Güney Azərbaycan
folkloru
Azərbaycan mədəniyyəti iki müxtəlif məkanda
– Şimal və Cənub siyasi-coğrafi məkanında
inkişaf etsə də eyni xalqın milli-mənəvi
düşüncə, təfəkkür
bütövlüyünü qoruyub saxlayıb. Müxtəlif
ictimai-siyasi şəraitdə olmasına baxmayaraq bütün
dövrlərdə Azərbaycan folkloru ümumtürk
etnokulturoloji özəlliyini əks etdirib. Şimalda Sovet siyasi rejimi, Cənubda Pəhləvi
rejimi, heç şübhəsiz xalqın mədəniyyətinə
ideoloji baxımdan öz təsirini göstərib. Siyasi rejimlər Azərbaycan xalqının mənəviyyatı
və taleyi üçün nə qədər təhlükəli
olsa belə, xalq minillərdən gələn özəl dəyərlərə,
ilkinliyə, soykökə bağlılığını
yaşadıb. Bunun ifadəsi kimi istər
Şimali, istərsə də Cənubi Azərbaycanda
xalqın milli-mənəvi oyanışı nəticə
etibarilə onun yaradıcılıq enerjisini daha çox
folklor üzərində kökləyib, məhz şifahi ədəbiyyat
xalq ruhunun özünüifadəsinə çevrilib. Ümumi Azərbaycan folklorunun Cənub şifahi xalq
sənəti istiqamətində toplama, nəşr və tədqiqinin
aparılması sözsüz ki, istər Sovetlər birliyi, istərsə
də müstəqillik dövründə müəyyən
çətinliklərlə bağlı həyata
keçirilib.
Qeyd edək ki, məlum siyasi-ideoloji problemlərə
baxmayaraq, Cənubi Azərbaycan folklorunun toplanması və nəşri
Sovetlər Birliyi dövründə də Azərbaycan
ziyalıları, alimlərinin diqqət mərkəzində
saxlanılıb. Cənubda toplama işinin
aparılmasındakı qadağalar, dövlətlərarası
siyasi gərginlik şəraitində folklor örnəklərinin
bir araya gətirilməsi əsasən əlyazma mətnləri,
eləcə də cənublu soydaşlarla şəxsi
görüşlər zamanı əldə edilmiş, bu
materialların nəşri məsələsi də Sovetlər
birliyi dövründə mövcud ideoloji düşüncə
baxımından mümkünsüz olub. Lakin
ümummilli lider Heydər Əliyevin güclü siyasi iradəsi
sayəsində diplomatik şəkildə bu proqram həyata
keçirilib. İlk dəfə olaraq Cənubi Azərbaycan
folkloru nümunələrinin sistemli şəkildə bir arada
nəşri məsələsi AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun təşəbbüsü sayəsində
mümkün olub. İnstitutun Cənubi Azərbaycan
ədəbi mühiti ilə bağlı
hazırladığı “Cənubi Azərbaycan ədəbiyyatı
antologiyası” 4 cildlik topluda yazılı nümunələrlə
yanaşı, müxtəlif folklor örnəklərinə də
geniş yer verilib.
AMEA Ədəbiyyat İnstitutunun Cənub folkloru ilə
bağlı məlum tarixi xidməti ardıcıl şəkildə
ayrı-ayrı alim, mütəxəssislərin bu sahəyə
olan marağını da artırıb. Belə ki, mərhum
folklorşünas alim prof. Bəhlul Abdulla 1986-cı ildə
yazıçı Mirzə İbrahimovun təşəbbüsü
ilə Təbrizdə çap olunmuş kitab və məcmuələrdən
topladığı folklor örnəklərini “Arazam, Kürə
bəndəm” başlığı altında nəşr
etdirir. Davamlı şəkildə cənublu
soydaşımız Əhməd Azərlu tərəfindən
toplanıb tərtib olunan atalar sözləri 1994-cü ildə
yenə də prof. B.Abdullanın ön sözü ilə “Təbrizdən
dörd dəftər” adı altında işıq üzü
görür. Kitabda verilən məlumatlara görə,
Əhməd Azərlu bu nümunələri vaxtilə ana
babası Hacı Məhəmməd Cəfərzadə
Batumçının tapşırığı ilə hələ
kiçik yaşlarından toplamağa başlayıb, 1941-ci
ildə babası vəfat etdikdən sonra da toplama işi ilə
müntəzəm məşğul olub. Cənubi
Azərbaycanın şəhər və kəndlərindən
toplanan bu folklor nümunələri daha çox Qaradağ
mahalından əldə edilib.
