Qəriblikdə ölənin gözlərin
bağlamazlar...
Cütçü nəğmələrinin, o cümlədən kotanla bağlı nəğmələrin bayatı formasında olması bizə 7-lik bayatıların Kür-Araz mədəniyyəti, yəni erkən Tunc dövründə formalaşdığını ehtimal etməyə əsas verir. Eyni forma və ölçülər qoyunçuluqla bağlı sayaçı sözlərinə də xasdır. Mövzusuna görə Azərbaycan bayatıları çox rəngarəngdir. Bunların arasında təbiətlə, əməklə, məhəbbətlə, məişətlə bağlı, ictimai məzmunlu, vətənpərvərlik mövzusunda və s. bayatılar var. Biz bu sıraya özündə tarixi yaddaşı əks etdirən bayatıları da əlavə etmək istərdik. Bu tip bayatılarda bəzən tarixi hadisələrlə yanaşı, tarixi şəxsiyyətlərin, dövlətlərin və hətta onların paytaxtlarının adına da rast gəlirik. Bizə gəlib çıxan bayatılar arasında yaxın tarixlə bağlı olanları nisbətən daha çoxdur və onlara Qərbi Azərbaycan folklorunda da sıx-sıx rast gəlinir. Məsələn, İrəvan çuxurundan toplanmış aşağıdakı bayatı sovet dövründə xalqımızın başına gətirilən ağrı-acıların, Qazaxıstan çöllərinə sürgünün xatirəsini daşıyır:
Çöllərdə sonam mənim,
Dəhnəzdə binam mənim.
Cambul əziz olsa da,
Vedidi anam mənim.
Bu bayatıda adları
keçən Dəhnəz
(Vedibasarda kənd), Vedi və Cambul
(Qazaxıstan) kimi yer adlarından da göründüyü kimi, burada söhbət
azərbaycanlıların 1930-cu illərin repressiyası zamanı Qazaxıstana sürgün edildiyi illərdən gedir. Məlum olduğu
kimi, XX əsrdə azərbaycanlıların doğma
yurd yerlərindən kütləvi surətdə
sürgün edilməsi
bir neçə mərhələdə baş
verib. SSRİ-də 30-cu illərdə və II Dünya müharibəsindən sonra
aparılmış repressiyalar
bu prossesin sadəcə başlanğıcı
idi. Belə ki, 1937 il
iyulun 30-da SSRİ Xalq
Daxili İşlər
Komissarlığının «Keçmiş qolçomaqların,
cinayətkarların və
başqa antisovet elementlərin repressiya olunması üzrə əməliyyat haqqında»
00447 ¹ li operativ əmri Siyasi Büronun müzakirəsinə
təqdim edildi. Bunun ardınca isə 1937-ci il
avqustun 15-də «Vətən
xainlərinin arvadlarının
və uşaqlarının
repressiya olunması üzrə əməliyyatlar
haqqında» 00486 ¹-li operativ əmri verildi. Bu sənədlər
əsasında yüzlərlə
ailə 1937-1938-ci illərdə
Orta Asiya və Sibirə sürgün edildi.
Bundan bir müddət sonra, 1948-1953-cü illərdə
ermənilər SSRİ rəhbərliyinin
qərarı ilə dövlət səviyyəsində
azərbaycanlıların öz
tarixi torpaqları olan Qərbi Azərbaycandan kütləvi
şəkildə deportasiyasına
nail oldular. Aşağıdakı
bayatılarda da sürgün və deportasiya illərinin acı xatirəsi yaşamaqdadır:
Əziziyəm ay keçər,
Vedidən bir çay keçər.
Qayıdarıq Vediyə,
Bu qış ötər,
yay keçər.
Mən aşıx kəsən ağlar,
Bəxtinnən küsən ağlar.
Qərib
yerdə ölənin,
Gözünü basan ağlar.
Nəhayət, Qərbi azərbaycanlıların
1988-1989-cu illərdəki sonuncu
kütləvi deportasiyasının,
Vətən itkisinin ağrı-acıları da
bölgənin bayatılarına
hopub:
Mən aşıx
Ağbulağa.
