Əmin Abid Gültəkin – istiqlal ruhlu
şair və tədqiqatçı
2-ci yazı
Xatırladaq
ki, ədəbi ictimaiyyətə tanıdılandan sonra
keçən müddət ərzində
qorqudşünasların üzərində təhlillər
apardığı məsələlərin əksəriyyətini
Əmin Abid hələ XX əsrin 20-ci illərindən qaldırmış
və özünəməxsus tərzdə həll etməyə
çalışıb. Əvvəla, “Kitabi-Dədəm
Qorqud”un yaranma tarixinə nəzər salaraq, Əmin Abid
hazırda mövcud olan dastan mətninin daha qədim bir əlyazmasından
köçürülməsi ehtimalını irəli
sürüb. Alimin mülahizələrinə görə, dastandakı
şamanizm elementləri, qadın kişi münasibətləri,
müxtəlif adətlər onun, bir çoxlarının
iddia etdiyi kimi, XVI əsrdə deyil, daha qədim dövrlərdən
mövcudluğunu göstərir.
Digər
bir məsələ eposun adı və onun əsas qəhrəmanlarından
Qorqudun şəxsiyyəti ilə bağlıdır. Əmin
Abid Kilisli Rüfət (1874-1953) tərəfindən nəşrə
hazırlanan dastan mətnində (həmçinin adında)
bir sıra xətalara yol verildiyini, dastanın “Kitabi-Dədəm
Qorqud” adlanmasının daha düzgün olduğunu bildirib.
Qorqudla bağlı V.V.Bartold və İnostrantsevin mülahizələrini
müqayisə edərək onun əfsanəvi bir şəxsiyyət
olduğunu, lakin bəzən tarixi şəxsiyyətlərin
müəyyən zaman keçəndən sonra əfsanəviləşmə
ehtimalının mövcudluğunu qeyd edib. Qorqudun dastanda
oğuzların böyük ehtiram göstərdiyi müdrik
şəxsiyyət, “əql və mühakimə sahibi
şeyx” və ozan kimi əks olunduğunu bildirən Əmin
Abid fikrini örnəklərlə əyaniləşdirib.
Əmin
Abid Qorqudun şəxsiyyətini aydınlaşdırmaq
üçün türklər içərisində hələ
də onun adı ilə bağlı yaşayan əfsanələr,
məzar və yer adlarına diqqət yetirib. Daha dəqiq desək,
Adam Oleariyə (1599-1671) və Övliya Çələbiyə
(1611-1682) istinad edərək Dərbənddə Dədə
Qorqudun, Urmiyədə Burla Xatunun məzarları haqqında məlumat
verib.
Əmin
Abidin diqqət yetirdiyi məsələlərdən biri də
dastanın xalq içərisində yaşama dövrü ilə
bağlıdır. Qeyd etmək lazımdır ki, Azərbaycanda
“Dədə Qorqud kitabı”nın ilk tədqiqatçısı
Əmin Abid 1929-cu ildə “Dan yıldızı” jurnalında nəşr
etdirdiyi “Türk el ədəbiyyatına elmi bir baxış”
adlı məqaləsində “Oğuznamə”nin Azərbaycanla
bağlılığı məsələsini
araşdırarkən, müxtəlif mənbələrə
istinad edərək belə bir qənaətini qeyd edib:
“Yuxarıda bəhs etdiyimiz bu vəsiqələr “Oğuznamə”
nağıllarının hicri tarixinin ilk əsrlərindən
başlayaraq XVIII əsrə qədər azərbaycanlılar
arasında yaşadığını qəti surətdə
isbat etməkdədir. Azərbaycan Proletar Yazıçılar
Cəmiyyətində açılan ali dərəcəli ədəbiyyat
seksiyasında idarə etdiyim məşğələlər əsnasında
“Oğuznamə”nin mündəricatını təmrin edərkən
gənclərdən birisi bu mövzulardan bəzilərinin indi
belə köylülərimiz arasında
yaşadığını söyləyib və yaxında
bunu təsdiq edib verəcəyini vəd edib”.
Beləliklə,
aydın olur ki, “Oğuznamə” mətnlərinin xalq
arasında yaşaması məsələsi Ə.Abidi “Azərbaycan
türklərinin ədəbiyyatı tarixi” əsərindən
başqa digər tədqiqatlarında da
düşündürüb. Təəssüf ki, alimin
repressiyaya uğraması onun bu sahədəki fəaliyyətini
də tamamlanmasına imkan verməyib. Əmin Abid eposda adı
çəkilən topopnimləri araşdırıb, “Qorqud mənqəbəsinin
bəhs etdiyi yerlər bizim məmləkətimizdir!” nəticəsinə
varıb. Bu araşdırmasında Ə.Abid eposun
boylarının məzmunu haqqında qısa məlumat verib.
Müəllif dastanın Azərbaycan türkcəsinə
yaxın bir dillə yazıya alındığını
bildirməklə yanaşı, gətirdiyi örnəklərlə
fikrini aydınlaşdırıb.
