Son məzarın
Təbrizdə olsun...
S.C.Pişəvərini faciəli vəfatı
Tehran radiosu üçün
bir neçə günlük sevindirici şou mövzusuna çevrildi
Azərbaycandakı Xalq Hərəkatının (1945-1946) böyük öndəri,
ADF-nin banilərindən
və AMH-nin rəhbəri Seyid Cəfər Pişəvərinin
cənazəsi 1946-cı il iyunun 13-də saat 16:00-da torpağa tapşırıldı. Onun ilk məzarı
Bakının ətrafında
yerləşən Buzovna
kəndinin (indi qəsəbədir) «Nobel»bağı
adlanan («Yaşıl bağ») yerdə olmuşdu. S.C.Pişəvərinin
ailəsinin Bakıda
ilk məskunlaşdığı ev də
bu bağın ərazisində yerləşirdi.
S.C.Pişəvəri avtomobil
qəzasına 1946-cı il iyunun 11-də səhər saat 0600 radələrində düşsə
də o, Yevlax rayonunun mərkəzi xəstəxanasına 2-3 saat
sonra çatdırılıb.
S.C.Pişəvərinin 14-15 km məsafədə yerləşən xəstəxanaya
gec çatdırılması
səhər tezdən
Kirovabad (indiki Gəncə)-Yevlax yolunda nəqliyyat hərəkətinin
olmaması ilə izah olunur. Şahidlərin dediklərinə əsaslansaq, xəstəxanaya
çatırılanadək S.C.Pişəvərinin çox
qan itirməsinə baxmayaraq huşu başında, nitqi də yerində imiş.
Bakıdan tibb briqadası gələnədək nə
Gəncədən, nə
də Qarabağdan gəlmiş həkim-cərrahların
Pişəvərinin üzərində
xilasetmə əməliyyatı
aparmalarına icazə
verilməmişdi. Bakıdan cərrahlar
və dövlət nümayəndəsini gətirən
təyyarə isə
5-6 saat sonra Yevlaxa gəlib çatmışdı. Cərrahların
«əməliyyatından» az sonra S.C.Pişəvəri yaşamını
itirir. Bu haqda
ilk xəbər cərrahiyyə
otağı qarşısında
dayanmış, S.C.Pişəvərinin
həkim qardaşı
Mir Xəlilə, sonra
isə rəsmi dövlət orqanlarına
çatdırılmışdı.
S.C.Pişəvərinin meyidi iki gün sonra,
1946-ci il iyunun 13-də ailəsinə
təhvil verilmişdi.
Ailəyə, xüsusən S.C.Pişəvərinin
cənazəsi olan otağa kənar şəxslərin daxil olmasına icazə verilməmişdi. Doktor
N.Cahanşahlu öz xatirələrində yazır:
«S.C.Pişəvəri ilə
görüşdən 3-4 gün
keçmişdi ki,
general Atakişiyev mənə
zəng vurub dedi: «Yoldaş Seyid Cəfər Kirovabad-Yevlax yolunda avtomobil qəzasında ölüb. Mən sizə başsağlığı
verir və xahiş edirəm ki, partiya məktəbində
təhsil alan
iranlı tələbələri
Buzovnadakı bağa göndərəsiz. Günortadan sonra
saat 2-də orada olsunlar. Günortadan az sonra
məni gözləyin.
Mən gəlib sizi oraya aparacağam ki, dəfn mərasimində
iştirak edək».
S.C.Pişəvərinin dəfn mərasiminin şahidi olmuş yaşı 85-90-nı haqlamış
Buzovna qəsəbəsinin
sakinləri Babayev Ələkbər və Səlimov Ruhulla nağıl edirlər ki, «dəfn mərasimi vaxtı «Yaşıl bağ» hər tərəfdən
polis nəzarətində idi. Biz demokratların
(Güney Azərbaycandan
gələnlərin) rəhbərinin
avtomobil qəzasında
həlak olması xəbərini «Buzovna neft» mədənlərində
işləyən cənublu
iş yoldaşlarımızdan
eşitdik. Onlar Buzovna neftin
4-cü yataqxanasında qalırdılar.
Dəfnin bu gün (iyunun 13-də) «Yaşıl
bağ»da olacağını
onlar bizə demişdi. Biz bağın polis nəzarətindən
kənarda qalmış
hissəsindən birtəhər
özümüzü içəriyə
saldıq və ora toplananlara qatıldıq».
Ruhulla və Malik kişi
S.C.Pişəvərinin dəfn
olunduğu «Yaşıl
bağ» haqqında da məlumat verdilər. Onlar dedilər ki,
bu bağ əvvəlcə əslən
Sabunçu kəndindən
olan İsa və Musa qardaşlarına
məxsus olub. Nobel qardaşları bu bağı aldıqdan sonra ora «Nobel bağı» adlandırılmışdı. Cənubdan gələn demokratların
bir neçə ailəsi, o cümlədən
mərhum Seyid Cəfər Pişəvərinin
ailəsi əvvəlcə
bu bağda məskunlaşmış, sonra
isə onlara Bakıda Xəqani küçəsində də
mənzil verilmişdi.
«Yaşıl
bağ» demokratlar yaşayanda da, sonra bağ vərəm xəstəliyi
sanatoriyasına çevriləndə
də demək olar ki, həmişə
kənar adamlar üçün bağlı
yer olub. S.C.Pişəvəri burada dəfn olunandan sonra bağa gedib-gəlmək daha da yasaqlandı.
Cahanşahlu yazır:
«General Atakişiyev bağa
çatan kimi, o, başqalarına fikir vermədən məni birbaşa cənab Pişəvərinin ailəsi
olan binaya apardı. Tabutun qoyulduğu kiçik
bir otağa daxil olduq. O, dedi ki, cənazəni
görmək üçün
hamının buraya gəlməsini məsləhət
görmürəm. Pişəvərinin xanımı pərişan
halda səssiz dayanıb, ağlayırdı.
