Abrek həyatı Qoxmaz
Qorxmazovun «Qisas
qılıncı» roman-dilogiyasında
Qaraçay nəsrinin inkişaf xüsusiyyətlərinə nəzər
salarkən biz həm də Qoxmaz Qorxmazovun «Qisas qılıncı» roman-dilogiyasından
söhbət aça
bilərik. Bu əsərin
də özü-özlüyündə
xeyli dərəcədə
ənənəvi mövzuya
həsr olunmasına baxmayaraq, müəllif onun təqdimatını orijinal şəkildə həll etməyə çalışmışdı. Qaraçay ədəbiyyatında yaranmış
əvvəlki dövr
romanları ilə müqayisədə tarixi mövzuya baxış burada bir qədər
fərqli rakursda həll edilir. Belə ki, Q. Qorxmazov əsərdəki
hadisələri daha dəqiq və gerçəkliyə söykənən
tarixi fonda
nəzərdən keçirir,
əsərdə bir sıra mühüm sosial məsələlər
gündəmə gətirilir,
xalq həyatı və onun taleyində
yaşanmış problemlər
daha konkretliyi və tamlığı ilə diqqət mərkəzinə çəkilir.
Romanın problematikası son dərəcə
maraqlı olduğundan
əsəri isti izləri ilə təhlil edən Qaraçay ədəbiyyatşünası
S. Akaçiyeva onun müxtəlif məsələlərinin
öyrənilməsini əvvəl
məqalələrində, sonra Qaraçay ədəbiyyatında roman janrının
təşəkkülü və inkişafına həsr etdiyi namizədlik dissertasiyasında
və eyniadlı monoqrafiyasında təhlil
obyektinə çevirib.
1930-1950-ci illər Qaraçay romanı ilə müqayisədə
60-70-ci illərdə qələmə
alınmış bu
roman xalq taleyinin və milli problemlərin
həll olunmasında xeyli irəli gedib. Q. Qorxmazovun «Qisas qılıncı» romanı və digər bu tipli
romanlarda Qaraçay cəmiyyətinin müxtəlif
təbəqələrinin həyatının
bədii tədqiqi aparılıb, kəndli və digər əməkçi kütləsindən
olanların hüquqsuzluğu,
səhər tezdən
gecəyə qədər
belini əyib ailəsini aclıqdan xilas eləmək üçün çalışıb-vuruşan
sadə insanlar təsvir obyektinə çevriliblər. Q.Qorxmazovun «Qisas
qılıncı» romanında
eyni zamanda qaraçaylıların və
malkarların dostluğu,
abreklik və atalıq mövzuları öz əksini tapıb.
Yeri gəlmişkən bildirək
ki, qaraçaylılarda
və digər dağlı xalqlarında ailələrdə «atalıq»,
yaxud «əmçəkkə»
kimi ritual qaydaları mövcud olub. Dağlıların qatı milli
xarakterinə görə
ər öz arvadı ilə evdən kənarda nə atasının qarşısına çıxa,
nə də başqalarının qarşısında
uşaqlarını əzizləyə
bilməzdi. Varlılar və
knyazlar öz uşaqlarını tərbiyə
olunmaq üçün
həddibuluğa çatana
qədər başqa ailələrə verirdilər.
Başqa ailələrdə
tərbiyə olunan uşaqlar da öz tərbiyəçiləri
qarşısında «atalıq»
borcunu doğma valideynlərinə göstərdikləri
kimi göstərməyə
borclu idilər…
Q.Qorxmazovun «Qisas qılıncı» romanını təhlilə
cəlb edən Sofya Akaçiyeva «Qaraçay romanı» adlı sanballı monoqrafiyasında bu romanın osetin yazıçısı Y.Uruymaqovanın
«Həyata kömək»
(«Osetinlər») romanı
ilə xeyli məqamlarının səsləşdiyini
qeyd edir. Qeyd etmək
yerinə düşər
ki, Qaraçay və Osetin yazıçılarının əsərlərində özünü
büruzə verən
mövzu və problem yaxınlığı bu xalqların tarixi, iqtisadi və mədəni həyatındakı
yaxınlıqlarla bağlıdır.
Bundan başqa burada epik ənənələrin
də müəyyən
dərəcədə yaxınlığı
nəzərə çarpmaqdadır.
Bu əsərlərdəki süjet yaxınlığı
hər iki romanda təsvir obyektinə cəlb edilmiş müxtəlif sosial qruplara məxsus iki ailənin tarixi və onlar arasındakı
sosial konfliktin işlənməsi ilə
bağlıdır. Eyni süjet
xəttini biz həm də kabardin yazıçısı X.Teunovun
«Şoqemokovlar tayfası»
romanında da görə bilərik.
Qorxmaz Qorxmazovun «Qisas qılıncı»nın birinci kitabının süjeti kasıb Aslankirlə kasıblaşmış
zadəgan varlı İsmayıl bəy arasında olan qarşılıqlı münasibətlərinin
tarixi üzərində
qurulub. Romanın birinci kitabı
nəinki süjetin ustalıqla qurulması, həm də əsərdə iki aparıcı süjet xəttinin bir-birini qarşılıqlı şəkildə
tamamlaması ilə bağlıdır. Yazıçı İsmayıl obrazını
xüsusilə yaxşı
yapıb. İsmayılın xarakteri müxtəlif insanlarla ünsiyyətdə
açılır. İnsanlarla
münasibətdə onların
əməyinin ödənilməsində
və s. məqamlarda onun əsil siması göz önünə gəlir. D.Kubanovun «Dağlarda səs» romanında olduğu kimi Q.Qorxmazovun «Qisas qılıncı» romanında
da «ağsaqqal», «təkə», «şapa» kimi ənənəvi folklor obrazlarından geniş istifadə olunmuş, Şimali Qafqaz ədəbiyyatları
üçün ənənəvi
olan dağlı qadınlar obrazlarına geniş yer verilib.
İkinci kitabın da süjetində birinci kitabda olduğu kimi inqilabaqədərki Qaraçayda olan bir sıra ailələrin
xronikası verilir. Obrazlar sistemində
iki düşmən düşərgə təsvir
olunur. İkinci kitabda iştirakçı
personajların sayı
kifayətqədər çoxdur.
Xalq içindən çıxmış Temircan,
onun arvadı Ulduz, qızı Nalcan, Daycan, İlxıçı, çoban
Aysandır, Uğurlu,
dəmirçi Aslan, xidmətçi qoca qadın Kurmanqız və başqaları bu qəbildəndir. Varlı İsmayıl obrazı romanın ikinci kitabında da yer almışdır.
Burada müsəlman ruhaniləri
nümayəndəsinin obrazı
da qeyd edilməlidir.
Eyni zamanda romanda aul nəzarətçisi,
qanun «keşikçisi»
Soltan obrazı realist boyalarla verilməklə onun iç üzü yetərincə
ustalıqla və dolğun açılıb.
Q.Qorxmazovun «Qisas qılıncı»nda
istismarçılar tərəfindən
kasıbların alçaldılmasını,
incidildiklərini, ac-yalavac
yaşadıqlarına görə
qisas aldıqları təsvir olunur. Yazıçının burada başlıca
xidməti dağlıların
XX əsrin əvvəllərində
necə çətin
və ağır vəziyyətdə yaşadıqlarını,
xalqın milli şüurunun dirçəlməsini,
onun işıqlı həyat uğrunda mübarizəsini uğurlu
şəkildə əks
etdirməsindədir.
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2017.- 28 sentyabr.-
S.14.