Azərbaycan Səfəvilər dövlətində
idarəetmə sistemi
3-cü yazı
Vilayət daxilində bəylərbəyilərə
geniş maliyyə hüquqları da verilmişdi. Ancaq bəylərbəyilərin
maliyyə məsələlərində hüquqları
müxtəlif dövrlərdə azalıb-artmış və
bütün vilayətlərdə eyni olmamışdı.
Vilayətlərdən alınan dövlət
vergiləri bir qayda olaraq divan dəftərində qeydə
alınırdı. Ancaq bəzi hallarda
vilayət vergiləri divan dəftərində qeyd olunmur və
şah bəylərbəyiyə vergiləri toplamaqda tam sərbəstlik
də verirdi. Qazi Əhməd Quminin
yazdığına görə h.953 (1546)-cü ildə
Şirvan bəylərbəyi Əlqas Mirzə şaha yüz
tümən verməyi öhdəsinə
götürmüşdü ki, bu da Şahlıq
qızılı (zəri şahlıq) adlanırdı. H.954 (1547)-ci ildə Şah divan dəftərindən
bu pulu sildirib həmin vilayətin yoxsullarına
bağışlayır.
Həmin
ildə Şah Şirvanın bütün vergilərini
(darai-ye təmam an vilayət-ra) Əlqas
Mirzəni əvəz edən İsmayıl Mirzəyə
verir. Yəni Şahlıq qızılı da
daxil olmaqla divan dəftərində qeydə alınan vergilərin
hamısı onun nəzarəti altında
yığılmalı idi. Göstərmək
lazımdır ki, vilayətlərdən vergilər Səfəvilər
hakimiyyətinin ilk illərində Uzun Həsən “Qanunnamə”si
əsasında toplanırdı. H.963-cü
(1555-56) ildən isə Sədr Mir Zeynəddin sədrlik
işinə başlarkən məmləkətin idarə
olunması və vergilərin toplanılması, miqdarı və
qaydası haqqında «Dəstur-ül-əməl» tərtib
etmişdi. Artıq 1556-cı ildən
vergilər ölkə miqyasında qeyd olunan bu təlimat əsasında
alınırdı.
I Şah Təhmasib və I Şah Abbasın
dövründə vilayətlərdə maliyyə məsələləri
ilə məşğul olan vəzirlərin də
hüquqları genişləndirilmişdi. Lakin bu vəzirlər
yenə də bəylərbəyinin yaxın qohumlarından
olmaqla, onun məsləhəti ilə işə qəbul olunur
və işdən götürülürdü. Məsələn,
1693-1694-cü il hadisələri barədə
məlumat verən C.Kareri yazır ki, Azərbaycan vəziri
Mirzə İbrahim buranın bəylərbəyi Mirzə
Tahirin atası idi.
Dövlətin bəylərbəyilərin
hüquqlarını məhdudlaşdırmağa cəhd etməsinə
baxmayaraq onlar vilayət daxilində maliyyə məsələləri
ilə əslində sərbəst məşğul olurdular. Belə ki, əhalinin
siyahıya alınması, vergilərin toplanması və digər
işlərdə hətta I Şah Abbasın islahatlarından
sonra da onların səlahiyyəti faktiki olaraq əvvəllərdə
olduğu kimi qalırdı.
K.Zəkəriyyənin əsərində bu barədə
ətraflı məlumat verilir. O yazır ki, Çuxur-Səd bəylərbəyi
Əmirgunə xan Qacar (1605-1625) Aslan ağa adlı bir nəfəri
amil təyin etmişdi. Vergi toplamaq üzrə məsul
məmur olan amil xanın göstərişi ilə kişiləri
siyahıya almalı və əmlaklarının həcmini
müəyyənləşdirməli idi. Şahqulu
bəyi isə vergi üzrə nəzarətçi və
hesabdar təyin etmişdi. E.Kempfer isə yazır ki,
xanın hökmdar olduğu ərazilərdən əldə
edilən gəlir onun şəxsi malı
kimidir və onun özünün ixtiyarındadır.
Xan Şahın müəyyən sayda qoşununu öz məntəqəsində
saxlamalı və ya onun hökmranlıq etdiyi ərazidən kənarda
olan əsgərlərin xərcini verməlidir. Eyni zamanda,
hökmranlıq etdiyi ərazi kiçikdirsə, oranın məhsullarının
müəyyən miqdarını Şahın
aşbazxanasına göndərməlidir. Lakin
ərazisi genişdirsə bir ay ərzində qoyun, göyərti,
meyvə ehtiyatı toplayır və ona növbə
çatanda saraya göndərir. Bundan əlavə,
yeni ilin birinci günü o, Şaha peşkəş də
göndərməyə borclu idi. Peşkəşin
miqdarı qabaqcadan müəyyən olunurdu. Peşkəşin bir hissəsi nəqd pul, digər
hissəsi isə xalça, xalı, pərdə, çini
qablar, ipək, pambıq, yun, at, dəvə, qatır, quş
formasında göndərilirdi. Şah bunun
qarşılığında xana mehribanlıq əlaməti
olaraq 12 tümən miqdarında xalat verirdi.
