İranda inqilabdan sonra
Güney Azərbaycanda ana dili uğrunda mübarizə
4-cü yazı
Ruhanilər
tərəfindən idarə olunan və ölkənin ən
güclü dini-siyasi partiyası olan İslam Respublikası
Partiyası da verdiyi bəyanatda göstərirdi: “Hər
qövmün dili, ədəbiyyatı, mədəniyyəti və
adət-ənənələri sərbəstdir və hörmətə
layiqdir. İnsanlar öz milli dil, ədəbiyyat
və mədəniyyətini istifadə etməkdə sərbəstdirlər.
Etnik və milli ayrı-seçkilik haramdır.
Bütün qövmlər və millətlər
İslam ümməti altında birləşməlidirlər və
milli duyğular onları bölməməlidir”. Müvəqqəti
hökumətin başçısı, əslən azərbaycanlı
olan Mehdi Bazərqan İranda etnik azlıqlara mədəni
hüquqların verilməsinə öz dəstəyini 25 may
1979-cu ildə Təbrizdəki görüş zamanı fars dilində söhbət etdiyinə görə
təəssüflənməsi ilə (“Arzu edirəm və
çox münasib olardı ki, türk dilində söhbət
edəm”) nümayiş etdirmişdi. O, əyalətlərə
İranın ərazi bütövlüyü daxilində
özünüidarənin verilməsinə müxalif deyildi.
Azərbaycanlı
ali ruhani nümayəndələrdən
olan Musəvi Ərdəbili və Xalxalinin ümumi
yığıncaqlarda və Təbriz mətbuatına
müsahibələrində Azərbaycan türkcəsindən
istifadə etməsi yeni rejimin pəhləvilərlə
mütləq fərqini əks etdirmək üçün bir
fürsət idi. Brenda Şaferə görə, onlar həm də
ana dilindən təkcə öz azərbaycanlı kimliyini
müdafiə etmək üçün deyil, bəlkə də
yerli Azərbaycan türkləri ilə fars
dilində söhbət müşkül olduğundan istifadə
etmişdilər. Azərbaycan əyalətlərində
yerli əhali ilə ünsiyyət qurmaqla münaqişələrin
yoluna qoyulması üçün əslən həmin məntəqələrdən
olan azərbaycanlı nümayəndələr ora göndərilirdilər.
Milli problemlərin həlli uğrunda başlanan
mübarizə milli hərəkat səviyyəsinə qədər
yüksəldi. Məsələyə mübarizənin
sosial şərtləri, sosial tərkibi, xarakteri və ən əsası
daxili və xarici faktorların hərəkata təsiri
prizmasından yanaşdıqda burada dörd mərhələnin
olduğu aydın görünür: 1) 1979-1980-ci illər
(Müvəqqəti hökumət və rejimin bərqərar
olması); 2) 1980-1988-ci illər (İran-İraq müharibəsi);
3) 1989-1997-ci illər (İqtisadi islahatlar mərhələsi);
4) 1997-2005-ci illər (Siyasi islahatlar mərhələsi).
Cənubi azərbaycanlılar milli hüquqların
müdafiəsi, milli mədəniyyəti, dili və ədəbiyyatı
canlandırmaq, inkişaf etdirmək məsələsində
vahid mövqe nümayiş etdirsələr də, onların
problemin həlli yollarına dair baxışları müxtəlif
idi. İlk vaxtlar İranın yeni rəhbərliyinin
razılığını gözləmədən əyalətlərdə
məsələnin müstəqil şəkildə
aşağıdan həllinə cəhd göstərildi.
V.V.Trubetskoy o dövrdə azərbaycanlılar arasında milli
meyllərin güclənməsi barədə yazırdı:
“İnqilabdan sonra bütün Azərbaycan əyalətlərində
Azərbaycan dilinin kortəbii surətdə özünütəsdiqi,
şah məmurları olan farsların azərbaycanlılarla əvəz
olunması baş verirdi”. Bu mərhələdə
qeyri-siyasi platformalı ictimai-mədəni təşkilatların
fəaliyyətində milli-mədəni hüquqlar, xüsusən
də ana dili məsələsi sosial-siyasi, demokratik tələblərin
fonunda daha qabarıq şəkildə görünsə də,
sadalanan hüquqlar ayrılıqda deyil, əsasən antiimperialist,
milli-demokratik şüarlarla birlikdə irəli
sürülürdü.
