Azərbaycan Səfəvilər dövlətində
idarəetmə sistemi
1-ci
yazı
Vilayətləri şahzadələr və türk tayfa əyanları
içərisindən seçilib, bəylərbəyi səlahiyyəti
ilə təyin olunan hakimlər idarə edirdi. Bu hakimlərin
hər biri təyin olunduqları vilayətin bəylərbəyi
olmaqla yanaşı, həm də burada sakin olan türk
tayfalarından birinin əmiri, ağsaqqalı və
başçısı idi, onun mülki-inzibati hakimiyyəti həm
də hərbi mahiyyət kəsb edirdi. 1578-ci
ildə Azərbaycan vilayətinə bəylərbəyi təyin
edilmiş Əmir xan həm də vilayət ərazisində əhalinin
çoxluğunu təşkil edən Türkman elinin əmiri
idi. Əmir xandan sonra Şahın fərmanı
ilə Ədhəm sultan Türkman tayfasının
ağsaqqalı təyin edilir və ona «xan» titulu verilir. Göründüyü kimi, hakimin tayfa
ağsaqqalı olması əsas şərt idi. Tayfa ağsaqqalı həm də tayfanın irsi idarə
hüququna malik əmiri hesab olunurdu. Ərəb
sözü olan «əmir» əsasən hərbi rütbə idi
və Şahın fərmanı ilə verilirdi.
Vilayətə hakim xan, sultan titulu, əmir əl-üməra,
yaxud bəylərbəyi rütbəsi ilə təyin olunurdu. Dövrün
qaynaqlarında I Şah Təhmasibin hakimiyyətinin ilk illərinə
qədər bəylərbəyiyə nisbətən daha
çox “əmir əl-üməra” termini işlənmişdi.
Əmir əl-üməra I Şah
İsmayılın dövründə fərdi qaydada sırf hərbi
rütbə kimi də verilirdi. Ancaq bu hərbi
rütbəni daşıyan əsilzadə hər hansı
vilayətə hakim təyin edilərsə, onda əmir əl-üməra
hərbi rütbəsi bəylərbəyi ünvanına
sinonim olur və mülki-inzibati mahiyyət kəsb edirdi.
Vilayətin hakimi həm də buradakı tayfanın
başçısı olan əmir öldükdə və ya
öldürüldükdə onun yerinə həmin tayfanın
mötəbər şəxslərindən başqa biri o
tayfaya ağsaqqal (əmir) seçilir, ona sultan və ya xan
titulu verilib, bəylərbəyi təyin edilirdi. Məsələn,
h. 910-cu (1504-1505) ildə Zülqədər tayfasının
başçısı I Şah İsmayılın əmri ilə
öldürülmüş, qoşunu Ümmət bəy
Sarışıxlı Zülqədərə verilib, Sultan Xəlili
ləqəbi ilə Şiraz əyalətinə hakim vəzifəsinə
göndərilmişdi.
H.
926-cı (1520) ildə isə Kor Süleyman I Şah
İsmayılın əmri ilə Şirazın yeni hakimi
Sultan Xəlil Zülqədəri ölüm cəzasına məhkum
etmişdi. Bu hadisədən sonra Zülqədər
qoşunu Əli Sultan Çiçəkli Zülqədər
təxəllüsü ilə məşhur olan İzəddinə
verilir və o, Şiraz əyalətinə hakim təyin edilir.
XVI yüzilliyin 30-cu illərinə kimi vilayət hakiminə, yəni
bəylərbəyiyə «sultan» titulu Şah Təhmasib və
onun xələflərinin dövründə isə «xan» titulu
verilirdi. Bəylərbəyi haqqında Enqelbert
Kempfer yazır ki, vilayət hakimləri bəylərbəyi
rütbəsinə və ünvanına malikdir. Onun mənası ağaların-ağası, bəylərin-bəyi
deməkdir.
