F.KÖÇƏRLİNİN
“BALALARA HƏDİYYƏ” KİTABI
F.KÖÇƏRLİ:
"Türk millətinin əsrlərcə yaradıb
vücuda gətirdiyi nağıl və hekayələri və
xoşlarına gəldiyi məsəlləri özlərinə
məxsus edib “erməni nəql və məsəlləri”
adı ilə başqalarına elan edirlər. Amma biz
onların qədrini bilmirik və itib-batmağına əsla
etina etmirik, bu işdə qəflətdə qafil olduğumuz
kimi bu məsələlər dəxi böyük səhv və
qəflətimiz zahir olur”
1-ci
yazı
F.Köçərliyə qədər XX əsrdə
uşaq ədəbiyyatı haqqında bir sıra elmi-nəzəri
fikir və mülahizələr yaransa da, bu sahədə
sistemli tədqiqat onun adı ilə bağlıdır. Azərbaycan
uşaq ədəbiyyatı XX əsrə qədər müstəqil
bir yaradıcılıq sahəsi kimi deyil, əsasən
şifahi xalq yaradıcılığı və yazılı
ədəbiyyatla əlaqəli şəkildə inkişaf
edib. Uzun əsrlərdən bəri
ağızdan-ağıza, dildən-dilə keçərək
büllurlaşmış xalq ədəbiyyatı nümunələri
bu qabaqcıl maarifpərvər ziyalını düşündürən
əsas məsələlərdən biri olub. Xalq ədəbiyyatını
xalqın sərmayəsi adlandıran F.Köçərli
uşaqlar üçün yazılmış “Balalara hədiyyə”
kitabının müqəddiməsində şifahi söz sənəti
nümunələrinin toplanması əhəmiyyətindən
bəhs edərək yazırdı: “Keçmişdə
şan və şöhrət sahibi olan türk milləti
öz məişətinə, ayin və adətinə aid
yaratdığı qısım-qısım nağıl və
hekayələr, gözəl mənzumə və bayatılar,
hikmətamiz məsəllər (atalar sözü), nazik mənalı
müəmma və tapmacalar, balalar qəlbi açan
düzgülər və yanıltmaclar, heyvanat qismində məxsus
“sayaçı sözlər” mürur əyyam ilə xatirələrdən
çıxıbdır və bu halda unudulmaqdadır”. F.Köçərli qeyd edirdi ki, tarixi
keçmişini, dilini, vətənini sevən inkişaf
etmiş millətlər öz şifahi xalq ədəbiyyatı
nümunələrini “...kamali-şövq və diqqətlə
cəm edib ziqiymət sərmayə kimi saxlayır və
balalarının ilk təlim və tərbiyəsini onları
öyrətməklə başlayır”. Deməli,
folklorun təlim-tərbiyə üçün əhəmiyyətini
ilk plana çəkən F.Köçərli bütün
qabaqcıl ziyalılarımızın diqqətini bu işə
cəlb etmək istəyirdi.
F.Köçərli
ağız ədəbiyyatının toplanması istiqamətində
qonşuların bizdən daha irəli getdi-yini göstərir
və Azərbaycanda toplama işinin ləng
aparılmasının başqa fəsadlarla nəticələndiyini
də açıb göstərirdi: “Bu barədə
qonşularımız daha irəli gediblər. Türk
millətinin əsrlərcə yaradıb vücuda gətirdiyi
nağıl və hekayələri və xoşlarına gəldiyi
məsəlləri özlərinə məxsus edib “erməni
nəql və məsəlləri” adı ilə
başqalarına elan edirlər. Amma biz
onların qədrini bilmirik və itib-batmağına əsla
etina etmirik, bu işdə qəflətdə qafil olduğumuz
kimi bu məsələlər dəxi böyük səhv və
qəflətimiz zahir olur”.
Göründüyü kimi, F.Köçərlini daha
çox narahat edən Azərbaycan xalqının
yaratdığı şifahi ədəbiyyat nümunələrinin
ermənilər tərəfindən mənimsənilməsi və
o örnəkləri öz adlarına çıxması idi. “Qəflətdə
qafil” olanda xalqın milli mənəvi, hətta maddi sərvətlərinə
yiyə və sahib çıxmayanda onu erməniləşdirmək
və ya yadlaşdırmaq, xalqın keçmişini,
yaşam tərzini milli duyğu və düşüncələrini,
milli psixologiyasını əlindən almaq,
özününküləşdirmək də asan olur.
O, yaxşı bilirdi ki, hər bir millətin milli mənəvi
dəyərlərdən böyük sərvəti yoxdur. Deməli, həmin dövrdə “erməni nəql və
məsəlləri” adı altında ermənilər tərəfindən
Azərbay-can mənəvi sərvətinin və milli dəyərlərin
mənimsənilib açıq-aşkar talan edilməsi
qabaqcıl ziyalımızı bərk narahat edib.
