Kədərin əsarətində bir
ömür
Türk əsilli ruslar:
rus yazıçısı Qarşin Vsevolod Mixayloviç
(1855-1888)
1877-ci ildə könüllü olaraq Rusiya-Türkiyə
müharibəsində iştirak edib. "Dörd
gün", "Qorxaq", "Sıravi əsgər
İvanovun xatirələrindən" hekayələrində
çarizmin istilaçı müharibələrini pisləmişdir.
"Hadisə", "Rəssamlar", "Prinsip",
"Qırmızı gül", "Nadejda Nikoloyevna",
"Siqnal", "Ayılar", "Gecə", "Görüş"
və s. əsərlərində ictimai zülmə, ədalətsizliyə
qarşı qəzəbli etiraz vardır. Əsərlərinin
mövzsunu şəxsiyyətin faciəsi tutur. İntihar etmişdir. Qarşinlərin
nəsli rus çarı III İvan (1462-1505) zamanında
Qızıl Ordadan ayrılıb Rusa gələn Qarşi Mirzə
deyilən xanın nəslindən başlayır. Qarşi (Karşı) şəxs adının mənası
tükrcə "qorxubilməz,
qarşısıalınmaz" deməkdir (44, s.48). Mahmud Kaşğarlı lüğəti səhifələrində
də bu mənasıyla rast gəlinir.
XVII-XIX əsrlər arasında bu nəsildən Rusiyada
az-çox görkəmli adamlar çıxıb. Yazıçı Qarşin
özü: "Mən türk xanı Qarşi Mirzənin nəslindənəm",
- deyə hər zaman qürurla qeyd edirdi və elə həmin
qürurla öz əli ilə avtobioqrafiyasında
yazırdı: "Ailə söhbətlərinə görə
bizim nəslin əsasını qoyan Mirzə Qarşa III
İvan vaxtı Qızıl Ordadan birdəfəlik qopub gəlmişdi;
xaçlanmış, pravoslav dininə iman gətirmiş və
ona indiki Voronej qəzasında iri torpaqlar, mülklər
verilmişdi. Qarşinlər burada həmişəlik
məskunlaşmışlar".
Yazıçının bunun ardınca qeyd etdiyinə
görə, indi də onun yaxın qohum-əqrəbaları
oranın yerli mülkədarlarıdır. Qarşinlərin
xaçlanmış türk (tatar) xan ailəsindən
olduğunu tarixçi A.Xaliqov da göstərir. Qarşin Baxmut qəzası mülkədarının
qızı olan anasının qızlıq familiyasının
Akimova olduğunu qeyd edir. Akimova soyu da
türk əsilli ruslardandır. Eləcə
də indi Ukraynaya daxil olan Baxmut da əski türk yurdunun
adıdır. Qeyd edək ki, Baxmut şəhərinin
adı 1924-cü ildə dəyişdirilərək Artyamovsk
qoyulub. Hazırda Ukraynanın Donetski vilayətinə
daxildir. Qarşin özü elə buradaca, ana babasının
mülkündə 1855-ci il fevralın 2-də
dünyaya gəlib. Bu zaman Kırım
müharibəsi gedirdi və sonralar onun eşitdiyi
nağıllar bu müharibənin iştirakçısı
olmuş atasının zabit dostları ilə
bölüşdükləri xatirələri idi. Müharibənin dəhşətli və eyni dərəcədə
maraqlı olan epizodlarını gələcək
yazıçı həyəcanla dinləyir, yenicə
bitmiş müharibənin təlatümlü xatirələri
onun qəlbini sarırdı.
Uşaqlıqdan sərbəst, daha doğrusu,
özbaşına böyüyən kiçik Qarşinin
kitablarla tanışlığı 5-6 yaşlarından
başlayır. Nəzarətsiz bu balaca oxucunun mütaliəsi
uşaq kitabları yox, Hüqo, Jukovski, Qoqol, Puşkin,
Çernışevski, evdə illərlə
yığılıb qalmış abunə olduqları
jurnallar idi. Yazıçı körpə
çağlarındakı bu kimsəsiz, lakin mənalı,
azad günləri xatırlayıb yazırdı: Lermontovun
"Zəmanəmizin qəhrəmanı" əsərini
oxuyurdum, bir şey anlamasam da, "Bela" hekayətini dərk
edir, ağlayırdım. Dərk etdiyi isə ürək
sıxan şeylər idi: anası böyük
uşaqlarının müəllimi P.Zavadski ilə
qaçmışdı. Bu əxlaq faciəsi ilə
uşaq elə uşaqlıqdan bir tərəfdən odlu məhəbbət
(ehtiras deyə bilərik), digər tərəfdən isə
öldürücü bir ailə nifrətinin şahidi
olmuşdu. Bunlar onun psixologiyasına dərin
təsir göstərdi. Uşaqlıqdan da
heç üzü gülməzmiş.
