Onun bir üzü vardı: sədaqət
Rusiyanın hərbi naziri məşhur dövlət
adamı Arakçeyev (qraf Aleksey Andreyeviç Arakçeyev
1769-1834) qədim, lakin yoxsullaşmış zadəgan ailəsindən
çıxmışdı. Rusların "Nəsil şəcərəsi
Kitabı"nda Arakçeyevlərin nəsli haqqında
deyilir: "1695-ci il martın 6-da çar fərmanı ilə
Novqorodlu İvan Stepanoviç Arakçeyevə onun
özünün, ata və babalarının dövlət
qarşısındakı xidmətlərinə görə
Novqorod quberniyasında kəndlər, əkin-biçin yerləri
bağışlanır".
Qraf Arakçeyevə qədər də bu ailədən
onu şöhrətləndirən hərb adamları
çıxıblar. Məsələn, Arakçeyevin
babası Vasili Stepanoviç Arakçeyev general Minixin
komandanlığı altında vuruşmuş, Oçakov
altında yaralanmış, general rütbəsində istefaya
çıxmışdı. Onun
qardaşı oğlu Andrey Alekseyeviç isə, poruçik
rütbəsində istefaya çıxanda, ona irsən
yetişmiş 20 təhkimlisi olan kiçicik kəndə malik
idi. Bu Pyotrun onun babalarına səxavətlə
bağışladığı hədiyyədən qalan son
yadigar idi. Üç oğlu var idi. Bu kasıb zadəganın üç oğlunun
üçü də general rütbəsinə qalxıb
dövlətdə görkəmli mövqelər
qazanacaqdılar. Hələ ki, həmin gələcəyin
böyük dövlət adamı olacaq oğlunu Peterburqa
aparıb artilleriya məktəbinə düzəldənə
kimi yazığm döymədiyi qapı qalmayacaqdı.
Nəhayət uşağı xeyirxah adamların vasitəsilə
(Yekaterinanın xeyriyyə tədbirləri üçün
maddi vəsaitlə təmin etdiyi mitropolitin böyük əməyi
sayəsində) Artilleriya və Mühəndislər Korpusunda
oxumağa düzəldə bilir. Gənc Arakçeyev
riyaziyyatda misilsiz bacarığı, həyatda fərasəti,
səyi və çalışqanlığı, daha
doğrusu, zirəkliyi ilə tez bir zamanda nəzəri cəlb
edir. Yekaterinanın saray əyanlarından
olan Saltıkovun köməyi sayəsində yaxşı məvaciblə
işə düzəlir. Elə
Saltıkov özü də onu vicdanlı və işgüzar
gənc kimi şahzadə Pavelə tövsiyə edir. Arakçeyev zəhmətsevərliyi, zirəkliyi,
doğruçulluğu ilə gələcək
hökmdarın rəğbətini qazanır. Odur ki, vəliəhd hakimiyyətə gələn
kimi ona general rütbəsi verir, onun tavanasaz olduğunu
bildiyindən Novqorod quberniyasında iki min təhkimli ilə
Quruzino kəndini bağışlayır. Bu
gözəl kəndi vaxtilə çar Pyotr öz əziz
dostu Menşikova bağışlamışdı. Deyilənlərə
görə xiyabanda sıralanmış əzəmətli
palıd ağaclarının da çubuqlarını bir vaxt
çar öz əllərilə dost bağında əkmişdi.
Kənd Arakeçeyin idarəsinə keçən kimi az bir zaman ərzində burada tikilən saray və
digər tikililər paytaxtın ən zəngin
saraylarını geridə qoyurdu. Çar Pavel
özünün ad günündə ona “Nəcabətli qraf”
titulu verir. Bununla əlaqədar olaraq Arakçeyevlərin
gerbinə bu sözlər həkk olunur: "Səmimi və
sadiqdir". Deyirlər, bu sözləri
çar Pavel öz əllərilə tərtib etmişdi.