1912-ci ildəki
ilk nəşrindən yüz ildən artıq bir müddət
keçməsinə baxmayaraq, bu gün də
aktuallığını itirməyən “Balalara hədiyyə”
kitabının tərtibi və nəşrinin əsas məqsədlərindən
biri folklor nümunələrinin toplanılması, gələcək
nəsillərə ötürülməsi idi.
Görkəmli pedaqoq “Balalara hədiyyə” kitabına
uşaqların yaş xüsusiyyətlərinə uyğun,
mövzu və forma etibarilə sadə, səmimi, tərbiyəvi
əhəmiyyəti olan nümunələr daxil edib. Ona görə
də həmin məcmuəni oxuyan “balalar şadlanacaq, bu səbəbə
ki, onda dərc olunan əs-ərlərin cümləsi
onların dünyasındadır, təbiətlərinin
iqtizasına müvafiqdir”.
Göründüyü kimi, alim, pedaqoq, folklorçu, ədəbiyyatşünas
F.Köçərli həmin kitabın tərtibatı
işində nə qədər zəhmət çəkib.
F.Köçərli
kitabın əvvəlinə yazdığı müqəddimədə
həmin kitabın böyüklər üçün də
mühüm əhəmiyyət
daşıdığını belə göstərirdi:
“Böyük adamların yürəklərinin
açılmasına səbəb olacaqdır ki, onlar mütəaliyə
əsasında öz uşaqlıq vaxtlarını bilaixtiyar
xatirələrinə gətirəcəklər. Bu isə − qəlbi şad etmək
üzlüyündə xidmətdir”. Görkəmli
alim haqlı olaraq belə bir qənaətə gəlir ki,
oxucular bu kitabı oxuduqda onların ürəkləri
şadlanacaq və onlar uşaqlıq dövrünün xatirələrini
bir daha yaşayacaqlar.
Fikrimizcə, görkəmli pedaqoq “Balalara hədiyyə”
kitabını tərtib edərkən mətnlərin məz-munu
ilə uşaqların psixologiyasının, maraq
dünyasının bir-birini tamamlamasına xüsusi diqqət
yetirib. Müəllif tərtib etdiyi kitaba uşaqların
yaş xüsusiyyətlərinə uyğun materiallar
seçdiyindən, onların qavrama qabiliyyətlərini nəzərə
almış, nümunələrin dilinin sadəliyinə
xüsusi fikir verib. F.Köçərli
bir müəllim kimi bədii cəhətdən mükəmməl,
dərin məzmunlu, dil-üslub cəhətdən sadə olan
əsərlərin uşaqların təlim-tərbiyəsində
oynadığı böyük rolunu 1912-ci ildə toplayıb
çap etdirdiyi “Balalara hədiyyə” adlı kitabında nəzəri
cəhətdən əsaslandırıb. Görkəmli
tənqidçi Seyid Hüseyn “İqbal” qəzetinin 1913-cü
il 23 may tarixli 366-cı nömrəsində “Balalara hədiyyə,
yaxud “Qafqazda birinci kitab” adlı məqaləsində əsəri
yüksək qiymətləndirir. Bu əsərin nəşrini
alqışlayan və onu müsbət bir hadisə kimi qiymətləndirən
S.Hüseyn yazırdı: “Balalara hədiyyə” kitabı
cocuqların ruhuna azuqə verdiyi kimi, böyüklərimizin də
cocuqluğunu və ondakı yaşayışını
xatirinə gətirərək onlarda keçmişinə və
millətinə qarşı bir istək və məhəbbət
duyğusu ayıldır”.
1912-ci
ilin may ayında İsabəy Aşurbəylinin “Kaspi” mətbəəsində
çap olunmuş 102 səhi-fəlik “Balalara hədiyyə”
kitabı iki hissədən ibarət olub, 75 kiçik həcmli
didaktiki əsərləri öz-ündə cəmləşdirib.
Müəllif yaş səviyyəsinə müvafiq olaraq
birinci hissəyə 49, ikinci hissəyə 26 didaktik mənzum
parça, nağıl, hekayə, tapmaca, atmaca, sayaçı
sözlər və başqa təlim-tərbiyə
üçün zəruri olan mətnlər salıb. F.Köçərlinin ölümündən sonra
bu kitab 1967-ci ildə ədəbiyyatşünas Bəkir Nəbiyevin
tərtibi və redaktorluğu ilə yenidən çap edilib.
Görkəmli pedaqoqu kiçikyaşlı uşaqların gələcəyi
daha çox düçündürdüyündən
A.Şaiqə ünvanladığı məktubda
yazırdı: “Xırdaca uşaqlar üçün
yazılan nağıl və hekayələr nə qədər
asan və sadə olsa, nə qədər açıq dildə
yazılsa və uşaqların fəhminə yaxın olsa, bir
o qədər mənzur-da olan məktəblər artıq dərəcədə
hasilə gəlib yaxşı meyvələr gətirər”.