Qarşin Dağ-Mədən İnstitutunda oxuyarkən
1877-ci ildə Rusiyanın Türkiyəyə qarşı təcavüzkar
hərbi başlayır. Serb çaxnaşmaçılarını çoxdan dəstəkləyən
çar 1877-ci il aprelin 12-də Türkiyəyə
müharibə elan edir. Tələbə
Qarşin "Slavyan qardaşlarımızı Osmanlı
zülmündən azad edək" kimi saxta, lakin
müdhiş bu çağırışa uyan minlərlə
şovinist ruhlu "Xristos divanələri"nə
könüllülərə qoşulub, Balkan cəbhələrinə
gedir. Çox təəssüf ki, bu
oyuncaq ideyaların əsiri olan əcaib, lakin güclü və
mətin adamlar, onların bədii surətləri o dövr rus
ədəbiyyatının gözəl, parlaq nümunələrində
də görünür. Belə ədəbi
qəhrəmanlar əslində başlarının bəlasını
götürüb, "qardaş köməyi"nə
qaçırlar. Turgenevin Dmitri Rudini ("Rudin"),
Yelena Staxovası ("Ərəfə"), Tolstoyun zabit
Vronskişi ("Anna Karenina) və s. kimi kamil bədii obrazlar
bu axını, pərdələnmiş şovinist məqsədləri
yaxşı təcəssüm etdiriblər; ədəbiyyatın
bu müsbət qəhrəmanları "zülmə"
qarşı çıxmaq istərkən yeni zülmün -
çar müstəmləkəçiliyinin öz əllərilə
bu torpaqlarda binasını qoyublar. Qarşinlər
ailəsi öz türk əslini-kökünü, soyunu, ənənəsini
çoxdan unudub dəyişdirmişdi. Odur
ki, Qarşin özünün pravoslav borcunu dərk edərək
institutunu dərhal buraxır. Özü
kimi yerindən oynamış "vətənpərvərlər"in
çəyirtkə axınına qoşulur. Anasına teleqram vurub, ondan xeyir-dua və izn istəyir.
Anadan dərhal, əlüstü razılıq gəlir: "Allah
köməyin olsun!" Qarşin yola
çıxır.
Təbiət etibarilə isə çox mərhəmətli
idi. Bu ərəfədə ölüm yatağında
olan dəhşətli bir xəstəlikdən ölən
dostunun başına pərvanətək
fırlandığını, ona bir şəfqət
bacısıtək xidmət etdiyini hamı bilirdi. Bu hadisə onun "Qorxaq" hekayəsində əks
olunub. Burada həmin vəfalı və fədakar dost o
özüdür. Bu onun o vaxt dostlarına, eləcə
də oxucularına məlum idi.
.. .Tələbə-könüllü əsgər
ağır Dunay yürüşündən keçir. Ayaslar döyüşündə yaralanır. Dizindən dəyən güllə ilə həmin
andan onun hərbiyyun ilhamı yüngül duman kimi əriyib
gedir. Qan onun gözlərini açır.
Çarizmin başladığı müharibənin
dəhşətini və lüzumsuzluğunu dərk edir.
O, silahı yerə qoyur. Özünün
qarayaxa, saxta "vətənpərvərliyi"nə
istehzası başlayır; ruhunda binadan olan şəfqət,
mərhəmət, sevgi hissləri baş qaldırır, sel
olub axır. Özünü yenidən
tapıb dərk edir. İndi onun hərbə,
ədalətsizliyə aid çoxlu qanlı təcrübələri
vardır. Yazıçı müharibələri
də, döyüşləri də bir-birinə
qarışdıran, cəbhələrdən cəbhələrə
sürüklənən rus əsgərini yaxından təsvir
edir. Gecə-gündüz min verstlərlə
yol gedən, uzaq Türkiyə torpaqlarına qovulan bu əsgərlər
artıq çiynindəki torbasını daşımaqda aciz
qalıblar. Keçib getdikləri kəndləri
yandırıb xaraba qoysalar da, əhalini ucdantutma qırsalar
belə. Bu mənada oxucu özü bilmir
bu cahangir ordunun əsgərlərinə acısın, yoxsa
darılsın. Yazıçı
Qarşin bu əsgərlərə - bədbəxtlərə
lap yaxın gəlir. Yürüş etdikləri
Bolqar torpaqlarını Buxara torpaqları bilib
çaş-baş qalan əsgərlərin onlara irad tutanlara
sonda "nə fərqi var, bolqar və ya buxara olsun?!" nəticəsinə
şərik olur. Doğrudan da, o əsgər imperialist məqsədlərdə
bir alətdirsə, yenicə fəth olunmuş
Türkistanın Daşkənd, Buxara torpaqları ilə dərhal
bu müharibələrin ardınca əks istiqamətdəki
Osmanlı torpaqlarına göz dikmiş çarizmin slavyan
qardaşlığını bəhanə edərək,
Balkanlara - Bolqarıstana girməsi arasında prinsipial olaraq fərq
yoxdur. Əsas olan şey "türk
öldürməkdir", bunu soldat heç nəylə
qarışdıra bilməz. Belə
olduqda əsgərin düşüncələri və eləcə
də izahatı daha dərin və məntiqlidir.