Göründüyü kimi, vilayətin maliyyə məsələlərində
bəylərbəyi sərbəst olsa da, Şaha, baş vəzirə
peşkəşlər göndərməli, saray xərclərinin
müəyyən hissəsini ödəməli, qoşunun bir
qismini təmin etməli idi. Ancaq bunun müqabilində XVII
yüzilliyin 80-ci illərində Engelbert Kempferin və
Tavernyenin yazdıqlarına görə xanın
özünün şəxsi gəliri 7-8 min tüməndən
az olmurdu.
Dövrün Avropa ədəbiyyatı ilə müqayisədə
«Təzkirət əlmüluk » da vilayət bəylərbəyi,
mahal və ölkə hakimlərinin illik gəliri haqqında
aşağıdakı ətraflı məlumatlar
verilmişdi.
Bəylərbəyilər bir qayda olaraq hərbi
xərcləri vilayət ərazisindəki dövlət əmlakı
hesabına ödəyirdilər. Bastani
Parizi bununla əlaqədar olaraq yazır ki, vilayətdə
olan dövlət əmlakı yerli hakimlərin ixtiyarında
olub, onlar bu əmlakı ya öz qulluqçularının
tiyuluna həvalə edir və ya onlardan əldə edilən gəliri
toplayıb öz idarə xərclərini, xüsusilə vilayətdə
olan qoşunun xərcini ödəyirdilər.
Vilayət ərazisində Şah tərəfindən fərmanla
verilən tiyul və soyurqalların, vəqf əmlakının
maliyyə işlərinə bəylərbəyi birbaşa
qarışa bilməzdi. H. 947 (1540-41)-ci ildə Salyan və Mahmudabad Qazi xan Təkəliyə
tiyul verilmiş və bu zaman hər iki mahal inzibati ərazi
bölgüsünə görə Şirvanın tərkibində
idi. Qazi xan Təkəli həm də həmin
mahalların hakimi təyin edildiyindən tiyulun maliyyə
işləri də elə ona
tapşırılmışdı. Tiyulun
maliyyə işlərində onun müstəqilliyinə
baxmayaraq, Salyan və Mahmudabad Şirvana daxil olduğuna görə
o, Şirvan hakimi Əlqas Mirzəyə tabe idi. Vilayət daxilindəki soyurqalların sahibləri isə
tiyuldardan fərqli olaraq daha geniş hüquqlara malik olurdular.
Məsələn, 1647-ci il fərmanı ilə II Şah Abbas
Arandakı gəliri 45350 dinar olan Xaçın mahalını
qorçubaşı Göycə bəyə soryurqal verərək
göstərir ki, həmin əyalətin kətxuda və rəiyyəti
vücuhat və malcəhəti ona versinlər və hakim,
darğa onun işlərinə qarışmasınlar. Vilayət daxilində mahal tiyul və ya soyurqal şəklində
kiçik hakimə verildikdə belə burada xüsusi qayda
hökm sürürdü.
Mahallarda torpaq və vergi işləri ilə əlaqədar
mübahisəli məsələləri Şahın göstərişi
ilə bəylərbəyi həll edirdi. Məsələn, Şəki
haqqında I Şah Səfinin 1633-cü il
oktyabr tarixli fərmanından aydın olur ki, Şəki hakimi
Aslan Sultan rəiyyətin torpağını tutub, özü əkdirdiyinə
və eyni zamanda onlardan malcəhət də
aldığına görə onlar Şaha şikayət
etmişlər. Şahın göstərişi
ilə Şirvan bəylərbəyinin vəkilləri bu
işi yoxlamalı, şikayət düz olarsa, rəiyyətin
torpaqları geri qaytarılmalı və onlardan ancaq malcəhət
alınmalı idi. 1650-ci ildə Şah tərəfindən
verilən fərmanda isə Qax, Şeşpara, Qaraca sakinləri
vergi vermədiyinə görə, Şirvan bəylərbəyi
Xosrov xandan Şəki hakimi Səfiquluya vergini toplamaqda kömək
etmək tələb olunurdu. Bu fərmanlar
mahal hakimlərinin iqtisadi baxımdan bilavasitə bəylərbəyiyə
tabe olduqlarını təsdiq edir.
