1945-1946-cı illərdəki hərəkat zamanı
buraxılmış səhvlər
S.C.Pişəvəri:«Düşmən
hədələri bizi
tutduğumuz haqq yolundan qaytara bilməz. Ya ölüm, ya azadlıq, üçüncü
yol yoxdur!»
1941-1946-cı illərdə Güney Azərbaycandakı azadlıq
hərəkatının öndəri
olmuş S.C.Pişəvərinin
həyatının və
keçdiyi mübarizə
yolunun bütün mərhələlərinin öyrənilməsi
tarixşünaslığımız və cəmiyyətimiz üçün şübhəsiz
vacib və aktual mövzulardandır. Araşdırmalar
göstərir ki, S.C.Pişəvərinin çoxşaxəli:
maarifçilik, siyasi-ictimai,
bədii, elmi və s. sahədəki irsinin daha dərindən
və ətraflı tədqiq olunmasına ehtiyac var. Əlbəttə,
S.C.Pişəvəri haqqında
Azərbaycanın həm
Güneyində, həm
də Quzeyində xeyli yazıların olduğunu inkar etmək olmaz. Ancaq bu yazılarda S.C.Pişəvərinin keşməkeşlərlə
dolu həyatının
və mübarizəsinin
bütün cəhətlərindən
yetərincə öyrənildiyini
də demək mümkün deyil.
Yuxarıda dediyimiz kimi, S.C.Pişəvəri haqqında
İranda yazılanların
çoxu şovinist ünsürlərin pulu və sifarişi ilə yazıldığından
onlar Pişəvəri
şəxsiyyətini və
onun fəaliyyətini
bütövlükdə təhrif
və böhtanlara məruz qoymuş və qoyurlar. Bu işdə onların əsas hədəfi S.C.Pişəvəri ilə
birlikdə 1941-1946-cı illərdə
Güney Azərbaycandakı
hərəkatı ləkələmək,
onu ictimaiyyətin gözündən salmaq, eləcə də hərəkatın milli xarakterini və hədəfini şovinistlərin
istək və ruhuna uyğun şərh etməkdir.
İran İslam Respublikasının keçmiş
prezidenti M.Xatəmi İrəvana rəsmi səfəri zamanı (avqust, 2004) erməni müxbirinin S.C.Pişəvəri
və onun başçılıq etdiyi
hökumət haqqında
fitnəkarcasına verildiyi
suala cavabında M.Xatəmi: «Həm Pişəvəri, həm
də o hərəkat
xaricdən gəlmə
olduğu üçün
xaricə də çıxıb getdi. Azərbaycandakı zəminlə onun
heç bir əlaqəsi olmamışdı»
deməsi əslində
Pişəvəri əleyhdarlarının
və Azərbaycan xalqının azadlığına
düşmən olanların
dəyirmanına su tökmək idi. Belə bir durumda biz «ağzımıza su alıb» dayanmamalıyıq.
Həqiqəti olduğu kimi
ictimaiyyətə çatdırmalıyıq
və şərəfli
keçmişimizi şərəfsizlərin
basqı və təhqirlərindən qorumalıyıq.
Bu, bizim hər
birimizin vətəndaşlıq
borcumuzdur. Bunu bizdən
həm də obyektiv və qərəzsiz tədqiqatçılıq
vəzifəmiz tələb
edir.
* * *
S.C.Pişəvərinin 35-40 illik
mübarizə yolunun eniş və yoxuşları ilə az-çox tanış
olduqdan sonra onun fəaliyyətinin qüsurlardan tam xali olduğunu demək də çətindir. S.C.Pişəvəri dövrünün
və MH-lə bağlı olayların şahidi, ən başlıcası S.C.Pişəvəri
şəxsiyyətinə hörmət
qail olan bir adam
kimi onun fəaliyyəti dövründə
buraxdığı səhvləri
qələmə gətirmək,
bu haqda öz fikir və
mülahizələrimizi oxucu
ilə bölüşdürmək;
nə qədər ağır olsa da bunlar deyilməlidir.
Deyilməlidir ona görə
yox ki, biz keçmişimizi «təftiş»
etmək istəyirik.
