Azərbaycançılıq milli dövlət
ideologiyası kimi
Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın
istiqlalını və bu ölkədə dünyəvi
prinsiplərə malik sivil demokratik dövlət uğrunda
mübarizəni strateji məqsəd seçən Azərbaycan
xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı
özünə vətən sayan bütün xalqların
milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi
ideyası dayanır. Azərbaycançılıq
milli dövlət ideologiyası kimi, Azərbaycan
Respublikasının Konstitusiya əsaslarına söykənən,
Azərbaycanın müstəqilliyinə, onun hüquqi və
demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin
qorunmasına xidmət edən dəyərlər sistemidir.
İdeologiya olaraq azərbaycançılıq
mühüm funksional elementlərlə zəngindir və
bunların da mahiyyəti ölkəni mənəvi və
fiziki baxımdan zəiflətmək cəhdlərindən
qorumaqdır.
Bu ideologiya inzibati-ərazi quruluşuna görə
unitar, siyasi quruluş və dövlət idarəçiliyinə
görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın
möhkəmlənməsinə və inkişafına yönəldilmişdir.
Azərbaycan tarixən müxtəlif millətlərin
dinc yanaşı yaşadığı, milli və dini
tolerantlığın bərqərar olduğu ölkə
olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə
bərabər münasibət göstərilmişdir. Ona görə Azərbaycan vətəndaşı
sayılan hər kəs azərbaycançılıq
ideyası ətrafında birləşmişdir. Azərbaycan xalqının adət-ənənələrini,
milli-mənəvi dəyərlərini birləşdirən
baxışlar sistemi kimi azərbaycançılıq
ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə,
xüsusilə dövlət quruculuğuna öz müsbət
təsirini göstərir.
Azərbaycançılıq ideyası Azərbaycanın
müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin
etməklə bərabər, davakar millətçilik və
şovinizmə qarşı təşəkkül
tapmış ideologiyadır. Azərbaycançılıq
ideyasının kökündə millətçilik yox, vətəndaşlıq
dəyəri dayanır. Bu ideyanın məqsədi
çoxmillətli Azərbaycan xalqının birləşməsi
və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər
sistemini formalaşdırmaqdır.
Azərbaycançılıq
xalqımızın çox əzab-əziyyətlər
bahasına nail olduğu tarixi sərvətdir. Bu,
ilk növbədə, vahid və bölünməz Azərbaycanın
qorunub saxlanılması və möhkəmləndirilməsinin
siyasi əsasıdır. Bu gün azərbaycançılıq
milli həyatın ahəngdarlığının,
konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə
yaşayan bütün etnosların qardaşcasına
qarşılıqlı əlaqəsi və təsirinin
çoxəsrlik ənənəsi, onların ümumi taleyi və
gələcək müstəqil Azərbaycanın
bütövlüyü, inkişafı və
fıravanlığı uğrunda birgə mübarizəsinin
ümumi tarixi təcrübəsidir. Azərbaycançılığın
məzmunca mahiyyətini müxtəlif xalqların, mədəniyyətlərin,
ənənələrin, konfessiyaların üzvi şəkildə
vəhdəti təşkil edir.
Lakin azərbaycançılıq Azərbaycanın ərazisində
yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm
də Azərbaycanın müstəqilliyini arzulayan, onun
güclənməsini istəyən insanları birləşdirir.
Azərbaycançılıq xalqın milli-mənəvi
varlığının ilkin əlamətlərini, onun
kimliyini əks etdirən, milli təfəkkürünü
birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi,
vətəndaşlıq, adət-ənənə və
ideoloji birlik azərbaycançılıq ideologiyasının
əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan
soydaşlarımızla yanaşı, milliyyətindən
asılı olmayaraq Azərbaycanın müstəqilliyini,
birliyini və hüquqi, demokratik dövlət kimi
inkişafını arzulayan hər bir kəs azərbaycançılıq
ideologiyasının daşıyıcısıdır.
Azərbaycançılıq
özündə “vətəndaşlıq”, “vətənpərvərlik”,
“loyallıq”, habelə cəmiyyət və dövlət
qarşısında vətəndaşın məsuliyyətini
birləşdirir. Azərbaycançılıq
ideologiyası geniş əhatə dairəsi ilə
yanaşı, konkret məqsədlər də güdür.