Vilayətlərə təyin olunan bəylərbəyilərə
Şah tərəfindən tiyul da verilirdi. Həmin
tiyulun maliyyə işləri ilə bilavasitə bəylərbəyi
özü məşğul olurdu. Lakin
onlar vəzifədən azad edildikdə tiyul əllərindən
alınırdı. Sanson bu barədə
yazır ki, bütün məmləkətin torpağı
Şaha məxsusdur. Ancaq torpaq və əmlak
əmirlər və ölkənin yüksək rütbəli
şəxsiyyətlərinin ixtiyarındadır. Onlara bunu Şah bağışlamışdır.
İstədiyi vaxt həmin torpaq və əmlakı
onların əlindən ala da bilər. Sansonun
bu qeydindən məlum olur ki, bir halda ki, hərbi xidmət
müqaibilində verilən torpaqları Şah istədiyi vaxt
geri ala bilir, deməli, Səfəvilər dövründə
irsən verilən tiyul üzərində də tiyuldarın
sahibkarlıq hüququ faktiki olaraq formal xarakter
daşıyırdı.
Vilayətin xarici hücumlardan qorunması, burada sakitliyin gözlənilməsi bilavasitə bəylərbəyinin xidməti fəaliyyəti və bacarığından asılı olduğuna görə, onların maliyyə işlərində hüquqlarına ciddi şəkildə toxunulmurdu. Bəylərbəyi vilayətdə dünyəvi və şəri idarələrinə başçılıq və nəzarət edirdi. E.Kempfer yazır ki, xan özünün idarə etdiyi vilayətdə ən yüksək hüquqi bir şəxsiyyətdir. Çox nadir hallarda onun çıxardığı qərar və hökm dəyişdirilir.
Vilayətlərdə ürfi və şəri hüquqa aid məsələlərin həllində hakim böyük rola malik olub, ruhanilərin ixtiyarında olan şəri hüquqi məsələlərin həllində də özü şəxsən iştirak edirdi. Bu halda şəri məsələlər ya hakimin hüzurunda həll olunur və ya məsələ şəri məhkəmədə müzakirə olunduqdan sonra hakim o məsələyə baxıb qərarını bildirirdi. Bir sözlə, vilayətdə işləyən dini məhkəmə işçiləri vilayət hakimindən asılı olub, şəri məsələlər barədə qərar çıxararkən onunla razılaşırdılar. Ümumiyyətlə, hakim bütün şəri mübahisəli məsələlərə şəxsən qarışırdı. Ancaq şəri məhkəmədə xırda məsələlərə baxıldıqda, o, bura darğanı öz tərəfindən nümayəndə göndərirdi. Darğa məhkəmədə hakimi icra məmuru kimi təmsil edirdi. Vilayətlərdə ürfi hüquqa (cinayət) aid olan məsələlərin həllinə də bəylərbəyi səlahiyyətli şəxs kimi qarışırdı. Sanson yazır ki, vilayətləri idarə edən xanlar burada həm də cinayət məhkəməsinin sədri hesab olunurdu. Xanın məhkəməsində çıxarılan hökmə ancaq divanbəyi məhkəməsində yenidən baxıla və dəyişdirilə bilərdi. Xacəki İsfahanının qeydləri bunu bir daha təsdiq edir. O yazır ki, Qarabağ vilayətində «ehdase ərbəə» (ürfi hüquqa aid dörd cinayət işi - gözü kor etmə, adam öldürmə, namusa təcavüz, diş sındırma) işlərini Şah Təhmasib oranın bəylərbəyi Şahverdi Sultan Ziyad oğluna tapşırmışdı.
Bəylərbəyi hakimi olduğu vilayətin ərazisindən keçən karvan yollarının qorunmasına da nəzarət edir və bu sahədə dövlət qarşısında çox ciddi məsuliyyət daşıyırdı. Qazi Əhməd Qumi yazırdı ki, I Şah İsmayılın hakimiyyəti illərindən 1578-ci ilə qədər və I Şah Abbasın dövründə vilayətlərin ərazisindən keçən yollar ciddi qorunduğuna görə tacirlər, səyyahlar rahat, əziyyətsiz, təhlükəsiz səfərə çıxardılar. Lakin Sultan Məhəmmədin hakimiyyəti dövründə (1578-1587) yollar olduqca qorxulu və təhlükəli olmuşdu. Yollarda tez-tez ticarət karvanları soyulurdu. Yalnız I Şah Abbasın islahatı nəticəsində yolların təhlükəsizliyi yenidən təmin olundu. Şahın əmri ilə yollarda oğurlanmış mallar müəyyən olunmuş vaxt ərzində tapılıb sahibinə çatdırılmalı idi. Bu məsələdə məsuliyyət daşıyan bəylərbəyi oğurlanmış malı vaxtında tapmadıqda, onun dəyərini sahibinə özü ödəməli idi. Artıq vilayətdə oğurluqla əlaqədar cinayət məsələləri ilə bəylərbəyi şəxsən özü məşğul olurdu.
Zabil Bayramlı
tarix üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2017.- 17 yanvar.-
S.14.