İranda inqilabdan sonra
Güney Azərbaycanda ana dili uğrunda mübarizə
5-ci yazı
İranda olan bütün partiyalar ölkənin
bütövlüyü məsələsində hakim rejimin
siyasətini dəstəkləyirdilər. Hətta əvvəllər
İrandakı xalqların haqlarını müdafiə etməyi
öhdəsinə götürmüş Tudə (İran Xalq
partiyası) partiyası da hesab edirdi ki, İran xalqları məsələsi
İranın “böyük milli vəhdəti” çərçivəsində”
həll edilə bilərdi. Bu partiyanın
xalqların hüquqlarına dair tələbləri dəstəkləməsi
partiya fəallarının əksəriyyətinin etnik
azlıqların nümayəndəsi olması ilə də
bağlı idi.
Qeyd olunan dövrdə İran azərbaycanlılarının
haqları uğrunda mübarizə aparan siyasi təşkilatlar
arasında 1979-cu ilin fevralın 25-də yaranmış
İran Müsəlman Xalq Respublikası Partiyası (İMXRP)
xüsusi fəallıq göstərirdi. Bu qurumun rəhbəri
ölkənin ən nüfuzlu dini liderlərindən olan əslən
azərbaycanlı Seyid Məhəmməd Kazim Şəriətmədari
idi. Partiyanın Cənubi Azərbaycandakı
təşkilatı olan Azərbaycan Müsəlman Xalq
Mübarizləri Qrupu (“Goruhe mobarizane-xəlqe müsəlmane
Azərbaycan”) liberal və demokratik dəyərləri əsas
tuturdu. Şəriətmədari taktiki
mübarizə metodu olaraq liberal yolu seçmiş, ruhanilərin
dövlət idarəçiliyində, özəlliklə
icraedici hakimiyyətdə iştirakının əleyhinə
idi.
İranın bütövlüyü onun
üçün ən önəmli məsələ idi. Şəriətmədari
“Liberasyon” qəzetinə verdiyi açıqlamada muxtariyyətin
azərbaycanlıların haqqı olduğunu söyləmiş
və əyalət əncümənlərinin
qurulmasını istədiyini bildirmişdi. İMXRP rəhbərliyi qarşısına
qoyduğu məqsədə dialoq, danışıqlar vasitəsilə
çatmağın mümkün olduğuna inanırdı.
İMXRP-nin Azərbaycan təşkilatı
suveren İran dövləti daxilində Azərbaycan
xalqının muxtar hüquqları uğrunda mübarizəni
özünün başlıca vəzifəsi kimi göstərir,
eyni zamanda “İslam prinsiplərinə dayanaraq bir sosialist cəmiyyətinin
əsaslarını qoymaq uğrunda mübarizə” əzmini
bildirirdi.
Bu məqsədin həyata keçirilməsi ilə
bağlı partiyanın Azərbaycan təşkilatı ilə
Qumdakı ruhani liderlərin baxışları arasında kəskin
fərqlər var idi. MXRP Milli Məclisdən kənarda əyalət
məclislərinin qurulmasını hakimiyyətin mərkəzləşməsinin
qarşısının alacağını, eyni zamanda Əsas
Qanunda elan olunduğu kimi, İranda insanlar arasında bərabərliyin
təmin olunmasına kömək edəcəyini bildirirdi.
İnqilabçılıqdan uzaq olan Şəriətmədari
azərbaycanlıların öz tələblərini təkamül
yolu ilə əldə etmək əzmini rəsmi məlumatlarında
dəfələrlə diqqətə
çatdırmışdı. Lakin
partiyanın radikal taktika tərəfdarı olan Azərbaycan təşkilatı
öz xalqının milli hüquqlarının təmin
olunmasında daha kəskin mübarizə üsullarından
istifadə edilməsini vacib sayırdı.
Partiyanın mətbu orqanı farsca buraxılsa da, Azərbaycanın
problemlərinə həsr olunurdu. Qeyd edək ki, partiya
özünü bütün İran xalqlarının
müdafiəçisi elan etsə də, Azərbaycan məsələsinə
daha çox önəm verirdi. Xomeyninin
Şəriətmədarini inqilabdan sonrakı proseslərdən
kənarda saxlaması, Konstitusiyanın hazırlanması və
qəbulunda fikir ayrılıqlarının ortaya
çıxması iki dini lider arasında münasibətlərin
pozulmasına səbəb oldu. Xomeyni Konstitusiyanın din
adamlarından ibarət xüsusi qurumda (Məclise Xobreqan)
hazırlanması və referendumda qəbulunu yeni rejimin sürətlə
formalaşması üçün ən uyğun yol
sayırdı və avqust ayında bu quruma seçkilər təyin
etdi. Şəriətmədari isə Konstitusiya
kimi mühüm bir sənədin xüsusi qurumda
hazırlanmasının yanlış bir yol olduğunu bildirərək
öz tərəfdarlarını Məclise-Xobreqana seçkiləri
boykot etməyə çağırdı. Ancaq
partiyanın Azərbaycan təşkilatı həmin orqana
seçilərək hazırlanacaq Konstitusiyanın məzmun və
mahiyyətinə təsir göstərmək məqsədilə
seçkilərə getdi, amma istədiklərinə nail ola bilmədi.
