bugünkü proletariat nöqteyi-nəzərindən
bunlar çox mənasız qalır. Fəqət
tədqiqlərimizdə nöqsan buraxmamaq üçün bu
xüsusda da qısaca məlumat vermək icab ediyor”.
Müəllifin mülahizələrindən də
aydın olur ki, o, bu vacib mövzudan bəhs etməməyin
qüsurlu olacağını anlamış və senzuranı
nəzərə alaraq kiçik bir şərh verib. Digər bir məqam
da diqqəti çəkir. Belə ki, Əmin Abid
yazır: “Türkiyə ictimaiyyatçılarından Ziya
Göyalp aşağı təbəqə xalqın da bu mərasimlərdə
iştirak etdigini söylüyor: “Bir gün Xanlar xanı, yaxud
bəglər bəgi bir toy, yaxud bir şülən yaparaq
bütün eli dəvət edirdi. Bunlar yeyüb içdikdən yeni əlbisələr
geyüb bürcləri də verildikdən sonra dəvət
sahibinin təklifilə evində hər nə varsa, ümumi dəvətlilər
tərəfindən yəğma edilərdi. Bu hal da göstəriyor ki, el daim bir kommunist həyatı
yaşayan xaricə qarşı bir ailə-oğuz cəng təşkilatını
mühafizə edən qapalı bir cəmiyyətdi”. Fikri qərəzlə olaraq kommunistligi “yəğmagərlik”
şəklində göstərən Ziya Göyalp bu
xüsusda əldəki vəsiqələrin əksini göstəriyor.
Bu mərasimlərdə dərəbəgləri tərəfindən
istismar edilən kəndli sinfi iştirak etmək haqqından məhrumdu:
yalnız baş xan ilə qarısı və əşirət
bəglərinə məxsusdu. Bu məxsusdə eyni məlumat
verən “Kitabi-Dədə Qorqud”un müxtəlif
yerlərində mərasimlərin xan və bəglər tərəfindən
tərtib edildigi və buraya “rəislərin, hərbdə
yararlığı görülən “qəhrəman”ların
dəvət edildigi açıq olaraq göstəriliyor. Xalq
zümrəsinə mənsub olanlardan ancaq “qopuzci” ilə “ozan”lar iştirak edərlərdi; o də
yuxarıya yaltaqlıq yapdıqları üçün”. Fikrimizcə, Əmin Abidin bu mülahizələri məhz
yaşadığı sistemin gətirdiyi abı-havadan irəli
gəlib. Oğuznamələrlə bağlı elmi təhlillər
aparan ilk tədqiqatçılardan biri Əmin Abiddir və o,
bu tədqiqatında təəssüflə qeyd edir ki, Avropada
yüz, Rusiyada otuz ildən artıq bir müddətdə
müzakirə mövzusuna çevrilən “Kitabi-Dədəm
Qorqud”, demək olar ki, Azərbaycanda diqqətdən kənarda
qalıb. Görünür, elə bu səbəbdən
də araşdırıcı ana kitabımıza həssaslıqla
yanaşır, onun təhlilinə daha çox yer
ayırır.
Almaz HƏSƏNQIZI
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2017.- 11 noyabr.-
S.14.