Tədqiqatının
sonuna Ə.Abid həm Orxon-Yenisey abidələrindən, həm
də “Kitabi-Dədəm Qorqud”dan parçalar da əlavə
edib, bununla əyani təsəvvür yaratmaq istəyib. Əmin
Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”
əsərində qaldırılan problemlər sovet
ağaların tələb etdiyi kimi təcrid olunmuş şəkildə
deyil, doğulduğu köklərə bağlı –
ümumtürk kontekstində təhlilə cəlb olunub. Bu, əslində
bütün araşdırmalarında Əmin Abidin diqqət mərkəzində
saxladığı bir məsələ olub. Əmin Abidin
yaradıcılığını araşdıran Əli
Şamil həmin problemlə bağlı maraqlı bir məqama
toxunur: “Kitabi-Dədə Qorqud” haqqında dəyərli
araşdırmalar aparan, Türkiyə, Azərbaycan, tatar,
özbək, qaqauz, Kərkük və başqa türk
xalqlarının beş min manisini müqayisə edən,
tarixini müəyyənləşdirən odur (Əmin Abiddir
– A.H.). O, Azərbaycanda yayınlanan dərgi və qəzetlərlə
kifayətlənməyərək, Ankara, Səmərqənd,
Buynakskidəki (Dağıstan) dərgilərdə
araşdırmalarını çap etdirib”.
Türk
milli mədəniyyətini qorumaq və tanıtmaq məqsədilə
yaranan bu araşdırma sovet Azərbaycanında yalnız onun
müəllifinin amansız şəkildə cəzalandırılması
ilə nəticələnməyib, həm də tədqiqatın
uzun illər elm aləmindən gizli saxlanılmasına gətirib
çıxarıb. Bunu əlyazma üzərindəki
“İstanbul 1922–Bakı 1927” və ilk nəşri olan
kitabın üzərindəki “Bakı 2016” sözləri
sübut etməkdədir. Yuxarıda
xatırlatdığımız kimi, “Azərbaycan türklərinin
ədəbiyyatı tarixi” əsərinin böyük bir hissəsi
“Dədə Qorqud” eposuna həsr edilib. Əsərin 1922-1927-ci
illərdə yazıldığını nəzərə
alaraq, belə bir qənaətə gəlmək
mümkündür ki, bu araşdırma Azərbaycanda “Kitabi-Dədə
Qorqud”la bağlı aparılan ilk tədqiqat əsəridir.
Ancaq ürək ağrıdan məsələlərdən
biri odur ki, araşdırıcıların çoxu Azərbaycanda
“Kitabi-Dədə Qorqud”un tədqiqi tarixini hələ də
Atababa Musaxanlı və İsmayıl Hikmətin adı ilə
bağlayırlar. Fikrimizcə, bu, xalqının milli mədəniyyətini
tanıtmağın bədəlini həyatı ilə ödəyən
Əmin Abidin ruhu qarşısında bir
haqsızlıqdır.
***
Sovet
dönəmində xalqın azadlıq və hürriyyət
arzularını alovlandıran, əsarət, köləlik
buxovlarından qurtulmağa səsləyən ədəbi əsərlər
ya senzura tərəfindən yasaq edilib, ya da məcburiyyət
üzündən bəzən hətta Azərbaycanın
öz tədqiqatçıları tərəfindən sovet
ideologiyasına uyğunlaşdırılaraq təhrif edilib,
yanlış təbliğ olunub. Belə ki, mühacir tədqiqatçı
Süleyman Abdülkadir “Azərbaycan yurd bilgisi” dərgisinin elə
ilk sayında dərc olunmuş “Türk qövmlərinin xalq ədəbiyyatında
rus istilasının inikası” adlı məqaləsində
(müəllifin bu adda silsilə məqalələri dərginin
dörd sayında dərc edilib) müstəmləkə
buxovları daşıyan bütün türkdilli xalqların
folklorunu nəzərdən keçirərkən diqqəti bu
problemə yönəldərək qeyd edib: “...türk xalq ədəbiyyatı
və xəlqiyyatı öz münəvvərlərimiz tərəfindən
ihmal olunmuş, ancaq kölə millətə mənsub olan
müstəmləkəçiyə qeyrətlə toplana
bilmişdir. Bu ədəbiyyatı müstəmləkəçiyə
nəql edənlər rus istilasına dair xalqın tərənnüm
etdiyi dastan və türkülərin milli bir sirr sifətilə
saxlamış, yaxud “rus məmuru” zənn etdikləri müstəmləkəçinin
xətrini qırmayacaq bir surətdə təhrifə məcbur
olmuşlar”.