Bu cümlə sonralar qanadlı ifadəyə -
aforizmə çevrilir.
Sonralar Puşkin ona yazdığı epiqramında
"Bütün Rusiyanı sıxışdıran,
qubernatorları ağlaşdıran" qiymətini verir,
bununla bir vaxt çarın özündən aldığı
təltif qədər qiymətli həmin sözlərin dəyərini
"Nüfuzlu adamların qarşısında köləlik
etmək, əyilmək" mənasında aşağı
salmaq istəyirdi. Amma saray əyanları içərisində
onu gözü götürməyənlər, dostlarından
qat-qat çox düşmənləri var idi və paxıllar
çox idi. Bu adamlar onun, rus ordusunun artilleriyasını
az bir zamanda ağlamalı vəziyyətdən
çıxarmasını, yıxılanın qolundan
tutmasını unudurdular; onun sədaqətli və
etibarlılığı hamının gözündən
yayınırdı. Məsələn, hamıya
məlum idi ki, əgər I Pavel sui-qəsd gecəsi o paytaxtda
olsaydı, həmin sui-qəsd də baş tutmayacaqdı.
Ancaq əleyhdarları tərəfindən onun
bu keyfiyyətləri yaltaqlıq və yarınmaq kimi qiymətləndirilirdi.
Buna baxmayaraq o, sədaqəti və fədakarlığı
ilə gənc çar Aleksandrın da təvəccöhünü
qazandı və imperatorun yanında az qala
birinci adama çevrildi. Aleksandrın vaxtında
xüsusən 1815-ci ildən başlayaraq, faktiki olaraq Dövlət
Şurası və Nazirlər Kabineti ġurasının rəhbərliyini
öz əlinə alır. Onun dövlət
siyasəti, xüsusən böyük hərbiləşdirmə
tədbirləri rus ictimaiyyətində
"Arakçeyevçilik" adı alır. Çar
ona inandı; onu özünə və Vətənə sədaqətli,
vəfadar dost sanırdı. O çarın üzünə
çəkinmədən həqiqətləri deyə bilirdi.
Çar məhz, onun tövsiyəsinə və məsləhətinə
əməl edib 1812-ci ildə müharibənin
başlanğıcında ordunun baş komandanı vəzifəsindən
gedib öz yerinə Kutuzovu təyin etdi. Nəhayət,
o çarı inandıra bildi ki, onun məhəbbəti,
coşqun vətənpərvərlik duyğuları bu
böyük vəzifəyə kifayət etmir, vətənin
belə ağır anlarında baş komandanlıq
döyüş sınaqlarından çıxmış sərkərdəyə
həvalə olunmalıdır. Yoxsa yaltaq və
karyerist, vəzifəpərəst nazirlərin heç biri
cürət edib imperatoru bu fikirdən daşındıra bilməzdi.
Arakeçeyev adamları əlüstü və gözəl
tanımaq qabiliyyətinə malik idi, bir-iki yığcam ifadə
ilə də insanın tam, dolğun xasiyyətnaməsini verə
bilirdi.
Yüksək saray dairələrində vəzifəyə adam qoyub, həmçinin vəzifədən
adam götürmək onun işi idi. O bunda şəxsi xeyir,
mənfəət güdmürdü. Sadəcə
işə yararlı, müvafiq adamları axtarıb tapa
bilirdi. Heç bir padşahın ona olan
hüdudsuz etibarından "bəhrələnə
bilmirdi", çünki özü yüksək mövqelərə
işgüzarlığı,
çalışqanlığı və sədaqəti ilə
gəlib çatmışdı. Elə
onun ən gözəl keyfiyyətləri də əsasən
bundan ibarət idi. Əlində olan pula,
vara gözünün ucu ilə də baxmazdı.
