1947-1979-cu illərdə İranda Azərbaycan dilinin vəziyyəti

 

2-ci yazı

 

Hökumətin İranda həyata keçirdiyi sosial-mədəni və iqtisadi siyasət cəmiyyətdə köklü dəyişikliklərə yol açmışdı. Xüsusilə 1962-ci ildən “Ağ inqilab” adı ilə aparılan islahatlar, sosial-iqtisadi tədbirlər, köçərilərin oturaq həyata keçirilməsi, qəbilə quruluşlarının pozulması (köçərilər 1935-ci ildə ölkə əhalisinin 20 faizini, 1959-cu ildə 15 faizini təşkil edirdi. 1966-cı ildə bu rəqəm 10 faizə düşmüşdü. 1976-cı ildə 7 faizə düşən bu nisbət

Pəhləvi rejiminin sözügedən siyasəti necə bacarıqla apardığını sübut edir), geniş aqrar dəyişikliklər və s. tədbirlər obyektiv olaraq qeyri-farsların assimilyasiyasını sürətləndirirdi. Hökumətin bu dövrdə iri sənayeni inkişaf etdirmək meyli də millətçilik və inteqrasiya siyasətinin həyata keçirilməsində əhəmiyyətli rol oynayırdı. Bu siyasətin gətirdiyi sosial və mədəni dəyişikliklər azərbaycanlıların Tehran başda olmaqla böyük şəhərlərə köçməsinə səbəb oldu. Sürətli şəhərliləşmə yalnız yaşayış tərzinin dəyişməsi deyil, eyni zamanda şəhərin sosial-mədəni ünsürlərinin sürətlə mənimsənilməsi demək idi. Həyata keçirilən siyasət qeyri-farsların sosial-mədəni səviyyəsini yüksəltməyi hədəfləməklə yanaşı, eyni zamanda İranın milli bütünlüyünü tək bir mədəni model çərçivəsində saxlamaq məqsədini güdürdü. Qeyri farsların sürətlə şəhərliləşməsi farscanın mənimsənilməsində önəmli rol oynadı. Tədqiqatçı Hoursadenin dediyi kimi, “şəhərliləşmək hər şeydən öncə farsca danışmaq demək idi”.

Farsca oxuyub-yazma səviyyəsini yaxşılaşdırmaq üçün göstərilən səylərin nəticələri ilə bağlı müəlliflərin hesablamaları maraqlıdır. Belə ki, 1956-cı ildə ölkə əhalisinin yalnız 15 faizi savadlı idisə, bu rəqəm 1976-77-ci illərdə 47,1 faizə, 1986-cı ildə isə 62 faizə çatmışdı. Rəsmi qaynaqlarda 1976-77-ci ildə Şərqi Azərbaycan ostanının 6 yaşdan yuxarı əhalisinin 36,2 faizi, Qərbi Azərbaycanda (1974-75-ci il) 25,4 faizi, Zəncanda isə 30,3 faizi farsca yazıb-oxuma bacarığına malik olduğu qeyd edilir. Mütəxəssislərin hesablamalarına görə isə 1976-cı ildə Azərbaycanda savadlıların mütləq sayı 26,6 faiz artmışdı. İnqilabdan sonra isə müəyyən olundu ki, azərbaycanlıların 65 faizi savadsız və 70 faizi fars dilini bilmir.

Adətən təmas bölgəsində daha dinamik azsaylı qruplar çoxsaylı qrupların və ya daha az fəal qrup daha fəal qrupun dilini mənimsəyir. Burada məqsədyönlü siyasət həyata keçirilmir, təbii assimilyasiya baş verir. İran tədqiqatçısı Cəlal Əl-Əhməd qeyd olunan dövrdə Azərbaycanda türk əhalisi ilə əhatə olunmuş irandilli əhali qruplarının sürətlə türkləşməyə doğru getdiyinə toxunaraq göstərirdi ki, bu yaxınlara qədər Zəhra bölüyünün (Zəncan ostanı) 28 parça kəndi tat dilində danışdığı halda, indi cəmi 9 kənddə tat danışığı eşitmək olar. Zəncan və Marağadan gələn türk dili qasırğa kimi öz yoluna çıxan İran ləhcələrinin hamısını süpürüb aparır”. Göründüyü kimi, İran hakim dairələri tərəfindən tətbiq olunan məhdudiyyətlərə baxmayaraq, Azərbaycan dilinin tam sıradan çıxarılması, unudulmasına yönəlik siyasət Azərbaycan bölgələrində iflasa uğrayırdı.

