Azərbaycançılıq haqqında
düşüncələr
1-ci yazı
Azərbaycançılıq
– xalqımızın vahid fikir ətrafında mənəvi
birliyini nəzərdə tutan milli ideyadır, Azərbaycançılıq
haqqında düşüncələr, Azərbaycançılıq
amalıdır. Mərhum ədəbiyyatşünas alim Y.Qarayev yazır:
“Milli ideya, dövlətçiliyin sivil ideya modeli - Azərbaycançılıq!
İki əsrlik nəzəri-ideoloji fikrimizin
yekunu, sonuc qənaəti bu gün bu iki düsturla formula
edilir”. S.Vəliyevanın araşdırmasında
vurğulanır, xalqımız dünyaya Zərdüştü
və “Avesta” kitabını, “Kitabi-Dədə Qorqud”u və
Qorqudçuluq məfkurəsini, "Koroğlu"nu və
Çənlibel sosiologiyasını bəxş edib ki, bunlar
da bir tərəfdən ümumazərbaycançılıq məfkurəsinin,
məxsusi birgə dəyərlərin, ümumi
düşüncə və ictimai davranış tərzinin
formalaşması və adət-ənənə sisteminin bərqərar
olmasına təkan verib, digər tərəfdən isə
Şərqin oxşar mənəvi dünyasının əsaslarının
qurulmasında həyati rol oynayıb. Azərbaycanda
Zərdüştə qədərki dövrdə də
böyük mədəniyyət, fəlsəfə, həyat
dünyagörüşü, əxlaq örnəkləri
mövcud olub. Ancaq Azərbaycana dair tarixi mənbə
və materiallar müxtəlif vaxtlarda dağıdılıb,
ölkəmizin tarixinə aid çox qiymətli qədim
yazılı bilgi və məlumatlar sıradan
çıxarılmışdı. "Avesta"
kitabı bu gün bizdən ötrü ona görə ən
qiymətli tarixi-mədəni abidədir ki, Azərbaycanın
bütün dünyada, Şərq aləmində
cahanşümul bir ölkə kimi mənəviyyatın, mədəniyyətin
təməl daşlarını qoymuş bir məmləkət
olduğunu yazılı təsdiqləmiş ilk sənət
nümunəsidir. "Kitabi-Dədə
Qorqud"u Azərbaycan xalqının ana kitabı
adlandırırlar. Burada xalqımızın
ümummilli ruhu ifadə olunub. Azərbaycan
ruhunu, azərbaycanlıları digər millət və
etnoslardan fərqləndirən ən mühüm amillərin
məcmusunu özündə ehtiva edir. Bu
torpaq tarix boyunca çox hücumlara, basqınlara, imperiya
hökmlərinə məruz qalıb, Azərbaycançılıq
ruhu isə daim yaşayıb və xalqımızın yadellilərin
hücumlarına müqavimət qüvvəsini əks etdirib.
Dastanda ifadə edilmiş Vətənin müqəddəsliyi
ideyası, ana kultu, qadınla kişinin bərabərliyi,
demokratizm və ərənlik, ləyaqətlə
yaşayıb ali məqsədlər
uğrunda ölmək fəlsəfəsi bu gün də milli
ideologiyamızın təməlini təşkil edən
başlıca prinsiplərdir. "Kitabi-Dədə
Qorqud"da etnik birlik və ictimai həmrəyliyin Oğuz
elinin parçalanmasının qarşısını alan ən mühüm şərt kimi təsvir
edilməsi müasir dövrdə də aktuallıq
daşıyır. Dastanda ölkənin təhlükəsizliyini
qorumaq yolunda böyüklü-kiçikli,
qadınlı-kişili bütün xalqın səfərbər
olunması, müqəddəs Vətən amalı ətrafında
xalqın bütün təbəqələrinin six birləşməsi
nəinki о dövr
üçün, eyni zamanda erməni təcavüzünə
məruz qaldığımız, xarici və daxili düşmənlər
tərəfindən Azərbaycanın parçalanması
planlarının qüvvədə saxlanıldığı
günümüzdə də ibrətamiz səslənir. Şifahi ədəbiyyatımızda Vətənçilik,
ideala və torpağa tapınma, mərdlik baxışları
XVII-XVIII əsrlərin möhtəşəm abidəsi -
"Koroğlu" dastanında daha aydın və
açıq mətnlə öz əksini tapıb.
Dastanda nisbətən
sonrakı dövrlərin hadisələri təsvir olunsa da, Azərbaycan
xalqının ən qədim və ən yaşarı milli-mənəvi
dəyərləri təcəssüm etdirilir. Xalq öz
milli varlığının, yabançı və mahiyyətcə
istilaçı xarici ətraf qüvvələrə
qarşı mütəşəkkil birlik və
bütövlüyünün rəmzi kimi Çənlibel
sosiumunu, bu cəmiyyətin mənəvi prinsiplərə əsaslanan
institusional konstruksiyalarını sevə-sevə tərənnüm
edir”. Araşdırmaçı hesab edir
ki, "Koroğlu" dastanındakı Çənlibel,
Koroğlu və onun ətrafında bir yumruq kimi birləşmiş
xalq kütlələri milli Azərbaycan ideyasının azad Vətən,
tarixi şəxsiyyət və xalq demokratiyasından ibarət
iki mühüm tərkib hissəsinin simvolik arxetipi kimi dərk
oluna bilər”.
