F.KÖÇƏRLİNİN
“BALALARA HƏDİYYƏ” KİTABI
F.Köçərli vətənpərvər
bir ziyalı kimi “Balalara hədiyyə” kitabında
həm yazılı ədəbiyyatımızdan, həm
də şifahi xalq yaradıcılığımızdan
dəyərli örnəklər
verməklə milli oyanış, özünüdərk,
maarif və mədəniyyətin yüksəliş
məsələsini ön
plana çəkib
2-ci yazı
Sayaçı sözlərinin çap olunduğu ikinci mənbə “Balalara hədiyyə” məcmuəsidir. Sayaçı sözləri barədə
ilk elmi məlumat verən ədib “Köçərilərin övza
və əhvalı” məqaləsində bu nəğmələrin tərəkəmələrin
məişət tərzindən
doğduğunu bildirir.
Bütün ömrü
boyu bu nəğmələrin
toplanması və araşdırılması ilə
məşğul olan Firidun bəy Köçərli ananın
dediyi layla ilə qoyun və ya keçiyə
edilən müraciətlər
arasında yaxınlıq
görərək yazırdı:
“Necə ki ana şirin və dadlı dil ilə balasına
laylay çalır, habelə də bizim tərəkəmə
xalqı – qoyun becərənlər öz
qoyunlarını mehriban
və şirin dil ilə vəsf
qılırlar. Təfavüt ancaq bundadır ki, ana övladını
“balam” sözü ilə yad edir,
amma qoyun sahibi qoyununu “nənəm” kəlməsi
ilə oxşayır”.
Kitabda sayaçı sözləri ilə bağlı nümunələr
“Səlam əleyk say bəylər” ifadəsi ilə başlayır:
Səlam
əleyk say bəylər,
Bir-birindən yey bəylər!
Saya gəldi
gördünüz?
Salam verdi aldınız?
Alnı
təpəl qoç,
quzu
Sayaçıya verdiniz?
Verilmiş örnəklərdən belə bir nəticəyə
gələ bilərik
ki, sayaçı nəğmələri öz
ilkin məzmun xüsusiyyətlərini nisbətən
fəal qoruyan nümunələr olub:
Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
Adəm
ata gələndə,
Qızıl öküz duranda
Qızıl buğda bitəndə,
Dünya
binnət olanda
Musa çoban olanda
Şişliyimiz erkəcdi...
Görkəmli pedaqoq ata-babalarımızın
qoyunun xeyir-bərəkəti
ilə bağlı yaratdıqları atalar sözü və məsəllərinə də
müraciət edir: “Qoyunun yüz olunca, dərisi min olar” və ya:
“Qoyunun oldu əlli,
Adın oldu bəlli.
Qoyunun oldu yüz,
Gir içində
üz” və s.
“Balalara hədiyyə”
kitabında bəhs etdiyimiz janrlarla yanaşı, bu və ya digər
folklor mətnlərini
tamamlayan, fikri aydınlaşdıran atalar
sözü və məsəllərə, tapmacalara,
yanıltmaclara, həmçinin
uşaq oyunlarına da geniş yer
verib. Fikrimizcə, görkəmli pedaqoqun bu paremioloji vahidlərə “Balalara hədiyyə” kitabında
yetərincə yer ayırması uşaqların
hafizəsini güc-ləndirmək,
nitqini zənginləşdirmək,
düzgün tələffüz
vərdişlərinə yiyələndirmək,
fikrini aydın ifadə etmək, müstəqil düşünmək
qabiliyyəti və s.
aşılamaq məqsədi
ilə izah edilməlidir. Məsəl,
tapmaca, yanıltmac və s. kimi janrlar ayrıca deyil, hər mətnin sonunda onun məzmun və ideyasına müvafiq şəkildə
verilmişdir. Məsələn,
“Ərincək it” adlı
alleqorik hekayə, “Şəngülüm, Şüngülüm
və Məngülüm”,
“Tülkü və kəklik”, “Nazikbənazik və Tazikbətazik” nağılları, bayatı
formasında olan “Dağlar” şeiri və s. nümunələr
müvafiq atalar sözləri ilə tamamlanıb.