İnqilabın qələbəsindən bir neçə
ay sonra ətrafında əsasən Hüseyn Sədiq kimi sol
yönümlü ziyalıları birləşdirən Təbriz
Şairləri və Yazıçıları Cəmiyyəti
fəaliyyətə başlamışdı. Təbriz Şairləri və
Yazıçıları Cəmiyyəti öz əsasnaməsində
göstərirdi ki, Azərbaycan Şairləri və
Yazıçıları Cəmiyyəti öz
sıralarına əsərlərində yalnız və
yalnız sülh, tərəqqi, azadlıq və inqilabi
quruculuq məqsədlərini əks və tərənnüm
edən, hər cür istismarçı hakimiyyətin və
ona xidmət edən məfkurələrin hər hansı təzahürünə
qarşı mübarizə aparan, xalqı imperializm əleyhinə
ölüm-dirim döyüşündə vəhdət və
birliyə çağırıb ruhlandıran şair və
yazıçıları qəbul edir. Cəmiyyətin
mətbu orqanı olan “Ülkər” dərgisində çap
olunan materiallardan aydın olur ki, onların dəstəyi ilə
ana dilində kitablar çap olunur. İrandakı
azərbaycanlılar cəmiyyətin “antiimperialist və
demokratik” inqilabın dərinləşməsi və genişlənməsi,
İİR-nın möhkəmlənməsi yolunda fəaliyyətini
qiymətləndirir və arzu edir ki, qurumun üzvləri
öz qələmləri ilə ölkədə əksinqilabi
qüvvələrə qarşı “bütün inqilabi və
mütərəqqi qüvvələrin vəhdət və
birliyinin, mütəşəkkil və möhkəmlənməsinin
carçısına” çevrilsinlər.
1979-cu ildə Tehranda Azərbaycan
Yazıçıları və Şairləri Cəmiyyəti
yaradılmışdı. Təşkilatın əsas məqsədlərinə
Azərbaycan dili və ədəbiyyatının
araşdırılması, zənginliyini xalqa
çatdırmaq yönündə fəaliyyətin genişləndirilməsi,
yeni dərs ilinə ana dilində dərs kitabları
hazırlamaq, millətçilik və dinçilik davası
salan ideyalardan uzaq durmaq, Tehran qəzetlərində farsca
çıxış etməklə cəmiyyətin məramnamələrini
yaymaq və təbliğ etmək kimi məsələlər
daxil idi. 1979-cu il aprelin 14-də cəmiyyət
ana dili probleminin həlli ilə bağlı proqram qəbul
etmişdi. Azərbaycan dilini Azərbaycan xalqının rəsmi
dili elan edən həmin proqramın başlıca maddələri
İran universitetlərində Azərbaycan dilinin rəsmən
tanınması, Azərbaycan dili və ədəbiyyatı
kafedralarının yaradılmasına hazırlıq, başqa
sözlə, məktəblər üçün ana dili və
ədəbiyyat müəllimlərinin hazırlanmasına
başlamaq, milyonlarla azərbaycanlının
yaşadığı Tehranda ikidilli məktəblərin
yaranması və dərs kitablarının hazırlanması
kimi məsələlərə həsr olunmuşdu. Əsasən ziyalılardan ibarət olan bu qrupun fəaliyyəti
80-ci illərin əvvəllərinə kimi davam etmişdi.
1979-cu ildə Tehranda yaradılmış “Azərbaycan
Əncüməni” təkcə azərbaycanlıların
deyil, bütün İran xalqlarının siyasi, milli tələblərini
gündəmə gətirməklə bu məsələni
öz fəaliyyətlərinin əsas hissəsinə
çevirdi.
Əncümən 30 aprel 1979-cu ildə yaydığı 9 bənddən
ibarət bəyanatda (3,4,5,7-ci bəndlərdə)
türk xalqının hüquqlarının tanınması,
türk dilinin funksiyalarının genişləndirilməsi və
statusunun yüksəldilməsini tələb edirdi. Üzvlərinin əsas hissəsini görkəmli
ziyalılar təşkil edən təşkilat Azərbaycan əyalətlərində
özünüidarə qurumlarının yaradılması
ideyasını irəli sürürdü. Eyni zamanda, bütün mərkəzi idarələrin,
nazirliklərin, mədəni, iqtisadi, hətta asayişin
qorunması məsələlərinin əyalət
şuralarının əlində olmasını və bu
şuraların isə üzvlərinin azərbaycanlılar tərəfindən
müstəqil şəkildə seçilməsini istəyirdi.
“Azərbaycan əncüməni” İranda milli məsələnin
demokratik prinsiplər əsasında həllinin tərəfdarı
idi. Qeyd olunan tələblərin əsasən
İranın dövlət sərhədləri çərçivəsində
həyata keçirilməsi istənilirdi. Gils
Rouksun təbiri ilə desək, “Azərbaycan Əncüməni”
İranda türk kimliyinin legitimliyini bərpa etmək” məqsədi
güdürdü.
İnqilabdan sonra Sovet Azərbaycanında yaşayan cənubi
azərbaycanlı solçu qüvvələrin,
ziyalıların İrana qayıtmasının və Azərbaycan
məsələsinin gündəmə gətirilməsindəki
rolu da qeyd olunmalıdır. Onların Təbriz
şəhərində fəallığı xüsusilə nəzərə
çarpandır. Belə milli fəallardan
olan M.T.Zehtabi tərəfindən Təbrizdə qurulmuş
Müstəqil Azərbaycan Demokrat Partiyasının proqramında
İran türklərinin milli haqlarının İran
Konstitusiyasında rəsmən tanınması və
qorunması kimi məsələlər əsas tutulurdu.