Araşdırmaçının
aşağıdakı fikirləri də maraq doğurur: “Azərbaycançılıq
ruhu vahid ümumşərq klassik ədəbiyyatı
kontekstində də yaşarılığını qorunub
saxlayıb, qədim və orta əsrlərə xas
yabançı ideologiyalar zəminində bu və digər
şəkildə özünü göstərib, dahi sənətkarlarımız
tərəfindən təblığ və tərənnüm
edilib. XII əsrin dahi mütəfəkkiri Nizami Gəncəvi
məşhur "İskəndərnamə" poemasında
böyük yunan fatehi Makedoniyalı İskəndərin Azərbaycana
gəlməsini təsvir edir və Bərdə hökmdarı
Nüşabənin dili ilə ona nəsihət verirdi”.
Araşdırmada daha sonra
vurğulanır, Həsənoğludan başlayaraq əsası
qoyulan türkdilli poeziya məhz Nəvai və Füzuli
yaradıcılığı ilə kamala yetişir. Füzuli türk dilində
yüksək, ali poetik yaradıcılığın, xüsusən
qəzəl və məsnəvi
yaradıcılığının estetik kanonlarını
işləyib hazırlayır ki, bunu da Azərbaycançılıqda
əsl inqilab hesab etmək olardı: “Belə ki, Füzuli
yaradıcılığı ilə Azərbaycançılığın
əsaslarından biri və birincisi oları Azərbaycan dili
öz inkişafında tamamilə yeni mərhələyə
qədəm qoyur, bütün müsəlman mədəniyyəti
arealında fars və ərəb dilləri ilə eyni
sırada ümumişləklik status qazanırdı. Sonralar Nəsimi və Şah İsmayıl Xətai
bu böyük işi davam etdirib və divan ədəbiyyatı
dilini canlı xalq dilinə
yaxınlaşdırmışdılar. Qüdrətli
fateh olmaqla yanaşı, həm də ana dilində səmimi
şeirlər yaradan Şah İsmayılın hakimiyyəti
illərində Azərbaycarn dilinin rəsmi dövlət dili
statusuna yüksəlməsi öz təməlini məhz
Füzuli poetik ənənələrindən
götürmüşdü”.
Burada araşdırıcı qənaətlərini
ümumiləşdirir: “Azərbaycanşünaslığın,
Azərbaycançılığın birinci və ən vacib
ünsürü dildir. Hər şey dildən
başlayır. Xalqın dilini onun çoxəsrlik
həyatının güzgüsü, nəsillər
arasında ötürücü əlaqə, yaddaş vasitəsi,
xalqın tam və həqiqi tarixi adlandırmaq olar. Kitabın, məktəbin olmadığı əyyamlardan
üzü bəri və bu gün də insanların
keçmişi, bu günü, gələcəyi arasında
körpü salaraq onları maarifləndirməkdə, milli
özünüdərk hisslərini formalaşdırmaqda və
onu sonrakı nəsillərə ötürməkdə milli
dil ən mühüm vasitə hesab olunur. Dil
xalqın mahiyyəti deməkdir. Əgər
о yox olarsa, xalq da yer
üzündən silinər. Xalqın əlindən
alınan hər şeyi yenidən ona qaytarmaq
mümkündür, yalnız onun dili əlindən
alındıqda həmişəlik məhvə məhkum
edilir. Odur ki, dilə təkcə ünsiyyət
vasitəsi kimi yox, milli fikrin, təfəkkürün,
dünyabaxışın, dünyagörüşün, milli
davranışın fundamental nizamı və qaydası kimi
yanaşmaq lazımdır. Dil həmişə konkret bədii,
fəlsəfi, elmi və s. mətnlərdə yaranır,
cilalanır və milli mentalitetin ən müxtəlif
ünsürlərini tarixin yaddaşına hopdurur”.
Y.Qarayev yazır: “Nə etnik
şüur, nə də milli yaddaş öz
kökünü, cövhərini kənar mənbədən
almır, təlimat kodeksi, nizamnamə sənədi, qurultay qətnaməsi
və protokoldan çıxarış, qərar şəklində
mövcud olmur. Kütləviləşməsi, mənimsənilməsi
də bürokratik-inzibati yolla, toplantılarda, iclaslarda
gerçəkləşmir. Kütləni
milli ideyaya elm, mədəniyyət, fəlsəfə
hazırlaylır”.