V.Minorski
İsgəndər bəyin «Tarixi alamara-yi Abbasi» əsərində
I Təhmasibin hakimiyyəti dövründə vilayət
başçısının «hakim » ünvanı ilə qeyd
olunmasına istinad edib, bəylərbəyi istilahının I
Şah Abbas zamanı yaranmasını güman edib. İ.P.Petruşevski isə yazır ki, Səfəvi
vilayətlərində I Şah Abbasa qədər bəylərbəyi
vəzifəsi mövcud olmuşdur. O.Əfəndiyev
də İ.P.Petruşevskinin fikrini müdafiə edir. H.Zərinəzadə isə «bəylərbəyi»
istilahının Səfəvilərin hakimiyyəti
dövründə yarandığını qeyd edir. Halbuki hələ XIV əsrdə bəylərbəyi
istilahı vəzifə kimi işlənib. «Tarix-i Vəssaf»
əsərində deyilir: «Baydu xan Tığacar Noyana bəylərbəyilik
verdi». Bundan əlavə, «Tüzukat-i
Teymuri» əsərində Teymurun adı ilə deyilir: «313
adamdan 4 nəfərinin bəylərbəyi və bir nəfərin
əmir əl-üməra təyin edilmələrini buyurdum…».
Göründüyü kimi, Səfəvilərə
qədər Elxanilər və Teymur dövründə bəylərbəyi
termini işlənib. Qaraqoyunlu, Ağqoyunlu
və I Şah İsmayılın hakimiyyəti dövründə
isə bəylərbəyi istilahına təsadüf edilmir.
Yalnız Şah Təhmasibin hakimiyyətinin ilk
dövrlərindən başlayaraq əyalətlərə təyin
olunan başçılara bəylərbəyi ünvanı
verilib.
Ancaq bəylərbəyi ilə əmir əl-üməra
Səfəvilərə qədər sinonim kimi işlənilməyib. I Şah
İsmayıl dövründə qüdrətli tayfa
başçısı olan əmirlərə «sultan» titulu
verilməklə müəyyən vilayətə hakim təyin
edilirdisə, I Şah Təhmasibin hakimiyyətinin ikinci
yarısından başlayaraq həmin tayfa
başçılarına əmirlik rütbəsi və «xan»
titulu verməklə, vilayətlərə bəylərbəyi
təyin olunurdular.
E.Kempferə görə «xan» titulu ölkənin yüksək
dərəcəli şəxslərinə, vali və hakimlərə
verilirdi. O, sözünə
davam edərək yazır: «Valilər, hakimlər özlərinin
tutduqları vəzifə və hakim olduqları vilayət və
şəhərlərin əhəmiyyətinə görə
müxtəlif dərəcələrə bölünürlər.
Bu dərəcələrə uyğun olaraq onların
titulları var: bəylərbəyi, xan, vali, sultan (ikinci dərəcəli
hakim), vəzir (xassə əmlakı rəisi)».
Fransız səyyahı Sanson yazır ki, Səfəvi
dövlətində altı cür hakim vardır ki, onlar vali,
bəylərbəyi, qolbəyi, vəzir, sultan və
darğadan ibarətdir. Valilər ölkələri
Səfəvi Şahı tərəfindən tutulub zorla tabe
edilmiş sultanların sağ qalmış övladları,
qohumları idilər.
Nahiyələrə çevrilmiş ölkələrdə
hakimiyyəti vali ünvanı ilə yerli sülalədən
olanlar idarə edirdilər. Sansona görə valilər
dövlət şurasının iclaslarında, rəsmi
qonaqlıqlarda dövlətin əsas dayağı olan altı
vəzirdən sonra əyləşir, Şah
qonaqlarının imtiyazlarından istifadə edir, Şahla bir
süfrədə əyləşir və onlara şahzadə
gözü ilə baxılırdı. Ancaq
sonralar Şah valilərin sayını azaldıb, onları bəylərbəyi
ilə əvəz edir. Nəticədə
Kirman və Luristan valiliyi ləğv edilmiş,
Gürcüstan valiliyi isə ciddi təzyiqlərə məruz
qalmışdı.
Sansonun səyahətnaməsində Səfəvi dövlət
quruluşunun forması haqqında elə məlumat vardır
ki, ona dövrün unikal qaynaqlarında təsadüf edilmir. Səyyah
yazır ki, şəhristan və kiçik nahiyələri
(mahal-Z.B.) idarə edən xanlar «Qolbəyi» adlanırlar.