Mən cənazəyə baxan kimi zəhərlənmə
əlamətlərini müşahidə
etdim. Çünki
bütün bədən
şişmişdi və
yalnız iki kiçik yara, biri üzünün sağ
hissəsində, digəri
isə boynunda (çiyinə yaxın hissədə) müşahidə
olunurdu. Mən təəccüblənib dedim:
Yoldaş general, bu iki kiçik yara ki, adamı
öldürməz? O, polis baxışlarına
bənzər dərin,
mənalı və nəsihətamiz baxışlarını
mənə zillədi
və dedi: «Yoldaş həkim! Siz onunla Rza şah
zindanında olubsunuz.
Bilirsiniz
ki, o, illərlə orada çox çətinliklərlə yaşayıb.
Bu hadisədə onun xəstə ürəyi təəssüf
ki, tab gətirməyib,
keçinib. Onun həyata
qaytarılması üçün
əllərindən gələni
əsirgəməyiblər». Bu qısa danışıqdan
sonra o, cənazənin
üstünü örtdü
və əvvəldən
qapının arxasında
gözləyən şəxslərə
əmr etdi ki, tabutun mıxlarını
çalsınlar».
Dəfn mərasiminin
canlı şahid kimi Ruhulla kişi nəql edir ki, S.C.Pişəvərini
qəbrə göz yaşları içərisində
bizim iş yoldaşımız Gülməhəmməd
Natəvanı qoydu. N.Cahanşahlunun və buzovnalı şahidlərin
dediklərindən məlum
olur ki, dəfn mərasimində S.C.Pişəvərinin silahdaşlarından
Sadıq Padiqan, Məhəmməd Biriya, Azərbaycan Kommunist partiyasının bir neçə nümayəndəsi
və Mirzə İbrahimov, Həsən Həsənov, doktor Səmədov, Qulam Məmmədli (bunlar S.C.Pişəvərini Təbrizdən
tanıyırdılar) və
partiya məktəbindəki
cənublu müdavimlər,
Milli Hökumət dövründə fədai
başçısı olmuş
və «Buzovna neft» mədənlərində
çalışan G.Natəvani,
Qulam Şücai, Sultanəli Qulamı, Hənifə və Yaqub Əmiri qardaşları və başqaları iştirak ediblər. Mirzə İbrahimovun qısa
danışığından sonra dəfn mərasimi başa çatmışdı.
Beləliklə, Güney
Azərbaycanın Xalxal
mahalının Seyidlər
Zeyvəsi kəndində
dünyaya göz açmış S.C.Pişəvəri
Yevlax xəstəxanasında
gözlərini əbədi
olaraq yumdu! Hansı səbəbdənsə onun
Buzovnadakı məzar
daşına heç
bir yazı yazılmamış və
məzar diqqəti cəlb etməsin deyə gül-çiçək
kolları ilə ört-basdır edilmişdi.
Yevlaxdakı Pişəvərisevərlər
öz vəsaitləri
ilə şəhər
qəbiristanlığında ona rəmzi qəbir-abidə qoymuş,
baş daşında onun adını, soyadını, təvəllüd
və vəfat tarixini yazdırmışlar.
Həmin
abidə Yevlax qəbristanlığında indi
də durur.
S.C.Pişəvərinin müəmmalı ölümünü
Sovet orqanları nə qədər gizlətməyə cəhd
etsələr də, dəfnin sabahı günü xarici radiolar baş vermiş hadisə haqqında xəbər yaydılar. S.C.Pişəvərini faciəli vəfatı
Tehran radiosu üçün
bir neçə günlük sevindirici şou mövzusuna çevrilmiş oldu.
60-cı illərin
əvvəllərində ictimaiyyətin,
Pişəvəri silahdaşlarının
təşəbbüsü və Azərbaycan rəhbərliyinə olan çoxsaylı müraciətlərlə
bağlı olaraq S.C.Pişəvərinin Buzovnada,
«Yaşıl bağ»dakı
məzarı 1965-ci ilin
«21 Azər inqilabının»
20 illiyi günlərində
Azərbaycan dövlət
və Firqə rəhbərlərinin, ictimaiyyətin
iştirakı ilə
«Fəxri xiyaban»a köçürülmüşdü. «Fəxri xiyaban»dakı
məzar üçün
hazırlanmış xüsusi
beton qəbir-qutu o məqsədlə düzəldilmişdi
ki, zamanı gələndə S.C.Pişəvərinin
sümüklərini Təbrizə
köçürmək mümkün
olsun. Firqə arxivindəki sənədlərdən
məlum olur ki, Fəxri xiyabandakı qəbir üçün 50 tonluq qranit mərmər daşı Ukraynadan gətirilmiş, heykəltaraşı
isə Leninqrad (indiki Sankt-Peterburq) şəhərindən dəvət
edilmişdi. Məzarın eskizini və
tərtibatını mərhum
memar Adil Dadrəs vermişdi.
S.C.Pişəvərinin məzarı və məzarüstü abidələri,
o cümlədən dərin
düşüncəyə dalmış əzəmətli
heykəli Bakıda, Fəxri Xiyabandadır. Pişəvərisevər insanlar onun anadan
olduğu 26 avqust və vəfat etdiyi (11 iyun) günlərində bu böyük şəxsiyyətin
məzarını ziyarət
edir onun unudulmaz xatirəsini hörmətlə yad edirlər.
Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney Azərbaycan elmi araşdırmalar" şöbəsinin müdiri
Xalq cəbhəsi.-
2017.- 11 yanvar.- S.14.