Pəhləvilərin həyata keçirdiyi assimilyasiya siyasəti qeyd olunan dövrdə maarif sahəsində özünü tamamilə doğrulda bilmədiyi kimi, milli ruhlu ziyalıların da fəaliyyətində bütövlükdə durğunluq yaratmaq iqtidarında ola bilmədi. XX əsrin 40-cı illərinin sonları - 50-ci illərin əvvəllərindən azərbaycanlı milli ziyalıları məşğul edən əsas məsələ Azərbaycan dili və ədəbiyyatı məsələləri olmuşdu. Çünki bu dövrdə Azərbaycan dilinin funksiyalarını ona qaytarmaq üçün onun məhz yazılı sahədə tətbiq olunmasına böyük ehtiyac var idi. XX əsrin 50-ci illərinin sonu - 60-cı illərində azərbaycanlı ziyalıların bir çoxunun fars şovinizmi mövqeyində dayanmasını onların əsərlərinin çox güclü senzuraya məruz qalması ilə əlaqələndirmək də tam düzgün olmazdı. Qeyd olunmalıdır ki, İranda nəşr edilən bir dərgidə gənc azərbaycanlı tədqiqatçı Rəfiqə Qənnadiyanın Azərbaycan dilində, onun sabit ifadələrində İran dil ünsürlərinin mövcudluğu ilə bağlı yazdığı məqalələri ilə yanaşı, digər tədqiqatçı Qafar Kəndlinin türkçülük ideyalarını əks etdirən, azərbaycan türkcəsində məqalələri də çap olunurdu. Məsələ təkcə İran dövlətinin milli siyasətində, güclü senzurasında deyildi, həm də Azərbaycan türklərinin milli yetkinlik səviyyəsində idi. Qeyd olunan məsələ ilə bağlı Qərb müəlliflərinin fikri də maraqlıdır: “Təhsilli orta sinifin türkdilli üzvləri öz etnikçiliyini inkişaf etdirmək və türklük əlamətlərindən imtina etməkdə sərbəstdirlər; onlar tam iranlı kimliyini təsdiq etmək üçün türklüyünü ifadə etməkdən çəkinməyə bilərlər".

Qeyd olunan dövrdə İranda türklük ideyası əsasında türk dilində kitablar meydana gəlirdi. 1954-cü ildə görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar özünün “Heydərbabaya salam” poemasının birinci hissəsini Azərbaycan türkcəsində çap etdirmişdi. Şəhriyarın öz xalqına “Heydərbabaya salam” çağırışı ilə üz tutması 21 Azər hərəkatından sonrakı illərdə milli dirçəlişdə və milli kimliyə qayıdışda tarixi dönüş oldu. Bu mənzumənin Təbrizdə doğma dildə işıq üzü görməsi Azərbaycanda milli oyanış və öz kökünə qayıdış hərəkatında yeni bir mərhələnin başlanmasına səbəb oldu. Azərbaycan türkcəsində yazmaq meyli məhz həmin əsərin təsiri ilə güclənmişdi, poemaya yazılmış nəzirə və cavablardan başqa, ana dilində bir sıra kitablar da nəşr edilmişdi.

1953-54-cü illərdə Tehranda Qaraçorlu Bulud (Səhənd) tərəfindən “Ədəbi birlik” yaradıldı. Ətrafında S.Cavid, B.Səhənd, M.M.Etimad, M.Ə.Məhzun, N.Məcidzadə, G.Səbahi, H.Katibi, İbrahimpur kimi ziyalıları və milli düşüncəli fəalları birləşdirən bu qurumun fəaliyyətinin əsas istiqaməti azərbaycandilli əsərlərin, şifahi xalq ədəbiyyatı nümunələrinin çap olunub yayılması və təbliği işi idi. Birlik 60-cı illərin sonunadək fəaliyyət göstərdi.

XX əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq Qərbin təzyiqi ilə İran hökumətinin milli siyasətində yaranmış azacıq mülayimləşmə (liberallaşma) mövqeyi ilə əlaqədar olaraq Cənubi Azərbaycanda Azərbaycan türkcəsində əsərlər çap olunurdu. Tədqiqatçı S.Əliyev də həmin dövrdə hakim dairələrin milli azlıqların dil və mədəniyyətinin inkişafı məsələsinə münasibətinin müsbətə doğru dəyişdiyini qeyd edir. Şərait münasib olmasa da azərbaycanlıların ana dili barədə tədqiqatları nəşr olunmuş, Azərbaycan dilində ədəbiyyat inkişaf etmiş, bədii ədəbiyyat nümunələri çap edilmiş, bu dildə Təbriz universitetində mühazirə oxumaq meyli güclənmişdi. Səməd Behrəngi, Behruz Dehqani, Əlirza Nabdil (Oxtay) və başqalarının əsərləri işıq üzü görməyə başlamışdı. S.Behrənginin bütün əsərləri Azərbaycanın milli varlığının və mədəniyyətinin qorunmasına həsr olunmuşdu. Onun öz ədəbi fəaliyyətində söykəndiyi əsas sosial dayaq məktəbyaşlı uşaqlar idi. S.Behrəngi müəllimlik fəaliyyətində əsasən Azərbaycan türkcəsindən istifadə etdiyi kimi, əsərlərinin hamısını doğma ana dilində yazmış və Azərbaycan dilində çapına icazə verilmədiyindən onların hamısını özü fars dilinə tərcümə etmişdi. O, ən mühüm əsərlərindən olan “Kəndu Kavi dər məsael tərbiyəti İran” və “Ağai çox bəxtiyar”da öz dilini unudan, fars mədəniyyətinə assimilyasiya olunan azərbaycanlıları tənqid etməklə onları məsxərəyə qoyur. Behrəngi Araz çayını bu milləti ayıran bir simvol hesab edirdi. S.Behrənginin faciəli ölümündən sonra (Araz çayında boğulmuşdu) C.A.Əhməd yazırdı: “O, bir dilin, mədəniyyətin iki yerə bölündüyünün simvolu olan çayda üzgüçü oldu”.

