Türkmənçay müqaviləsi
bağlanılarkən ermənilər “unudulmadı”
Rus
tarixçisi Potto bu barədə yazırdı: “Böyük
Pyotr ilk dəfə ermənilərə siyasi baxımdan nəzər
saldı, onların taleyində Rusiyanın rolunu qabaqcadan
görə bildi”
Dünyanın indiki qarışıq halından məharətlə
bəhrələnən ermənilər davamlı olaraq mənasız
iddialarını irəli sürür, hədyanlarından əl
çəkmirlər. Araşdırmaıçı Nicat Cəmilzadə
bildirir ki, XIX əsrin əvvəllərindən Rusiyanın
Zaqafqaziyanı işğal etdiyi vaxtdan indiki Ermənistan ərazisində
minillər boyu yaşamış türk boylarının
qanlı-qadalı günləri başlayıb: "İki əsrlik
imperiya siyasətinin nəticəsi olaraq türklərə
qarşı dəfələrlə soyqrım həyata
keçirilib, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən
soydaşlarımızı sonuncu nəfərinədək
qovublar. Tarix boyu özgə torpaqlarında gözü olan ermənilərin
“Böyük Ermənistan” dövləti yaratmaq kimi sərsəm
ideyaları “xristian himayəçiliyi” pərdəsi
altında müstəmləkəçilik siyasəti yeridən
Rusiyanın da mənafeyinə uyğun gəlib. Yaxın Şərqi,
Hindistanı işğal etmək arzusunda olan Rusiya
imperiyasına Türkiyə, İran və Azərbaycanın sərhədləri
kəsiyində özünə etibarlı dayaq yaratmaq
lazım idi ki, əlverişli şərait yetişən kimi
həmin etibarlı ərazidən tramplin kimi istifadə etsin. Kökləri I Pyotrun hakimiyyəti dövrünə
gedib çıxan erməni-rus yaxınlaşmasının
arxasında bütövlükdə Orta Şərqin və
xüsusilə Cənubi Qafqazın müstəmləkə
edilməsilə bağlı təcavüzkar planlar gizlənmişdi.
Şərqdə işğal planlarının
dövlət siyasəti səviyyəsinə
qaldırılması əsasən I Pyotrun adı ilə
bağlı olduğundan, məhz onun dövründən etibarən
ermənilərdən bir alət kimi istifadə etmək
mütəmadi və ardıcıl xarakter kəsb etdi".
Rus
tarixçisi Potto bu barədə yazırdı: “Böyük
Pyotr ilk dəfə ermənilərə siyasi baxımdan nəzər
saldı və Ermənistanın taleyində Rusiyanın rolunu
qabaqcadan görə bildi.” N.Cəmilzadə: "Çar
müstəmləkəçiləri Azərbaycan
hüdudlarına yaxınlaşdıqca ermənilərin “xəyalları”
da get-gedə reallaşmağa başladı. Rusiya
ilə İran arasında baş vermiş I Rus-İran
(1805-1813), II Rus-İran (1826-1828), həmçinin Rus-Türk
müharibələrində ermənilər çox böyük
canfəşanlıqla iştirak edirdilər. Bunu Potto,
Semyanov kimi rus, Parsamyan kimi erməni tarixçiləri də təsdiq
edirdi. İranla müharibənin ən
qızğın nöqtələrində vuruşan erməni
könüllü birləşmələrinin müharibənin
rusların xeyrinə qurtarmasında müəyyən xidmətləri
oldu. Onlar Rusiyanın qələbəsində
gələcək erməni ərazisinin və burada erməni
dövlətinin düzəldilməsi üçün
geniş imkanların yaradılmasını görürdülər.
Nəticədə, 1828-ci ildə Türkmənçay
müqaviləsi bağlanılarkən ermənilər
“unudulmadı.”
Türkmənçay
müqaviləsinin XV maddəsində deyilirdi: “Hansı dərəcəyə
məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs
öz hərəkətinə və ya müharibə ərzində,
ya da rus ordusunun adı çəkilən vilayəti müvəqqəti
tutduğu zaman davranışına görə təqib, dini əqidəsinə
görə təhqirə məruz qalmamalıdır. Bundan
sonra o məmur və sakinlərə bu gündən
başlayaraq öz ailəsi ilə birlikdə Rusiyaya sərbəst
keçmək, hökumət və yerli rəisliyin heç
bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına
və əşyalarına hər hansı gömrük və
vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və
satmaq üçün bir il vaxt verilir.”