Yol gedir Ağbulağa.
Düşmənə girov qalan,
Ağla sən Ağbulağa.
Eləmi
çətən yolu,
Tutufdu Vətən
yolu.
Düşmənin gözü çıxsın,
Bağlanıf Vətən yolu.
Bu yerdən ötən
hanı?
Cığırı itən hanı?
Mənə qərib deməyin,
Bəs, onda Vətən hanı?
Görünür, yüzillər boyu xalqımızın başına
gətirilən elə
bu və digər faciələrin, deportasiya və soyqırımların nəticəsidir
ki, bayatı və ağılarımızda
qürbət, qəriblik
motivləri aparıcı
yerlərdən birini tutur. Qərbi Azərbaycandan
toplanmış çoxsaylı
ağıların böyük
əksəriyyəti 7-lik ölçüdədir
və formaca bayatını xatırladır,
çox zaman onları bayatıdan seçmək heç mümkün də deyil:
Can qardaş, canım qardaş,
Ağrıyır canım qardaş,
Baş qoyum dizin üstə,
Qoy çıxsın
canım, qardaş.
Əzizim
belin bükər,
Kaman tək belin
bükər.
Cavan oğul ölümü,
Ananın belin bükər.
Dağlarda xəstə mənəm,
Dərdi dərd üstə mənəm.
Gözüm yol kənarında,
Qulağı səsdə mənəm.
Dağlar
başı ala qar,
Ala çiskin, ala qar,
Həmişə qar yağmışdı,
Yağmamışdı belə qar.
Şübhəsiz ki, bütün
bu ağıların konkret tarixçəsi var, onların hər biri müəyyən
bir şəxsin vəfatı münasibətilə
onların yaxınları
və ya ağıçılar tərəfindən
qoşulub, sonradan ictimailəşərək, millətin
ümumi malı
olmuş və bütün yas məclislərində oxunub.
Tarixdən bildiyimiz kimi,
dövrümüzədək yetişən, ana dilimizdə olan ən qədim ağı er. əv. VII əsrdə İran-Turan müharibələrinin əfsanəvi
qəhrəmanı, böyük
türk sərkərdəsi
Alp Ər Tonqanın ölümünə həsr
edilmiş ağıdır.
Yuxarıdakı ağılardan fərqli
olaraq onun kimə həsr edildiyi və nə zaman qoşulduğu
məlumdur. İşin ən
maraqlı tərəfi
odur ki, o da yuxarıdakı ağılar kimi, hər misrası 7 hecadan ibarət olmaqla 4 misralıdır.
Nizami Xudiyev yazır ki, “Sak (Turan)
hökmdarı, Alp Ər
Tonqanın (Əfrasiyabın)
ölümünə həsr
olunmuş ağı
Mahmud Kaşğarlının divanında əks olunub:
Alp Ər Tonqa öldümü,
İsiz
ajun kaldımu,
Ödlək öcin aldımı?
İmdi
yürək yırtılır…
Biz heç də
o fikirdə deyilik ki, bu, e.ə. I minilliyin ikinci yarısı və eramızın I minilliyinin
birinci yarısı Azərbaycan dili nümunəsidir, ancaq burası da inkar edilməzdir ki, qədim Azərbaycan dilinin fonetik, leksik və qrammatik quruluşu, funksional ifadə səviyyəsi bunu xatırladıb”.
