Bakının azad
olunmasına aparan yol...
1918-ci ilin 15 sentyabrı
ərəfəsində Azərbaycanda durum
1-ci yazı
1918-ci ilin iyul ayında Kazım Qarabəkir
Paşanın qoşunları Naxçıvanı, Culfanı
və Ordubadı tutaraq, Andranikin erməni silahlı dəstəsinin
qırğınlarına son vermişdi. Gəncəyə
doğru hücum edən erməni – rus bolşevik hərbi hissələri
türk ordusunun güclü hücumları
qarşısında davam gətirə bilməmişdilər.
Onlar çox vaxt qorxularından öz
döyüş səngərlərini qoyub
qaçmışdılar. Bunu o dövrdə
Sovet tarixçiləri də etiraf etmişdilər. Sovet tarixçisi T.Miralayev qeyd etmişdi ki, Sovet
qoşunları sıralarına soxulan, özünü
qızıl qvardiyaçı və qırmızı partizan
adlandıran daşnaklar və menşeviklər ordu içərisinə
pozğunluq salmışdılar. Ayrı-ayrı
bölmələrə soxulmuş daşnak zabitlərinin xəyanətkarlığı
nəticəsində inqilabi ordu geri çəkilmışdi.
Müzəffər türk ordusu ilə birlikdə yeni
yaradılmış Azərbaycan Cümhuriyyət ordusu hissələrinin
əks hücumları erməni qoşunlarının cəbhə
bölgəsindən geri qaçmalarına səbəb
olmuşdu. Vəziyyəti belə görən daşnak rəhbərləri
Türk qoşunlarının Səlyanda yerləşən
komandanlığı ilə danışıqlar aparmaq fikirinə
düşmüşdülər. Bakı
daşnaklarının başçıları Avetisov,
Hamazasp, Gülxəndanyan, Kazarov və digərləri Bakı
Xalq Komissarları Sovetinə hərbi əməliyyatları
dayandırmaq və ləngimədən Türkiyə
komandanlığı ilə sülh
danışıqlarına girmək tələblərini irəli
sürmüşdülər.
İslam ordusunun sürətlə Bakıya
yaxınlaşması Alman-Sovet sövdələşməsini
sınaq qarşısında qoymuşdu. Avqustun 4-də
general Rudendorf Ənvər Paşanı hədələmişdi
ki, əməliyyatlar dayandırılmasa, alman zabitləri
Osmanlı baş komandanlığından geri
çağırılacaqlar. Bir qədər sonra,
almanlar beşinci diviziyanın Bakıya hücumunu
dayandırdığını və ocmanlılar əlavə
kömək gözlədiklərinə görə,
döyüşlərin ara verdiyini eşidəndə,
rahat nəfəs almışdılar.
Alman –
Sovet danışıqları davam etdirilərək, avqustun
27-də Brest- Litovsk müqaviləsinə əlavə
müqavilə imzalanmışdı. Həmin müqavilənin
Qafqazla əlaqədar IV hissəsində
aşağıdakı şərtlər irəli
sürülmüşdü:
1) Rusiya
almanların müstəqil Gürcüstanı tanıması
ilə razılaşacaqlar;
2) Almaniya
Gürcüstan ərazisindən kənarda və Türkiyənin
Brest – Litovsk müqaviləsi ilə müəyyənləşdirilmiş
sərhədlərində üçüncü bir dövlətə
hərbi yardım etməyəcəkdi;
3) Almaniya
hər hansı bir üçüncü dövlətin
Şamaxı və Bakı qəzalarının sərhədlərini
keçəcəyi təqdirdə ölçü
götürəcəkdi;
4) Rusiya Almaniyaya ya Bakıdan çıxarılan neftin
dörddə bir hissəsini, ya da xüsusi aylıq faiz
göndərəcəkdi.
Əgər Sovet – alman sazişi real qüvvə ilə təzyiq
göstərmək imkanına malik olsaydı, Azərbaycanın
varlığını təhlükə altına ala bilərdi. İstanbulda
olan Rəsulzadə sentyabrın 12-də Mərkəzi dövlətlərin
səfirliklərinə memorandum vermişdi və Azərbaycanın
təbii paytaxtı, onun siyasi, mədəni və iqtisadi mərkəzi
üzərində Rusiyanın suverenliyini tanıyan alman
hökumətinə öz etirazını bildirmişdi.
Bununla əlaqədar olaraq M.Ə.Rəsulzadə
yazmışdı: “Bakısız Azərbaycan – başsız
bədəndir”.
St.Şaumyanın başçılıq etdiyi Bakı
Soveti öz hakimiyyətini qoruyub saxlamaq və Bakını
türklərə təslim etməmək üçün hər
vasitəyə əl atmışdı. Onlar erməni
hərbi hissələrinin Azərbaycan – türk ordusunun
hücumları qarşısında duruş gətirə bilmədiklərini
görüb, bu dəfə İranda ingilislərə öz
ordusu ilə xidmət edən Lazer Biçeraxova kömək
üçün müraciət etmişdilər. Biçeraxova inam bəsləməyən, lakin
silahlı qüvvələrə bərk ehtiyacı olan
Bakı Xalq Komissarları Soveti uzun tərəddüddən
sonra, Biçeraxovun dəstəsindən türklərlə
mübarizə üçün istifadə etmək qərarına
gəlmişdi.