1979-cu ilin mart ayında Tehranda fəaliyyətə
başlayan Azərbaycan Mədəniyyəti Cəmiyyəti isə
siyasi və milli tələblər uğrunda mübarizəyə
xüsusi yer verirdi. Bu quruma şair Həbib Sahir
başçılıq edirdi. Həmin təşkilat
ilk əvvəl Azərbaycan Azadxahlar Partiyası adı ilə
ortaya çıxmışdı. Sonralar
isə heç bir siyasi partiya ilə bağlı
olmadığını elan etmişdi. Cəmiyyətin
mətbu orqanı olan “Yoldaş” dövlət tərəfindən
təzyiqlərə məruz qaldığında “İnqilab
yolunda”, “Yeni Yol” adı altında yayımlanırdı.
İlk əvvəllər nəşrin solçu mövqedə
olması daha çox qabarıq görünsə də, 18-ci
nömrədən sonra Azərbaycan mədəniyyəti, Cənubi
Azərbaycanın milli hüquqları uğrunda mübarizəsində
daha geniş sosial qüvvələrə əsaslanmağa
çalışması hiss olunur.
Hər 3 dərgi bütün fəaliyyəti boyu
İranda nəşr olunan azərbaycandilli mətbuatın
müstəqil və vahid bir cəbhədə birləşməsi
şüarını irəli sürmüşdü. Tehranda yaranan “Azərbaycan məsələlərini
araşdıran qrup”, Yəhya Şeydanın rəhbərliyi
ilə fəaliyyət göstərən “Azərbaycan maarif
yığıncağı ədəbi təşkilatı” və
s. bu tipli kiçik təşkilat və cəmiyyətlər
azərbaycanlıların milli mədəniyyətinin
inkişafı yolunda mübarizə aparırdılar. Hələ inqilabın gedişi zamanı İranda
açıq fəaliyyətə başlayan istər sol, istərsə
də sağ təmayüllü partiya və təşkilatların
Cənubi Azərbaycanda yerli bölmələri mövcud idi.
Bu dövrdə sırf azərbaycanlılardan
ibarət milli partiyalar da fəaliyyətdə idi.
Cənubi
azərbaycanlılar tərəfindən yaradılmış
siyasi təşkilatların bir hissəsinin proqramında milli
hüquqlar aparıcı xətt təşkil etsə də, əksər
solçu, demokratik və digər müxalif qurumlar inqilabdan
sonra siyasi hakimiyyət, siyasi sistemin və rejimin mahiyyəti və
xarakterinin müəyyən olunması uğrunda mübarizə
aparır, milli hüquqlardan, o cümlədən, ana dili məsələsindən
köməkçi vasitə kimi istifadə edirdilər. İnqilabdan dərhal sonra xaricdə fəaliyyət
göstərən sol yönümlü Azərbaycan Demokrat
Partiyasının (ADP) Cənubi Azərbaycanın mühüm
şəhərlərində yerli təşkilatları fəaliyyət
göstərməyə başladı. ADP 1979-cu ilin
aprelində elan etdiyi bəyannaməsində öz məqsəd
və istəklərini belə ifadə edirdi: “Bu respublika o
zaman əzəmətli və inkişaf etmiş ola bilər ki, İranın bütün
insanları ictimai və siyasi həyatda azad və müstəqil
surətdə iştirak etsinlər. Əgər
bütün insanların milli adət-ənənələri,
dil və mədəniyyətləri rəsmən tanınarsa,
o zaman qarşılıqlı hörmət şəraitində
yaşamaq mümkün olar. Ölkə
daxilində muxtariyyətin verilməsi demokratik respublikada milli
birliyin yaranması və ölkənin ərazi
bütövlüyünün təmin edilməsi
üçün lazımi şərtdir”.
Azərbaycan Azadixahlar Partiyası və “Azərbaycan
partizanları təşkilatı” ümumi sosial-siyasi ideallar
uğrunda mübarizə aparsalar da, Azərbaycan xalqının
milli maraqlarının təmin edilməsini ümumi məqsədlərinin
tərkib hissəsi elan edirdilər. Sol qüvvələr
bilavasitə ana dili məsələsinin həlli istiqamətində
fəaliyyət göstərmir, onlar milli məsələnin
yalnız sosialist dövləti qurduqdan sonra həll oluna biləcəyini
qeyd edirdilər. Onların siyasi fəaliyyəti
mahiyyət etibarı ilə həm də milli məsələnin
həlli və onun tərkib hissəsi olan ana dili probleminin həlli
uğrunda mübarizə idi.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2017.- 28 noyabr.-
S.14.