Deyilməli və yazılmalıdır
ona görə ki, «Keçmiş gələcək yolun aynasıdır». Biz bu «aynada» S.C.Pişəvəri
şəxsiyyətinin hərtərəfli
cəhətlərini görməli,
ağı-ağ, qaranı-qara
yazmalıyıq.
S.C.Pişəvərinin Məhəmməd Əmin
Rəsulzadənin Azərbaycançılıq
məfkurəsindən uzaqlaşması,
sosial-demokratlıqdan kommunistlik
məsləkinə keçməsi
onun ilk və ciddi səhvlərindən
biri sayılmalıdır. Özü
sonralar, bir qədər gec də olsa: "İranda kommunist məsləkinin yayılması
üçün milli
zəmin yoxdur" deməklə vaxtilə buraxılmış səhvin
etirafı kimi başa düşülməlidir.
Onun baxışlarında başqa
yalnış mövqe
1918-ci ilin mart qırğını
ilə bağlıdır.
Bolşevik-daşnakların fitvası ilə
Bakıda və ətraf bölgələrdə
ermənilər tərəfindən
türklərə qarşı
kütləvi qırğının
həyata keçirilməsi
tarixdə məlum və inkar olunmaz
fakt olsa da, S.C.Pişəvəri bu qanlı olayda
müsavatla daşnakları
eyni dərəcə də günahlandırır.
Rza xan kimi qəddar və şovinist bir tiranın şahlıq taxtına yiyələnmək üçün
əvvəlcə özünü
«respublika» tərəfdarı
kimi hiyləgər vədinə S.C.Pişəvərinin
inanmaq meyli onun sonrakı həyatı və mübarizəsi üçün
ağır başa gəlmişdi. S.C.Pişəvərinin əvvəl inandığı
və arxalandığı
sovetlərin 1920-1921-ci illərdə
Gilan hadisələrinə
etdikləri açıq-aydın
xəyanət İran
vətənpərvərləri sırasında S.C.Pişəvəriyə
də ibrət dərsi olmalıydı.
1946-cı ilin yazında
Moskva rəhbərliyinin
«məsləhəti» və
təzyiqi ilə Tehrana, Qəvam dövləti ilə «dil» tapmağa getməməliydi, üstəlik
Təbriz radiosundakı
çıxışında (13 iyun 1946) Əhməd Qəvam kimi hiyləgər qatili tərifləməməliydi. Təzyiq və
zorakı buyruqlarla edilmiş bu işlər S.C.Pişəvəri
şəxsiyyəti üçün
uğur sayıla bilməz. Tehranın nümayəndəsi, S.Qəvamın müavini M.Firuzla bağlanmış
təslimçi müqavilənin
altında S.C.Pişəvərinin
imzası olmamalıydı.
Müqavilə əsasında Tehran qoşunu Zəncana daxil olarkən törədilmiş vəhşilik
və özbaşınalıqlar
hüquqi cəhətdən
əsas verirdi ki, Azərbaycan bir tərəfli olaraq bağlanmış müqavilədən çıxsın
və özünü
hər tərəfli müdafiəyə hazırlasın.
1945-1946-cı illərdəki hərəkat
zamanı buraxılmış
ciddi səhvlərdən
biri də AMH rəhbərliyinin İranın
başqa bölgələrindəki
demokratik və antirejim qüvvələrlə
zəif təmas saxlaması, onların köməyindən faydalana
bilməməsi idi. (1946-cı ilin
martında M.C.Bağırovla
görüşdə S.C.Pişəvəri
bu səhvi özü etiraf etmişdi) Halbuki Azərbaycan və Kürdüstan kimi Bəluc, Ərəb, Türkmən, Lor, Qaşqay və s. xalqlarda rejimin zorakılığından və
şovinist əməllərindən
əzab çəkmiş
insanlar idi. Onlarla dil tapmaq, əlaqə
yaratmaq, vahid cəbhədə çıxış
etmək Azərbaycandakı
milli qüvvələrin
mübarizəsinə böyük
və əvəzsiz kömək olardı, Tehranın bütün qüvvələri birbaşa
Azərbaycana yönəltmək
planını pozardı.