L.Biçeraxov kazax hərbi hissəsinin komandiri idi və
birinci dünya müharibəsinin gedişində, İran ərazisində
fəaliyyət göstərən Rusiya hərbi hissələrinin
tərkibində Türk ordusuna qarşı vuruşmuşdu. Rusiyada oktyabr
silahlı çevrilişindən sonra ingilislərin xidmətinə
keçmişdi. İngilislər Bakının türklər
tərəfindən tutulmasına heç cür razı ola bilməzdilər, baxmayaraq ki, onların
bolşeviklərdən xoşları gəlmirdi. Lakin türklərə qarşı mübarizədə
ingilis komandanlığı Bakı Kommunasına kömək
etmək qərarına gəlmişdir. 1918-ci
ilin may-iyun aylarında Türk-azərbaycan
qoşunlarının Bakı üzərinə hücumu
general Denstervili daha da aktivləşdirmişdi. O, 1918-ci il iyunun 1-də öz qərargah – mənzilini Qəzvinə
köçürmüşdü. İranda yerləşən
ingilis qoşunlarının komandanı Denstervil
Biçeraxovun xidmətinə bir neçə zirehli hərbi
maşın verərək onun dəstəsini Bakı Sovetinin
köməyinə göndərmişdi.
1918-ci il iyunun 11-də Biçeraxovun dəstəsi
qırmızı ordunun tərkibinə daxil edilmiş, iyulun əvvəlində
o, öz dəstəsini Ələt stansiyasına
çıxarmışdı. Elə həmin
vaxt o, artıq Bakıya gəlmişdi. Buradan
Biçeraxovun hərbi hissəsi Bakı istiqamətini qoruyan
Qırmızı Ordunun tərkibinə qatılmışdı.
Denstervilin etibar etdiyi Biçeraxovun qoşunu
Qafqazda elə bir real gücə malik olmasa da, Bakı
Kommunasının qırmızı ordusuna kömək etməli
idi. Onun qüvvələri Ələt –
Yevlax istiqamətində türk ordusunun hücumunun
qarşısını almaq istəyən qırmızı
orduya yardım etməsi nəzərdə tutulmuşdu. Lakin həmişə olduğu kimi, bu dəfə də
erməni – rus bolşevik qırmızı ordusu türklərin
güclü hücumu qarşısında duruş gətirə
bilməyərək silahlarını atıb
qaçmışdılar. Biçeraxovun
dəstəsi cəbhə bölgəsinə gələndə
artıq türk ordusu Kürün üstündə olan
körpünü tutmuşdu. Həmin
dövrdə nəşr olunan «Borba» qəzeti (rus dlində)
yazırdı ki, ermənilərdən ibarət silahlı dəstə,
Biçeraxovun hərbi hissələri ilə birgə, cəmi
6000 min nəfərlik ordu, pulemyot, top və 8 sirehli
maşınla Kürdəmir istiqamətində hücuma
keçmişdi.
Bu ordu Kürdəmiri ələ keçirmiş və
Yelizavetpol istiqamətində xeyli irəliləyə
bilmişdi. Lakin sonradan Biçeraxov başa
düşmüşdü ki, onunla birgə fəaliyyətdə
olan Qırmızı Ordunun bu cür tərkibi ilə
bolşevik hücumu lazımi nəticə verməyəcək.
Ona görə də Biçeraxov erməni-bolşevik
ordusunun sonrakı hücumlarında iştirak etməkdən
imtina etmişdi. 1918-ci il iyulun sonunda
Biçeraxov öz dəstəsini cəbhə bölgəsindən
çıxararaq Dərbənd və Petrovskiyə tərəf
aparmışdı. Biçeraxovdan nümunə
götürən, daşnak hərbi hissələrinin komandirləri
Avetisov, Hamazasp və başqaları döyüş bölgələrini
tərk etmişdilər.
Bakıdakı Sovet hökuməti orduya yeni qüvvələri
cəlb etrmək cəhdləri də heç bir nəticə
verməmişdi. Orduda olanlara hər cür güzəşt edildiyinə
baxmayaraq, döyüşmək istəyən çox az idi. Əhalinin zorla türklərə
qarşı döyüşməyə cəlb edilməsi isə
əhali arasında bolşeviklərə olan nifrəti bir daha
artırmışdı.
Erməni – rus bolşevik hökuməti Bakının
bütün sənaye müəssisələrini öz əllərinə
keçirməklə Azərbaycanın istehsalına da
ağır zərbə vurmuşdu. Sovet hakimiyyəti
özünün 4 aylıq mövcudluğu dövründə
yalnız neft sənayesinin milliləşdirilməsindən
başqa, heç bir sosial - iqtisadi tədbirlər həyata
keçirməmişdi. Bunun nəticəsi
idi ki, bolşeviklər milyon tonlarla nefti Sovet Rusiyasına
göndərmişdi. Məsələn, 1918-ci il iyunun
birinci yarısında Bakıdan hər gün 1,4 milyon puda
yaxın neft məhsulları göndərildiyi halda, iyulun əvvəllərində
Bakıdan Sovet Rusiyasına hər gün 2 milyon pud neft məhsulları
yola salınmışdı. Bakı nefti Sovet
Rusiyasına başlıca olaraq Xəzər dənizi, sonra isə
Volqa çayı vasitəsi ilə göndərilmişdi.
