“Şah İsmayıl”
dastanında qəhrəman prototipi
2-ci yazı
M.H.Təhmasib İskəndər Münşiyə əsaslanaraq
II Şah İsmayılın 1555-ci ildə Şah Nemətulla
Yezdinin qızı ilə evləndiyini və SMOMPK-ın VII
buraxılışındakı variantda da Gülzarın
atasının adının Nemət bəy olduğunu qeyd
edir. Lakin
dastanın ayrı-ayrı variantlarında Gülzarın
atasının adı Qəhrəman bəy, Baxış bəy
və s. kimi göstərilir. Paşa Əfəndiyev 1992-ci ildə
nəşr etdirdiyi “Azərbaycan şifahi xalq ədəbiyyatı”
kitabında M.H.Təhmasibin və H.Araslının fikirlərini
müqayisə edərək, H.Araslının mövqeyini daha
doğru hesab edir: “Şah İsmayıl Xətai bir şair,
hökmdar olmaq etibarilə Azərbaycan xalqının tarixində,
mədəniyyətinin inkişafında böyük rol
oynayıb, həm də şair sənətkar kimi el içərisində
şöhrət tapıb... Şah İsmayılın
aşıqlar içərisində böyük hörməti
var idi... Bütün bunlar göstərir ki, əlimizdə
olan Şah İsmayıl dastanı Xətainin adı və fəaliyyəti
ilə yarana bilərdi... Professor Təhmasibin
dastanda II Şah İsmayılla əlaqədar tarixi
faktların mövcudluğu haqqındakı fikrinə gəldikdə
isə bunu deyə bilərik ki, Şah İsmayıl dastanının
ilk formalaşma və sonrakı inkişaf prosesində həmin
əhvalatlar oraya aşıqlar tərəfindən daxil edilə
bilərdi. Fikrimizcə, bu elə belə də
olub. Göründüyü kimi, Paşa
Əfəndiyev müəllifi olduğu “Şifahi xalq ədəbiyyatı”
kitabında da dastanın qəhrəmanının I Şah
İsmayıl olduğunu yazır.
Rüstəm
Rüstəmzadə “El qəhrəmanları xalq ədəbiyyatında”
kitabında sözügedən dastanın prototipi haqqinda
yazır: ”Belə rəvayət edilir ki,
Şah İsmayıl ağır yaralanır, ən çox
hörmət edib sevdiyi Taclı bəyim isə türklər
tərəfindən əsir alınır. ...Şah
İsmayıl bu bu ağır vəziyyətdən çox kədərlənir
və iztirab çəkir. Hətta bədbin
şeirlər yazır və öz kədərini bu şeirlərdə
nəzərə çarpdırır.
Dəmbədəm
yol gözlərəm,
Sevgili
yarım gəlmədi...
Bütün bu qəbil şeirlərində o, məşuqəsini
itirmiş bir aşiq kimi fəqan edir. Bununla əlaqədar
olaraq dövrün ozan-yanşaqları Şah
İsmayılı bu qəm-qüssədən ayırmaq
üçün ona bir sıra tərifnamələr, ustadnamələr
deyib, onun adı ilə bağlı dastanlar
yaratmışdılar. Şah
İsmayıl özü istedadlı bir şair olduğundan,
xalq yaradıcılığına yüksək qiymət verib
və bir sıra aşıqları saraya dəvət edib.
Onun hakimiyyəti dövründə aşıq
yaradıcılığı misli görünməmiş bir
yüksəkliyə qalxıb. Hətta xalq
yaradıcılığı, xüsusilə aşıq
yaradıcılığı o qədər nüfuz qazanıb
ki, o dövrün görkəmli şairləri aşıq tərzində
yazıb yaratmağa başlamışdılar... Saray mirzələri şahın adı ilə əlaqədar
dastanı yazıya köçürərək mühafizə
ediblər. Bu dastanı yazıya alanlar
öz adlarını qeyd etməmişdilər. Buna görə də müasir tədqiqatçılar
ona istədikləri kimi ad verirlər”.
Doğrudan da Şah İsmayıl aşıqlara, ozanlara
yüksək dəyər verib. Xalq arasında
dolaşan rəvayətlər, mənbələrin verdiyi məlumatlar,
Qurbaninin, Miskin Abdalın yaradıcılığında əksini
tapan müraciətlər bunun bariz nümunəsidir. Mirzə Abbaslının “Şah İsmayıl
ömrü miniatürlərdə” kitabında Şah
İsmayılla bağlı rəvayətlərin birində də
bunun şahidi oluruq. Belə ki, özbək
hökmdarı Hüseyn Bayqara Şah İsmayıla elçi,
töhfələr, cəng sazəndələri, rəqqasə
və ozanlar dəstəsi göndərir. Şah
İsmayıl isə ozanlardan savayı gələn hədiyyələrin
hamısını geriyə qaytarır. Tarixi
mənbələrin verdiyi məlumata görə ozanlar Şah
İsmayılın bütün yürüşlərində
yüksək fəallıqla iştirak ediblər. Mirzə Abbaslı Şah İsmayılın
aşıqlara münasibəti barədə yazır ki,
“Şah İsmayılın sarayında aşıqlara-ozanlara
münasibət o qədər yüksək olub ki, hətta bəzi
əmirlərə ozanxan ləqəbi verirlərmiş”.
