Mühacirətdə yaşamış ziyalılarımızın yaradıcılığında Azərbaycançılıq ideyası

 

1-ci yazı

 

Ötən yüzildə ictimai-siyasi proseslər nəticəsində Azərbaycandan kənarda – mühacirətdə yaşamağa məcbur olan ziyalılarımızın, ictimai-siyasi xadimlərimizin yaradıcılığındakı Azərbaycançılıqla bağlı məqamlar vaxtaşırı öyrənilməkdə, bu haqda araşdırmalar elmi ictimaiyyətə təqdim olunmaqdadır. Mərhum akademik Bəkir Nəbiyevin araşdırmalarına əsasən, azərbaycanlı mühacirlərin çox zəngin, ədəbi, elmi, publisist irsi var: “Bu xəzinədə Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Səməd Ağa oğlu, Mirzə Bala Mehmetzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Banin (Ümmülbanu), Mehmet Sadiq Aran və digər önəmli simaların əsərləri bulunur. Onların İstanbuldan və Ankaradan, Tehrandan və Təbrizdən, Parisdən və Berlindən tapılıb bizə ulaşan kitabları, jurnal və qəzet kəsikləri, məktubları, nadir əlyazmalarından parçalar, şəxsi arxivlərindən bəzi yarpaqlar mühacirətdəki alimlərimizin yaradıcılığının mövzu və problem vüsətindən xəbər verməkdədir. Mühacir alimlərin Azərbaycan dili, ədəbiyyatı, kültürü, folklor və etnoqrafiyası ilə bağlı çoxsaylı araşdırmaları milli ədəbiyyatşünaslıq elminin gəlişməsində özəl bir mərhələ təşkil edir və hazırda Azərbaycan mühacirət ədəbiyyatşünaslığı adı altında öyrənilir.

Tarix səhnəsinə çıxıb ictimai hadisələr burulğanına qatılan bir çox xalqların taleyinə mühacirlik payı düşüb. Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Xarici qəsbkarların ölkəmizə aramsız hücumları nəticəsində hələ orta əsrlərdən üzü bəri bir çox ailələr, bəzən isə bütöv kəndlərin sakinləri, o cümlədən də daha çox sənətkarlar, ziyalılar zaman-zaman uzaq-yaxın ölkələrə köçürülüblər. XIX əsrdə və XX əsrin əvvəllərində isə qələm və istedad sahibləri rus çarizminin müstəmləkəçilik siyasətinə, getdikcə şiddətlənən ictimai-siyasi təzyiqlərə, özəlliklə də sovet rejiminə etiraz əlaməti olaraq özləri ölkəni tərk edib xaricə getmişdilər. Rusiyada 1905-ci il inqilabının məğlubiyyətindən sonrakı irtica illərində gedənlər, 1920-ci ilin aprelindəki keşməkeşlər zamanı Azərbaycanı tərk edənlər, 30-cu illərin fəlakətləri vaxtı NKVD-nin əlindən baş götürüb qaçanlar, faşizmə qarşı müharibədə əsir alınması ucbatından vətən torpağına qədəm basmağı yasaq edildiyi üçün davadan sonra xaricdə qalanlar, şahlıq rejiminin təqibindən tərki-vətən olanlar, onların övladları, nəvə-nəticələri hazırda ölkəmizdən uzaqlarda – Asiya, Avropa, Afrika, Amerika, hətta Avstraliya qitələrində mühacirətdə yaşayırlar. Taleyin amansız olaylarında mühacirlərimizin bir qismi arxasız, imkansız, tavanasız qalıb məhv olub, həyatın mürəkkəb çaxnaşmalarından

salamat çıxanların da üzləri həmişə qəm buludlu, gözləri vətən həsrətli olub. Lakin həmvətənlərimizi bir cəhət həmişə birləşdirib: onlar məskun olduqları ölkələrdə Azərbaycan milli, ədəbi, mədəni, ümumiyyətlə, ictimai-siyasi fikrini yorulmaq bilmədən təmsil və təbliğ etmiş, çalışıblar ki, Sovet imperiyası məngənəsindəki ölkəmizin dərdi, odu həmişə o yerlərdə rəsmi dairələrin və ictimaiyyətin diqqət mərkəzində olsun. Uzun müddətdən bəri qardaş Türkiyədə, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Amerika, Almaniya, Fransa, Polşa, Danimarka, Özbəkistan, Qazaxıstan, Rusiya, Ukrayna, Estoniya və bir sıra digər ölkələrdə ocaq, mərkəz, dərnək, birlik kimi müxtəlif adlar altında azərbaycanlı mühacir təşkilatları fəaliyyət göstərməkdədirlər”.