XV maddənin müqavilənin mətninə daxil edilməsi
üçün ermənilər birbaşa hərəkət
etməyib, Rusiya diplomatik dairələrində nüfuz və
təsirə malik Paskeviç və onun qohumu Qriboedovdan hiyləgərcəsinə
istifadə edə bildilər. A.S.Qriboyedov
Rusiyanın İranda fövqəladə və səlahiyyətli
səfiri təyin olunmuşdu. Onun
“İrandan ermənilerin bizim vilayətə
köçürülməsi haqqında qeydlər”ində ermənilərin
Azərbaycana köçürülməsi məsələsi
işıqlandırılıb. O, göstərirdi ki,
polkovnik Lazerev özünü erməni emiqrantlarının
himayəçisi hesab edir. Lazerev etiraf
edirmiş ki, ermənilərin şüursuzcasına rus
qanunlarından heç nə anlamır və bu qanunlarla
yaşamaq istəmirdilər. Türkmənçay
müqaviləsi onlara tam sərbəstlik verirdi.
“Köçmələr vaxtı onların əsas
silahları bunlar idi: knyaz Arqutinski, Qamazov, digər tabe olan
zabitlər isə onların təsiri altında hərəkət
edirdilər.”
Mayor
Vladimirovdan bəhs edərkən A.S.Qriboyedov göstərirdi:
“Biz onunla bu hadisəni çox müzakirə etdik, müsəlmanlarla
necə etmək lazımdır, onları təzə gələnlərlə
barışdırıb başa salmaq lazımdır ki, bu gəlmələr
müvəqqəti məskunlaşıb, onlar buradan gedəcəklər
və gəldikləri bu yerlərdə həmişəlik
qalmayacaqlar”. O, bu haqda yeli xanlarla da
danışmışdı. Nəhayət,
yerlilərə müraciət edərək deyirdi ki, onlar
gürcü ermənilərindən daha xeyirlidirlər.
Gürcü tacir ermənilər xəzinəyə heç
bir xeyir vermirlər, lakin fars erməniləri
əkinçilər və çörəkbişirənlərdir.
N.İ.Şavrovun “Zaqafqaziyada rus işinə
yeni təhlükə” başlıqlı qeydlərində isə
bu məsələ ilə bağlı daha ətraflı məlumat
var. “Biz öz müstəmləkiçilik siyasətimizə
Zaqafqaziya qapılarında rusların deyil, digər yerlərdən
gələn insanların daxil olması ilə başladıq.”
Nicat Cəmilzadə:
"Hər şeydən əvvəl Şavrov 1819-cu ildə
Vyurtemberq almanlarının 500 ailəsinin
köçürdüklərini qeyd edir. Hansı
ki, almanlar öz vətənlərində lazımsız hesab
edilirdilər. Şavrov bunlardan Yelzavetpol və
Tiflis quberniyalarında koloniyalar yaratdıqları və əlbəttə
ki, bunlara ən yaxşı torpaqlar və imtiyazlar verdiklərini
deyir. Burada Şavrov ermənilərin
köçürülməsi ilə bağlı
aşağıdakıları qeyd edir: “1826-1828-ci ilin
müharibəsi qurtardıqdan sonra biz 2 il ərzində
(1828-1830) 40 mindən çox fars ermənisi və 8460 türk
ailəsi köçürdük və onları Yelizavetpol və
İrəvan quberniyasının ən yaxşı xəzinə
torpaqlarında yerləşdirdik.”
Həmin yerlərdə erməni əhalisi yox dərəcəsində
idi. Həmçinin erməniləri Tiflis,
Borçalı, Axaltsixi və Axalkalaki bölgələrinə
köçürdük. Şavrovun
etirafı sübut edirdi ki, o dövrdə Zaqafqaziya
quberniyalarında əsasən gürcülər və azərbaycanlılar
yaşayırdı. O, göstərirdi ki, erməniləri
yerləşdirmək üçün 200 min desyatin xəzinə
torpağı ayrılıb və 2 milyon rubl məbləğində
müsəlmanların şəxsi mülkləri satın
alınıb. Yelizavetpol quberniyasının
dağlıq hissəsi (Dağlıq Qarabağ) və
Göyçə (Sevan) gölünün ətrafı bu ermənilərlə
məskunlaşdırılır. Şavrov
göstərirdi ki, bu dövrdə rəsmi şəkildə
köçürülmüş 124 min ermənidən
başqa, bu yerlərə qeyri-rəsmi suretdə də ermənilər
gəlmişdi. Onların sayı 200 mini
keçmişdi. İrandan Şimalı Azərbaycana
köçürülən ermənilərin sayı
haqqında mənbələrdə müxtəlif məlumatlar
var. S.N.Qlinkanın dilimizə tərcümə olunmuş “Ermənilərin
Azərbaycana köçürülməsi” kitabında
yazdığına görə, “köçürmə əməliyyatı
nəticəsində İrandan 8 mindən artıq erməni
ailəsi Arazı keçərək Şimalı Azərbaycan
torpaqlarında məskunlaşdı. Məcburən 40 minə
yaxın adam Arazın şimalına gətirildi".