Bu ideologiya Azərbaycanda azad vətəndaş
cəmiyyətinin inkişafına və güclü dövlət
quruculuğuna xidmət edir. Müasir
dövrdə qloballaşmanın bir sıra inkişaf göstəriciləri
milli mənsubluğa da təsir göstərir.
Çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri
dəyərlərin ahənginə nail olmaq, qloballaşma
prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər
bir xalq üçün böyük önəm
daşıyır. Azərbaycançılıq
ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun
müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri
də özündə ehtiva edir.
Azərbaycançılıq Azərbaycanın dünya
birliyinə inteqrasiyasının ideya əsasını təşkil
edir. Biz bu ideya ilə özümüzü dünyaya
tanıdır, onu mütərəqqi dünya dəyərlərini
(tolerantlıq, etnik müxtəliflik) özündə birləşdirən
ideologiya kimi təbliğ edirik. Bu gün
Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin
təmin olunması şərtilə dünya birliyinə
inteqrasiya etməsidir. Bu inteqrasiyada Azərbaycanın
öz yerini tapması, eyni zamanda, milli eyniyyətini qoruyub
saxlaması müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycançılıq ideyası qloballaşma
şəraitində universal dəyərlərin
qorunmasını önəmli hesab edir və ölkəmizin
müasir milli modernləşmə yolunu bu dəyərlərin
bərqərar olduğu Avropa məkanına inteqrasiyada
görür.
Azərbaycançılıq ideyası universal
dəyər olan insan hüquqlarının qorunması, vahid
Avropa məkanında beynəlxalq təhlükəsizliyin təmin
edilməsi, eyni zamanda ölkələrin ərazi
bütövlüyü prinsipi və digər vacib dəyərləri
nəzərdə tutaraq qloballaşmanı müasir
dünyanın təbii inkişaf prosesi hesab edir.
Azərbaycançılığın əsas elementlərindən
biri vətəndaşlıqdır. Vətəndaşlıq
özündə vətəndaşın siyasi, mənəvi,
hüquqi, sosial keyfiyyətlərini cəmləşdirir.
Azərbaycan Respublikası Konstitusiyasının
52-ci maddəsinə görə, “Azərbaycan dövlətinə
mənsub olan, onunla siyasi və hüquqi
bağlılığı, habelə qarşılıqlı
hüquq və vəzifələri olan şəxs Azərbaycan
Respublikasının vətəndaşıdır”. İdeoloji baxımdan fərdin cəmiyyətə
münasibəti və bu münasibətdə mövqeyi maraq kəsb
edir. Vətəndaşlıq azərbaycançılıq
kontekstində fərdin öz hüquq və vəzifələrini
dərk edərək ölkədə yaranan ictimai-siyasi
münasibətlərə mövqeyi kimi başa
düşülür.
Vətəndaşlıq azərbaycançılığın
əsasını təşkil edir. Vətəndaşlıq
kollektiv qərarların qəbul olunmasında vacib amildir.
O, cəmiyyətdə əxlaqla hüququn inteqrasiyasına
xidmət edir. Vətəndaşlıq
mövqeyi hər bir insana hakimiyyət tərəfindən həyata
keçirilən uzunmüddətli sosial proqramların,
irimiqyaslı layihələrin mahiyyətini dərk etməyə
imkan yaradır. Azərbaycançılığın
tərkib hissəsi olan vətəndaşlıq mövqeyi Azərbaycan
əhalisinin bir xalq kimi birləşməsinə və
dövlətçilik kursu ilə inkişafına əhəmiyyətli
zəmin yaradır.
Vətəndaşlıq mövqeyindən
çıxış edərək hər bir şəxs vətənpərvərlik
ruhunda tərbiyə olunmalıdır. Gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunması milli təhlükəsizlik
baxımından əhəmiyyətlidir. Vətənpərvərlik
və dövlətçilik azərbaycançılıq
ideologiyasının mühüm əsaslarını təşkil
edir. Azərbaycançılıq
ideologiyasının daşıyıcısı olan vətənpərvərlik
mövqeyi dövlət quruculuğu prosesində olduqca vacib
elementdir. Bu baxımdan Azərbaycanın bir nömrəli
problemi olan ərazi bütövlüyümüzün bərpa
edilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli, ölkəmizin məruz qaldığı
işğala son qoyulması bütün vətəndaşlarımızın,
eyni zamanda dünya azərbaycanlılarının ortaq məsələsi
və ortaq hədəfi kimi milli ideologiyamızın da təməl
müddəalarından birini təşkil edir. Təsadüfi
deyil ki, bu gün siyasi baxışından, harada
yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar
Dağlıq Qarabağ məsələsində həmrəydir.