Bütün
bunlardan sonra yenə də ciddi bir sual ortaya çıxır
və düşünməli olursan ki, görəsən M.H.Təhmasibin
dastanın prototipi kimi qəbul etdiyi II Şah İsmayıl kim olub və hansı məziyyətlərinə
görə dastan qəhrəmanı funksiyasında
çıxış edir? Məlum olduğu
kimi, II Şah İsmayıl I Şah İsmayılın nəvəsidir
və Şah Təhmasibin oğludur. Atası
tərəfindən həbs edilərək uzun müddət həbsxanada
yatıb. Cəmi bircə il hakimiyyətdə
olan İsmayıl Mirzə (II Şah İsmayıl) naməlum
səbəbdən vəfat edib. “Onun kimlər tərəfindən
və nə səbəbə görə öldürülməsi
barədə müxtəlif şayiələr, rəvayətlər
yarandığı kimi, ölümdən xilas edildiyi, qatillərin
əlindən nicat tapdığı barədə də xəbərlər
yazılmış, hətta əfsanələr düzəldilmişdi”.
Kifayət qədər ziddiyyətli bir
insanın dastan qəhrəmanı olması bir qədər
mübahisəli, qəribə görünə bilər.
Hətta onun əmri ilə haqqında dastan
yaransa belə, sevilməyən hökmdarın şəninə
yazılan bir dastan bu günə qədər gəlib
çatmazdı. Hardan bilmək olar ki,
Nadir şah, Qacar şah kimi hökmdarlara dastan
yaradılmamışdır. Həm də “Şah
İsmayıl” dastanında müəllifin hökmdara sonsuz
sevgi və hörməti hiss olunur. “Tarihte
yaşamış her şahsiyet hikaye kahramanı olarak
karşımıza çıkmaz. Böyle olması
için o şahsiyyetin ilk önce halkın sevgisini ve
rağbetini kazanmış olması gerektir... Bu
kahraman halkın ideal ortak kahramanıdır”.
Şöhrət
Bədəlovun “Şah İsmayıl və folklor” adlı
dissertasiyanın “Dastanlarımızda Xətayi obrazı”
adlanan yarımfəslində dastanın Şah İsmayıl Xətai
ilə bağlı olmadığını qeyd edərək
yazır: “Folklorşünaslıq tarixində Xətai ilə
bağlı dastanlar haqqında bir sıra tədqiqi xarakterli
fikirlər mövcuddur ki, bunlar da müəyyən mənada
öz məntiqi elmi nəticəsini tapmayıb. Əlbəttə, buna səbəb əldə olan
dastanların versiya və variantlarının qeyri-kamilliyi olub.
Eləcə də müxtəlif aşıq
mühitlərində araya-ərsəyə gələn həmin
dastanların mühit spesifikası nəzərə
alınmayıb, elə buna görə də həqiqi Xətai
ilə hansısa Şah İsmayıl adlı nağıl qəhrəmanı
qarışdırılıb”.
M.H.Təhmasib
dastan haqqında belə bir fikrin müəllifidir ki,
“ayrı-ayrı misralar, bəndlər pozulmuş da olsa, hər
halda, əlamətləri qalmış təcnislər,
xüsusilə hər əhvalatın, vəziyyətin ruhuna
uyğun vəzn, ...qafiyə və rədif
seçmək qabiliyyəti bu dastanın mahir bir sənətkar,
incə ruhlu bir dastançı tərəfindən
qoşulmuş olduğunu göstərir”. Alim məsələnin
digər bir tərəfinə dastan düzüb qoşanın
istedadı məsələsinə də diqqət yetirir:
“Qoşmalarda bəzən elə qəliz sözlər var ki,
müəllifinin savadlı adam olduğunu
ehtimal etməyə əsas verir. Bizcə,
şeirlərin bu vəziyyətə düşməsi də
dastanın nisbətən qədim olduğunu göstərir”.
“Şah İsmayıl” dastanı mükəmməl
dastançılıq təfəkkürünün, dastan mədəniyyətimizin
bütün tələblərinə cavab verə biləcək
kamil bir dastandır. Professor M.Qasımlı “Şah İsmayıl”ın
poetikası” kitabında Şah İsmayılın ovla
bağlı şeirlərinin təhlilinin sonunda yazır:
“Çox qəribədir ki, ov zamanı ahuya (gözələ)
rast gəlmək, onun dalınca düşmək, vəslinə
çatınca əzab-əziyyətə qatlaşmaq məqamlarının
poetik ifadəsi Şah İsmayıl haqqında dastan qoşan
xalqın da diqqətini çəkib. Eyni variant
– ov zamanı ahu gözəllə üzbəüz gəlmək
ənənəsi “Şah İsmayıl və Gülzar”
dastanında da var”.
