“Adi insan ömrü yaşayacaqdım...”
Yaponiyanın Tokio şəhərində psixiatriya dispanserlərinin birində yaşlı bir qadın yaşayır. O, digər xəstələrdən öz parlaq görünüşü ilə seçilir, həmişə rəngli pariklər taxır, qəribə geyim və aksessuarlara üstünlük verir.
Bu, məşhur rəssam Yoyai Kusamadır. Onun emalatxanası dispanserin yaxınlığındadır.
Yayoi Kusama Yaponiyanın Matsumoto şəhərində 1929-cu ildə dünyaya gəlib. Kusamanın anası sərt və tələbkar qadın idi, qızına tərbiyə vermək üsulunu onu cəzalandırmaqda görürdü. Qızcığaz adi, yöndəmsiz uşaq hərəkətlərinə görə hər gün döyülüb incidilirdi.
On yaşında uşağın psixikası tamamilə pozulmuşdu. Yayoini demək olar ki, daim qarabasmalar izləyirdi, o, hər yeri – bütün dünyanı xırda noxudlara bürünmüş kimi görürdü. İnsanları, əşyaları, təbiəti...
İlk vaxtlar qarabasmalar onu əldən salırdı. Qızcığaz yaşamaqdan bezmişdi, hətta öz xırdaca uşaq ağlından intihar da keçirmişdi. Psixiatr uşağın sakitləşməsi və fikrinin yayınması üçün ona rəsm çəkməyi məsləhət gördü. Hər şey bundan başladı - Yayoi onu daima izləyən hallüsinasiyaları rəsmlərinə köçürməklə özünü rahat və xoşbəxt hiss edirdi.
Rəssam deyir: "Bir dəfə stolun üzərindəki süfrəyə baxdım, o, qırmızı noxudlarla örtülmüşdü. Sonra gördüm ki, tavan, pəncərə, otağın divarları və mən özüm də qırmızı noxudlara bürünmüşük. Gördüklərimi çəkmək mənim yeganə çıxış yolum idi, yoxsa həyatım cəhənnəmə çevrilə bilərdi. İncəsənət və rəssamlıq məni xilas etdi..."
Kusama yalnız bir il – 1948-ci ildə Kioto şəhərindəki incəsənət məktəbində oxuya bildi, sağlamlığı ona təhsilini davam etdirməyə imkan vermədi. O, daim həkim nəzarətində olsa da, incəsənətsiz bir gün belə yaşaya bilmirdi. Gənc və xəstə rəssam daim yenilik axtarışında idi, o, dayanmadan çalışır, çəkir, yaradırdı. Bununla öz xəstəliyini kölgədə qoymaq, həyatına rəng qatmaq istəyirdi.
Yayoi Kusama gənc yaşlarından dərin depressiyaya qapılırdı. Ümumiyyətlə, psixoloji hallar, qarabasmalar onu bütün ömrü boyu izləməli oldu. Rəssam həmişə həkimlərin nəzarəti altında, dərmanlarla yaşadı. Bütün bunlarla yanaşı Yayoini həyata qaytaran, onun şüuraltı dünyasını idarə edən incəsənət idi.
Yayoi Kusamanın əsərləri demək olar ki, başdan-başa xırda və iri noxud dənələri ilə örtülüb. Onun yaradıcılığı yalnız rəssamlıqla bitmir, həm də yumşaq heykəllər, müxtəlif instalyasiyalarla – dekorativ qurğularla müasir və nadir janrlarda maraqlı və yaddaqalan əsərlər yaradırdı.
Kusama şeirlər, hekayələr də yazır, kino və moda aləmi ilə də yaxın əməkdaşlıq edirdi. Amma dahi rəssamın yaradıcılığının əsas xəttini həmişə instalyasiyalar təşkil edib, bu üslub onun xəstə və bəlkə də əksinə – müdrik və gizli dünyasına daha yaxın və doğma idi.
50-ci illərin əvvəllərində o, abstraktizmlə maraqlanmağa başladı, Yayoi öz sevimli noxudlarını yalnız şəkillərdə çəkmirdi, məişət əşyalarını, divarları, döşəməni, hətta öz köməkçilərini də noxud ornamentləri ilə bəzəyirdi. O, bunu "Sonsuzluq nəzəriyyəsi" adlandırmışdı.
Bir dəfə Kusama abstrakt janrda rəsmlər çəkən Jorjiya Okiff adlı Amerika rəssamının əsərləri ilə tanış oldu. Əsərlər onda elə dərin təəssürat yaratdı ki, rəssamın ünvanını tapıb ona məktub yazdı. Bir müddət məktublaşdıqdan sonra Yayoi Amerikaya köçüb orda yaşamağı qərara aldı.
Bunun səbəbi yalnız Jorjiya deyildi, Yayoi xəstəliyinə, psixoloji durumuna baxmayaraq çox iddialı idi, özünü daha geniş kütlələrə tanıtmaq, noxudlara bürünmüş yaradıcılığını bütün dünyaya bəyan etmək istəyirdi. Buna görə də 1958-ci ildə Amerikaya köçdü və orada yaşayıb yaratmağa davam etdi.
Qısa müddətdə o, Amerikada fərqli bir rəssam kimi tanındı və maraq obyektinə çevrildi. 1959-cu ildə Yayoinun Nyu-York şəhərində ilk sərgisi baş tutdu. Özündə sonsuzluğu və müəllifin hisslərini, qorxularını əks etdirən bu sərgi tamaşaçı və tənqidçilər üçün müsbət mənada gözlənilməz idi.
Kusama öz dünyasını insanlara göstərmək istəyirdi, bəziləri onu dəli, əsərlərini də dəli təxəyyülün məhsulu hesab edirdi. Lakin bir çoxları - ağıllı olmaqdan bezən və geniş, sərhədsiz ümidlər axtarışında olan insanlar rəssamın yaradıcılığını və özünü məhz elə buna görə sevirdilər. Dəlisov arzularına, intəhasız, noxudvari xoşbəxt dünyasına görə...
Rəssam Nyu-Yorkun həssas insanlarını vaxtaşırı maraqlı və qeyri-adi sərgiləri, performansları ilə təəccübləndirirdi. O, Bruklin körpüsündə və Mərkəzi parkda Vyetnam müharibəsinə etiraz edən nümayişlər təşkil etdi, hətta buna görə bir müddət həbsxanada da yatmalı oldu.
Yoyai Kusama1973-cü ildə yenə də səhhəti ilə bağlı vətəni Yaponiyaya qayıtmalı oldu. O, xəstəliyinə qalib gələ bilmədi, 38 ildir öz istəyi ilə psixi xəstələrin müalicə olunduğu dispanserdə yaşayır.
Yaşı 90-nı haqlamaqda olan rəssam hər
gün yaxınlıqda olan
emalatxanasına gedir və dayanmadan
çalışır. Bu illər ərzində
o, on üç
şeir kitabı yazıb, minlərlə
rəsm, heykəl və avanqard qurğular yaradıb.
Xalq cəbhəsi.-
2017.- 12 yanvar.- S.16.