Azərbaycan folklor mədəniyyətinin Cənub
şifahi ədəbiyyat ənənələri əsasında
araşdırılması, tədqiqi müstəqillik
dövründə daha çox aktuallıq qazanıb və həm
də siyasi xarakter daşıyıb. Məlumdur ki, XX əsrin
sonlarında Sovetlər Birliyinin dağılması ilə Azərbaycan
yenidən tarixi müstəqilliyinə qovuşur, bu ərəfədə
müstəqil dövlət olaraq daha çox təhdid və
təzyiqlərlə qarşı-qarşıya gəlir.
Güclənməkdə olan erməni təxribatının
növbəti zərbəsi bilavasitə Azərbaycan mədəniyyəti,
xüsusilə folkloru üzərində aparılır. Nəticədə xalqın milli mənlik ruhunu
özündə yaşadan Azərbaycan folklorunun mövcud
şəraitdə daha köklü, ümumi Azərbaycan
folklor mədəniyyəti əsasında öyrənilməsi
məsələsini aktuallaşdırır. Digər bir tərəfdən, işğal olunan
bölgələrimizdən toplanılıb
araşdırılan şifahi ədəbiyyat nümunələrinin
bərpaya ehtiyacı olan bir çox sujet, motiv,
obrazlarının tamamlanması üçün zəngin mənbə
olaraq gündəmə gəlir.
Kiçik həcmli folklor janrlarından fərqli olaraq Cənubi
Azərbaycan folklorunun dastançılıq ənənələri
bu dövrdə el aşıqlarımızın
repertuarları da daxil olmaqla toplama və nəşr işində
daha geniş yer alır. Cənub aşıq mühütləri – Urmiya, Qaradağ-Təbriz,
Qaşqay, Savə, Sulduz, Zəncan, Xorasan və bu mühitlərin
məlum dastan söyləmə üslubları, havaları
arasında müxtəliflik, fərqlər zəngin xəzinənin
öyrənilməsinə daha çox maraq yaradırdı. Professor Məhərrəm Qasımlının
“Aşıq sənəti” adlı monoqrafiyasında xüsusi
olaraq Cənub aşıq mühitləri (Urmiya, Zəncan, Savə,
Qaşqay) tədqiq olunub, müqayisələr aparılıb.
Cənubi Azərbaycan aşıqlarının arxivlərimizdə
qorunan onlarca dastan variantlarına baxmayaraq, nümunələrin
nəşri və tədqiqatlarda yer alması da məhz müstəqillik
dövründə həyata keçirilir. Müşahidələr
göstərir ki, Güney Azərbaycan
aşıqlarının repertuarında bu və ya digər
dastanlardan fərqli olaraq “Koroğlu” dastanına xüsusilə
geniş yer verilib. Cənub folklor nümunələrinin
zamanla toplanması ilə məşğulkən Əli Kəmali
bu işdə “Koroğlu” dastanının müxtəlif
variantlarının əldə olunmasına
çalışıb. Toplanan nümunələrin
çap etdirilməsinə imkan olmadığından folklor
örnəkləri uzun zaman Əli Kəmalinin arxivində
saxlanıb. 1991-ci ildə Tehranda olarkən Folklor
İnstitutunun əməkdaşı folklorşünas Əli
Şamil toplayıcıdan bu nümunələrin əldə
edilməsinə nail olub və dastanın Təbriz
variantları 2009-cu ildə Folklor İnstitutu tərəfindən
nəşr olunub.