Dastanın prototipi haqqında olan fikirlərə
aydınlıq gətirmək üçün dastanın Təbriz
variantına diqqət yetirmək yerinə düşər. Çünki
bu variant tarixi hadisələri daha çox özündə əks
etdirən yeganə nüsxədir. Dastandakı hadisələr
aşağıdakı başlıqlar altında cərəyan
edir:
1. Şah
İsmayıl Səfəvi (qəhrəmanın
doğulması);
2. Adqoyma;
3. Xacə
Danyal (Şah İsmayılın təhsil alması);
4. Cavan
Şah İsmayıl (Şah İsmayılın ova
çıxması);
5. Gizlin
bir dərd (Şah İsmayılın Gülzarın eşqinə
düşməsi);
6.
Ağqoyunlu bəyi qonaq gəlir (Gülşən
baxçası);
7.
Qürbət yolunda (Şah İsmayılın sevgilisinin
ardınca səfərə çıxması);
8. Şah
İsmayıl və Pəri xanım;
9. Şah
İsmayıl və Ərəb Zəngi;
10.
Şah İsmayıl və Gülüzarın ayrılıq
odu;
11. Sultan
Heydər ilə Sultan Yaqub və Şirvanşah
vuruşması. Fərrux Yasarla
döyüş. Şeyx Heydərin öldürülməsi
(burada bir qədər tarixi hadisələrdən kənara
çıxma var, həqiqətən də tarixdə bu
döyüş baş verib, lakin bu döyüş baş verəndə
Şah İsmayıl körpə olub);12.
Sultan Yaqubun ölümü və Şah İsmayılın
zindandan azad olması;
13.
Şah İsmayıl və paytaxt Təbriz;
14. Ərəb
ilə Şah İsmayıl Hindistan yolunda;
15.
Şah İsmayılın Gülzarı qaçırması;
16.
Qoçaq Ərəb, Gülzar və Şah İsmayıl
bulaq başında (düşmən ilə vuruşma);
17. Dərd
ilə vuruşma (Murad Mirzə ilə vuruşma);
18.
Şah İsmayıl və Şah Təhmasıb (oğlunun
dünyaya gəlməsi);
19.
İraq və İran vuruşması;
20.
Bağdadda vuruşma;
21. Dəclə
fəth olundu;
22.
Bağdad şəhərinin fəth olunması;
23.
Gözüyaşlı alagöz Pəri;
24.
Çaldıran döyüşü;
25. Ana
xatunda vuruşma;
26. Gecə-gündüz
vətən fikrində;
27. Cavan Təhmasib;
28. Şah İsmayılın ölümü;
29. Şah Təhmasib ilə ceyran;
30. İki sevgili;
31. Təhmasibin adaxlanması;
32. Nəticə;
11, 12, 13, 17, 18, 19, 20, 21, 22, 24, 25, 26, 27, 28, 29, 30, 31-ci bölümləri çıxsaq yerdə qalan bölümlər bizə bəlli Şah İsmayıl dastanıdır. Çox güman ki, dastan əvvəl geniş şəkildə yaranmış, daha sonra tarixi hadisələrin ixtisarı ilə yayılıb.
Dastanda qəhrəman obrazının prototipinin müəyyənləşməsi zaman-zaman mübahisələrlə, fikir ayrılıqları ilə qarşılanıb. Deyilənlər arasında bir-birinə yaxın görünənlər və kəskin mövqe fərqlilikləri ilə seçilənlər də var. Məsələn, A.Nəbiyev: “Nağıl motivləri ilə dastan süjetlərinin çarpazlaşması yolu ilə yaranan məhəbbət dastanlarından biri kimi “Şah İsmayıl” dastanıdır”. Məhz belə bir yanaşma ilə alim məsələni qəhrəman prototipində fərqli bir mövqedə şərh edir.
Folklorşünas V.Vəliyev “Azərbaycan folkloru” kitabında yazır: “Bu dastanlar içərisində “Şah İsmayıl” daha xarakterikdir. Əsərin yaranması və Şah İsmayılın tarixi şəxsiyyət olub-olmaması, eyni zamanda onun prototipi haqqında maraqlı mülahizələr mövcuddur. Bizə görə bu fikirlərin hər ikisində müəyyən həqiqət var”. Folklorşünas alim bütün bu mülahizələr müstəvisində qənaətlərini ümumiləşdirir: “Dastanın sonunda Şah İsmayılın mübarizəsi ictimai xarakter alır. O, yalnız öz xoşbəxtliyi uğrunda mübarizə aparmalı olmur. Xalqı amansızcasına istismar edən, mənəvi cəhətdən pozulmuş, qaniçən bir şaha qarşı mübarizə aparır. Beləliklə, Şah İsmayılın mübarizəsi ilə ədalətli şah ideyası məsələsi həll olur”. Göründüyü kimi, məsələ yenə də tarixi olmaya gəlib çıxır və qəhrəmanın tarixi şəxsiyyət kimi təqdimi ilə sonuclanır.
Kəmalə İsmayılova
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2017.- 24 oktyabr.-
S.1614.