S.Vəliyeva: “Bu baxımdan
yanaşdıqda etiraf etmək lazımdır ki, çoxəsrlik
tariximizdə xalqımızı yaşadan, onu ruhən qoruyan
və müasir dövrə gətirib çatdıran ən əsas
amillərdən biri onun ədəbiyyatı - söz sənəti
və dil mədəniyyəti olub. İstiqlal
düşüncəsinin təşəkkülündə
milli-mənəvi varlığın, ədəbi-mədəni
dəyərlərin fundamental rolunu milli maarifçiliyin və
əməli hərəkət dövrünün öz xadimləri
də dəfələrlə etiraf ediblər”.
M.Məmmədzadə yazır: “Azərbaycan
milli xartiyasının xülasəsi, istiqlal fikrinin təsisində
Vaqifdən tutmuş Cavidə qədər, Zakirdən
başlamış Cavada qədər, Mirzə Fətəlidən
Üzeyirə kimi, "Əkinçi"dən "Azərbaycana"
və "Yeni Qafqaziyaya"dək hər birinin olduqca
böyük rolu və dəyərli rolu olub. Siyasi-ictimai
fikirlərimizin tərəqqi və təkamül tarixini təşkil
edən bu dövr bugünkü aydın və parlaq istiqlal məfkurəsinin
təməlini təşkil edir. Hətta ən
uzaq istiqlalımızı təyin etmək üçün
belə keçirdiyimiz fikri-inkişaf tarixinə baxmaq və
ondan milli hərəkatın ruh və mahiyyəti haqqında
bir fikir almaq kifayət edər. О dövrün də özünəməxsus
məfkurəsi, məfkurə uğrunda çəkişməsi,
mübarizəsi, о
dövrün də qəhrəmanları, məzlumları,
şəhidləri və mücahidləri olub. Onların
yorulmaq bilməyən çəkişmələri nəticəsindədir
ki, bu gün biz minlərcə gənci ölümə
sövq edən bir xartiya almışıq. Zənnimcə,
Mirzə Fətəli və Həsənbəy Zərdabi 50 il
sonra dünyaya gəlsəydilər, istiqlal fikri, Azərbaycan
milli xartiyası 50 il sonra meydana gələcəkdi. Bunların arasında six bir münasibət və
rabitə var. Özünün
türkçülüyünü və Azərbaycançılığını
dərk etməyən bir xalq belə bir bəyannaməni (28
May İstiqlal Bəyannaməsini - red.) verə bilməzdi”.
A.Məmmədlinin fikrincə, Azərbaycançılığın
milli mədəniyyət, milli bədii fikir, ictimai
dünyagörüºü istiqamətində qədim tarixi
var: “Millətin formalaşma prosesi ilə tarixən
üst-üstə düşən Azərbaycançılıq
fərddən cəmiyyətə, cəmiyyətdən
dövlət səviyyəsinə qədər böyük bir
inkişaı yolu keçib. Mədəniyyətin
müxtəlif pillələri tədrici təkamülün mərhələləri
hesab oluna bilər. Onların hər biri
keçmişin bəhrəsi olduğu kimi, həm də gələcəyin
formalaşmasında rol oynayır. Mədəniyyətin
müxtəlif pillələri bizim kontekstdə həm də
Azərbaycançılığın çeşidli pillələrini
özündə ehtiva edir. Azərbaycan bədii
fikir tarixində Azərbaycançılıq sənətkarın
estetik idealı səviyyəsinə yüksəlib və əbədi
mövzu olaraq bədii söz sənətində özünə
yer tapıb. Lakin bu mövzunun güclənməsi,
xalqın birləşmək, azadlıq və müstəqillik
uğrunda mübarizə ideyasının meydana gəlməsi
ilə yeni təkanla üzə çıxması prosesi də
həqiqətdir. XIX əsrin əvvəllərində
güclənən bu proses bədii fikirdə və bədii
söz sənətində Seyid Əzim Şirvanini, Mirzə FətəliAxundovu,
Qasım bəy Zakiri, Həsən bəy Zərdabini,
Ünsizadə qardaşlarını, daha sonra Əli bəy
Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu, Cəlil
Məmmədquluzadəni və nəhayət, mollanəsrəddinçiləri
meydana gətirdi.
Qeyd edək ki, Azərbaycançılıq
bir ideoloji-estetik ideal kimi mükəmməl sənət əsərlərinin
özəyindədir. Azərbaycançılıq ideyası
daha yetkin və kamil şəkildə böyük demokrat ədib
Cəlil Məmmədquluzadənin 27 noyabr 1917-ci ildə
"Molla Nəsrəddin" jurnalının 24-cü
sayında dərc olunmuş "Azərbaycan" məqaləsində
ifadə olunub. Bu məqalə Azərbaycan,
onun dili, bütöv ərazisi barədə yazılmış
ustadnamədir. Cəlil Məmmədquluzadənin
anasına, elinə-obasına, dilinə olan sonsuz sevgisinin ən
gözəl nümunəsidir”.
Uğur
Xalq cəbhəsi.-
2017.- 10 yanvar.- S. 13.