İranda inqilabdan sonra Güney Azərbaycanda ana dili uğrunda mübarizə

 

Əsas qanunun 15-ci maddəsində deyilir: “..Yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır”

 

6-cı yazı

 

Bu dövrün ən xarakterik xüsusiyyəti siyasi motivin aparıcı və daha qabarıq olması, passionar qüvvələrin çoxluğudur. Qeyd olunan dövrdə fəaliyyət göstərən, sosial tərkibinə görə bütün təbəqələri əhatə edən siyasi və mədəni təşkilatların əksəriyyəti əsasən muxtariyyət və ana dili ilə bağlı hüquqların təmin olunması tələbi ilə çıxış edirdi. Lakin onlar güclü sosial bazaya və vahid, təkmil siyasi proqrama malik deyildilər. Siyasi və mədəni təşkilatlar arasında əlaqələr zəif idi. Bu faktorlar milli haqlar, o cümlədən ana dilindən istifadə hüquqları ilə bağlı mübarizədə real nəticələrin əldə olunmasını mümkünsüz edirdi.

İran və Azərbaycan tarixşünaslığında bu mübarizənin belə bir sonluqla bitməsi azərbaycanlıların etnik-kimlik istəklərinin təmin olunması məsələsinin minimal səviyyədə, ümumi şəkildə qoyulması və Şəriətmədarinin milli azlıqlara aid olması ilə, həmçinin yeni siyasi rejimin sabitləşməsi ərəfəsində “Azərbaycan əncüməni”nin geniş sosial bazasının, İMXRP-nın isə milli ideologiyası və proqramının olmaması ilə izah edirlər.

Beləliklə, 60-70-ci illərdə ana dili məsələsinə maraq obyektiv olaraq genişlənsə də, inqilab zamanı milyonlarla azərbaycanlını arxasınca apara biləcək vahid güclü, dini və ya dünyəvi siyasi təşkilat ortaya çıxmadı. Siyasi, ictimai, mədəni sferada fəal qüvvələrin vahid cəbhədə çıxış etməmələri, strateji və taktiki məsələlərdə fərqli baxışlara malik olmalarının nəticəsi idi ki, inqilabın başlanğıcında milli kimliyin tanınması və tanıtdırılmasında başlıca amil olan ana dili məsələsi siyasi fəaliyyət obyektinə çevrilə bilmədi. İnqilabın gedişində xüsusi milli şüarlar irəli sürülmədi.

Qeyd edilən dövrdə cənubi azərbaycanlıların müxtəlif ideoloji spektrlarda təmsil olunan fəallarının sözügedən məqsədlər uğrunda göstərdikləri siyasi, mədəni fəaliyyəti onların milli məsələyə münasibətini əks etdirməklə milli şüur səviyyəsini göstərdi.

Həmin dövrdə cənubi azərbaycanlıların mübarizəsinin tam nəticəsiz qaldığını iddia etmək düzgün olmaz. İİR-in Əsas Qanununda milli və etnik azlıqların bəzi milli hüquqlarının məhdud şəkildə də olsa, təsbit edilməsi ölkədə yaşayan qeyri-fars xalqlarının, o cümlədən Cənubi Azərbaycan türklərinin mübarizəsinin nəticəsi idi.

İnqilab zamanı Pəhləvi rejiminin neçə on illər boyu yürütdüyü assimilyasiya və milli dillərin əridilməsinə yönəlmiş siyasətinin səmərəsizliyi meydana çıxdı. Bu ilk növbədə Cənubi Azərbaycan türklərinin bütün təzyiq və repressiyalara baxmayaraq ana dillərini qoruyub saxlamalarında və milli tarixlərini yaddaşlarda yaşatmalarında özünü göstərdi. İnqilabın ilk günlərində cənubi azərbaycanlı fəallar tərəfindən atılmış addımlar (şahın ölkəni tərk etdiyi günün səhəri “Ulduz” mətbu orqanının Azərbaycan türkcəsində nəşrə başlaması və s.) qeyd etdiklərimizi təsdiqləyir.

