İranda inqilabdan sonra
Güney Azərbaycanda ana dili uğrunda mübarizə
3-cü yazı
Ə.Nabdil qatı pantürkist adlandırdığı
Ə.Təbrizli haqqında yazırdı ki, o, bütün
İran türklərinin ittifaqını öz
şüarı etdi”. Bəhs olunan dövrdə milli hüquqlar uğrunda
mübarizə aparan ziyalılardan olan R.Bərəhani öz əsərlərini
farsca yazmasının səbəbini belə izah edirdi ki, milli
zülm ifrat dərəcəyə çatdıqda ona
qarşı mübarizədə hakim dildən istifadə etməkdən
başqa çarə qalmır: “Düşmən qoyduğu
şərtlərlə mənə təlim öyrətdi. Düşmənin güclü silahı onun dili və
mədəniyyətidir ki, mən onları düşmənin
qızının mahnıları qədər öyrəndim.
Mən zalımların dilində məzlum millətimin
dili olmağa çalışdım. Bu quruluş dilimi fars dilinin səthi strukturuna transformasiya edib. Mən
bu sözləri çox usta hakimiyyətə qarşı
ustanın sözlərində oxumağa
çalışıram”.
R.Bərəhani
fars dilində yazılmış “Şəhər
və meşə” əsərində aşkar surətdə
bildirir ki, millətlərin dilini qadağan etmək onların
varlığına edilən ən böyük təcavüzdür,
hər bir millətin öz dilindən istifadə etməyə
haqqı vardır, bu haqq ona verilməlidir. Müəllif
belə hesab edir ki, 1946-cı ildən sonra ilk dəfə məhz
o, milli zülmü bu cür aşkar pisləmişdi. R.Bərəhani “Fərhənge hakim və fərhənge
məhkum” adlı məqaləsində bir kəlmə türk
sözü ("qapdıqaçdı") işlətdiyinə
görə 1973-cü ildə həbs olundu. Müəllif
yazırdı: “Bir akademiya da bu cür sözü minibus
üçün düzəldə bilməzdi, bu, elə
xalqın içindən bu cür çıxıb”. Məqalədə göstərilir ki, məzmununa
görə, İranda bir hakim, bir də məhkum mədəniyyət
var. Bu məhkum mədəniyyət gərək
özü-özünə çarə qıla. Bu dövrdə azərbaycanlı ziyalılar Azərbaycan
dilinin tarixi ilə bağlı elmi araşdırmalara, bu dildə
yazı qaydalarına aid vəsaitlərin buraxılmasına da
önəm verirdilər.
Qeyd edilən dövrdə İranda olmuş fransalı
şərşqünas V.Monteil İranda “Bakının onlar
üçün çap etdiyi kitablardan başqa, Azərbaycan
dilində yayımlanan heç bir kitabın
tapılmadığını” yazır. Başqa məlumatlara
görə isə nəzərdən keçirilən dövr
ərzində Azərbaycan dilində gizli şəkildə 57
adda kitab nəşr olunmuşdu. Bu
dövrdə Azərbaycanda 20-yə yaxın müxtəlif
dildə mətbuat orqanının olmasına baxmayaraq, azərbaycan
dilində yalnız “Adinə” qəzetinin çap olunması məlumdur.
Qəzet 1965-ci ildə Səməd Behrəngi, Əlirza Nabdil
(Oxtay), Behruz Dehqani, Hüseyn Düzgün tərəfindən
Təbrizdə həm türk, həm də fars dilində nəşr
edilmişdi. Qəzet 17-ci sayından sonra “Hünər və
ictimai” (1968-ci il) adı ilə türk və
fars dilində çap olunub. Lakin bu nəşrin
də cəmi yeddi sayı işıq üzü gördü,
tez bir zamanda qapadıldı.
XX əsrin 60-70-ci illərində keçirilən
islahatlar Tehranda yaşayıb hökumətdə, məclisdə,
digər əyalət və mahalların inzibati orqanlarında
yüksək vəzifə tutan azərbaycanlıların Azərbaycanla
əlaqəsini kəsərək onun assimilyasiya
olunmasını sürətləndirirdi. Siyasi
baxımdan fəal milli qüvvələr isə hakim rejimin
apardığı millətçilik siyasəti nəticəsində
birləşərək mütəşəkkil mübarizə
apara bilmədiklərindən, yenidən ümumiran
siyasi-müxalif, siyasi-dini təşkilatlara, cərəyanlara
üz tuturdular.