Düşmənləri belə onun bu xüsusiyyətləri
barədə susa bilmirdilər. Təəssüf ki, onun xasiyyətindəki qəddarlıq,
zalımlıq, əlində böyük ixtiyar toplandıqca hər
cür sərhədləri aşırdı. Həm də həddən artıq düzlüyü
idi.
Ona görə çar Pavel özü qədər
inandığı və Peterburqun komendantı təyin etdiyi
bu adamı vəzifədən uzaqlaşdırıb
özündən də kənarlaşdırır. Düşmənləri
də bunu istəyirdilər -yataq otağına girib
"sahibsiz" çarı öldürürlər,
atasının yerinə hakimiyyətə keçən I Aleksandr
da Arakçeyevi imperiyaya lazım olduğunu bildiyindən dərhal
onu çağırır. Çar ölənə
kimi Arakçeyev onun yanında olur. Çar
onun əlinin və ürəyinin təmizliyini bilir, həmişə
onun sözünə əməl edirdi. Arakçeyev
düşmənlərinin çox-çox olduğunu bilirdi,
öz evində belə yeməyi əvvəl yoxlatdırıb
sonra yeyirdi. Ailə həyatı uğursuz
çıxmışdı, bütün ömrü işdə,
fəaliyyətdə keçirdi. Buna
baxmayaraq qadınları sevirdi, qadın onunçün
böyük qüvvə idi; general sədaqətli aşiq idi.
Çarın özü ilə bəzən dövlət
mənafeyinə görə mübahisəyə girişən,
ona sərt etirazlarını bildirən bu adamın əli
altında işləmək də cəhənnəm əzabı
idi. Belə
bir adam vəfalı məşuq idi. Elə məşuqəsinin ölümündən
sonra o kəndinə köçür, saqqalda gəzir, deyirlər
bu qadının qanına batırdığı dəsmalı
boynuna bağlayırmış. Amma bu
aşiq xəyanətlə də barışmırdı.
Yalana qarşı, saxtakarlıq və sədaqətsizliyə
qarşı da qəribə intiqamlar uydura bilirdi. İki sevgilisi vardı. Yüksək
dairəyə mənsub olan, Peterburqda yaşayan qadın və
daha çox sevdiyi, əsil məhəbbət bildiyi qadını.
Bu xanım onun kənddəki malikanəsini idarə
edirdi. Elə o da ağası kimi əli
altında olan xidmətçilərlə, kəndlilərlə
amansız rəftar edirdi. Nəhayət, cana
doyan kənd əhalisi ayağa qalxdı, bu zülmkar
qadını - Anastasiya Minnikovanı həmin qəddarlıqla
da öldürdülər. Kənd bilərəkdən
hamısı elliklə bu işdə iştirak edirdi ki, bu əzazil
qadına qarşı sui-qəsddə kimisə ayrıca
günahlandırıb cəzalandırmasınlar.
Arakçeyev sevgilisi qadının ölümü ilə
əməlli-başlı qəm-qüssəyə batır,
dostunu dəfn edir və məzarının yanında
özünə yer saxlayır. Dərdli gecələrini
qadının son yadigarlarını eşələyib oxumaqla
keçirir. Bu qadının kağızlarını
oxuyub tanış olduqca bu ölüb gedən
sevgilisini indi tanımalı olur: inanıb etibar etdiyi bu
qadının iş aşırıb rüşvət
aldığım, onun adıyla nələr etdiyini öyrənir.
Eləcə də digər oyunlarının
şahidi olur. Deyirlər ki, o bundan qeyzlənir,
keçmiş aşnasının qəbrini ümumi qəbristanlığa
köçürür. Dünən həqiqət
sanıb başı ilə cavabdeh olduğu müqəddəsliklər
bu gün rəzilliyə çevrilmişdi. Arakçeyev bu tale oyununa mat qalır; rüşvət
verən insanları özünün yas içində olan
malikanəsinə dəvət edib əşyaları -
rüşvət hədiyyələri göstərib
"götürün, bunlar sizindir, mən hər şeyi
bilirəm..." demişdi. Adamlar bu an ona
inanırdılar. O neçə gecə idi sevgilisinin
kağızlarını oxuyub onlarla da tənhalığın
ilk acı çağlarını ovutmaq istəyirdi. Əksinə olmuşdu. Həqiqətin - xəyanətin
üstü açılmışdı, gec olsa da...