F.Köçərli uşaqların zehni inkişafına kömək
edən, onları əyləndirən və
düşündürən tapma-caların təlim-tərbiyəvi
əhəmiyyətini nəzərə
almış, həyatın
müxtəlif sahələrindən
bəhs edən 41 maraqlı tapmacanı kitaba daxil edib. Tapmacaların özəlliklərini yaxşı
bilən Firidun bəy Köçərli
onların toplanmasına,
nəşrinə, tədqiqinə
böyük önəm
verib. O, çox
təcrübəli və
səriştəli folklor
toplayıcısı olduğundan
həmin tapmacalar mətnlərinin mükəmməlliyi,
təhriflə-rə daha
az yol
verilməsi ilə seçilir. Məsələn,
müəllif “Yaz” şeirindən sonra “Üçü bizə yağıdır // Üçü
cənnət bağıdır.
// Üçü yığar
gətirər, // Üçü
vurar dağıdar “,
“Qızlar nəğməsi”ndən
sonra “Biz-biz idik // Yüz qız idik // Bizi üzdülər
// İpə düzdülər
//Qırğın gəldi
qırıldıq // Şükr
olsun ki, dirildik”, İ.A.Krılovun
“Tülkü və üzüm” şeirinin tərcüməsindən sonra
“İki tülkü balası, üç anası, dörd atası, neçə eylər hamısı?” və s. nümunələr
mətnin məzmununa uyğun verilib. Onun nəşr etdirdiyi tapmacalar arasında bayatı formasında, həmşinin riyazi hesablamalar üzərində
qurulub və qıfılbənd şəklində
qoşulmuş tapmaca nümunələrinə də
rast gəlinir.
Düzgün tələffüz vərdişləri
və düşüncə
tərzinin yaranmasında
mühüm rol oynayan yanıltmac janrı da “Balalara hədiyyə” kitabında xüsusi yer tutur. F.Köçərli “Balalara hədiyyə” kitabına yanıltmacları
salmaqda yalnız əyləndirmək və
güldürmək məqsədi
güdməyib. O, habelə
yanıltmaclar vasitəsilə
uşaqlar da oxşar səs və sözlərin düzgün tələffüz
vərdişlərini formalaşdırır,
biliklərini dərinləşdirir,
təsəvvür və
təxəyyülünü inkişaf etdirir, onların nitqini canlı xalq danışıq dilinə
yaxınlaşdırır, söz ehtiyatını zənginləşdirir. Kitabda verilmiş
hər bir yanıl-tmac nümunəsində
müxtəlif hadisə
və məsələlər
əks olunub. Bəzi yanıltmaclara nəzər salaq: “Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul”.
“Getdim, gördüm bir dərədə iki kar, kor,
kürkü yırtıq
kirpi var. Dişi kar, kor, kürkü
yırtıq kirpi erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa,
erkək kar, kor, kürkü yırtıq kirpi dişi kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamayır”.
“Bazarda nə
ucuz? Mis ucuz, küncüt
ucuz, duz ucuz”. Bu yanıltmac
nümunələrindəki oynaqlıq, şirinlik uşaqların estetik tərbiyəsinə mühüm
təsir göstərməkdədir.
Görkəmli pedaqoqun “Balalara
hədiyyə” kitabında
Aşıq Əmrahın
“Aranla yaylağın bəhsi” qoşmasına rast gəlirik. Həmin qoşmada Aşıq Əmrah aranın da, yaylağın da özünəməxsus gözəlliyə
malik olmasını, mükalimə yolu ilə poetik bir dillə ümumiləşdirir:
Aran deyər, bağça mənim, bağ mənim,
Gecə-gündüz qulluq eylər bağbanım.
Geymək
üçün yaşıl
mənim, al mənim,
Süsən sünbül, gülşənliklər
mənimdir.