Müstəqillik dövrü Cənubi Azərbaycan
folklorunun sistemli şəkildə toplanma, nəşr və tədqiqi
məsələlərinin bir arada elmi istiqamətdə öyrənilməsi
sözsüz ki, AMEA-nın Folklor İnstitutu tərəfindən
həyata keçirilib. İnstitutun nəzdində yaradılan “Cənubi Azərbaycan
folkloru” şöbəsi Güney folklorunun qaynaqları, təşəkkül,
inkişaf qanunauyğunluqlarının nəzəri və təcrübi
əsaslarını müəyyənləşdirərək
mətnlərin toplanması, tərtibi, transliterasiyası və
nəşri məsələlərini bir arada
planlaşdırmaqla tarixi bir ilkə imza atmış oldu. Folklor İnstitutu rəhbərliyinin təşəbbüsü
ilə Güney folkloruna dair 6 kitab işıq üzü
görüb, əlavə 2 cildi isə hazırlanaraq çapa
təqdim edilib. İlk cilddə güneyli həmkarımız
Məmmədəli Qövsü Fərzanənin uzun illər Cənubda
topladığı folklor materialları professor İsrafil
Abbaslının elmi redaktorluğu ilə hazırlanıb nəşr
olunub, II cild Məmmədəli Qövsi Fərzanə və
Behruz Həqqinin toplama materialları əsasında tərtib
olunaraq çap edilib. Növbəti III cilddə
Səməd Behrəngi və Bəhruz Dehqaninin uzun illər
xalq arasından topladıqları müxtəlif
nağıllar orijinaldan transliterasiya olunaraq kitab şəklində
hazırlanıb. Bölgə
materiallarının toplanılması işində Güney mətbuatından
əldə olunan nümunələr də ayrıca yer tutur.
Məlumdur ki, xalq illərlə öz mənəvi
ünsiyyətinin daha çox mətbuat vasitəsilə həyata
keçirib və mətbuat bunun üçün əsas vasitə
olub. Siyasi-ictimai problemlərin sırasında burada milli-mənəvi
məsələlər də mətbuatın
güzgüsündən kənarda qalmayıb. Bu baxımdan Güney mətbuat orqanları
sırasında ənənəvi olaraq “Varlıq” dərgisinin
də xüsusi rolu olub. Məlumdur ki, doktor Cavad Heyətin
redaktorluğu, onun aparıcı əməkdaşlarının
– H.Nitqi, M.Fərzanə, S.S.Niya, Q.Beqdili və b. səyi ilə
1979-cu ilin aprelində ilk nömrəsi işıq özü
görüb. Elmi-ədəbi toplu olaraq jurnal öz səhifələrində
klassik irs, türkologiya, çağdaş
ədəbiyyat məsələləri ilə yanaşı,
Azərbaycan folkloru nümunələri, onların toplama
variantlarının nəşri, tədqiqini də
işıqlandırıb.