Çar müharibə meydanına çevirdiyi qan
içində üzən Qafqazın ağır tərbiyələndirici
məktəb olacağını düşünürdü. Bu oğlan
savadlı və fitri istedada malik bir gənc idi, hələ
çox gənc ikən içki onun axırına
çıxdı, bihudə yerə də öldü. Arakçeyevlərin türk əsilli olmaları,
Qızıl Ordadan ayrılıb rus knyazlarına
qoşulmuş ailələrdən olması şübhəsizdir.
Onların soyu XV əsrin ortalarında II Vasili zamanı Rusa
xidmətə girən, xristianlığı qəbul edib
xaçlanan və xristian adı götürüb, lakin
türk soyadını saxlayan Arakçı Evstafyevdən
başlayır, Arakçı Moskva knyazının
sarayında məsul vəzifə daşıyırdı. Arakçı sözü bütün türk dillərində
arak, rakı "şərab" və "çı"
məşğuliyyət və peşə bildirən şəkilçi
vasitəsilə düzəlmişdir. Arakçeyevlərin
familya gerbində həkk olunmuş qızıl kamandan
atılan ox rəsmi həm də ailənin
türklüyünə və rus dövləti
qarşısında hərb xidmətlərinə işarədir.
Rus tarixinin başlıca simalarından olan bu
böyük və məşhur şəxsiyyət bir
çox tarixi əsərlərdəki obrazlarda öz tam əksini
tapmışdı. Yazıçı V.V.Krestovskinin "Babalar"
("Dedi") əsərində Arakçeyevin türk mənşəyi
qabarıqlaşdırılır, bu türklük onun
özünü alçaltmaq üçün düşmənlərin
əlində bir vasitə olur: "Arakçeyev?
...Arakçeyev nədir, kimdir, axı? Arak... Aman
allahım, bu nə vəhşi familiyadır?"
Yazıçı Aleksandr Hertsen də öldürücü
istehza ilə bu böyük dövlət adamını "Gələcəyə
Məktub" əsərində "Baskak", "Tatar
baskakı" adlandırmaqla onun çox asan sezilən
türk mənşəyinə işarə vururdu. Həyatda
da belə idi: Onu gözü götürməyən yüksək
saray əyanları Arakçeyevin qeyri-rus mənşəyinə
tez-tez toxunurdular.
Xasiyyətindəki zalımlıq, despotizm onun
yaratdıqlarını, min cəfa ilə qoruduqlarını,
dövlətə xidmətini, hətta onun
xeyirxahlığını belə kölgədə qoyurdu. Onun əməyi
sayəsində kəndlilər bir çox güzəştlərlə
kreditlərə malik idi. Ətrafda olan kəndlilərə
nisbətən, özbrinin maddi vəziyyətinə görə
qat-qat yaxşı dolanmalarına rəğmən,
Arakçeyevin zülmündən cana
doymuşdular, rifah hallarındakı üstünlüklərə
baxmayaraq onun kəndliləri özlərini bədbəxt
sanırdılar. Arakçeyevin övladı yox
idi; bütün var-dövlətini hələ
sağlığında Novqorod Kadet korpusuna vəsiyyət
etmişdi. Varlı sarayını onlara əsgər
qışlası kimi hədiyyə vermişdi. Korpus Arakçeyevin adını və gerbini
daşıyırdı. Bütün bunlar hər şeyi
təməlindən uçurub dağıdan sovet quruluşuna
qədər davam etməkdə idi...
Minaxanım Təkləli
Professor
Xalq Cəbhəsi.- 2017.- 10 oktyabr.-
S.14.