Bu dövrdə milli məzmunlu kitablar əsasən azərbaycanlı ziyalıların kiçik ədəbi birlikləri vasitəsilə çap olunurdu. Bunlardan biri Səhəndin 1965-ci ildə çap edilmiş “Sazımın sözü” poemasıdır. Müəllif öz əsərində azərbaycanlıların etnik mənsubiyyəti və türk dilinin zorla qəbul etdirilmiş dil olması haqqındakı saxta nəzəriyyələrə yaradıcı ziyalıların münasibətini poetik formada əks etdirmişdi. Bu əsər illər boyu İranın farsdilli elm və təhsil sisteminin təlqin etdiyi, beyinlərə yeritdiyi “Azərbaycan türkcəsi dil deyil, ləhcədir” ideyasını çox ciddi şübhə altına qoymaqla, kökündən təkzib edirdi. Doktor Cavad Heyət Səhəndin bu əsərini çox yüksək qiymətləndirərək yazır: “Bu əsər eyni zamanda zəngin bir lüğət xəzinəsidir. Bu cəhətdən də o, bizim “Şahnamə” və ya daha doğrusu, “Millətnaməmiz” sayılır. Lakin Səhənd yaradıcılığına ən böyük qiyməti özünün “Səhəndiyyəsi” və “O, elə bir şair idi ki, mən Şəhriyardan bac alırdı” misrası ilə Ustad Şəhriyarın özü vermişdi. Şəhriyarı “Heydərbabaya salam” əsərini yazmağa ruhlandıran da elə Səhənd olmuşdu. Səhəndin Şəhriyara göndərdiyi “Bəsdir özgə çırağına yağ oldun” kəlmələri ilə başlayan mənzum məktubunun özü ədəbi mühitdə bir dönüşün yaranması üçün impuls olmuşdu.

Qeyd edilməlidir ki, Azərbaycanda baş vermiş bir sıra milliazadlıq hərəkatlarında aparıcı rolu məhz ziyalılar (əlbəttə, müəyyən hissəsi) oynasa da onlar Azərbaycan milli-demokratik hərəkatının ideoloji platformasını işləyib hazırlamaq işindən bir qayda olaraq çox uzaq idilər. Lakin Azərbaycan xalqının milli həyatına, milli varlığına, dilinə və gələcəyinə münasibəti 60-cı illərdən etibarən öyrənilməyə başlandı. Şair Əli Təbrizlinin “Ədəbiyyat və milliyyət” adlı əsəri məhz bu sahədə ilk cəhdlərdən sayılır. Müəllif İran türkləri adından çıxış edərkən əsas fikri dil və ədəbiyyat üzərində cəmləşdirir, ilk növbədə həmin sahələri inkişaf etdirməyi zəruri sayır. Ə.Təbrizli keçmiş tarixi və müasir həyatı nəzərdən keçirərək müasir milli zülmün səbəbini azərbaycanlıların öz milli həyatına və dilinə laqeydliyində axtarır və buna görə də onlarda ilk növbədə dilin milli həyatda oynadığı əhəmiyyətli rola düzgün münasibət yaratmağa çalışır. Müəllif milli varlıq və inkişaf üçün Azərbaycan dili uğrunda mübarizənin zəruriliyini əsaslandırmağa cəhd edirdi.

İranda milli-azadlıq hərəkatının ideoloqlarından biri də Əlirza Nabdil (Oxtay) idi. O, özünün “Azərbaycan və milli məsələ” əsərində qeyd edirdi ki, Rza şahın assimilyasiya siyasətinin təzyiqləri altında Arazın bir tərəfində azərbaycanlıların milli şüuru formalaşır, dərinləşir, Arazın o biri tayında isə şourəvi (sovet) azad olmuş xalqların köməyinə arxalanaraq sosializm qurmaq işi ilə məşğuldur. Bu isə İran xalqlarının ziyalı təbəqələrini çoxmillətli bir ölkədə milli azadlığın mümkünlüyünə inandırdı, həmçinin şurəvi rejiminə marağı daha da artırdı. Bu isə İranda “milli azadlıq” məfhumunun “bolşevizm” məfhumu ilə bərabər tutulmasının səbəblərindən biri idi. Buna görə də Azərbaycanda öz doğma dilinə, ədəbiyyatına meyl irticanın nəzərində bolşevizmə meyl kimi görünürdü.

 

Yeganə Hacıyeva

 

Xalq Cəbhəsi.- 2017.- 24 noyabr.- S.14.