Güney Azərbaycanda Milli Hökumətin
süqutu və hərəkatın nəticəsi
1-ci yazı
İranın irticaçı, antidemokratik hakim qüvvələri,
o cümlədən Pəhləvi siyasətinə xidmət edən
bəzi Azərbaycanlı çevrələr xarici dövlətlərin
yardımı ilə və silah gücünə 1946-cı
ilin sonunda azərbaycanlıların milli-azadlıq, demokratik hərəkatını
yatırdılar. Qeyd etmək lazımdır ki, Azərbaycandakı hərəkatın
müqəddəratı həll olunmazdan əvvəl
S.C.Pişəvəri milli məsələnin, əsasən,
Azərbaycan dili probleminin həll edilməsi üçün ən
son çıxış yolu kimi 13 iyun sazişinin
imzalanmasına getmişdi. Pişəvəri və
Mərkəzi hökumətin təmsilçisi Müzəffər
Firuz arasında keçirilən uzun görüşlərin nəticəsində
13 iyun 1946-cı ildə saziş imzalanmışdı. Pişəvəri hökuməti 15 maddəlik bu
sazişlə dil sahəsindəki tələblərindən bəzilərini
12-ci və 13-cü maddələrdə təsbit etdirə
bilmişdi. 12-ci maddədə bölgənin rəsmi
dili olaraq fars və Azərbaycan dilləri
qəbul edilmiş, ibtidai və orta məktəblərdə
iki dilin tədris olunması nəzərdə tutulmuşdu. Yerli hökumət 13-cü maddənin tələbinə
əsasən, Azərbaycanda yaşayan kürd, erməni və
asurların beşinci sinifin sonuna qədər öz ana dillərində
təhsilinə imkan yaradılmasını təmin etməli
idi. Solçuların dəstəklədiyi,
mərkəz sağ və milliyyətçilərin isə tənqid
etdiyi bu saziş yalnız mərkəzi hökumət ordusunun
Təbrizə girib demokratik hərəkatın varlığına
son qoyduğu dövrə qədər (13 dekabr) qüvvədə
qaldı. Bu sazişi milli hökumət
üçün müəyyən qədər uğur hesab
etmək olar. Hərəkatın
iştirakçısı İsmayıl Şəms hesab edirdi
ki, S.C.Pişəvərinin ən böyük
bacarığı onun mərkəzi hökumətlə
imzaladığı bu anlaşma idi. Birincisi,
məktəblərdə Azərbaycan dilində təhsil verilməsi,
ikincisi, Azərbaycanda şəhərlərin və kəndlərin
idarəsinin yerli əncümənlərə verilməsi
baxımından önəmli idi.
G.Lenczovski də bu anlaşmaya böyük qiymət verərək
qeyd edirdi ki, Pişəvərinin bütün istəkləri
gerçəkləşmişdi. Tehranın əyalət
üzərində hakimiyyəti sadəcə nominal xarakter
daşıyırdı, demək olar ki, bütün səlahiyyətlərin
Azərbaycan rejiminə keçdiyi açıq görünürdü.
13 dekabr 1946-cı ildə İran hökumət
qüvvələrinin Təbrizə girişindən sonra bu
saziş mərkəzi hakimiyyət tərəfindən pozuldu
və Azərbaycan demokratik qüvvələrinə
qarşı repressiyalar həyata keçirildi. Həm iranlı solçu, həm də xarici mətbuat
qeyd olunan dövrdə mühakiməsiz qətl və həbslərin
çox olduğunu yazırdılar. Bu
hadisələrlə bağlı V.O.Duqlas öz kitabında
“yerli xalqın məruz qaldığı heyvanların
oğurlanması, evlərin talanması, kəndlilərin
saqqallarının yandırılması, qız və
qadınlara təcavüz” olunması haqqında məlumat
verir. Hətta məktəblərdə
şagirdlərə təzyiqlər edilirdi. Rza Bərahani yazır ki, 1946-cı ildə milli
hökumət dağılandan sonra türk dilinə qadağa
qoyularkən, məktəbdə türkcə
çıxardığına görə divar qəzetini ona
yalatdırmışdılar.
Daxili
irtica və onların xarici himayədarlarının strateji məqsədlərini
anlayan S.C.Pişəvəri bilirdi ki, böyük dövlətlərin
dəstəyi olmasa, bu azadlığın ömrü uzun ola bilməz. 1945-ci ilin dekabrın 29-da
ABŞ-ın Təbrizdəki konsulu Robert Rosso ilə söhbətdə
Pişəvəri bu məqama toxunmuş və bildirmişdi:
“Azərbaycan xalqı öz qanuni tələblərinə həqiqi
təminat istəyir ki, bu da bütün demokratik dövlətlərin,
o cümlədən Amerika hökumətinin yardımından və
müdafiəsindən ibarət ola bilər”.