Sansona görə Qolbəyi qol, arxa (dayaq), yaxud
xanın (bəylərbəyinin - Z.B.) köməkçisi mənasını
ifadə edir. Belə ki, xan (bəylərbəyi)
göstəriş verdikdə qolbəyilər öz hərbi
hissələrini dərhal onun sərəncamına göndərməli
idilər. Dövlət böyükləri
arasında sultan titulu ilə yüksək mövqeyi olan iki nəfər
var ki, onlardan biri Təbriz bəylərbəyiliyinin tərkibindəki
Sultaniyyədə və digəri isə Xürrəmabad vilayətində
bir mahalda hakim olurdular.
E.Kempferə
görə də az sayda sultan var ki, onlar
xanların deyil, birbaşa Şahın nəzarəti
altında işləyirdilər. Engelbert Kempfer
yazırdı ki, xanın vəzifə və mövqeyinin
qüdrəti onun hökmranlıq etdiyi ərazinin genişliyi
ilə ölçülür. Bəzi
hallarda isə onların hökmran olduqları ərazi böyük
olmur. Bu halda kiçik ərazini idarə
edən xan daha qüdrətli xana tabe olur. Qüdrətli
xanlar isə öz növbələrində Şaha tabedirlər.
Əslində burada müəyyən bir vilayətin
tərkibindəki mahala xan titulu ilə hakim təyin
olunması və bu hakimin isə öz növbəsində həmin
vilayətin bəylərbəyinə tabeçiliyi nəzərdə
tutulur. Ancaq belə hallara çox az
təsadüf edilirdi.
Engelbert Kempferin yerli hakimlərin vəzifə və
titullarına görə tərtib etdiyi siyahıda xassə əmlakı
olan şəhər və vilayətə vəzir və
darğanın hakim statusu ilə təyin olunmasına işarə
də edilir.
O qeyd edir ki, vaxtilə bəylərbəyilər tərəfindən
idarə olunan məntəqələrin çoxu bu gün xassə
əmlakıdır. Bu əmlakı idarə edən
vəzirlər birbaşa Şaha tabe olub, öz vəzifələrini
onun nəzarəti altında yerinə yetirirlər. Sanson isə yazır ki, iki nəfər vəzir,
yaxud canişin vardır ki, onların biri əski İran
Şahlarının mərkəzi olmuş Şirazı, digəri
isə Rəşti, yəni bütün Gilanı idarə
edirdi.
Xassə əmlakına hakim statusu ilə təyin olunan vəzir,
yaxud darğanın hüquq və səlahiyyəti divan ərazisi
tərkibindəki vilayət hakimlərinin hüquqları ilə
müqayisədə daha məhdud idi. Cemelli Kareri bu barədə qeyd edir:
«Xanın vəzirdən fərqi o idi ki, xan bir, yaxud bir
neçə hərbi alayın başçısı olub,
vilayətdə həm də məhkəmənin sədri kimi
cinayət işlərinə də baxırdı. Ancaq xassə
əmlakında hakim olan vəzirin xan qədər səlahiyyəti
yox idi və hətta o səlahiyyətinə aid olan məsələdə
çətinliyə düşdükdə
yaxınlıqdakı vilayətin xanından məsləhət
alırdı». Əksər mənbələrdə
Şahzadələrin iri vilayətlərə hakim təyin
edilməsi barədə də məlumat var. Belə ki, 1538-ci
ildə Şirvanda yerli Şirvanşahlar sülaləsi
devrildikdən sonra I Şah Təhmasib qardaşı Əlqas
Mirzəni Şirvana vali təyin etmişdi. O, Şaha
qarşı çıxıb, Osmanlı dövlətinə
qaçdıqdan sonra Şirvana kiçik yaşlı
şahzadə İsmayıl Mirzə bəylərbəyi təyin
olunur.