Aprel ayında Bakıdan 94 min ton, may
ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında isə
492 min ton neft daşınmışdı.
Görkəmli sənayeçilərdən olan
Tağıyev və Nağıyev həbs edilmiş,
qalanları isə sürgün olunmuşdu. Silah,
çörək və digər ərzaq
çatışmamazlığı əsgərlər və əhali
arasında ciddi narazılığa səbəb olmuşdu.
1918-ci ilin yayında Bakıda ərzaq vəziyyəti
pisləşməkdə davam etmişdi. Hakimiyyət
boşeviklərdə olmasına baxmayaraq, yenə də
günahı menşevik, eser və daşnaklarda
görmüşdülər. Ancaq
günahı başqasında axtarmaq bolşeviklərin xasiyyəti
idi. Bolşeviklər ərzaq komissarı
sol eser Tsibulskini P.Çaparidze ilə əvəzləsələr
də, yenə də şəhərdə ərzağın vəziyyəti
düzəlməmişdi.
Hadisələr özünün ən gərgin səviyyəsinə
çatdıqda, erməni döyüşçüləri
mövcud vəziyyəti müzakirə etmək
üçün mitinq keçirmək qərarına gəlmişdilər. Mitinq iyulun
21-də Azadlıq meydanında
çağırılmışdı. Mitinqdə
bütün çıxış edənlər Sovet hakimiyyətinə
qarşı çıxmışdılar. St.Şaumyanın əmri ilə mitinqçilərə
qarşı silah işlədilmiş, nəticədə,
üç nəfər menşevik həlak olmuşdu. Başda Biçeraxov olmaqla kazaklar, Kaspi
donanmasının matrosları və fəhlələr cəbhəçilərin
tərəfinə keçmişdilər. 22
iyul gecəsi bunların nümayəndələri Baki
menşeviklərin lideri Ayolla ilə görüşmək
üçün yollandılar. Həmin
müşavirədə Sadovski və Baqaturov da iştirak
etmişdi.
Erməni liderlərinin bir qrupu Bakıya
yaxınlaşmaqda olan Türklərlə danışıqlar
aparmaq və Bakını dinc yolla təslim etmək fikrində
idilər. Digər bir qrupu isə ingilisləri Bakıya dəvət
edərək türklərə qarşı axıra kimi
müqavimət göstərmək və şəhərdə
öz hakimiyyətlərini qoruyub saxlamaq istəyirdilər.
Ermənilərin Bakıda nəşr edilən
«Vperyod» qəzeti (rus dilində) Türkiyə –Azərbaycan
qoşunları ilə mübarizədə ingilis – erməni
ittifaqının yaradılması haqqında
yazmışdı. «İslam Ordusu»nun irəliləməyə
başladığı vaxtda, zəngin Bakı neftinin türklərin
əlinə keçməsindən ehtiyatlanan İngiltərənin
İrandakı birlikləri Bakını işğal etmək
üçün hərəkətə keçmişdilər.
Belə
bir şəraitdə Bakı Sovetinin 25 iyul 1918-ci il tarixli iclasında daşnakların təmsilcisi
Arakelyan ingilislərin Bakıya dəvət olunmasına haqq
qazandırır, daşnakların başqa bir qrupundan olan
Ter-Ohanesyan, Məlik-Yolçiyants isə bolşeviklərlə
yaxınlaşmaq üçün razılaşdırma
komissiyanın yaradılmasını təklif etmişdilər.
Onların fikincə, hər iki patriya cəbhə
ilə bağlı eyni xətti müdafiə etmişdi.
1918-ci il iyulun 25-də Bakı Sovetinin fövqəladə
iclasında Şaumyanın qətnaməsi 236 səs, sosialist
– inqilabçıların (eser, menşevik və
daşnaklar-müəl.) qətnaməsi 259 səs
almışdı. Menşevik, eser və
daşnakların satqınlığı cəbhəni zəiflətmiş
və bu hadisə Bakı Kommunasının süqutunda əhəmiyyətli
rol oynamışdı. Başqa bir məlumatda isə
Bakı Kommunasının süqutunu belə xarakterizə
edilmişdi: Sovet hakimiyyətinin süqutunun mühüm səbəblərindən
biri də, o zaman Bakı proletariatı ilə Azərbaycanın
zəhmətkeş kəndliləri arasında möhkəm
ittifaqın olmaması idi.
1917-1918-ci illərdə Azərbaycanda kəndlilərinin
başına gətirilən müsibətlərin nəticəsi
olaraq, kəndlilər Bakı Sovetin hakimiyyətini heç
vaxt qəlbən qəbul etməmişdi.
Vaqif
Abışov
Tarix üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.-13 sentyabr.-
S.13.