Yaylaq deyər, mənəm çeşmələr başı,
Axar, heç qurumaz didəmin yaşı,
Pələnglər yatağı, ovçu
sirdaşı,
Köksü ala, qarlı dağlar mənimdir.
F.Köçərli Xəstə Qasımın
“Nəsihət” qoşmasını
və ya sonrakı nəşrlərdə
“Olmaz” adı ilə getmiş ustadnaməsini “Balalara hədiyyə” kitabına salmaqla xalqımızın
müdrik sözlərini,
istək və arzularını yeni nəslə çatdırmağı
vacib sayır. Görkəmli ədib bu zaman
Xəstə Qasımın
həyat və cəmiyyət haqqındakı
fəlsəfi düşüncələrinin,
həmçinin müdrik
kəlamlarının uşaqların
başa düşəcəyi
bir dildə yazıldığını nəzərə
alır. Şeirdən
göründüyü kimi,
aşıq el arasında
mövcud olan “Ağac bəsləgilən,
barın yeyəsən”,
“Namərd yalançıya
sirrin söyləmə”,
“Bivəfa dilbərdən
sənə yar olmaz”, “İgid odur tənə oxun atmasın, halal mayasına haram qatmasın” və s. bu kimi
atalar sözləri və məsəllərdən
istifadə etmiş, danışıq dili ilə ədəbi dil arasında əlaqə yaratmış,
hər bir müdrik sözün mahiyyətini açmağa
çalışıb.
“Balalara hədiyyə” kitabında Kərəmin dilindən deyilmiş “Durnalara xitab” qoşmasının bir qədər fərqli şəkildəki variantı “Azərbaycan dastanları “nın II cildində verilib. Bu variantda qoşma cəmi üç bənddən ibarətdir. Həmin kitabın qeydlər hissəsində göstərilir ki, dastanın başqa bir variantında bu qoşma 4 bənddən ibarətdir və burada olmayan III bənd belədir:
Zalım şahın pəncəsinə düşərsiz,
Uca dağı, ormanları keşərsiz,
Yaz gələndə, yaylaqlarda gəzərsiz,
Qırılmasın qanadınız, qolunuz.
Bu bənd “Balalara hədiyyə” kitabında verilmiş qoşmanın həmin bəndi ilə üst-üstə düşür.
“Balalara hədiyyə” kitabında həmçinin uşaqların tərbiyəsinə, əxlaqına dünyagörüşünün for-malaşmasına, kamilləşməsinə kömək edən “İt və pişik”, “Dəvə və tikan” alleqorik hekayələri, İ.A.Krılovun “Tülkü və üzüm”, Q.B.Zakirin “Tülkü və Qurd”, “Dəvə və eşşək” təmsilləri və s. verilib.
Uzun müddət Azərbaycan məktəblərində bir dərslik kimi istifadə edilmiş bu kitabla F.Köçərli uşaq qəlbinin incəliklərinə yol tapmış, xalqımızın bu gözəl folklor örnəkləri ilə uşaqların psixologiyasının, dünyagörüşünün formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Vətənini, xalqını və dilini böyük bir məhəbbətlə sevən F.Köçərli vətənpərvər bir ziyalı kimi “Balalara hədiyyə” kitabında həm yazılı ədəbiyyatımızdan, həm də şifahi xalq yaradıcılığımızdan dəyərli örnəklər verməklə milli oyanış, özünüdərk, maarif və mədəniyyətin yüksəliş məsələsini ön plana çəkib. Firidun bəy Köçərli bu əsəri ilə Azərbaycan folklorşünaslığına yeni ruh, yeni nəfəs gətirib, onu yeni ideya-bədii keyfiyyətlərlə zənginləşdirib. Deməli, F.Köçərli qabaqcıl bir pedaqoq kimi folkloru cəmiyyətdə gənc nəslin tərbiyəsi və savadlanması üçün mühüm vasitələrdən biri hesab edib.
Məhəmməd Məmmədov
filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2017.- 28 oktyabr.-
S.14.