İranda mövcud olan və azərbaycanlıların da
təmsil olunduğu siyasi partiya və təşkilatların
(İran Xalq Partiyası (İXP), Azərbaycan Demokrat Firqəsi
(ADF)) fəaliyyətində milli məsələnin gündəmə
gəlməsi onların bu problemlərdən kənar
qalmadığını və əksinə maraqlı
olduqlarını sübut edirdi. Dil və regional məsələlər
İXP-nin ilk illərində keçirilən hər
üç böyük siyasi hesabatlarında rədd edilsə
də yuxarıda qeyd edildiyi kimi sonrakı illərdə bu məsələlər
onların maraq dairəsində idi. Bu
cür mövqe dəyişikliyi bəzi Qərb müəllifləri
tərəfindən Sovet rəhbərliyinin təsiri ilə
bağlansa da burdakı azərbaycanlı nümayəndələrin
milli maraqları ilə üst-üstə düşməsi
danılmazdır. Belə ki, Sovet
İttifaqı İkinci Dünya müharibəsindən sonra
da cənubi azərbaycanlılarda milli kimlyi təşviq etmək,
Cənubi Azərbaycanı İrandan ayırmaq
üçün uzun müddətli bir siyasi plan
hazırlamışdılar. Qeyd olunan
dövrdə Şimali Azərbaycanla İran Azərbaycanı
arasında əlaqələrin qurulması və inkişafına
(xüsusilə də kitab mübadiləsi, folklor əlaqələri)
sovetlər tərəfindən şərait yaradılması
bu planın həyata keçirilməsi üçün fəaliyyətin
bir hissəsi idi.
Beləliklə, XX əsrin 50-70-ci illərində hakim
rejim ardıcıl və geniş miqyaslı assimilyasiya siyasətini
davam etdirmiş, bu siyasətin zəruriliyinin nəzəri-ideoloji
əsaslarını hazırlamışdı. İran da 60-cı illərdən
başlanan və ictimai həyatın bütün
sferalarını əhatə edən islahatlar etnik ərazilərdə
yaşayanların mobilliyini yüksəltmiş, mədəni,
sosial inteqrasiyanı sürətləndirmiş və nəticədə
qeyri fars xalqların assimilyasiya prosesini
gücləndirmişdi.
İranda həyata keçirilən islahatların digər
nəticəsi etnik birliklər çərçivəsində
yeni ziyalı qrupunun, yeni şəhər orta təbəqəsinin
meydana gəlməsi, müxtəlif xalqlar arasında təmasların
çoxalması, mədəni səviyyənin yüksəlməsi
və siyasi fəallığın artması idi. Yeni ziyalı
təbəqəsi cəmiyyətin etnik strukturu, milli
münasibətlərin xarakteri haqqında daha düzgün,
real informasiya yaradılmasına, yeni şəhər orta təbəqələri
siyasi həyatda, xüsusən öz məntəqələrinin
idarə edilməsində daha yaxından iştirak etməyə
meyl göstərməklə milli və etno-mədəni həyatın
canlanmasına zəmin yaradırdılar. Cəmiyyətin
müxtəlif strukturlarında müəyyən status əldə
etmək istəyən və ya öz statusunu yüksəltmək
uğrunda mübarizə aparan sosial qruplar ictimai dayaq kimi mənsub
olduqları etnik birliklərə üz tuturdular. Bu da milli maraqların daha aydın dərk edilməsinə,
milli kimliyin oyanışı və inkişafına təsir
edirdi.
İran cəmiyyətinin strukturlarının yüksək
pillələrində mühüm mövqe tutan azərbaycanlılar
isə milli kimliyə, milli dilə etinasız münasibət
göstərirdilər. İranın sol yönümlü siyasi təşkilatlarında
fəal rol oynayan azərbaycanlılar milli məsələnin
həllinə prinsipcə tərəfdar olsalar da milli kimliyi və
Azərbaycan dili məsələsini günün aktual problemi
hesab etmirdilər. Yalnız milli ruhlu
ziyalılar və yeni şəhər orta təbəqələrinin
bəzi qrupları milli məsələyə və Azərbaycan
dilinin hüquqi və gerçək vəziyyətinə maraq
göstərir, onu dəyişmək istiqamətində əsasən
mədəniyyət sferasında addımlar atırdılar.
Ona görə də 50-70-ci illərdə Azərbaycan
dili məsələsi nə Azərbaycan xalqının, nə
də İran cəmiyyətinin aktual siyasi məsələsinə
çevrilmədi.
İranla
Sovet İttifaqı, Şimali Azərbaycan və Azərbaycan
dili arasındakı əlaqələrə neqativ münasibət
davam etdiyindən, Azərbaycan məsələsi və Azərbaycan
dili ümummilli bir məsələyə çevrilməmiş,
yalnız məhdud sayda ziyalıların tədqiqat obyektini təşkil
etmişdi. Bütün bunlar cənubi azərbaycanlıların
assimilyasiyasının sürətləndirilməsinə
şərait yaratmışdı. Bir
sıra beynəlxalq və daxili sosial, tarixi, ənənəvi
səbəblərdən azərbaycanlılar ana dilinin
funksiyalarının genişləndirilməsi və statusunun
yüksəldilməsinə diqqət yetirməmiş,
İranda dövlət-millət quruculuğu prosesində isə
artıq həmin problemi həll etmək imkanından bəzi təşəbbüslər
nəzərə alınmazsa, məhrum olublar. Mövcud ikiqütblü beynəlxalq münasibətlər
sistemində siyasi xarakter kəsb edən Azərbaycan dilinin
hüquqları ilə prinsipcə sol qüvvələr, əməldə
isə məhdud çərçivədə şəhər
orta təbəqələrinin bəzi qrupları (ziyalılar)
məşğul olmuşlar. Onların səyi
nəticəsində Azərbaycan dilinin yazılı-ədəbi,
əsasən bədii funksiyasını qoruyub saxlamaq
mümkün olmuşdu. Azərbaycan dili məsələsi
milli kimliyin, Azərbaycan məsələsinin əsas
ünsürünə çevrilməyə başlayıb.