Ölkədə olan demokratik ruhlu bütün siyasi
partiya və təşkilatlar milli məsələnin yeganə
həlli yolunu həqiqi federalizmdə görürdülər. 48 ictimai-siyasi təşkilatın
və ziyalıların iştirakı ilə 1979-cu ilin iyul
ayında Tehranda təşkil olunmuş “İran əhalisinin
Əsas qanundan istəkləri” adlı seminarda və 25 avqustda
Mahabadda keçirilən konfransda xalqların İranın
coğrafi hüdudları daxilində öz müqəddəratını
təyin etmək haqqının tanınması kimi məsələlər
müzakirə olunmuşdu. Yusif Əzizi Bənitorof xatirələrində
yazırdı: “Müxtəlif etnik və siyasi qrupların təmsilçiləri
burada iştirak etdilər. Məsələn, türklərdən
Həmid Nitqi, Cavad Heyət, Rəhmətullah Müqəddəm
Maraği, kürdlərdən Saleh Nikbəxt, ərəblərdən
mən, türkmənlərdən Əbdülkərim Məftun
və digərləri. Üzərində bəhs etdiyimiz
konstitusiya Həsən Həbibinin təklif etdiyi konstitusiya
idi... Ümumiyyətlə, kürd, ərəb,
türk, türkmən təmsilçiləri bu seminarda
İran xalqlarının muxtariyyəti haqqında təkliflər
irəli sürdülər. Ancaq qeyri-fars
xalqların muxtariyyət təklifləri Xobreqan Məclisində
(Ekspertlər Şurası) 15, 19, 48-ci maddələrlə məhdudlaşdırıldı”.
Belə ki, qeyri-fars xalqların nümayəndələrinin
hazırladığı təklifdə İrandakı
xalqların dillərinin məktəblərdə və
universitetlərdə bütünlüklə tədris edilməsi
məsələsi əks olunmuşdu.
Bütün səylərə baxmayaraq, 1979-cu ilin
dekabrında referendum yolu ilə qəbul edilmiş Konstitusiya
ruhanilərin mütləq hakimiyyətini təsbit etmiş
oldu. Konstitusiya layihəsinin yeni mətnindən milli əyalətlərin
bəzi hüquqları ilə bağlı qeydlərin
çıxarılması, həmçinin ibtidai məktəblərdə
ana dilində təhsil hüququ əvəzinə 15-ci maddədə
“yalnız fars dili və ədəbiyyatı ilə
yanaşı milli dil və ədəbiyyatların öyrədilməsinə”
icazə verilməsi kəskin etiraz doğurdu. 1979-cu il dekabrın 5-də İMXRP-nın Təbriz əhalisini
konstitusiyaya etiraz etmək, bəzi fiziki və mənəvi
hücumlara məruz qalmış Şəriətmədariyə
dəstək bildirmək üçün mitinq və nümayişə
çağırması üsyanın başlanmasına təkan
oldu. Konstitusiyanın 110-cu maddəsinə (bu maddə Xomeyniyə
“vilayəte fəqih” ixtiyarı və bundan doğan qeyri məhdud,
mütləq ali hakimiyyət hüquqları verirdi) etirazla
başlanmış bu üsyan zamanı Təbrizdə dövlət
idarələri, radio, televiziya stansiyaları, başqa kütləvi
informasiya vasitələri, təyyarə meydanı ələ
keçirilmiş, Cənubi Azərbaycan isə “Azərbaycan
İslam Respublikası” elan edilmişdi.
Təbriz üsyanında İMXRP-nin Azərbaycan təşkilatı
ilə yanaşı solçu təşkilatlardan ADP-nin, fədailərin,
mücahidlərin yerli təşkilatları da iştirak
etmişdi. Bir neçə gün davam edən nümayişlər
dalğası Təbrizdən kənara da
yayılmışdı. Azərbaycanın
bir çox şəhərlərində, o cümlədən
Urmiyada əhalinin bir qrupunun Təbriz nümayişlərindən
ilham alaraq yerli radio-televiziya qurumunu ələ keçirmək
cəhdi uğursuz alınmışdı. Şahidlərin
dediyinə görə, nümayişlərdə
çıxışlar Azərbaycan türkcəsində
edilirdi və fars dilində
çıxış etmək istəyən şəxslər
məsxərəyə qoyulurdu.