Əzab-məhrumiyyət rus soldatını sevdiyi
tünd şərabdan da artıq sərxoş edib. O düşünür ki, əgər
evini-eşiyini atıb Türk axtarırsa, deməli, bu işdə
türk günahkardır və ölməlidir, deyə
süngüsünü itiləyir. Rus imperialist ali
qüvvələrindən fərqli olaraq fasiləsiz,
bir-birinin ardınca Rusiya-Türkiyə müharibələrinin
iştirakçısı olmuş rus soldatının türk
əsgəriylə düşmənçiliyi məhz belə
kiçicik inciklikdir. Budur Qarşinin, insansevər
yazıçının məsələnin
açıb-tutduğu məğzi.
Onun "Dörd gün", "Qorxaq",
"Sıravi İvanovun xatirələrindən" əsərlərində
özünün müharibə sarsıntıları əks
olunmuş, bu müharibə fəlakət dəyərində
pislənmişdi. Gözü qarşısında minlərlə
insan qırğınının şahidi olmuş Qarşin məhz
bu mərhəməti sayəsində indi bir nəfərin belə
ölümünə qıymır. Elə
bu insansevərliklə Rusiya daxili işlər naziri
Loris-Melikovun qəbuluna gedir, bu böyük əyandan
xahişi var idi. Bir neçə gün
qabaq nazirə sui-qəsd olmuşdu. Qarşin
xahişə gedir ki, güllə atan terrorçu Molodetskini
edamdan qurtarıb bağışlatsın. Xahişi rədd
edilən yazıçı xəstələnir...
Qısa ömründə vaxt tapıb yaza bildiyi
sonrakı hekayələrində də şəxsiyyətin məhkumluğu,
faciəsi, namuslu adamların pisliklə, sosial ədalətsizliklə
mübarizə də təkliyi, gücsüzlüyü motivləri
çox qabarıqdır. Qarşinin əsərlərində
ictimai zülm və istibdada qarşı güclü etiraz var.
Dərd içində qalan yazıçının bu
etirazı özü qədər dərdli, bədbəxt
oxucularının da qulağına diri-diri torpağa
gömülmüş adamın boğuq-qırıq
hıçqırtıları tək yetişir. Deyirlər ki, məşhur "İvan Qroznı və
oğlu İvan" şəklində qana bələnmiş
şahzadəni rəssam İ.Y.Repin Qarşinə baxıb
çəkmişdir. Qarşinin gözləri,
dostlarını və onu tanıyanların hamısını
təsirləndirən ölüm kədərli
baxışları, dərdli çöhrəsi, qəlbin
iztirablarından kip sıxılmış dodaqları bu şəkildəki
şahzadənin son dəqiqələrini necə də təbii
əks etdirir?! Bu etiraz onun öz qəlbində,
mənəviyyatında güclü partlayışa keçə
bilir. Sənətkar dərin qəlb
sarsıntıları keçirir. Ağır
depressiya - tərkidünyalıq əzabları
başlayır.
...Neva
çayının çatlayan buzlarının
şaqqıltısı insanlara fərəh gətirirdi. Bahar gəlirdi, lakin yaprıxmış ruh və
ümid canlanıb dirilə bilmir. Qarşin
həmin kədərin məngənəsində 1888-ci ilin
martında özünü yuxarı mərtəbədən
ataraq intihar edir. Lakin dərhal ölmək
ona müyəssər olmur. Beş gün ağrılar
içində can verir. Bütün ömrünün əzabları
o beş günün iztirablarına
qarışaraq onun dostlarının da fiziki və mənəvi
ağrılarına səbəb olur. Onlar Qarşini lap Müqəddəs
Əzabkeşlər sırasında görməyə
başlayıblar. O, sağlığında özünə
sadiq və vəfalı dostlar qazana bilmişdi. Bu
dostlar deyirdi ki, Qarşin dünyada şər və
günahın da olduğundan xəbərsizdir. Özü təbiətcə mütəvaze insan olan
yazıçı Çexov Qarşində heyrətamiz
istedada vurulmuşdu. Bu başqa heç nə
yox, insan olmaq istedadı idi. Çünki
Qarşində əzaba, iztiraba qarşı qəribə həssaslıq,
başqa kədərlərə doğmalıq, ortaqlıq
duyğusu vardı. Dərin kədər
onun bütün əsərlərinə öz
möhürünü vurmuşdu. Bu əsərlərdən
duyulan bədbəxtlik və qəm-qüssə əslində
ictimai quruluşdakı ədalətsizliyin sənətkara məhvedici
təsiri demək idi.
...Rəssam
İ.Y.Repinin 1884-cü ildə çəkdiyi 29 yaşlı
Qarşin qarasaqqalı, sıx qara saçlıdır,
gözləri şəvə kimi parlayır. Öz
cazibədar xarici görünüşü, elə o qədər
də cazibədar xarakteri - ülfəti, mərhəməti
ilə, heç unuda bilmədiyi o tanımadığı
türk əsgərinə qəlbən acıyıb
axıtdığı göz yaşıyla əslindən-kökündən
xəbər verən Qarşin bu şəkildə çox
doğmadır.
Minaxanım Təkləli
Professor
Xalq Cəbhəsi.- 2017.- 17 oktyabr.-
S.14.