İran islam inqilabı ərəfəsində şah
hökuməti iqtisadi sferada sənayeləşdirməyə və
aqrar islahatların aparılmasına, həmçinin mədəniyyət
sahəsində modernləşdirməyə cəhdlər etsə
də, siyasi-hüquqi sferada qatı mühafizəkar siyasət
yürütməsi ölkədə mövcud olan iqtisadi,
sosial və siyasi xarakterli ziddiyyətləri daha da dərinləşdirdi.
Hökumətin Qərb müttəfiqlərinin
israrı ilə ölkədə liberal mühit
yaradılması istiqamətində atdığı
addımlar rejimə müxalif olan qüvvələrə
mübarizəni genişləndirmək üçün əlverişli
şərait yaratdı. Digər tərəfdən isə
xarici dövlətlərin ölkənin daxili işlərinə
qarışmaqla orada qarışıqlıq yaratmaq səyləri
də narazı müxalif çevrələrə
yaranmış mühitdən faydalanaraq fikirlərini
açıq ifadə etmək, etiraz aksiyaları keçirmək
imkanı verdi. İnqilabi
çıxışlar 1977-ci ilin sonlarından başlayaraq
genişləndi. Qeyd olunan ilin 12
dekabrında Təbriz Universiteti tələbələrinin
şah əleyhinə çıxışları
başlandı. 1978-ci ilin yanvarın 9-da Qum şəhərində
Şah rejiminin repressiyalarına və Əsas qanuna əməl
olunmamasına etiraz edən nümayişçilərlə
polis arasında baş verən toqquşmada həlak
olanların 40 mərasimi günü -18 fevralda (29 bəhmən)
Təbriz əhalisi yenidən nümayişlərə
başladı. Nümayişlərdə dini rəhbərlərin
çağırışlarına cavab olaraq islami, eyni zamanda
demokratiya istəyini özündə əks etdirən
şüarlar qaldırılırdı. Türk
dilində şüarların da olması bu dilin azərbaycanlılar
üçün əhəmiyyətini göstərirdi. Etiraz dalğası Azərbaycanın başqa şəhərlərinə
də yayıldı. Pəhləvi İranında yeni
inqilabın başlanğıcı olan bu aksiyaların rəhbərləri
arasında xeyli azərbaycanlı var idi: Ayətullah Kazım
Şəriətmədari, Müvəqqəti hökumətin
başçısı Mehdi Bazərqan, ayətullah
Əbdülkərim Musəvi-Ərdəbili, Neft Şirkətinin
yeni başçısı Həsən Nəzih, Hərbi Dəniz
Qüvvələrinin komandanı və Xuzistanın
ostandarı Admiral Əhməd Mədəni, ayətullah Xoyi,
ayətullah Xalxali, ayətullah Meşkini və b. İran
İslam inqilabı 1979-cu ilin fevralında Xomeyninin Fransadan
Tehrana gəlməsi ilə bitdi. Bundan sonra
ölkənin idarəçilik sisteminin hansı əsasda
qurulması ilə bağlı fikir ayrılıqları
yarandı.
Tudə
partiyası başda olmaqla bir qrup sosialist republikasının,
daha çox ingilislərin təsir dairəsinə aid olan
İslam Respublika Partiyası (İRP) başda olmaqla digərləri
(əsasən dini kəsim) İslam respublikasının,
ABŞ yönümlü qüvvələr, xüsusən,
Milli Cəbhə tərəfdarları liberal quruluşun,
Şəriətmədarinin rəhbərlik etdiyi Müsəlman
Xalq Respublikası Partiyası (MXRP) dinin siyasətdən
ayrı tutulmasını istəyən, milli və etnik
azlıqların haqlarını müdafiə edən, liberal dəyərlərə
üstünlük verən bir idarəçilik sisteminin
yaradılmasını istəyirdilər. İnqilab
dövründə İran xalqları tərəfindən milli
tələblərin irəli sürülməsi müşahidə
olunmamışdı. Yalnız inqilabın
qələbəsi ərəfəsində və ondan sonra
milli hüquqların təmin edilməsi məsələsi
gündəmə gəldi. İnqilab
zamanı dini-siyasi məzmunlu hərəkatın liderlərindən
olan ayətullah Xomeyni başda olmaqla bəzi siyasi xadimlər məzlum
xalqlara öz müqəddəratını təyin etmək
haqqının veriləcəyini bildirmişdilər.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2017.- 25 noyabr.-
S.14.