Doktor
Cavad Heyət ixtisasca həkim olmasına baxmayaraq, Azərbaycan
ədəbiyyatı, folkloruna xüsusi maraq göstərmiş,
bir çox araşdırmalarını məhz bu istiqamətdə
aparıb: “Azərbaycan ədəbiyyatına bir nəzər”
(Tehran, 1980, 1990; Bakı, 1993); “Azərbaycan şifahi xalq ədəbiyyatı”
(Tehran, 1948; Bakı, 1989); “Dədə Qorqud kitabı”, “Ölməz
söz xəzinəmizdən incilər” (“Varlıq” dərgisi,
1981) və s. “Varlıq” dərgisi ilə yanaşı, folklor
örnəklərinin toplanması, eləcə də Güney
folkloru ilə bağlı aparılan araşdırmaların
öyrənilməsində “Xudafərin”, “El bilimi” dərgilərinin
də ayrıca yeri var. Folklor örnəklərinin
toplanması, nəşri və tədqiqində “Varlıq”
jurnalının tarixi fəaliyyətinin
araşdırılması bu baxımdan ayrıca tədqiqat
işi olaraq öyrənilib. Güney Azərbaycan
folklorunun IV və V cildləri “Xudafərin”jurnalının təsisçisi
doktor Hüseyn Şərqidərəcək və əməkdaşlarının
topladıqları materiallar, Cənub folkloruna aid kitablardan
transliterasiyalar əsasında hazırlanaraq dərc olunub.
Qeyd edək ki, folklor nümunələrinin xalq
arasından toplanması işinin surətləndirilməsi
istiqamətində İnstitut tərəfindən konkret
bölgə materialları Təbriz folklor örnəkləri
də işlənib hazırlanıb. Çapa təqdim
olunan son iki cilddə isə Güney folklorundan dastan
yaradıcılığına geniş yer verilib, Cənub
aşıqlarının repertuarından seçilən bir
çox dastan mətnləri canlı ifalardan dinlənilərək
yazıya alınıb. Folklor
araşdırmalarının istiqaməti müasir şəraitdə
daha çox elmi, elmi-publisistik məqalələr üzərindən
aparılır. Məsələn, Ə.Şamilin “Urmiya
aşıqları”; “Savəli Tilim xan”; “Əli Kamalinin
toplayıçılıq və
araşdırışılıq fəaliyyəti”;
S.R.Bayatın “Zəncan folklor mühitində bayatılar”;
M.Kazımoğlunun “Güney Azərbaycandan “Koroğlu”
töhfəsi” və s.
Bu gün Güney mədəniyyətinin – memarlıq,
xalçaçılıq, klassik və müasir ədəbiyyat,
mətbuat tarixi, dramaturgiyasının öyrənilməsi
müxtəlif monoqrafik tədqiqatlarda yer almasına baxmayaraq,
folklorla bağlı daha ciddi tədqiqatların
aparılması hələ də öz həllini gözləyir. Güney folklorunun Azərbaycanda
təbliğ və tədqiqinin aparılması istiqamətində
zəruri şəraitin yaradılmasına baxmayaraq, İranla
Azərbaycan arasında bu sahədə işgüzar əlaqələrin
qurulmaması nəticə etibarilə
Güney folklorunun yerindəcə toplama və
araşdırılması işində böyük çətinliklər
yaradır.
Hal-hazırda bu problem Güneydə ayrı-ayrı vaxtlarda nəşr
olunan folklor ədəbiyyatlarından uyğun materialların
transliterasiyası, müxtəlif dərgilərdən (“Xudafərin”,
“Varlıq”, “El dili və ədəbiyyatı”) toplanan nümunələr,
güneyli həmkarlarımızın bilavasitə təqdim
etdikləri örnəklər, eləcə də, az sayda da
olsa, söyləyicilərlə birbaşa söhbətlər əsasında
aradan qaldırılır.
Müstəqillik dövrü Azərbaycan
folklorşünaslığında Arazın o tayında 30-35
milyonluq cənublu soydaşlarımızın milli-mənəvi
irsi gündəmə gətirilməklə ümumazərbaycan
folklorunun bərpası, öyrənilməsi işi tarixi bir
hadisəyə çevrildi. Gəlin unutmayaq ki,
folklor yaddaşı, folklor irsinin bütövlüyü bu
gün həm də Azərbaycançılıq, Azərbaycan
dövlətçiliyinin əsasında dayanan milli
özünüdərkin tarixi-bədii qaynağı kimi əvəzsiz
və təkrarolunmazdır.
Mətanət Abbasova
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2017.- 27 sentyabr.-
S.14.