Vətənpərvərlik insanı öz dövləti
ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz
torpağına, Vətəninə sahib çıxmağa səsləyir.
Vətənpərvərlik dövlət
quruluşundan asılı olmayan, vətəndaşlıq
mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq
fərdin öz dövlətinə münasibətini təcəssüm
etdirirsə, vətənpərvərlik insanın öz ailəsinə,
Vətəninə, torpağına hərtərəfli
bağlığının göstəricisidir. Azərbaycançılıq kontekstində vətənpərvərlik
vətəndaşın öz dövləti ilə daha sıx
bağlılığı deməkdir. Vətənpərvərlik
loyallığı və tolerantlığı inkar etməyərək
hər bir şəxsin öz ölkəsini müdafiə etmək,
onun müstəqilliyini qorumaq, inkişafına köməklik
etmək istəyidir. Ona görə vətənpərvərlik
Azərbaycan xalqının hər bir üzvünü ucaldan və
ona şərəf verən vətəndaşlıq
mövqeyidir.
Azərbaycançılıq ideologiyası dövlət
quruculuğu prosesində vətəndaşın siyasi
loyallıq mövqeyini təbliğ edir. Azərbaycançılıq
ideologiyası çərçivəsində siyasi
loyallıq cəmiyyətin hakimiyyətlə münasibətlərinin
keyfiyyətcə yüksək xüsusiyyətidir. Bu münasibətlər cəmiyyətin və
dövlətin sabit inkişafına xidmət edirlər. Loyallıq prinsipi əsasında yaranan vətəndaş-dövlət
münasibətləri hörmət və inam əsasında
qurulur. Lakin heç bir xalq dövlətinin
ərazi bütövlüyünə, müstəqilliyinə
təhlükə yarandığı halda loyal qala bilməz.
Azərbaycançılıq kontekstində vətəndaşlıq,
vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə
və dövlətə vahid yanaşma sistemdir. Bu üçlüyün vəhdətində birlik və
sabit dövlət quruluşu mümkündür.
Azərbaycançılıq ideologiyasının
yaşaması vətəndaşın cəmiyyət və
dövlət qarşısında məsuliyyətindən
asılıdır. Vətəndaşlıq məsuliyyəti
azərbaycançılıq ideologiyası kontekstində
geniş anlayışdır. O özündə
hüquqi və mənəvi məsuliyyəti cəmləşdirir.
Lakin vətəndaşlıq məsuliyyəti
daha çox mənəvi məsuliyyətlə
bağlıdır. Bu baxımdan azərbaycançılıq
ideologiyası həm də vətəndaş məsuliyyətinin
güclənməsinə xidmət edir. Hər bir kəs
cəmiyyət qarşısında cavabdehliyini hiss etməlidir.
Bu, tək qanunlara riayət etməkdə yox,
habelə aktiv vətəndaşlıq mövqeyində əks
olunmalıdır. Ona görə ki, cəmiyyətin
və dövlətin inkişafı və güclənməsi
hər bir fərdin fəal vətəndaşlıq
mövqeyindən və vətəndaşlıq məsuliyyətindən
asılıdır.
Azərbaycançılıq ideologiyasında vahid
polietnik millətin Azərbaycan dövlətçiliyinin
yaradılmasına dair maraqlarının ümumiliyi,
demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat
şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri
öz əksini tapmışdır. İdeologiya kimi, azərbaycançılıq
müstəqil Azərbaycanın fəlsəfi-sosial
doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini
özündə birləşdirmişdir. O,
qarşılıqlı dəstək, əməkdaşlıq
və bərabərliyin mühüm əsasını təşkil
edir. Azərbaycançılıq konsepsiyası
bu gün cəmiyyətin inkişafının ideya təməlidir.
Azərbaycançılıq
ideologiyasının çağdaş təkamül mərhələsi
özünəməxsus dinamizmi ilə zənginləşməkdə,
milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə
və Azərbaycan xalqının dünya birliyindəki
mövqelərini inamla yüksəltməkdədir.
Cavid
Xalq Cəbhəsi.- 2017.- 17 yanvar.-
S.13.