Əmin
Abidin ağır bir dövrdə yazdığı “Azərbaycan
türklərinin ədəbiyyat tarixi” əsərində isə
türk xalqlarının möhtəşəm abidəsi
“Kitabi-Dədə Qorqud”, demək olar ki, fərqli bir metodla və
mümkün olduğu qədər obyektiv şəkildə təhlilə
cəlb edilib. Bu əsərin yazıldığı
1922-1927-ci illərdə çox çətin və təhlükəli
bir iş idi. Məlum olduğu kimi, türk xalqlarının
bu böyük abidəsi kommunist ağalarının qəzəbilə
keçən əsrin 50-ci illərində tamamilə
yasaqlanmışdır, yalnız sovet hakimiyyətinin öz əvvəlki
nüfuzunu qeyb etməyə başladığı
durğunluq illərində Azərbaycanda türk
xalqlarının mənəvi sərvətlərinin öyrənilməsi
istiqamətində müəyyən addımlar atılmağa
başlayıb. Xalqın milli kimliyi, soy-kökü ilə
bağlı əsərlərə diqqət artmağa
başlayıb, oğuznamələr, “Kitabi-Dədə Qorqud
”, digər türk xalqlarının mədəniyyəti, qədim
lüğət və əlyazmalarla bağlı
araşdırmalar aparılmağa başlanıb. Ancaq rus-sovet
əsarətinin, senzuranın basqıları hələ də
öz mənfi nəticələrini göstərməkdə
idi. Belə ki, Samət Əlizadə 1987-ci ildə çapa
hazırlayıb “Oğuznamə” adı ilə nəşr
etdirdiyi XVI əsrə aid olunan “Əmsali-Məhəmmədəli”
kitabının əlyazması ilə bağlı maraqlı
bir fakt açıqlayıb: “Oğuznamə”ni qürur və
məhəbbət hissi ilə oxuyursan, axırıncı səhifənin
pozulmuş sətirlərini görəndə isə kədər
və təəssüflə düşünürsən ki, əlyazmanı
şüurlu şəkildə təzələyib gələcək
üçün hədiyyə hazırlayan katib öz
adını, əsərin yazılış tarixini və
yerini pozmazdı. Yəqin ki, belə “günah”a məcmuənin
nə ilk, nə son sahibi batardı. Amma bu da həqiqətdir
ki, son sətirləri pozan adam sıravi oxucu deyil,
ziyalı-şərqşünasdır; o hər kimdirsə,
şovinizm əsiridir. Ona görə də öz qədimlik
faktı ilə Misir piramidası kimi ucalan yazılı abidə
qarşısında qorxuya düşmüş, cinayətkar
barmağını işə salıb. Məlumdur ki, folklor
yaradıcılığının qədimliyi, erkən orta əsrlərdəki
yazıda təsbit olunması onu hasilə gətirən
xalqın da tarixi keçmişi, dili və təfəkkürünün
qədimliyi, erkən orta əsrlərdəki bədii qüdrəti
haqqında inkaredilməz sübutdur”.
Qeyd etmək lazımdır ki, Azərbaycanın iki hissəyə parçalanması və uzun illər ayrı-ayrı dövlətlərin basqısı altında olması onun mənəvi sərvətlərinin toplanması, öyrənilməsi məsələsinə də ciddi təsir göstərib. Ana dilində danışmağın belə qadağan olunması Güney Azərbaycanda bu istiqamətdə fəaliyyətlərin zəifləməsinə gətirib çıxarıb. Bu zəngin folklor materiallarının toplanması və tədqiqinin qarşısını saxlayan bir sıra çətinliklər hələ də qalmaqdadır. Lakin yeganə təsəlli odur ki: “Qayaları paralayan Araz yalnız soy-kökü, qan yaddaşını, milli ruhu paralamayıb və onun paraları arasından axa bilməyib. Folklor özü əsatirdə və bayatıda, nağılda və dastanda əbədiləşən canlı bir yaddaşa çevrilib və qoymayıb ki, nə o, nə də bu sahildə bir kəs soyunu, əslini, zatını unutsun. Ona görə də şüurda, düşüncədə, mənəviyyatda xalq heç vaxt parçalanmayıb. Çünki yaddaş zədəsiz, bütöv qalıb. Axı daşlar ovula-ovula ölür, qayalar sökülə-sökülə, bulaqlar quruya-quruya, çaylar çəkilə-çəkilə ölür, millət isə unuda-unuda. Yaddaşdan təmizlənə-təmizlənə”.
Azərbaycan və bütövlükdə türk folkloruna qarşı müstəmləkəçi ağaların kəskin və barışmaz münasibəti məhz onun yaddaşının zədələnməsi, məhv olunmasına hesablanıb. Amma yaxşı ki, nə sosialist senzurasının basqısı, nə də şahlıq rejimi çox çalışsa da, buna nail ola bilməyib. Çünki xalq ən çətin məqamlarda belə öz yaratdıqlarını qoruyub saxlamağa müvəffəq olub. Bu isə yalnız həyatı bahasına xalqın mənəvi sərvətini qorumağa, tanıtdırmağa çalışan və ona nail olan Əmin Abid kimi ziyalıların sayəsində mümkün olub. Elə bu səbəbdən də otuz səkkiz yaşında həyatı qırılan bu fədakar ziyalı, əslində, “Azərbaycan türklərinin ədəbiyyat tarixi” kimi tədqiqatı ilə xalqının yaddaşında əbədi yaşamaq hüququ qazanıb.
Almaz HƏSƏNQIZI
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2017.- 14 noyabr.-
S.14.