Tanınmış
rus hərbi tarixçisi Potto qeyd edirdi: “Təkcə 1828-ci
ilin martında köçən erməni ailələrinin
sayı 5 minə çatırdı.” Erməni
keşişi Nerses Aştrakeçiyə istinad edən
Kuznetsova da Şimali Azərbaycana gətirilən erməni ailələrinin
sayının 8 min olduğunu göstərir. İ.Şopenə görə isə İrandan erməni
vilayətinə 35560 nəfər, 6946 erməni ailəsi
köçürüldü.
Rus
tarixşünaslığında ermənilərin Azərbaycana
köçürülməsi məsələsi kifayət qədər
aydın, açıq-aşkar göstərilib: "Burada az
da olsa, çarizmin milli müstəmləkəçilik siyasətinin
ünsürləri rus mənbələrində öz dili ilə
göstərilir. Təəssüf ki, ermənilərə
daim əzabkeş xalq kimi baxan rus müəllifləri
onların gələcəkdə Qafqaz xalqlarının,
xüsusilə azərbaycanlıların başına gətirəcəkləri
müsibətdən ya xəbərsiz idilər, yaxud da bunu əvvəlcədən
bilirdilər. Təbii ki, əvvəlcədən
bunu bilmələri rus çarizminin, ümumilikdə rus
dövlətçiliyinin məqsədlərindən idi.
Əsrlər boyu mövcud olan və hələ
də davam edən erməni-rus yaxınlığı sovet
hakimiyyəti illərində də davam edirdi. Təkcə onu demək kifayətdir ki, bu illərdə
erməni millətçiləri yalnız sovet Ermənistanın
deyil, həmçinin sovet Rusiyasınn da məsul vəzifələrində
çalışırdılar. Onlar öz
mövqelərindən istifadə edərək sovet hakimiyyəti
dövründə də öz mənfur siyasətlərindən
əl çəkmirdilər.
1937-ci ildə
represiyalar zamanı, 1948-1953-illərdə azərbaycanlıların
öz doğma yurd-yuvalarından köçürülməsi
zamanı, Zəngəzur kimi mühüm tarixi
torpaqlarımızın “işğalı” zamanı,
1988-1989-cu illərdə Qərbi azərbaycanlıların son
nəfərinədək öz yurdlarından
köçürülməsi və nəhayət, Sovet
dövlətinin adından N.Qorbaçovun ermənilərə
Dağlıq Qarabağ haqqında vədləri ermənilərin
SSRİ hakimiyyəti illərində də nə qədər
böyük hörmətə layiq edildiklərini göstərir.
SSRİ-nin yaradılmasından sonrakı ilk onillik ərzində
erməni məsələsinə bu qədər düzgün
don geyindirilmişdi. Elə ona görə də əsrin
sonunda Qurko–Kryajinin 1926-cı il sovet
ensiklopediyasına əsaslanaraq yazdığı “Erməni məsələsi”
həqiqəti əks etdirir. Burada göstərilir
ki, erməni məsələsi Şərq məsələsinin
bir hissəsini təşkil edir. Bu məqalədə
erməni məsələsinin daxili və zahiri mahiyyətindən
və bu məsələnin XVIII əsrdən meydana gəldiyini
göstərir.
Qurko
–Kryajin Türkiyə ermənilərinin XIX əsrdən etibarən
daha da fəallaşdığını “Qərb dövlətləri”
Şərqə hücum etdikcə məhz erməni
burjuaziyasında özlərinə dayaq nöqtələri
axtarmağa can atdıqlarını göstərir. XIX əsrin
70-ci illərində rus ziyalıları Türkiyə erməniləri
arasında “milli özünüdərkin oyanması” və hətta
döyüşkən millətçilik təbliğatı
aparırdı.” …Sırf iqtisadi zəmində kəskinləşən
erməni məsələsi “böyük dövlətlərin”
– Rusiyanın və İngiltərənin faciəli müdaxiləsi
nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi,
Bosforu və Dardaneli zəbt etmək səyi “xristianların
müsəlman Türkiyəsinin zülmündən xilas etmək
uğrunda mübarizə” şüarları ilə pərdələnirdi.
Digər bir sovet müəllifi A.V.Fadeevin “Rusiya Şərq böhranı XIX əsrin 20-ci illərində” adlı əsərində Rusiyanın XIX əsrin əvvəllərində Qafqaz böhranında rolundan, rus çarizminin işğalçılıq planlarını həyata keçirmək vədlərindən danlşılır. Müharibədə iştirak edən ordunun tərkibi haqqında və işğallar geniş şəkildə işıqlandırılır. Şuşanın işğalı zamanı gözəl bir faktı göstərir. “Mühasirə olunmuş Şuşadan bir müddət xəbər gəlmədi. Nəhayət, A.Alhunyan adlı bir nəfər Qarabağ ermənisi düşmənin üzük qaşı kimi mühasirəsini yarıb Yermolova polkovnik Reut haqqında xəbər verdi”. Bu “qəhrəmanlıq” sübut edirdi ki, Qarabağ erməniləri rus xalqına dost və sadiqdir.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2017.- 11 noyabr.-
S.13.