 

Əsas qanun və milli ayrı-seçkilik

 

Yuxarıda qeyd etdiyimiz kimi, İranın konstitusiyasında milli və etnik azlıqların milli hüquqları qismən də olsa təsbit olunub. Əsas Qanunun “Millətin hüququ” adlı üçüncü fəslinə daxil olan 19, 20, 23, 27, 34, 48-ci və b. maddələrində, şuralar haqqında yeddinci fəslin 100 və 103-cü maddələrində İrandakı xalqların hüquqları təsbit olunub. Tədqiqat konkret ana dili məsələsi ilə bağlı olduğundan yalnız araşdırılan mövzuya aid bəzi maddələrə qısaca nəzər salınacaq.

Əsas Qanunun 15-ci maddəsində deyilir: “İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır”. Göründüyü kimi, bu sənəddə İranın çoxmillətli, çoxdilli bir ölkə olması etiraf olunmuş, milli ədəbiyyatın tədrisi, milli dillərin kütləvi informasiya vasitələrində işlədilməsi hüququ qeyd edilmişdir. 15-ci maddə İrandakı xalqlardan yalnız farsların dilinə dövlət dili statusu vermiş və fars dilini xüsusi imtiyazla təmin etmiş oldu. Ancaq qeyd olunmalıdır ki, bu maddə İİR konstitusiyasının 19 və 20-ci maddələrinin ruhuna, mahiyyətinə ziddir. Eyni zamanda, əhalisinin yarıdan çoxu fərqli xalqlardan formalaşmış bir ölkənin birdən çox rəsmi dilinin olması vacibliyi müasir beynəlxalq hüquq tərəfindən də tənzimlənir. 19-cu maddə (“İran xalqı hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük vermir”) ölkədəki xalqlara bütün cəhətlərdən bərabərlik vəd edir, heç bir xalqa ayrıca imtiyaz vermir. Əslində çoxmillətli bir dövlətin konstitusiyasında əhalinin 50 faizdən bir qədər az hissəsini təşkil edən xalqın dilinin rəsmi dil olaraq tanınması həmin ölkədə yaşayan digər xalqlara qarşı assimilyasiya və ayrı-seçkilik siyasətinin qanuni əsasını hazırlayır.

Qeyd edək ki, hazırda polietnik struktura malik olan İran əhalisinin 1/3-dən çoxunu Azərbaycan türkləri təşkil edir. İranda rəsmi statistik məlumatlarla tanışlıq göstərir ki, bu ölkədə uzun illər siyahıyaalmada etnik (milli) mənsubiyyət əks olunmadığından milli və etnik azlıqların sayını dəqiqləşdirmək mümkün olmasa da həmin sayı müxtəlif üsullarla təxmini müəyyən etmək olur. Son illərdə İran İslam Respublikasının rəsmi statistik məlumatlarında İran əhalisinin ¼-nin azərbaycanlılar olduğunu, amerikalı tədqiqatçı Leon T. Nadar isə İranda 20 milyondan çox azərbaycan türkünün yaşadığını, A.Vhitley isə bu ölkə əhalisinin ən az 40 faizinin türklərdən ibarət olduğunu qeyd edir.