Bəzi Qərb müəllifləri Milli Hökumətin
qurulması üçün lazımı milli mübarizənin
mövcud olmadığını, bunun yalnız xarici
müdaxilə nəticəsində mümkün olduğunu
yazırlar. Lakin rus müəllifləri tam əksinə, qeyd
edirlər ki, muxtar respublika bir yandan milli şüurun yüksək
səviyyəsini, digər tərəfdən əsas milli məsələlərin
demokratik rejim şəraitində həll edilməsinin
mümkünlüyünü nümayiş etdirmişdi.
Eyni zamanda, S.E.Kornellin dediyi kimi, sovetlərin
İrana qarşı işğalçı və aqressiv siyasəti
Milli Hökumətin yaranması üçün əhəmiyyətli
olsa da İran daxilində çox güclü Azərbaycan
Milli Hərəkatı yetişmədən belə bir qurumun
yaradılması mümkünsüzdür.
1945-1946-cı illər Cənubi Azərbaycan Milli
Azadlıq Hərəkatı İranda təzyiq şəraitində
cənubi azərbaycanlıların milli inkişafının
getdiyini və milli formalaşmanın əsas tərəfi olan
etnik kimliyin saxlanması dərəcəsini nümayiş
etdirdi. Milli
Hökumətin yaranması və süqutu, onun ardınca Azərbaycan
dilinə qarşı təzyiq və qadağaların sərtləşdirilməsi
onu göstərdi ki, ana dilinin hüquqları geniş orta və
aşağı təbəqələrin maraqları ilə
sıx bağlıdır, azərbaycanlı yuxarı təbəqələrin
(yarım-feodalların, ali ruhanilərin, azsaylı yüksək
səviyyəli sahibkarların) və onların
maraqlarını təmsil edən siyasi nümayəndələrin
və ziyalıların maraq dairəsindən kənardadır.
Milli maraqların və qeyri-fars dillərin
hüquqlarının təmin olunması demokratik şəraitdə
mümkündür.
Milli hökumətin fəaliyyəti zamanı Azərbaycan
dilinin funksiyalarının genişləndirilməsi, rəsmi
dil kimi fəaliyyət sahəsinin yüksək dərəcədə
təşkili sonrakı mərhələ üçün bir
təcrübə, stimul, zəmin yaratdı və azərbaycanlıları
öz dillərində yazıb-oxumağın
mümkünlüyünə və üstünlüyünə
inandırdı. Bu da onların milli şüurunun dərinləşməsinə
ciddi bir təkan oldu. Eyni zamanda, Azərbaycan
dilinin assimilyasiya olunmasını müəyyən qədər
ləngitdi.
Azərbaycan dili Azərbaycan Sovet Sosialist
Respublikasında milli dil səviyyəsində fəaliyyət
göstərdiyindən İranda bu dil sol, radikal, bolşevik
ideyaların ötürücüsü hesab olunurdu. İranın
Sovet İttifaqı və onun tərkib hissəsi olan Azərbaycan
Sovet Sosialist Respublikası ilə qonşuluqda yerləşməsi
İranda və Cənubi Azərbaycanın yuxarı dairələrində
Azərbaycan dilinə eyni neqativ münasibət
yaranmasının əsasını təşkil edirdi. Milli hökumətin təşkili və fəaliyyəti
Azərbaycan dili məsələsi ilə ictimai-siyasi məsələlərin
Sovet İttifaqı və Şimali Azərbaycanla
bağlılığını əyani şəkildə
nümayiş etdirmişdi. Bu hərəkat
Azərbaycan məsələsinin həlli yollarından birini təcrübədən
keçirməklə qazandığı tarixi dərsləri
ilə Rus imperialist dairələrinin azərbaycanlılara
qarşı xəyanətkar rolunu bir daha sübut etdi. Bu da Azərbaycan milli ideologiyasının
formalaşmasına, milli-azadlıq hərəkatının
sonrakı inkişafına təsir göstərmişdi.
Pəhləvi rejimi Milli Hökumətin
yaratdığı bütün təsisatları, o cümlədən
anadilli nümunələri məhv etməklə yanaşı
milli dillərə, xüsusən də Azərbaycan dilinə
qarşı hücumlarını genişləndirməyə
başladı.
Bu dövrdə əhali arasında
savadlılıq dərəcəsi çox aşağı
idi. Məktəblərdə türkdilli şagirdlər fars dilini yaxşı bilmədiklərinə
görə məsxərəyə qoyulacaqlarından qorxub dərsdən
yayınırdılar. Bütün ölkədə
olduğu kimi Azərbaycan kəndlərində də dinin
mövqeyi güclü idi. Azərbaycan
türkcəsində rövzə oxumaq, sinə vurmaq Azərbaycan
kəndlərində geniş yayılmışdı. Qum şəhərinə dini təhsil almağa gedənlərin
böyük qismi azərbaycanlıların
yaşadığı bölgələrdən idi. Cəlal
Ale-Əhməd savadsızlığın ən yüksək
səviyyəsinin Azərbaycanda olduğunu bildirərək
yazır: “Azərbaycanda baş verən bütün
böhranlı vəziyyətlər dil məsələsindən
doğub... Məşrutə dövründən
indiyə qədər İran hökuməti Azərbaycanı mədəni
baxımdan, heç şübhəsiz, özünün
müstəmləkəsi bilir və bu mədəni müstəmləkəçiliyin
ən mənfi nəticəsi Azərbaycan ərazisində
türk mədəniyyətini məhv etməkdən ibarətdir”.
