Bax belə çalarlar
yanıq Kərəmi …
Aşıq Ədalət ustadlığın bütün
şərtlərini özündə
cəmləşdirməyi bacararaq
ustad adını qazanmışdı
Yaşayan aşıq sənətinin
inkişafı qərinələrin
yaddaşından süzülüb,
tarixin izlərini özündə əxz etdirən ustad-şəyird
ənənəsi ilə
gerçəkləşir. Bu gün ustad-şəyird ənənəsi demək
olar ki, unudulub sıradan çıxmaq üzrədir.
Ustada qulluq, ustad nəsihətinə
əməl etmək, ustad xeyir-duası almaq, ustad görmüş,
özü də ustadlaşmış aşıqların
cəmi bir neçəsində müşahidə
etmək mümkündür.
Ustad qapısı dədə-babadan
pir, ocaq sayılıb, hamının
üzünə açıq
olub.
Ustadlarımızı ziyarət etmək ənənədən sayılır. Ənənəyə sadiq qalmaq münvalıyla
yolumuzu XX yüzilin azman sənətkarı, qızıl barmaqlarıyla
"Yanıq Kərəmi"
havasında insanın
ruhunu əlindən alaraq göylərə qaldıran, Kərəmin,
Əslinin eşqini
car eləyərk havacatın
möhürünü vurmuş
Dədə Ədalətin
qapısına saldıq.
Ustad qapısına azman sənətkarı ziyarətə Güney Azərbaycanın dəyərli
saz ustası "Dalğa" qrupunun bədii rəhbəri ustad Çingiz Mehdipur, Kanadada yaşayan Güneyli şair Əlirza Miyanalı, Sultanxanım Nəsibova, Aida Şirinova,
Çiçək Mahmudqızı
və mən getmişdik. Gəlişimiz ustadı çox
sevindirdi. Xüsusilə də Çingiz Mehtipurun və Aida xanımın ziyarəti ustadın lap ürəyindən
olmuşdu. Sevincini gizlətməyən
böyük sənətkar
gah körpə uşaqtək sevindi, gah anasız qalmış körpətək
için-için sızıldayıb
kövrəldi. Yerlə-göylə
əlləşən insan
bir az
sakit, bir az susqun dayanıb
fikrə daldıqdan sonra gah göylərə
qalxdı, gah yerə endi. Ədalətsayağı əsdi-coşdu sənətkar.
Ağzından dürr tökülürdü
ustadın. Sinəsi doluydu.
Neçə xatirələr, necə
eşidilməmiş nağıllar
danışdı. Yaddaşına heyran qaldım. Xəstə halında da hardan desən ordan danışırdı.
Hər kəlməsi bizim üçün qızıl
idi, barmaqları qızıldan qiymətli ustadın. Ömrünün son aylarını yaşayan, hələ sağlığında heykəli
ucalan sənətkarla
bir günü, bir saatı bir yerdə keçirmək, əlçatmaq
ustadla üz-üzə
dayanıb onun kəlamlarını dinləmək
böyük xoşbəxtlik
idi.
Aida xanımı “Azərbaycanın
Ərəbzəngisi” adlandıran
Dədə Ədalət
Aşıq Çingizin
sənətini, ədəb-ərkanını,
böyük-kiçik yolunu
gözləməyini, ustadların
qulluğunda durmağından
söhbət açaraq
Güney Azərbaycan aşıq yaradıcılığında
müstəsna xidmətlərini
də yüksək qiymətləndirdi. Söhbət
əsnasında Respublika
Sarayında Aşıq
Çingizin rəhbərlik
etdiyi "Dalğa"
qrupunun "Qarabağ
dərdi" adlı konserti qabağı ustadın yanına gedərək ondan xeyir-dua almasını Aşıq Ədalətə
bildirdi. Budur ustada ehtiram,
ustad xeyir-duası ilə sazı göylərə qaldırmaq
amalı. Ustadın baməzə
söhbətlərindən doymaq bilmirdik. Ondan eşitdiyimiz hər kəlmə bizim üçün qənimət
idi. Məclis görmüşdü Aşıq
Ədalət! Ustadların
sınağından hələ
5 yaşında ikən
çıxmışdı Aşıq Ədalət!
...Az zaman keçdi ustadın ziyarətindən. Çox
az sonar onun
ölüm xəbəri
hamını sarsıtdı.
Ölüm ona yaraşmırdı.
Bir az
sərt xasiyyətli ustadı torpaq qoynuna almaq üçün
aylarca uğraşdı.
Axır ki, bacardı.
Aşıq Ədalət Nəsibov yaşadığı zamanda
əlçatmaz sənətkar
idi. O heç vaxt insanlar üçün ələlxüsus da sevənləri üçün
adiləşmədi. Aşıq Ədalətin
üz cizgilərinə
baxdıqca adama elə gəlirdi ki, canlı heykəllə üz-üzə
dayanıb. Ustadın simasında
Dədə Yedigarın,
Abbas Tufarqanlının,
Aşıq Alının,
Ələsgərin cizgiləri,
barmağında onların
izi vardı. Onların ruhunu yaşadırdı böyük sənətkar.
Bir insanın canında neçə ustadın ruhu, yatırdı. Aşıq Ədalət Nəsibova qədər adlarını
qürurla çəkdiyimiz,
şeirlərini, yaratdıqları
havacatları və dastanlarını sevə-sevə
dinlədiyimiz ustad aşıqların üzünü
belə görməmişik.
Hətta
böyük əksəriyyətinin
ifa etdikləri havaları belə dinləmək bizə müəssər olmayıb.
Dildən-dilə, ağızdan-ağıza eşitdiyimiz ustadlardan fərqli olaraq Aşıq Ədalətlə
bir əsrdə yaşamaq onu yaxından tanıyanlar üçün böyük
hadisədir. Aşıq Ədalət
yaşayan aşıq
sənətinin canlı
ustad sənətkarıydı.
Ustadlığın bütün şərtlərini
özündə cəmləşdirməyi
bacararaq ustad adını qazanmışdı.
Dastan danışan aşıq məclisdə aktyor rolunu oynayır. Aşıq Ədalət aktyorluq bacarığını “Yeddi
oğul istərəm”
filmində daha qabarıq göstərib.
Filmdə aşığın üz cizgiləri, duruşu, baxışı,
bunu deməyə əsas verir. Filmin yaddaqalan, təsiredici olmasını Aşıq
Ədalət Nəsibovun
Cəlalın ölüm
səhnəsində çaldığı
aşıq havası oldu. “Yanıq Kərəmi” havasını
o qədər ustadlıqla
çalıb ki, sovet dönəmində “Komsomolun canı it canıdır”- sözü
belə sazın sədası altında çox zəif səslənib. Hətta eşidilmədi. Filmdə ustad sazı göylərə qaldıraraq,
Humayın fəryadını
asimana çatdırdı,
Cəlalın külünü
Kərəmin külünə
qataraq göyə sovurdu. Onun ifasına çata
biləcək ikinci bir “Yanıq Kərəmi” bu günə qədər səslənmədi. Təkcə Ustadın
dəfn mərasimində
şəyirdi aşıq
Məhəmmədəlinin ifasından başqa.
Bir zamanlar Cəlalın beşiyinin başında sonra ölüm səhnəsində
çalınan yanğılı
"Yanıq Kərəmi"
bir gün Ustad Ədalət Nəsibovun qəbri üstə çalınaraq
sevənlərini göz
yaşına boğdu…
İlhamə Qəsəbova
Filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2017.- 30 noyabr.-
S.13.