F.Köçərli
“Balalara hədiyyə” kitabında, nağıllar, mahnılar,
bayatılar, sayaçı sözləri ilə
ya-naşı, uşaqların hafizəsini gücləndirmək,
fikrini aydın ifadə etməsini, düzgün tələffüz
vərdişlərinə yiyələnməsini və s.
aşılamaq məqsədi ilə paremioloji vahidlərə -
məsəllərə, tapmacalara, yanıltmaclara və
müxtəlif uşaq oyunlarına da geniş yer
ayırıb. “Balalara hədiyyə” kitabında
kiçik həcmli nağıllar xüsusi zövqlə
seçilmiş və qruplaşdırılmışdır.
F.Köçərlinin seçdiyi və
qruplaşdırdığı “Göyçək Fatmanın
nağılı”, “Xoruz və padşah”, “Ərincək it”,
“Qurd” və s. kimi nağıl və alleqorik hekayələr
öz məzmun və ideyasına, sağlam məfkurəsinə
görə dövr üç-ün çox səciyyəvi
idi. Məsələn, uşaqları əməyə
alışdırmaq, hər işi vaxtında görmək vərdişi
yaratmaq üçün o, “Ərincək it” adlı kiçik
alleqorik hekayəyə müraciət edir:
“Qış
olanda it deyir:
Yaz olaydı, özümə bir çul toxuyaydım.
Elə ki
yaz gəlir, it tənbəlləşib deyir:
Eh kim əyirib, kim toxuyacaq?”
“Şəngülüm, Şüngülüm və Məngülüm”
nağılı ilə ana məhəbbətinin ülviliyi
verilir. Ayıq ol-mağın, böyüklərin nəsihətinə
qulaq asmağın vacibliyi bu əsərin əsas
ideyasını təşkil edir. Nağılın
sonunda hiylə işlədən qurdun keçi tərəfindən
məğlubiyyəti, ədalətsiz hökm çıxaran
zülmkarların aqibətinin ölümlə nəticələnməsi
uşaqlara təbii və inandırıcı
görünür.
F.Köçərli uşaqların yaş səviyyəsinə
müvafiq gələn hadisələri qələmə
alıb və xeyrin şər üzərində qələbəsini
həyati faktlarla əyani şəkildə nümayiş
etdirib. “Göyçək Fatmanın nağılı”nda
ögey ana öz çirkin qızının səadətini
yetim Fatmanın bədbəxtliyi üzərində qurmaq istəyir.
Məhz buna görə Fatmaya kömək edən
qara inəyi hiylə ilə kəsdirir. “Göyçək
Fatmanın nağılı”nın bu
variantında xeyirxah köməkçi, hami funksiyasını
sehrkar qarı – div anası yerinə yetirir. Sehrkar
qarı yetim Fatmanı sınağa çəkir. Göyçək Fatma div qarısının
sınağından uğurla çıxır. Onun
ağıl və qabiliyyətini görən qarı ona
doğru yol göstərir: “Gedərsən, qabağına bir
ağ su, bir qara su və sonra bir qırmızı su
çıxacaq. Ağ suda çimərsən, qara su ilə
saçını yuyar-san, qırmızı sudan
yanaqlarına sürtərsən. Bir də qarı öz
tükündən verdi və dedi ki, mən
sənə lazım olsam, yandırarsan, yanında hazır
olaram”.
Analığın qızı keçəl Fatma isə
sehrkar qarının sınağından uğursuz
çıxır. Odur ki, qarı ona hər şeyi əksinə
məsləhət bilir, nəticədə keçəl Fatma
daha da eybəcər bir kökə düşür. Sehrkar qarı göyçək Fatmanın çətin
dəqiqələrində onun köməyinə
çatır və ögey ananın çirkin əməllərinə
mane olur. Nəticədə, Fatma xoşbəxt
olur, padşah oğluna ərə gedir.
Görkəmli
pedaqoqun bu tip nağılları “Balalara hədiyyə”
kitabına salmaqda məqsədi uşaqların
dünyagörüşlərini kamilləşdirmək,
haqqın, ədalətin həmişə şər, qara
qüvvələr üzərində qələbəsinin zəruriliyini
anlatmaq və başa salmaq olub.
F.Köçərli “Balalara hədiyyə” kitabında
bayatılara, laylalara, sayaçı sözlərinə də
geniş yer verib. Məsələn, bəndləri
bayatı formasında yazılmış “Dağlar” şeirində
vətənə məhəbbət hissi təbliğ olunur.
Müəllif insan ayaqları dəyən dağları
“toylu-bayramlı”, insanlar köçəndən sonra isə
“doqquz ay yaslı” adlandırır:
Mən
aşıq yastı dağlar,
Qar gəldi, basdı dağlar.
Üç
ay toylu-bayramlı,
Doqquz ay
yaslı dağlar...
Kitabda
verilmiş layla nümunələrinə gəlincə, onlarda
anaların istək və arzuları, xəyal və
düşüncələri öz əksini tapır:
Layla dedim
adına,
Haqq
yetişsin dadına,
Hər
layla eşidəndə,
Balam düşər yadıma.
Balam
layla, a layla!
Gülüm
layla, a layla!
Məhəmməd
Məmmədov
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 27 oktyabr.-
S.14.