İran
şahı universitetin Milli Hökumətə
bağlılığını yaddaşlardan silmək
üçün 1947-ci ildə Təbrizdə universitet təsis
edilməsi haqda fərman verdi. Ən çox tələbəsi olan fakültə ədəbiyyat
fakültəsi idi. Həmin fakültə yenidən təsis
edilmiş universitet qarşısında duran əsas
missiyanın – Cənubi Azərbaycanda fars
dilinin mövqeyini möhkəmləndirməyin əsas
icraçısı idi. Bu məqamı xüsusilə
vurğulayan Şərqi Azərbaycan ostandarı Təbriz
Universitetinin təsis edilməsinin 19-cu ildönümü
münasibətilə 17 noyabr 1965-ci ildə keçirilmiş
mərasimdəki çıxışında demişdi: “Təbriz
Universiteti Azərbaycanda fars dili və ədəbiyyatını
qorumaq baxımından çox həssas vəzifəni yerinə
yetirir”. Fars dilinin Cənubi Azərbaycandakı
mövqeyinin möhkəmləndirilməsi universitet rəhbərliyinin
daim diqqət mərkəzində olmuşdur. Həmin məqsədlə 1971-1972-ci tədris ilində
universitetin nəzdində dil öyrənmə mərkəzi
yaradılmışdı. Universitet Cənubi Azərbaycanda
fars dilinin statusunun qorunub saxlanmasında mənəvi
və maddi marağı olan azərbaycanlı ziyalı təbəqəsinin
formalaşmasına xidmət edirdi.
Fars dilinin möhkəmləndirilməsi prosesi milli dillərin
işlədilməsinin yasaqlanması və farsca təhsilin
genişləndirilməsi ilə daha da gücləndirildi. 1949-cu ilin yayında
İranın maarif naziri doktor Zəngənə təhsil
sistemində fars dilinin mövqeyini gücləndirmək
üçün Azərbaycanın Təbriz, Ərdəbil,
Urmiya kimi şəhərlərində uşaq
bağçalarının sayının
artırılması, azərbaycanlı uşaqların fars
dilində təhsil və tərbiyəsi işini təşkil
etmək məqsədilə 250 nəfərə qədər
xüsusi hazırlanmış müəllimlərin bu ərazilərə
göndərilməsi barədə göstəriş
vermişdi. Lakin fars dilinin Azərbaycan
maarifi sistemindəki mövqeyi hökumətin bütün cəhdlərinə
baxmayaraq onların istədiyi səviyyədə deyildi. Bu
durumu 1949-cu ilin sonunda Azərbaycana səfər etmiş
“Ettelaat” qəzetinin müxbiri qeydlərində belə əks
etdirir: “Azərbaycan Milli Hökumətinin devrilməsindən
üç ilə yaxın müddət keçməsinə
baxmayaraq, türk dilinin məhv edilməsi və fars dilinin Azərbaycanda
yayılması sahəsində heç bir iş görülməmişdir.
Bu gün də məktəblərdə dərslər
türk dilində aparılır”. Fars dilinin
funksiyalarının hərtərəfli şəkildə
inkişaf etdirilməsinin elə böyük nəticələrə
malik olmaması faktına 1958-ci ildə hökumət kabinəsi
üzvlərinin iclaslarının birində şahın maarif
nazirinə müraciəti də sübut sayıla bilər:
“...Elə et ki, fars dili uşaq bağçaları, məktəblər
və mətbuat orqanları vasitəsilə yayılaraq bir
neçə vaxtdan sonra bütün xalqların vərdiş
və adətinə çevrilsin və yerli dillər tədricən
öz-özünə unudulsun”. Tehran hökuməti
şahın “Azərbaycanda uşaqlara üç
yaşından etibarən fars dili öyrətmək”
haqqındakı göstərişinə əməl edərək
bu Cənubi Azərbaycan əyalətlərində uşaq
bağçaları yaradılmasına xüsusi fikir verirdi.
1963-64-cü ildə Azərbaycan şəhərlərində
(Zəncan şəhristanı çıxılmaqla) 61
dövlət uşaq bağçası var idi ki, bu da
İranda olan dövlət uşaq bağçalarının
70%-ni təşkil edirdi. 1962-ci ildə Azərbaycanı
gəzmiş maarif naziri Ə.Amuxte də eyni fikri təkrarlayaraq
bildirmişdi ki, həmin illər ərzində Azərbaycan mədəniyyəti
və maarifi sahəsində əsaslı bir inkişaf baş
verməyib və fars dili də Azərbaycan əhalisi
arasında yayılmayıb". Nəhayət,
hakim dairələr bu “problem”i 1969-cu ildə
yaradılmasına qərar verilən “Maarif ordusu”nun vasitəsi
ilə həll etməyə başladı.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2017.- 23 noyabr.-
S.14.