Milli qüvvələrin milli maraqlar uğrunda
açıq, siyasi vasitələrlə mübarizəsinə
baxmayaraq, sözügedən məsələni həll etmək
mümkün olmadı. Lakin mübarizənin tam nəticəsiz
yekunlaşdığını da söyləmək
düzgün olmazdı. Təbriz
üsyanı zamanı hökumətin Şəriətmədari
ilə rəftarı, türklərə qarşı mənfi münasibəti
və Azərbaycanın milli problemlərinin həllindən
imtinası İran türklərinin yüz illər boyunca
formalaşdırılmış iranlı kimliyinin zədələnməsində
müəyyən rol oynadı və milli özünüdərk
prosesinin inkişafına da təsirsiz ötüşmədi.
Şəriətmədari tələblərin
yerinə yetirilməsi üçün şəxsi
nüfuzundan və milli hərəkatın gücündən
istifadə etmədi. Bəzi müəlliflər
Şəriətmədarinin demokratik ideyalara
bağlılığını onun milli azlıqlardan
olması ilə, milli məsələyə münasibətdə,
eləcə də milli hərəkatın gedişində qətiyyətsiz
mövqe tutmasını isə onun iranlı və müsəlman
kimliyinə ifrat bağlılığı ilə izah edirlər.
Konstitusiya uğrunda mübarizədə İran Müsəlman Xalq Respublikası Partiyası radiodan yayımlanan bəyannaməsində azərbaycanlıların və kürdlərin hüquqlarına hörmətlə yanaşılmasını istəsə də, “İranın dağılacağı” qorxusu Şəriətmədarini kürd hərəkatı ilə sıx birliyin yaranmasından uzaq saxladı. Müxtəlif sosial-siyasi qüvvələr tərəfindən dəstəklənən iki dini başçı - Xomeyni ilə Şəriətmədari arasındakı ziddiyyətlər Şəritəmədari tərəfdarlarının məğlubiyyəti ilə nəticələndi. Hakim İslam Respublika Partiyasının yerli təşkilatları geniş fəaliyyət meydanı əldə etdi. 1980-ci ilin yanvarında prezident seçkiləri keçirildi. Martmay aylarında parlament seçildi, avqust-sentyabrda isə yeni, daimi hökumət işə başladı.
1981-ci ilin əvvəllərində Təbrizdə yaranıb fəaliyyətə başlayan Gənc Şair və Yazıçılar Cəmiyyəti qarşısına Azərbaycan ədəbiyyatını xalqın mənafeyi mövqeyindən inkişaf etdirmək məqsədini qoymuşdu. Qurumun mətbu orqanı “Gənclik” idi. 1980-ci illərin əvvəllərindən etibarən Xomeyninin siyasi baxışlarına zidd olan çevrələrə qarşı repressiyalara başlandı. Fəalların bir qismi həbs olundu, bəziləri məhv edildi, qalan hissə isə mühacirətə getmək məcburiyyətində qaldı. Lakin bəzi qurumlar, məsələn, Xalq Mücahidləri Təşkilatı, İran Müsəlman Xalq Respublikası Partiyası və İran Xalqının Fədai Çerikləri Təşkilatı ilə yanaşı onların Azərbaycan bölmələri də öz fəaliyyətlərini 1983-cü ilin əvvəllərinə qədər gizli şəkildə də olsa davam etdirdilər.
Yeni rejimin ABŞ-a qarşı münasibəti (neft sektorundakı 40 faiz payının geri alınması, ABŞ-ın İranda əsas sosial dayağı olan bütün şirkətlərin milliləşdirilməsi, səfirliyinin ləğv olunması və s.) sol qüvvələrin rəğbətini qazansa da, digər tərəfdən SSRİ-yə “sizə bağlı sol partiyaları bir təzyiq vasitəsi kimi istifadə etməyə ehtiyac yoxdur, onsuz da biz varıq” mesajını verirdi. Tezliklə gizli fəaliyyət göstərən təşkilatlara “mədəni inqilab” adı altında müxtəlif siyasi damğalar vurmaqla onlara qarşı aparılan təqiblər daha da genişləndirildi. Bunu sübut edən faktlar o dövrdə İranda nəşr edilən rəsmi və qeyri-rəsmi qəzetlərdəki yazılarda əks olunmuşdu. Məsələn, “Keyhan” qəzeti yazırdı: “...Təbriz, Ərdəbil, Sərab və Urmiya şəhərlərində son günlərdə əks-inqilab dəstələrinin
onlarla silah anbarı aşkar edilmiş və hazırda mühakimə və edam gözləyən yüzlərlə üzvü həbs olunub. Bunlardan təkcə Təbrizdə 50 nəfər xalq fədailəri, 60 nəfər peykar, 20 nəfər kargər, 15 nəfər müsəlman xalq, 10 nəfər kommunistlərdən və 50 nəfər Kürdüstan Partiyasından olan şəxslər həbs edilib”. Mədəni təşkilatlar da 1983-cü ilin əvvəllərinə kimi azad nəşr imkanlarından məhrum edilmiş və müxtəlif təqiblərə məruz qalmışdılar.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2017.- 29 noyabr.-
S.14.