1946-cı ilin
sonundakı real vəziyyət,
arxasızhq Azərbaycandakı
hərəkatın süqutunun
mütləqləşdirirdi. Belə
şəraitdə mübarizənin
gizli formasına keçmək, fədai dəstlərindən partizan
qrupları düzəltmək,
«Babək» adına yaranmış könüllülər
dəstəsini istiqamətləndirmək,
firqə rəhbərlərini,
fədai başçılarının
müqavimət hərəkatına
cəlb etmək və bu işdə
şəxsi nümunələr
göstərmək S.C.Pişəvərinin
rəhbərlik etdiyi təşkilatın və
hökumətin göstərəcəyi
ümdə işlərdən
olmalı idi.
Mübarizənin ağır və mürəkkəb vaxtında
S.C.Pişəvərinin verilmiş
vədlərə inanıb
qəflətən Təbrizi
tərk etməsi əhalidə ruh düşkünlüyü, mənəvi
sarsıntı yaratdı. Başsız
qalmış şəhərdə
çaşqınlıq və
başıpozuqluq artdı...
İctimai fikir belədir
ki, S.C.Pişəvəri
nəyin bahasına olsaydı belə, bu ağır vaxtda Təbrizi tərk etməməli idi. O, fədailəri
ilə birgə Tehran qoşununa müqavimət
göstərib qəhrəman
kimi həlak olmağı Arazı bu taya keçməkdən
üstün tutmalıydı
və s.i.a... Firuz Heyət («Varlıq» dərgisinin naşiri Cavad Heyətin qardaşı)
ABŞ-da çap etdirdiyi «Reform» dərgisinin
1997-ci il iyun nömrəsində
(¹3) Məmmədrza şahın
generallarından olan, Azərbaycanan hücumu iştirakçısı Foladinin
«xatirələr»indən parçalar
çap etdirib. Foladi öz xatirələrində
yazır ki, «Biz
1946-cı ilin noyabr-dekabr
aylarında (Aban-Azər)
aylarında Azərbaycana
hücum edərkən
əgər qarşı
tərəf 300 mütəşəkkil
hərbi qüvvə ilə bizə müqavimət göstərsəydi,
Təbrizi tutmağımız
müşkül olacaqdı».
Əhali arasında
çaşqınlıq, orduda
və fədai dəstələrində başlı-başına
qalma və istiqamətsizlik halı əvəzinə müstəqil
dirənişi təşkil
etmək olsaydı, nəticədə yəqin
ki, başqa cür ola
bilərdi. Ürək yanğısı ilə bu deyilənlər
müəllifin olmuşlara
əsaslanan subyektiv
fakir və mülahizələridir.
Bunlar S.C.Pişəvəri şəxsiyyətinə,
onun irsinə və fəaliyyətinə
kölgə salmaq niyyətindən tam uzaqdır.
Bunu yəqin ki, Pişəvərisevər oxucu
da sezməmiş deyil. Biz keçmişimizin
kəm-kəsirlərini ona
görə dilə gətirmirik ki, onun uğurlarına kölgə salaq. Burada məqsəd keçmişin
ağır və acı olaylarını yada salıb onlardan nəticə çıxarmaqdır. Buraxılmış səhvlərə və büdrəmələrə təkrar
yol verməmək istəyidir.
S.C.Pişvərinin həyatı, keçdiyi şərəfli mübarizə yolu, özünün dediyi kimi, ancaq və ancaq xalqının azadlığına həsr edilmişdi. Bu işdə onun hər hansı taktiki və mülahizə yanlışlığı da şübhəsiz, onun öz məqsədinə çatmaq istəyi ilə bağlı olmuşdu. Həm də ictimai-siyasi xalq hərəkatlarında səhvlərə yol verilməməsi nadir istisnalardandır. S.C.Pişəvəri ideyaları Güney Azərbaycanda azadlıq və demokratiya mücadiləsinin hədəf və qayəsi olaraq bu gün də yaşamaqdadır. S.C.Pişəvəri ilə bağlı araşdırmalara onun sözləri ilə yekun vuraq: «Düşmən hədələri bizi tutduğumuz haqq yolundan qaytara bilməz. Ya ölüm, ya azadlıq, üçüncü yol yoxdur!»
Əkrəm Rəhimli
AMEA Şərqşünaslıq İnstitutunun
"Güney
Azərbaycan elmi araşdırmalar" şöbəsinin
müdiri
Xalq cəbhəsi.-
2017.- 12 yanvar.- S.14.