Mühacirlərimizin çox geniş, maraqlı, sanballı ədəbi, elmi, publisist irsi mövcuddur. Onların arasında Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Səməd Ağa oğlu, Mirzə Bala Məmmədzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, Banin (Ümmülbanu), Məhəmməd Sadiq Aran, Hüseyn Camal Yanar, Teymur Atəşli, Musa Zəyəm, Nağı Şeyxzamanlı, İbrahim Arslan, Əli Azərtəkin və onlarca digər görkəmli simalar var. Beləliklə də xaricdə məskunlaşan həmyerlilərimiz aşağı-yuxarı 100 il ərzində həmin ölkələrin siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edib, həm də ədəbiyyat elmimizi təbliğ və inkişaf etdiriblər.

Onların İstanbuldan və Ankaradan, Tehrandan və Təbrizdən, Parisdən və Berlindən tapılıb bizə çatan kitabları, jurnal və qəzet kəsikləri, məktubları, nadir əlyazmalarından parçalar, şəxsi arxivlərindən bəzi yarpaqlar mühacirətdəki elmi təfəkkür sahiblərimizin böyük yaradıcılıq vüsətindən xəbər verməkdədir. Mühacir alimlərin Azərbaycan dili, ədəbiyyatı, incəsənəti, folklor və etnoqrafiyası ilə bağlı çoxsaylı araşdırmaları milli ədəbiyyatşünaslıq elminin inkişafında xüsusi bir mərhələ təşkil edir və hazırda Azərbaycan mühacirət ədəbiyyatşünaslığı adı altında öyrənilir. Azərbaycan siyasi mühacirətinin ədəbi-elmi fəaliyyətində əsas məqsəd, bir tərəfdən, tariximiz, ədəbiyyat və mədəniyyətimizlə bağlı sovet elminin uydurmalarını aradan qaldırmaq, qeyri-obyektiv, yanlış mülahizələrini təkzib etmək idisə, digər tərəfdən, qədim tariximizi, zəngin ədəbi-mədəni irsimizi xaricdə təbliğ etməklə millətimiz barədə düzgün təsəvvür yaratmaq, onun müstəqil dövlət qurmağa və istiqlala qovuşmağa layiq olduğunu beynəlxalq ictimaiyyətə sübut etmək olub. Beləliklə, mühacirətimizin siyasi fəaliyyəti kimi, kulturoloji fəaliyyəti də Azərbaycan istiqlalı ideyasına xidmət edirdi.

Araşdırmaçı bu qənaətdədir ki, Azərbaycan mühacirətinin zəngin və çoxşaxəli ədəbiyyatşünaslıq irsinin mühüm bir qismini şifahi söz sənətimizə – folklora dair araşdırmalar təşkil edir: “Bu sahədə əslən Gəncədən olan həmyerlimiz, İstanbul, Berlin və Breslau universitetlərində türkoloji təhsil almış, «Türkiyə türkolojisinin qurucularından biri» kimi şərəfləndirilən dünya şöhrətli alim, professor Ə.Cəfəroğlunun fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Azərbaycan və bütövlükdə türk xalqları folklorunun müxtəlif problemlərini yüksək elmi səriştə və peşəkar intuisiya ilə araşdıran alimin bayatı, sayaçı türküsü, dastan kimi folklor janrları və aşıq ədəbiyyatı ilə bağlı sanballı məqalələri bu gün də öz elmi aktuallığını qoruyub saxlayır. Onun «Azəri xalq ədəbiyyatında Aşıq Qərib dastanı», «XVI əsr azəri saz şairlərindən Tufarqanlı Abbas», «Cahan ədəbiyyatında türk qopuzu», «Hüdud boyu saz şairlərindən Qurbani və şeirləri» əsərləri bu qəbildəndir. Ümumiyyətlə, Ə.Cəfəroğlunun folklorşünaslıq irsi bu gün Azərbaycan folklor elminin dövriyyəsində olan və onun inkişafını şərtləndirən ən etibarlı örnəklərdən biridir. Təbii ki, «Kitabi-Dədə Qorqud» kimi möhtəşəm sənət abidəsi də mühacirət ədəbi-elmi fikrinin diqqətindən kənarda qala bilməzdi. Özəlliklə, bu epos sovetlər birliyində «xalqa zidd mahiyyətli bir əsər» kimi qadağan edildiyi, əgər belə demək mümkünsə, repressiyaya məruz qaldığı dövrdə mühacir ziyalılarımız onun tədqiqi və təbliği ilə ardıcıl məşğul olmuşlar. M.Ə.Rəsulzadənin «Dədə Qorqud dastanları» məqaləsində, «İslam-türk ensiklopediyası» üçün yazdığı «Azərbaycan etnoqrafiyası» oçerkində, M.B.Məhəmmədzadənin «Dədə Qorqud», H.Bayqaranın «Dədə Qorqud dastanlarına dair notlar» və s. yazılarında bu abidənin türk etno-mədəni sistemində yeri, Azərbaycan ədəbi dilinin, ədəbiyyatının inkişafındakı rolu araşdırılıb, eyni zamanda Stalin rejimi dövründə dastanla bağlı inzibati qadağalar dünya ictimaiyyətinin nəzərinə çatdırılıb.

Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin məqalələrində ardıcıl inikasını tapmış türkçülük, islamçılıq qənaətləri o zaman imperialist dairələrinin müstəmləkəçilik iddialarına qarşı Şərqdə gedən milli-azadlıq mübarizəsi ilə səsləşirdi. Bolşevik mətbuatının cidd-cəhdlə yaydığı sosializm ideyalarına Ə.Ağayevin münasibəti birmənalı idi. Onun qəti qənaətinə görə, bizdə sosializm «yüz il yox, yüzlərcə illər» müddətində də baş tutan iş deyil. Bununla belə, dövrün digər qabaqcıl azərbaycanlı mütəfəkkirləri kimi Ə.Hüseynzadə və Ə.Ağayev də mütərəqqi Qərb və Rusiya mədəniyyəti ilə təmasda olub onlardan faydalanmağı vacib hesab edir, Avropa və rus ədəbiyyatlarının ən məşhur nümayəndələrinin əsərlərini tərcümə və təbliğ edirdilər. 1909-cu ildə İstanbula köçdükdən sonra Ə.Ağayev «Ağaoğlu» soyadını qəbul etmiş, «Tərcümani-həqiqət» qəzetini çıxarmışdı. Onun ədəbi və jurnalistik fəaliyyətində türkçülüyün təbliği ön plana keçmişdi. Türkiyə respublika elan edildikdən sonra Ə.Ağaoğlunun elmi-publisist yaradıcılığında xüsusi yer verdiyi hüquq və siyasət məsələlərinə dair bir

sıra kitabları nəşr olunur. S.Ə.Şirvaninin «Əsərləri külliyyatı»na, V.Şekspirin «Otello» faciəsinə, M. Qorkinin yaradıcılığına dair məqalələri isə onun ədəbiyyat elmi sahəsində fəaliyyətindən maraqlı nümunələrdir. Məlum olduğu kimi, məşhur azərbaycançı Ceyhun bəy Hacıbəyli 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Versal sülh konqresinin işində iştirak etmək üçün Fransaya getmişdi. 1920-ci ilin baharında Bakıda, bütün Azərbaycanda baş vermiş faciəli hadisələrlə əlaqədar olaraq o da vətənə qayıda bilməmiş, ömrünün sonuna qədər Parisdə yaşamalı olmuşdu.

1925-ci ildə C.Hacıbəylinin tərcüməsində və onun rejissorluğu ilə Parisin «Femina teatrı»nda Ü.Hacıbəylinin «Arşın mal alan» operettası tamaşaya qoyulmuşdu. Ceyhun bəyin 1993-cü ildə Bakıda nəşr edilmiş «Seçilmiş əsərləri» (rus dilində) kitabındakı məqalələri mövzusu və problemlərin vacibliyi etibarilə bu gün də öz aktuallığını saxlamaqdadır. Onun «Qarabağ dialekti və folkloru» monoqrafiyası Yaxın Şərqi, Azərbaycanı, onun ayrılmaz parçası olan Qarabağın adət və ənənələrini, dilimizi öyrənmək istəyən avropalılar üçün zəngin bir xəzinədir. Burada xalq ədəbiyyatımız və dialektlərimizlə əlaqədar elə səciyyəvi, ümumiləşdirilmiş məlumatlar təqdim olunur ki, həmin məlumatlar o vaxtadək nəinki Fransada və Rusiyada, hətta Azərbaycanın özündə də bu cür sistemli şəkildə nəşr edilməmişdi. Əsər 33 kiçik bölmədən ibarətdir. Bu bölmələrdə xalq arasında dolaşan bayatılar, alqışlar, qarğışlar, yalvarışlar, hədə-qorxular, andlar, oxşamalar, beşik nəğmələri, ağılar, müraciət formaları, zarafatlar, məzəli deyimlər və i.a. toplanıb təsnif edilib”.

 

Uğur

 

Xalq cəbhəsi.- 2017- 6 yanvar.- S. 13.