Vilayətlərə
Qızılbaş əsilzadələrindən hakim təyin
edilməsi barədə Don Juan ayaması almış məşhur
Qızılbaş əyanı Oruc bəy Bayat yazır:
«İndi İranda 32 qəbilə, ya əşrəf ailəsi
var. Onlar yüksək ixtiyarata malikdirlər. Onlardan
biri də Türkman tayfasıdır. Əmirlər,
sərdarlar və qoşun başçıları Türkman
tayfasından olurdu». Bir sözlə,
İranda (Səfəvidə-Z.B.) hökumət bu 32 tayfa əsilzadələrinin
əlində cəmlənmişdir. Onların
arasından çıxan şəxslər ayrı-ayrı
şəhər və vilayətlərə hakim təyin
olunurdu. Dövrün mənbələrini
nəzərdən keçirdikdə məlum olur ki, Türkman
tayfası ilə yanaşı, digər
Türk-Qızılbaş tayfa ağsaqqalları və əmirləri
də dövlət aparatında yüksək vəzifələr
tuturdular. Lakin vilayətlərə bəylərbəylər
Şahın fərmanı ilə təyin olunur və şah
istədiyi vaxt onları tutduqları vəzifədən azad edə
bilərdi. Oruc bəy Bayat yazır ki,
xanlıq irsidir və xanlar titullarını özlərinin
mütləq mülkü kimi qoruyub saxlayırlar. Ancaq onlar Şaha xidmət etdiklərinə, yəni
ona tabe olduqlarına görə nöqsanları olduqda, Şah
dərhal onları tutduqları vəzifədən azad edə
bilərdi.
XVI yüzilliyin sonu - XVII yüzilliyin əvvəllərində
imperatorluğun cənub və cənub-şərq bölgələrində
mərkəzdənqaçma hərəkatlarının yenidən
genişləndiyi bir vaxtda, vilayət hakimlərinin
tutduqları vəzifə, daşıdıqları titul və
rütbəni öz varislərinə irsən ötürmə
maraqlarının daha da artması I Şah Abbasın mərkəzləşdirmə
siyasətinə ciddi zərbə vururdu.
Pyetro
Della Valle yazdığı kimi, çoxları xanlıq
ünvanını nəsildən-nəsilə ötürür
və elə adamlar da vardı ki, iki yüz il
idi ki, xan tituluna irsən sahib idi. Ancaq bu qayda
Şaha məqbul deyildi və o istəyirdi ki, bu məsələni
müəyyən həddə yoluna qoysun. Onun
fikrincə, xanların ixtiyarları vilayətlərdə həddini
aşmışdır. O, hakimiyyətinin ilk illərində,
yəni gənc yaşlarında onlardan çox zərər
görmüşdü. Məhz elə buna
görə, I Şah Abbas mərkəzdən qaçma hərəkatlarının
güclü olduğu bəzi vilayətlərdə yerli
sülalələrin hakimiyyətini ləğv edib, onları
xassə əmlakına çevirmiş və həmin vilayətlərə
hakim statusu ilə darğa və çox nadir hallarda isə vəzir
təyin etmişdi. Bununla yanaşı, I
Şah Abbas bir çox vilayətlərə yeni hərbi
aristokratiya nümayəndələrindən də bəylərbəyi
təyin etmişdi.
O, əhalisinin
mütləq əksəriyyəti Zülqədər türklərindən
ibarət olan Fars vilayətini faktiki olaraq Allahverdi xana
ömürlük bağışlamışdı. Allahverdi xandan sonra bu vilayətdə hakimiyyət onun
oğlu İmamqulu xana verilir. Vilayətdə
hakimiyyətin atadan sonra onun oğluna verilməsinə
baxmayaraq Don Qarsiya de Silvanın yazdığı kimi, yerli
hakim nöqsana yol verdikdə, I Şah Abbas nəinki həmin
şəxsi yerli hakimiyyətdən uzaqlaşdırır, həm
də ona verilmiş tiyullar da əlindən
alınırdı. Allahverdi xan ona Fars vilayətində
verilmiş hüquq və imtiyazların müqabilində zəruri
olduqda Şahın hərbi qulluğuna piyada və süvaridən
ibarət 10 min nəfər əsgər göndərməli
idi
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2017.- 14 yanvar.-
S.14.