Fransa sosioloqu Marie Ladier İranda demoqrafiya üzrə apardığı tədqiqatların nəticələri haqda 1992-ci ildə Ankarada keçirilən beynəlxalq simpoziumda etdiyi məruzədə ölkədə yaşayan milli və etnik azlıqların sayı barədə məlumat əldə olumasının mümkünsüzlüyünü etiraf edir. O, regionlar üzrə 15-49 yaşlarında qadınların savadlılıq dərəcəsini və orta hesabla neçə uşaq dünyaya gətirdiklərini hesablamışdır. Xanım Ladier yazır ki, 1986-cı ildə keçirilmiş siyahıyaalma zamanı əhaliyə paylanmış vərəqələrdə qoyulan suallar savadlılıq dərəcəsini öyrənməyə kömək etməklə yanaşı, qeyri-fars qadınların təxmini sayını bilməyə də imkan verir. O, azərbaycanlıların sayının 35 faizdən çox olduğunu qeyd edir. BMT-nin etnik azlıqlara dair 1997-ci il hesabatında İranın ümumi əhalisinin 37,3 faizinin azərbaycanlılardan ibarət olduğu göstərilir. Bu qurumun 2002-ci il hesabatında azərbaycanlıların 30 milyondan çox olduğu qeyd edilir. 2002-ci ildə İranın əhalisi 66,4 milyon idi və azərbaycanlılar əhalinin təxminən 45,11 faizini təşkil edirdi. Beynəlxalq Dilçilik Mərkəzinin nəşri olan “Etnologiya”nın 2005-ci il nəşrində isə azərbaycanlıların sayı 23,5 milyon, farsların sayı isə 22 milyon kimi verilib. 2012-ci il yanvarın 18-də İranın xarici işlər naziri Əli Əkbər Salehi Türkiyəyə səfəri zamanı öz ölkəsində əhalinin 40 faizinin türkdilli olduğunu qeyd edib. Yuxarıda adları çəkilən mötəbər beynəlxalq qurumların və tədqiqatçıların təqdim etdiyi rəqəmlərə istinadən qeyd etmək olar ki, İİR-in rəsmi statistikasını şübhə altına almağa və mötəbər qurum olan Millətlər Təşkilatının hesabatını qəbul etməyə əsas var. Heç şübhəsiz ki, statistikanın saxtalaşdırılması milli azlıqların siyasi, iqtisadi, mədəni hüquqlarının təmin olunması məsələsi ilə birbaşa bağlıdır. Göründüyü kimi, Əsas Qanunda İranın çoxdilli dövlət olması rəsmən təsbit edilir və bu tanınma milli məsələnin həlli uğrunda aparılan mübarizədə müəyyən müvəffəqiyyət sayılmalıdır. Çünki Əsas Qanun digər dilləri inkar edən keçmiş siyasət və ideologiyaya qarşı çıxır və əslində “Vahid millət” konsepsiyasının əsas xəttinə ziddir. İİR konstitusiyasına sözügedən müddəaların salınması əsasən inqilabda iştirak etmiş milli və etnik azlıqların təmsilçiləri tərəfindən aparılan müzakirələrin, onların irəli sürdüyü tələblərin reallaşması uğrunda mübarizənin nəticəsi idi. Həmin tələblərin çox az bir qismi reallaşsa da, bunu İrandakı xalqların, o cümlədən türklərin milli haqlar uğrunda apardıqları mübarizənin bir mərhələsi kimi qiymətləndirmək olar. İran İslam inqilabının nəticələrinə ümid bəsləyən Cənubi Azərbaycan türkləri vəd edildiyi kimi milli hüquqların və insan haqlarının təmin ediləcəyini, milli-etnik dil, ədəbiyyat və mədəniyyətlərinin dirçəlməsi üçün şərait yaradılacağını gözləyirdilər.

Qeyd etdiyimiz kimi, 1979-cu ilin dekabrında qəbul edilmiş İİR konstitusiyasının 15-ci və 19-cu maddələri bu istəklərə müəyyən dərəcədə cavab verirdi. Lakin yeni rejimin panfarsist dairələrinin təkidi ilə bu məhdud hüquqların reallaşdırılması təmin edilmədi. Dövlət etnik dillərin KİV-də işlənməsinə mane olmadısa da, ana dilində milli ədəbiyyatın tədrisini də təşkil etmədi. Səbəbi isə İranda yaşayan Azərbaycan türkləri şiə məzhəbli müsəlman olduqlarından onların rejim tərəfindən farslarla eyni ümmətin təmsilçiləri hesab olunaraq ayrıca xalq kimi nəzərə alınmaması, yuxarıda qeyd olunan maddələrin tələblərinin qeyri-müsəlman, qeyri-şiə xalqların aid edilməsi ilə əsaslandırılır.

Dövlətin qeyri-farslara qarşı yürütdüyü ayrı-seçkilik siyasətinin əsasını digər dillərin assimilyasiyası təşkil edir. İslam hakimiyyəti fars dilinin ictimai, iqtisadi, siyasi, mədəni strukturlarda hakim və imtiyazlı mövqeyini təmin edir, farsdilli regionların iqtisadi, mədəni və sosial inkişafına xüsusi diqqət yetirirdi.

 

Yeganə Hacıyeva

 

Xalq Cəbhəsi.- 2017.-30 noyabr.- S.14.