Tarixi məlumatlar
təsdiq edir ki, Alp Ər Tonqa bol duzlu
Çiçəstə gölü
sahilində qətlə
yetirilib. Çiçəstə
gölünün isə
Aturpatakanda (Atropatenada),
yəni Azəbaycanda yerləşdiyini nəzərə
alsaq, ehtimal etmək olar ki, Alp Ər Tonqa Cənubi Azərbaycanda yerləşən
bol duzlu Urmiya gölü sahilində qətlə yetirilib. Onun Azərbaycanda öldürüldüyünü
“Yeni Türk Ensiklopediyası” da təsdiqləməkdədir: “Alp Ər Tonqa iranlılarla
çox uzun bir mücadiləyə girib…, Altaylara qədər təqib edilib, yenə həmlə edib, nəhayət, Azərbaycanda…
öldürülüb (m.ö.624)”. Beləliklə, biz əsrlərin dərinliklərindən süzülərək
gələn qədim bir ənənənin şahidiyik. Həmin
ənənə Qərbi
Azərbaycan ağılarında
bu gün də davam etməkdədir:
Aman fələk, dad fələk,
Heç
olma sən şad fələk,
İçirtdiyin badədən,
Bir özün
də dad fələk.
Çiçəklər hala gəldi,
Arılar
bala gəldi,
Nə günah elədim ki,
Başıma bəla gəldi.
Əzizinəm, ağlamazlar,
Gülərlər, ağlamazlar,
Qəriblikdə ölənin,
Gözlərin bağlamazlar.
Mən aşiqəm bu dağa,
Quşlar qonar budağa.
Cavan yarım ölübdü,
Necə dözüm bu dağa?
Bildiyimiz kimi, Qərbi Azərbaycan ərazisindən
toplanmış folklor
nümunələrində Araz
motivi son dərəcə
geniş yer tutur. Bu da hər
şeydən əvvəl
onunla bağlıdır
ki, Araz çayı Azərbaycanın
şimalı ilə cənubunu, Atropatena ilə Albaniyanı ayıran bir çay olmaqla tarix boyu ayrılıq,
həsrət simvoluna çevrilmişdir. Tarixi
tale elə gətirdi ki, Rusiya ilə
İran arasında
1828-ci il fevralın
10-da bağlanmış Türkmənçay
müqaviləsi nəticəsində
tarixi Azərbaycan bu iki imperiya
arasında bölüşdürüləndə
də Araz çayı öz “missiyasını” yerinə
yetirərək bir vətəni ikiyə bölən sərhədə
çevrildi. Bundan sonra Araz Azərbaycan
folklorunun, az
sonra ədəbiyyatının
baş mövzularından
birinə çevrildi:
Arazı
ayırdılar,
Qum ilə doyurdular;
Mən səndən ayrılmazdım,
Zorunan ayırdılar.
Xalq bir fərdin dilindən qopan və ənənəvi olaraq, fərdin emosional halını ifadə edən bu variantla razılaşmadı
və bu bayatı daha ümumi məzmun kəsb edərək, ümummilli dərdin ifadəçisinə çevrildi:
Arazı
ayırdılar,
Qan ilə doyurdular;
Mən sizdən ayrılmazdım,
Zorunan ayırdılar.
Göründüyü kimi, bayatının bu variantında artıq millətin tarixi taleyindən irəli gələn kədər və acısı ifadə olunmuşdur. Qərbi Azərbaycan folklor
nümunələrində Araz
təkcə ayrılıq
yox, həm də vüsal motivi kimi də
özünü göstərməkdədir.
Bu da təsadüfi
deyil. Araz təkcə paralanmış
Vətənin rəmzi
yox, həm də onları birləşdirən bir coğrafi məkan idi. Araz oğulu anadan,
bacını qardaşdan,
doğmanı doğmadan
ayıran bir varlıq idisə, həm də onları bir-birinə qovuşduran bir qüvvə idi. Arazı keçmək bütün
bu həsrətlərə
son qoymaq demək idi.
Arazdan keçən də var,
Suyundan içən də var,
Qardaş
adı çəkəndə,
Ürəyi keçən də var.
Bütün bu nümunələr bir daha sübut
edir ki, Qərbi Azərbaycan folklorunun epik janrları kimi, lirik janrları, o cümlədən bayatılar
və ağılar də tarixi yaddaşın daşıyıcılarıdır
və onların ciddi elmi-tədqiqata ehtiyacı var.
Əziz
ƏLƏKBƏRLİ
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 31 oktyabr.-
S.14.